Şimdi yükleniyor

Asif Şefeddetov: ABŞ-ın yeni “Sülh planı” – bu dəfə Ukrayna üzrə

Bu Plan haqda nələri bilirik?

Plan, həqiqətən də, mövcuddur. O 28 maddədən ibarətdir. Rəsmi olaraq Ukraynaya və Rusiyaya təqdim olunub.
Planda Rusiyanın əksər tələbləri (işğal olunmuş ərazilərin Rusiya ərazisi kimi tanınması, Ukraynanın demilitarizasiyası, NATO-ya üzvlükdən imtina etməsi, neytral ölkə statusunun bərpa edilməsi və s.) nəzərə alınıb.
Plan ABŞ və Rusiya nümayəndələri tərəfindən (Stiv Uitkof və Kirill Dmitriyevin vasitəçiliyi ilə) gizli şəkildə ABŞ-Rusiya qarşıdurmasının gərginləşməsi fonunda hazırlanıb.
Ukrayna, Britaniya və Aİ Planın hazırlanmasından tam xəbərsiz olub. Onlar ABŞ-Rusiya münasibətlərinin getdikcə pisləşməsi fonunda belə bir Planın hazırlandığını düşünmürdülər.
Putin Planla prinsipcə razıdır, lakin onun üzərində işləməyin zəruri olduğunu bildirib.
Zelenski, Britaniya və Aİ Planla qəti razı deyillər.
Tramp Plana rəsmi münasibət bildirmək üçün Zelenskiyə 27 noyabradək (ABŞ-da Şükranlıq Günü) vaxt verib və mənfi cavab olduğu təqdirdə Ukraynaya hərbi və kəşfiyyat yardımını dayandıracağını bəyan edib.
Paralel olaraq Rusiya Ukraynaya hərbi, ABŞ – antikorrupsiya təzyiqini gücləndirib.

İndi isə bu məlumatları emal edək.

Plan Rusiyanın tələblərinə tam cavab vermir. Bəzi maddələr hətta Rusiyanın tələblərinə ziddir. Buna görə də Planın hazırlanması haqda aşağıdakı ehtimalları irəli sürmək olar:
➖ Planın son redaksiyası yalnız ABŞ tərəfindən hazırlanıb;
➖ Planın son redaksiyası Rusiya ilə birgə hazırlanıb. Bu halda orada Rusiyanın razılaşmayacağı maddələr bilərəkdən saxlanılıb ki, tam Rusiya planı kimi görünməsin.

Niyə ABŞ Rusiyanın tələblərini qəbul edib?
➖ ABŞ “Ukrayna layihisi”ni uduzduğunu bilir və oradan mümkün qədər tez çıxmaq istəyir. Lakin Tramp Ukraynadan Vyetnamdakı, Əfqanıstandakı kimi biabrçılıqla qaçmaq istəmir. Buna görə də o guya sülhə nail olmaqla buradan çıxmaq istəyir.
➖ ABŞ 10 il əvvəlki gücdə deyil. İndi o resurslarını səpələməklə (Şərqi Avropada, Yaxın Şərqdə, Çin ətrafında, Latın Amerikasında, həmçinin ABŞ daxilində) hər yerdə uğursuzluqla üzləşə bilər. ABŞ resurslarını daha səmərəli istifadə etmək üçün prioritet regionlar müəyyən etməlidir.
▪️Hazırda ABŞ üçün ən prioritet region Asiya-Sakit okean regionudur.
▪️2-ci və 3-cü hələlik Yaxın Şərq və Latın Amerikasıdır, lakin bir neçə il sonra onların yeri dəyişəcək.
▪️Avropa, məncə, heç 4-cü də deyil. Hazırda 4-cü prioritet ABŞ-ın özüdür. Lakin yaxın 5 ildə o 2-ci, hətta 1-ci prioritet də ola bilər.
▪️Avropa 5-ci prioritet ola bilər.
Deməli, ABŞ resurslarını (iqtisadi, siyasi, hərbi, kəşfiyyat və s.) Avropada minimum səviyyəyə endirməlidir.
➖ Avropa regionu yüksək prioritet olmadığından Ukraynada sülhün hansı şərtlərlə bağlanmasının Tramp üçün əhəmiyyəti yoxdur. Onun üçün vacib olan sülhün mümkün qədər tez bağlanmasıdır ki, gecikmədən resurslarını çıxarda bilsin. Çünki hər itirilən gün Çinin daha da güclənməsinə səbəb olur. Tramp hətta bütün Ukraynanı Rusiyaya verməklə də müharibənin dayanmasına razılıq verərdi, lakin bu halda ABŞ dünyada və özü isə eyni zamanda seçiciləri arasında nüfuzunu tam itirərdi. O isə Ukraynada sülhün moderatoru kimi çıxış etməklə dünyada nüfuzunu yüksəltmək istəyir (“Rusiyanı müharibəni dayandırmağa məcbur etdi!”). Rusiya da Trampın bu zəif yerindən (narsislik kompleksindən) sui-istifadə edir.

Niyə Britaniya və Aİ Planın qəti əleyhinədir?
➖ Ədalət-filan söhbətlərini publisistlərin öhdəsinə buraxın. Siyasətdə ədalət fəaliyyət göstərmək üçün heç vaxt stimul olmayıb və olmayacaq da, stimul həmişə maraqlar olub. Ədalət, bir qayda olaraq, maraqların “mask-xalatı” olub. Çılpaq ədalət həmişə zəifləmiş, başqa çarəsi qalmayan ölkənin, siyasi qrupun son ümidi olur (suda boğulanın saman çöpünə ümidlə baxdığı kimi).
➖ Avropanı da, əslində, Ukraynada ədalət maraqlandırmır. Maraqlandırsaydı, Ukraynanı bu avantüraya soxmazdılar. Heç olmasa, sonra Boris Consonun təkidi ilə İstanbul sazişini zibil yeşiyinə atmazdılar.
➖ Avropanı narahat edən deməzdim, dəhşətə gətirən öz taleyidir. Ukrayna müharibəsinin davam etməsi məhz Avropaya lazımdır.
➖ Avropa ABŞ-ın bu regiondan çıxmasını istəmir. Nə qədər ki, müharibə davam edir, ABŞ Avropadan çıxa bilməyəcək. Bu haqda ətraflı yazmışdım: https://www.facebook.com/asif.shafaggatov.3/posts/4184174085232004
➖ Plan Avropadan xəbərsiz hazırlanıb. Deməli, onlar dünya siyasətinin qlobal oyunçuları sayılmırlar, dünyanın yenidən bölüşdürüləmsində masa arxasında oturmayacaqlar. Unutmayaq: siyasətdə masanın arxasında deyilsənsə, masanın üstündəsən.
➖ Avropa Trampın həyasızlığından şoka düşüb: hazırda müharibənin bütün xərclərini Avropa çəkir, ABŞ heç bir xərc çəkmir, amma masa arxasında ABŞ oturur, Avropaya isə yer yoxdur.
➖ Niyə də Avropa Ukrayna müharibəsinin davam etməsinə mane olmasın? Onsuz da qırılanlar Ukrayna və Rusiya əhalisidir. Avropa ki insan itkisi vermir. Siyasətin riyakarlığı da bundadır: Avropanın hər hansı ölkəsi Ukraynadan 10 dəfə az itki versəydi (faiz etibarı ilə), istənilən şərtlə müharibəni dayandırmağa razı olardı. II DM-in təcrübəsini unutmamışıq. Xatırlamaq üçün:
▪️Danimarka misalı: https://www.facebook.com/asif.shafaggatov.3/posts/3914909388825143
▪️Digər ölkələr misalı: https://www.facebook.com/asif.shafaggatov.3/posts/3983216685327746
Ukraynadan isə 18 yaşlıları da müharibəyə səfərbər etməyi tələb edir, onların fədakarlığını göylərə qaldırıb, ölümə göndərmək üçün “qaz” verirlər.

Zelenski Planı qəbul edə bilərmi?
➖ Tramp Planı qəbul etməsi üçün Zelenskiyə 1 həftə vaxt verib. Niyə belə az? Çünki Tramp yaxşı bilir ki, Zelenski necə cavab vermək üçün Avropa ilə məsləhətləşəcək. Onları seytnotda saxlamaq lazımdır ki, imtina etmək üçün yaxşı arqument tapa bilməsinlər.
➖ Zelenski Planı qəbul etməzsə, ABŞ Ukraynaya hərbi və kəşfiyyat yardımını dayandıracağını bəyan edib. Tramp gələndən ABŞ onsuz da Ukraynaya hərbi yardım etmirdi, lakin Avropanın puluna silah satırdı. Vədinə əməl edərsə, ABŞ Ukraynaya silah satmaya bilər. Bu halda Ukraynanın vəziyyəti kəskin pisləşə bilər, çünki bir çox silah-sursat növləri, HHM sistemlərinin, F-16-ların raketləri və ehtiyat hissələrini yalnız ABŞ istehsal edir. Kəşfiyyat məlumatlarının verilməməsi isə Ukraynanı “kor” edər. Rusiya dərinliklərinə raket və ya dron (PUA) zərbəsi endirə bilməz, Rusiyadan təyyarələrin nə vaxt və hansı raketlərlə qalxdığını bilməz, Rusiyanın raket və dron zərbələrinin trayektoriyasını izləyə bilməz, ön xətdən 30 km arxada Rusiyanın hərbi qüvvələrinin yerdəyişməsindən xəbərsiz qalar, HIMARS-la zərbə endirə bilməz, hətta ATACAMS və StormShadow raketləri də faydasız olar və s. və i.a. Kəşfiyyatın əhəmiyyəti barədə ətraflı yazmışdım: https://www.facebook.com/asif.shafaggatov.3/posts/4190027271313352
➖ Zelenskinin Planı qəbul etməsi üçün korrupsiya şantajı da ehtiyatda saxlanılıb. Niyə şantaj, məgər Zelenskinin korrupsiyada əli yoxdur? Nəinki əli var, ona rəhbərlik edir. Onun korrupsioner olması çoxdan məlum idi, lakin NABU (ABŞ-a bağlı istintaq orqanı) cinayət materiallarını məhz Planın təqdim olunması ərəfəsində üzə çıxartdı. Toplanmış materialların yalnız qısa bir hissəsi – Zelenskiyə birbaşa toxunmayan hissəsi ictimaiyyətə açıqlanıb. Materiallar tam açıqlanmadığı və fasilə verildiyi üçün bunu şantaj hesab etməliyik. Yəqin ki, Zelenski hansısa şərtləri yerinə yetirsə, cinayət işində adı hallanmayacaq, yetirməsə – cinayət işi hissə-hissə ona yaxınlaşacaq. Daha ətraflı: https://www.facebook.com/reel/1408479884269600
➖ Digər tərəfdən Rusiya da hücumu dayandırmır. Ukrayna ordusu acınacaqlı vəziyyətdədir: kəskin canlı qüvvə çatışmazlığı var, fərarilik artıb, insanları zor gücü ilə səfərbər edirlər… Ukrayna gec-tez Rusiyanın tələblərini qəbul etməli olacaq, lakin nə qədər gec qəbul edərsə, bir o qədər çox insan, ərazi itirəcək, iqtisadi ziyan görəcək.
➖ Yuxarıda qeyd olunanları nəzərə alsaq, Zelenski üçün ən yaxşısı Planı qəbul etmək və siyasi səhnədən getməkdir. Hətta müharibədən əziyyət çəkən əhalinin çoxu da bununla razılaşar.
➖ Lakin Zelenski Planı qəbul etməyəcək. Çünki Avropa, xüsusən də Britaniya buna imkan verməyəcək. Zelenski tam olaraq Britaniya “fiqurudur”, onun şəxsi təhlükəsizliyi də Britaniyanın əlindədir.

