Hasan Oktay: “Qətərdəki görüşlər kompromisdən çox, şərtlərin diktəsi ola bilər”
“Qətərdəki görüşlər kompromisdən çox, şərtlərin diktəsi ola bilər”
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Prezident Donald Trampın kürəkəni və müşaviri Cared Kuşnerin fevralın 5-də İran ətrafındakı vəziyyətlə bağlı danışıqlar aparmaq üçün Qətərə səfər edəcəyi gözlənilir.
Mövzu ilə bağlı siyasi şərhçi Hasan Oktay “İnformator.az”a açıqlamasında bildirib ki, bu səfər bir tərəfdən diplomatik kanalların açıq saxlanıldığını göstərsə də, digər tərəfdən “son xəbərdarlıq” xarakteri daşıdığı üçün eskalasiya riskini də özündə ehtiva edir:
“Tramp administrasiyasının ən yaxın fiqurlarından olan Kuşnerin və xüsusi nümayəndə Uitkoffun prosesə birbaşa cəlb olunması Vaşinqtonun açıq müharibədən öncə ‘maksimum təzyiq’ yolu ilə ‘maksimum güzəşt’ əldə etmək niyyətini ortaya qoyur. ABŞ və İran arasında danışıqların formatı ilə bağlı ciddi fikir ayrılıqları mövcuddur. İran danışıqların yalnız nüvə proqramı ilə məhdudlaşdırılmasını və Oman platformasında keçirilməsini istəyir. ABŞ isə ballistik raket proqramını və regional vekil qüvvələri də əhatə edən geniş paket irəli sürür. Bu uyğunsuzluq Qətərdəki görüşlərin kompromisdən daha çox şərtlərin təqdim olunması xarakteri daşımasına səbəb ola bilər ki, bu da gərginliyi artıra bilər. Uitkoffun Qətərə səfərdən əvvəl İsraildə Baş nazir Benyamin Netanyahu və “Mossad” rəhbəri ilə görüşməsi ABŞ-nin İsrailin “qırmızı xətlərini” danışıqlar masasına gətirəcəyini göstərir. Qətər səfəri isə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətər kimi ərəb müttəfiqlərin dəstəyini alaraq İranı regional miqyasda təcrid etmə strategiyasının tərkib hissəsidir”.
Hasan Oktayın fikrincə, bu danışıqlar İranın nüvə proqramı və Yaxın Şərqdəki təsir dairəsi baxımından tarixi dönüş nöqtəsi ola bilər. Tramp administrasiyası əvvəlki razılaşmalardan fərqli olaraq daha sərt şərtlər irəli sürür:
“Vaşinqton İranın uranı zənginləşdirməni tamamilə dayandırmasını və mövcud ehtiyatları üçüncü ölkəyə ötürməsini tələb edir. Bu şərtlər qəbul olunmasa, ABŞ-nin İranın nüvə obyektlərini hədəf alan hərbi əməliyyat variantını masada saxladığı mesajı verilir. ABŞ Livan, Yəmən və İraqdakı silahlı qruplaşmalara dəstəyin dayandırılmasını da danışıqların ilkin şərti kimi irəli sürür. Bu, İranın onilliklər ərzində formalaşdırdığı ‘Müqavimət oxu’ strategiyasının birbaşa hədəfə alınması deməkdir”.
Fatimə Hüseynli
https://informator.az/news_49874.html




Yorum gönder