Şimdi yükleniyor

Fuad Gahramanlı: Rusiyada yaşayan azərbaycanlılar geri dönəcəkmi ?

Fuad gahramanlı

 

Onlar kimə təhlükədir ?

Rusiya Azərbaycanı oradan yaşayan soydaşlarımızı qovmaqla təhdid edərkən unudur ki, Azərbaycanda elə bir vəziyyət var ki, həmvətənlərimiz heç bir halda geriyə, öz ölkələrinə qayıtmaq istəməzlər. Azərbaycan hakimiyyəti də buna görə çox arxayın görünür. Əgər, burada qalmaq, işləyib pul qazanmaq mümkün idisə, milyonlarla insan öz ölkəsini qoyub niyə Rusiyaya üz tuturdu ki?

Rusiyaya üz tutan insanlar oradan qovularlarsa, yəqin ki, geriyə, öz Vətənlərinə dönmək yerinə, pul qazanıb ailələrini saxlaya biləcəkləri başqa ölkələrə üz tutmaq istəyəcəklər. Bu Vətəndə iş, qazanc imkanları yoxdursa, onlar niyə geriyə gəlməlidirlər sualına da veriləcək bir cavab yoxdur.

Bu insanlar olduqları yerdə işləyib iqtisadi dəyər yarada bilən, iqtisadiyyata dinamizm qazandıra biləcək çox mühüm əmək resursudurlar. Sadəcə bu ölkədə onların enerjisindən, bacarığından faydalanmağı düşünən, bunun üçün fürsətlər pəncərəsi açan, planlar quran hökumət yoxdur deyə, bu adamlar təzyiq vasitəsi, təhlükə kimi görülürlər. Bu gün dünyada öz vərəndaşı ilə təhdid olunmaq, öz vətəndaşını təhlükə kimi görmək, bir dövlət üçün sadəcə utanc verici haldır.

Əslində, ikinci böyük qayıdış proqramı Rusiya başda olmaqla postsovet respublikalarına səpələnmiş həmvətənlərimizin könüllü surətdə geri dönməsi, öz vətənlərinin inkişafına töhfə verməsi ilə bağlı olmalıdır. Ancaq bunun üçün korrupsiyaya, səriştəsiz idarəçiliyə son qoyulmalı, iqtisadi rəqabət imkanları artırılmalıdır. Necə olur ki, bu insanlar öz doğulduqları, adətini, dilini bildikləri doğma yerlərində pul qazana bilmirlər, ancaq düz əməlli başlı dilini bilmədikləri, borc xərclə yol pulu düzəldib getdikləri ölkədə, nəinki özlərinə iş tapırlar, hətra qazanıb buradakı ailələrinə də pul göndərirlər? Bu sualın cavabı veriləndə niyə Cənubi Qafqazda ən aşağı rifah səviyyəsinə, niyə ÜDM–n ən az artdığı, niyə ən aşağı orta aylıq əməkhaqının olduğu ölkə olduğumuzun da səbəbi aydın olacaq.
Fuad Gahramanlı 

Share this content:

Yorum gönder