Zelenski Planı qəbul etməzsə, vəziyyətdən necə çıxacaq?
➖ Trampın 7 günlük ultimatumu, təcrübə göstərir ki, uzadıla, hətta unudula da bilər. Hər halda Britaniya və Aİ bunun üçün əllərindən gələni edəcəklər. Əvvəllər buna nail ola biliblər.
➖ Trampın Ukraynaya silah və kəşfiyyat yardımını dayandıra biləcəyinə inanmıram, Konqres buna imkan verməyəcək. Hətta əksinə ola bilər. Büdcə müzakirəsində Ukraynaya $55 milyard hərbi yardım ayıra bilər.
➖ Plana elə düzəlişlər edə bilərlər ki, Rusiya onları qəti qəbul etməsin. Bu halda Planın pozulmasında Rusiyanı günahlandırmaqla vəziyyətdən çıxacaqlar. Hətta bundan sonra Trampdan Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsini tələb edə bilərlər. Düzdür, ABŞ-ın Rusiyaya qarşı sanksiya silahı tükənib – bunu Avropa da bilir. Lakin sonuncu “silah” qalıb hələ – ABŞ-ın Rusiya ilə birbaşa müharibəyə girməsi. Bu Avropanın, xüsusən də Britaniyanın ən şirin arzusudur – belə olarsa, ABŞ Avropadan uzun müddət çıxa bilməyəcək, həm də nəticədə ABŞ da, Rusiya da əldən düşəcək, Avropada meydanı Britaniyaya verəcəklər.
➖ Avropa korrupsiya qalmaqalını dondura biləcəyinə ümid edir. NABU ABŞ-a bağlı orqandır, amma onu trampçılar yox, qlobalistlər yaradıblar, kadrlarını da onlar seçiblər. ABŞ qlobalistləri isə Britaniyanın təsiri altındadırlar. Yəni Britaniyanın NABU-nu susdurmaq və ya Zelenskini “sudan quru çıxartmaq” imkanı var – hər halda buna cəhd göstərəcək.
➖ Zelenskinin və Avropanın əsas problemi Rusiyanın hücumunun qarşısını ala bilməməsidir. ABŞ-ı müharibəyə birbaşa qoşa bilməsə belə Avropa ümid edir ki, müharibəni 3 il uzada bilər. Hazırkı şəraitdə Avropa üçün mümkün hədəf məhz budur. 3 il sonra Ukrayna adlı dövlətdən əsər-əlamət qalacaq, ya qalmayacaq – onları maraqlandırmır.

Qaldı Rusiya…
➖ Rusiya Zelenskinin Planı qəbul edəcəyinə inanır? Xeyr. Hətta bəlkə də Plana qəsdən elə maddələr daxil edib ki, o qəbul edilməsin.
➖ Onda bu siyasi oyun Rusiyanın nəyinə lazımdır? Bu suala cavabı Alyaska sammitindən əvvəl yazmışdım: https://www.facebook.com/asif.shafaggatov.3/posts/4084693641846716

Share this content:

Yorum gönder