Bu gün 28 maydır. Respublika günüdür. Milli müstəqilliyimizin qeyd olunduğu gündür. Dünən mübarək Qurban bayramının ilk günü idi. Bu gün isə ikinci əsas bayram günüdür. Bəzi ağzıgöyçəklər dini bayramı qeyd etməyin doğru olduğunu, milli bayramın qeyd olunmasının doğru olmadığını deyirlər. Çünki düşündüklərini yox, eşitdiklərini ötürlər. Yaxşı fikirləşək: əgər Azərbaycan Cümhuriyyəti müstəqil olmasaydı hansısa kafirlərin hakimiyyəti mövcud ola bilərdi. Kafirlər isə dini qadağan edər, küfr təbliğatı aparar, insanların böyük çoxluğunun imanına şübhə toxumu əkərdilər. Ramazan və Qurban bayramının keçirilməsinə rəsmi icazə verməzdilər. Demək millət olmaq lazımdır ki, dinini də əlindən zorla almasınlar. Məgər biz bu günü görmədikmi? 28 mayda müstəqil olan dövləti yıxan bolşeviklər allahsızlıq təbliğ etmədilərmi? Dini qadağan edib, islam nümayəndələrini repressiya etmədikləri? Böyük çoxluğu dindən çıxarmadılarmı? Materialist-ateist düşüncəsi yaymadılarmı? Bunu rəsmi dövlət ideologiyasına çevirmədilərmi? II Respublikada 28 may təkrar bərpa olunub qeyd olunursa, bunu dinə qarşı qoymaq, hələ bu mövzuda Uca Allahın adından istifadə etmək doğru olarmı? Biz nə zaman başımıza gələn müsibətlərdən nəticə çıxaracağıq? Demək millət millət olmalıdır ki, böyüyüb ümmət ola bilsin. Bu günün reallığında milləti inkar edən ümmət olmaz, yalnız həyatı əsarət olar. İtaət Uca Allaha deyil, başına keçənlərə, yolunu dəyişənlərə olar. 28 may Uca Allahın inanc və millət baxımından bizə lütf etdiyi bayramdır. Dünyada millətlər iki yerə bölünür: Dövlət quran millətlər və dövlətdə idarə olunan millətlər. Məhz bizim dövlətçiliyimizin olması bizi dünyada böyük təfəkkürlü və mübarizə aparıb məqsədinə çatan bir toplum olaraq işarələyir. Biz buna görə Uca Allahın bizə bəxş etdiyi Cümhuriyyətimizi və bu Cümhuriyyəti quran qiymətli şəxsiyyətləri dəyərləndirməyi bacarmalıyıq. M.Ə.Rəsulzadə, Əli bəy Hüseynzadə, Fətəli xan Xoylu, Nəsib bəy Yusifbəyli, Əhməd bəy Ağaoğlu, Xosrov bəy Sultanov, Məmmədhəsən Hacınski, Xəlil bəy Xasməmmədov, Məmməd Yusif Cəfərov, Əkbər ağa Şeyxülislam İslamzadə, Xudadat bəy Məlik-Aslanov, Camo bəy Hacınski və s. kimi tarixi şəxsiyyətlər hər zaman baş tacımız olmalı, milli inkişafımızda rol oynayan misilsiz dəyərlər olaraq unudulmamalıdır. Uca Allah bu böyük şəxsiyyətləri həmişə millətimizin qəlbində uca etsin İnşəllah! Cümhuriyyət bayramınız mübarək olsun!
ATİF İslam oğlu İSLAMZADƏ
Filologiya üzrə fəlsəfə doktoru, dosent
e-mail: [email protected]
ORCID NO: 0000-0003-1153-836X
ATİF İslam oğlu İSLAMZADƏ: MİLLƏT MİLLƏT OLMALIDIR Kİ, BÖYÜYÜB ÜMMƏT OLA BİLSİN!

