KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Aqşin Kərimov: Rusiya-İsrail: Ortaq məxrəc tərpədilir

Aqşin Kərimov: Rusiya-İsrail: Ortaq məxrəc tərpədilir

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
121 0

Qəzza zolağında İsrail-Fələstin toqquşmaları davam etdikcə Rusiya ilə Təl-Əviv arasındakı ortaq məxrəc yerindən tərpənir.

Rusiya və İsrail Suriyada bir-birinə rəqib cəbhələrdə olsalar da, onlar yola getməyi bacararaq münasibətləri inkişaf etdiriblər.

Rusiya və İsrailin Suriya ilə bağlı münasibətləri və ölkənin hava məkanında münaqişənin aradan qaldırılması ikitərəfli mənzərənin bir hissəsidir.

Bunun nəticələrindən biridir ki, İsrail Rusiyanın Ukraynada apardığı hərbi kampaniyada Kiyevin tərəfini praktiki üsullarla tutmaqdan çəkinib.

İsrail Ukraynanın neçə dəfə ağız açmasına baxmayaraq, ən müasir silahlarını Rusiyaya qarşı tədarük etməkdən yayınıb. Hərçənd, İsrail arada Rusiyanın əsəbinə toxunacaq mövqeləri də sərgiləyib.

Rusiyanın güzəşt paketinə gəlincə, bu, İsrailin Yaxın Şərqdə Suriya və İrana qarşı keçirdiyi əməliyyatlara, belə demək mümkünsə, göz yummaqdan ibarətdir.

Lakin İsraillə HƏMAS arasında genişmiqyaslı hərbi eskalasiya başladıqdan sonra Rusiyanın mövqeyi Təl-Əviv üçün lazım olan həddi keçdi. Burada Rusiyanın HƏMAS-ı dəstəkləməsi İsrailin rastlaşdığı çətinliklərin fonunda Təl-Əvivə birmənalı olmayan cavabdır.

Bildirək ki, Rusiyanın Yaxın Şərqdəki niyyətləri onun Qərb əleyhinə müxtəlif əlaqələrini idarə etməyi asanlaşdırır.

Üstəgəl, Qəzzada müharibə başlayandan bəri Rusiyanın Şimali Qafqaz regionunda keçirilən antisemit nümayişlər diqqət çəkdi.

Deməli, Rusiya ilə İsrail bundan sonrakı təmaslarda mürəkkəb suallar yaradan hərəkət və mövqelərin aydınlaşdırılması istiqamətində səylər göstərəcəklər.

Çünki hər iki dövlət bir-birinə lazımdır, ortaq məxrəci saxlamaq üçün isə daha böyük oyunçuların mövqeləri müzakirə predmetinə çevrilməlidir.

İsrail çalışır ki, Rusiyanın Yaxın Şərqdəki maraqları antisemit hadisələrin çərçivəsindən kənarda tutulsun. Burada İsrail Rusiyanı razı salmağa çalışacaq ki, Moskva Qəzzadakı müharibənin müşayiətində İranla əməkdaşlıq xəttini minimuma endirsin.

Hərçənd, Rusiyanın HƏMAS-ı terror təşkilatı kimi tanımaması Kremlin İsrail-Fələstin toqquşmasından hansı faydalar götürmək istəklərini üzə çıxarır.

Rusiya üçün hərbi eskalasiya geosiyasi parametrlərlə göydəndüşmə şansdır, çünki Qərbin Ukraynadakı müharibə səbəbilə dağınıq diqqəti başqa səmtə yönəlir.

Eyni zamanda, Qərb həm Ukrayna, həm də Yaxın Şərq cəbhəsində oynamaq şanslarını itirir. Bu, təkcə Rusiya ilə əlaqəli deyil, əlavə olaraq, Qərbə qarşı alternativ bir qüdrət olan Çin yüksəlir.

Rusiya İsraildən Qərbin regionda təsirlərinin azalmasını şərtləndirən mühit yaratmağı istəyə bilər. Elə İsrailin ABŞ ilə gərginləşən siyasi münasibətləri Rusiyanın Təl-Əvivi inandırmaq təşəbbüslərinə stimul verir.

Üstəgəl, İsrailin Baş naziri Benyamin Netanyahunun hökuməti sağa doğru irəlilədiyi üçün İsrail ənənəvi Qərb müttəfiqi olmayan Rusiya, Çin, Hindistanla əlaqələrə diqqət yetirir ki, burada Moskva öz yerini bərkitməyə çalışır.

Ziddiyyətlərə rəğmən, ehtimal budur ki, Rusiya ilə İsrailin əlaqələri kəskin bir enişə gətirib çıxarmayacaq. İsrail necə ki bu zamana qədər Rusiya ilə əlaqələri qoruya-qoruya ABŞ-nin müttəfiqi olubsa, bundan sonra da ənənəvi tendensiya davam edə bilər.

Aqşin Kərimov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir