Hasan Oktay: 12 adaların gələcəyi məsələsini Avropa Birliyi ilə müzakirə etməyə başlayacaqdır “.
Türkiyə Yunanıstanın Egey adalarına raket yerləşdirmə planına necə reaksiya verir
Türkiyə-Yunanıstan münasibətlərində gərginlik artır. Yunanıstanın Egey adalarına raket yerləşdirmək planı Ankarada narazılıq yaradıb. Türkiyə Müdafiə Nazirliyi bu ritorikanın dialoqa zərər vurduğunu bildirib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında KAFKASSAM-ın sədri Prof. Dr. Hasan Oktay bildirib ki, beynəlxalq anlaşmalarla silahsızlaşdırılmış statusda olan Egey adalarını “mobil raket bazalarına” çevirmə planını işə salan Yunanıstan, 2025-ci ilin dekabr ayı etibarilə İsraillə strateji tərəfdaşlığını bir addım irəli daşıyıb:
“Afinanın “Aşil Qalxanı” adını verdiyi və İsrail mənşəli hava hücumundan müdafiə sistemlərinə əsaslanan yeni doktrina, Türkiyənin Egey və Şərqi Aralıqdakı haqlarına qarşı bir mühasirə cəhdi kimi görülür. Yunanıstanın “Agenda 2030” çərçivəsində Egey adalarındakı hərbi varlığını gücləndirmə səyləri, 2025-ci ilin dekabr ayının əvvəlindən etibarən yeni və təhlükəli bir mərhələyə çatıb. İqtisadi çətinliklərə baxmayaraq, silahlanma proqramından geri addım atmayan Afina rəhbərliyi, İsraillə təxminən 3 milyard avroluq böyük bir hava müdafiə paketi üzərində anlaşıb. Təl-Əviv rəhbərliyinin Qəzzadakı siyasətləri səbəbilə Türkiyə ilə yaşadığı gərginliyi, Egey bölgəsində Yunanıstana texnologiya transferi edərək bir “vəkalət təzyiqinə” çevirdiyi müşahidə olunur. Bu vəziyyət Türkiyə ətrafında qəbul edilə bilən bir proses deyil. Türkiyə adaların silahlandırılmasının, suverenliyin ötürülməsi şərtini pozduğunu müdafiə edir. Türk Xarici İşlər mənbələri, Yunanıstanın ABŞ istehsalı “Switchblade”, “kamikadze” dronları və “Hellfire” raketləri ilə təchiz etdiyi xüsusi qüvvələri adalara yerləşdirməsinin, yaxşı qonşuluq münasibətlərinə və ittifaq ruhuna zidd olduğunu, bunun Türkiyənin legitim müdafiə haqqı çərçivəsində milli təhlükəsizliyinə birbaşa təhdid yaratdığını qeyd edir. Ukrayna böhranının yaxın gələcəkdə Rusiya ilə Avropa Birliyi arasında böyük bir böhrana çevrilməsi, Türkiyə, Yunanıstan münasibətlərinə də, istər-istəməz təsir edəcəkdir. Yunanıstan üzərində həm İsrailin, həm də Rusiyanın ciddi təzyiqləri yaranacaq, İsrail Türkiyənin diqqətindən Yunanıstanı qaçırmayacaq. Rusiya isə Türkiyənin Avropa Birliyi ilə müdafiə əməkdaşlığı prosesinə girməsini əngəlləmək üçün Yunanıstan vasitəsilə Türkiyəyə qarşı gərginlik atmosferini hərəkətə keçirəcəkdir. Çünki Rusiya görür ki, Yunanıstan Türkiyənin həssas bir məsələsidir, buradakı problem ilə məşğul olan Türkiyə, Avropa Birliyi ilə daha yüksək səviyyəli münasibətlərə girib Rusiyaya qarşı Avropa Birliyinin üstünlük qazanmasına şərait yaratmaq istəmir. İsrail və Rusiya ciddi rəqabət içində olsalar da, Türkiyə məsələsində Yunanıstan üzərindən adı qoyulmamış bir ittifaq qurmuş vəziyyətdədirlər. Türkiyə inkişafları yaxından izləyərək, Yunanıstanla isti bir qarşıdurmaya girmədən, Avropa Birliyinə, “Türkiyə ilə yaxşı münasibətlərdə olmaq istəyirsinizsə, Yunanıstanın bu yeni mövqeyini dayandırmalı və hətta mübahisəli 12 adalar mövzusunda Türkiyənin seçimlərinə daha yaxın durmalısınız” mesajını verəcəkdir. Türkiyə Yunanıstanla isti bir qarşıdurmaya girməkdənsə, Avropa Birliyi siyasətləri üzərindən həm Cənubi Kipr, həm də 12 adaların gələcəyi məsələsini Avropa Birliyi ilə müzakirə etməyə başlayacaqdır “.
Reyhan Quliyeva
https://informator.az/news_44947.html


Yorum gönder