Hasan Oktay: Moskva-Vaşinqton xəttində yeni diplomatik gərginlik
Moskva–Vaşinqton xəttində növbəti diplomatik gərginlik müşahidə olunur. Rusiyanın rəsmi mənbələri bildirir ki, Kreml ABŞ-dən təhlükəsizlik və beynəlxalq razılaşmalarla bağlı bir sıra mühüm məsələlər üzrə rəsmi cavab gözləyir.
Mövzu ilə bağlı siyasi şərhçi Hasan Oktay “İnformator.az”a açıqlamasında bildirib ki, Ukrayna məsələsi hazırda dünyanın ən ciddi böhranlarından biri hesab olunur:
“Donald Tramp seçki kampaniyası dövründə vəzifəyə gələr-gəlməz Ukrayna münaqişəsini dayandıracağını və sülh elan edəcəyini vəd etsə də, hazırkı vəziyyət fərqli mənzərə ortaya qoyur. Bu gün sülhə yaxınlaşmaq əvəzinə, müharibənin daha təhlükəli mərhələsinə doğru irəliləyiş hiss edirik. Tramp Ukrayna məsələsinə Çin strategiyasının tərkib hissəsi kimi yanaşır. Tramp ilk mərhələdə Rusiyanı öz tərəfinə çəkmək və ya ən azı onu neytral saxlamaq üçün Putinlə dialoq imkanları yaradıb. Xüsusi nümayəndə vasitəsilə aparılan danışıqlara baxmayaraq, sülh ümidləri hər keçən gün daha da azalır. Əgər sülh əldə olunmazsa, Tramp Avropa İttifaqı ilə Rusiya arasında qarşıdurmanın davam etməsinə müsbət yanaşa bilər. Bu qarşıdurma həm Avropa İttifaqını, həm də Rusiyanı zəiflədir. Bu isə ABŞ-nin geosiyasi maraqları baxımından son dərəcə əhəmiyyətlidir”.
Ekspert əlavə edib ki, prosesə ABŞ-Aİ və ABŞ-Rusiya münasibətləri kontekstində baxıldıqda, Vaşinqtonun Çin strategiyasının mərhələli şəkildə irəlilədiyi aydın görünür:
“Avropa İttifaqının və Rusiyanın Çinlə yaxınlaşmasının qarşısını almağın yolu onların bir-biri ilə münaqişə vəziyyətində olmasıdır. Buna görə də Tramp zahirdə sülh tərəfdarı kimi çıxış etsə də, sülhün təmin olunmadığı halda gərginliyin davam etməsi ABŞ üçün daha sərfəlidir”.
Fatimə Hüseynli
https://informator.az/news_44851.html



Yorum gönder