Ali Kerimli: İlham Əliyevə Rusiyanın Cənubi Qafqazda mövcudluğu lazımdır”
”
Almaniyanın nüfuzlu “Frankfurter Rundschau” qəzeti mənimlə geniş müsahibəni öz oxucularına bu başlıqla təqdim edib.
“Frankfurter Rundschau” müsahibənin əvvəlində yazır:
“Azərbaycan müxalifət lideri Əli Kərimli müsahibəsində ölkəsinin Putinlə olan münaqişəsi, Ermənistanla münasibətlər və Avropa İttifaqı ilə əlaqələr haqqında danışır.
Azərbaycan müxalifət lideri Əli Kərimli həbslərə, döyülmələrə və daimi təqiblərə baxmayaraq, vətənində qalaraq demokratiya uğrunda mübarizəsini davam etdirir. O, müsahibəsində prezident İlham Əliyevin rejimi, onun diktator həmkarı Vladimir Putinlə olan münaqişəsi və Azərbaycanın Avropa İttifaqı ilə bağlı ümidləri haqqında danışır.”
Sual: Cənab Kərimli, Yekaterinburqda (Rusiya) baş verən kütləvi və amansız həbslər zamanı iki azərbaycanlının öldürülməsindən sonra İlham Əliyev Vladimir Putinlə qarşıdurma yolunu seçdi. Siz bu məsələdə Əliyevi dəstəkləyirsinizmi?
– “Dəstək” burada yəqin ki, düzgün ifadə deyil. Əliyev rejiminin dəstək verəcəyim heç bir yanı yoxdur. Amma mən Rusiyada yaşayan və dövlət zorakılığına məruz qalan azərbaycanlıları müdafiə edirəm. Mən Moskvanın imperialist iddialarına və keçmiş sovet respublikalarına – artıq müstəqil dövlətlərə – vassal kimi yanaşmasına qarşıyam. Bu, təkcə Azərbaycana deyil, həm də Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinə, Moldova və Ermənistanın daxili işlərinə müdaxiləsinə də aiddir.
Sual: Mental baxımdan Əliyev və onun köhnə həmkarı, diktator Putin təbii müttəfiq kimi görünürlər…
– Demokratiyaya nifrət, Qərb əleyhinə ritorika və hakimiyyətdə ömürlük qalmaq istəkləri onları ideoloji baxımdan birləşdirir. Əliyev Rusiya ilə arasına məsafə qoymaq istəyir, amma Putinlə münasibətləri pozmadan. Ona Putin rejimi lazımdır ki, daxil olduğu beynəlxalq “avtokratlar klubu”nun dağılmasının qarşısı alınsın. Rusiyanın Cənubi Qafqazda mövcudluğu isə regionda artan Qərb təsirinə qarşı əks-tarazlıq kimi ona vacibdir. Təsadüfi deyil ki, o, heç vaxt MDB-dən çıxmağı ya Rusiya ilə müttəfiqlik sazişini ləğv etməyi müzakirəyə çıxarmır. Emmanuel Makronla fikir ayrılığından sonra Azərbaycandakı yeganə fransız liseyini bağladı. Amma 340 ümumtəhsil məktəbində hələ də dövlət vəsaiti hesabına yüz mindən artıq azərbaycanlı uşaq rus proqramı ilə təhsil alır və dövlət hesabına rusca təhsilin dayandırılması da müzakirə mövzusu deyil.
Sual: Əliyev indi nümayişkaranə şəkildə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Bu, onun Qərbə yaxınlaşmaq istədiyini göstərmir?
– Əliyev üçün Qərbə yaxınlaşırmış kimi görünməsi kifayətdir. O düşünür ki, əgər Qərbi inandıra bilsə ki, artıq Rusiyadan asılı olmadan siyasət aparır, onda Azərbaycandakı insan hüquqları pozuntularına görə Qərbin təzyiqi zəifləyəcək. Amma vətəndaş hüquqlarına nifrət edən və həmin hüquqlar uğrunda mübarizə aparan demokratik fəalları təqib edən rejim Qərblə hələki real yaxınlaşma planlaşdırmır.
Sual: Putin Ermənistan, Suriya və İranda öz müttəfiqlərini tərk etdikdən sonra Əliyev hələ də ona etibar edir?
– Xüsusilə Suriyada Əsədin devrilməsi Əliyevi inandırdı ki, Putin rejimi zəifləyib və vassallarını qurban verməyə hazırdır. Azərbaycanın Ermənistan üzərində ikinci Qarabağ müharibəsindəki qələbəsi də Əliyevdə belə bir inam yaradıb ki, Azərbaycana əsas təsir vasitəsini itirmiş Rusiya onun maraqlarını və artan siyasi müstəqilliyini qəbul etməlidir. Azərbaycanla Rusiya arasında yeni qarşıdurmaya qədərki mövcud olan status-kvo belə idi. Amma bu status-kvo Putini də razı salmır. O, Əliyevdən Belarus prezidenti Aleksandr Lukaşenko ilə olduğu kimi tam tabeçilik münasibətləri gözləyir. Putin açıq deyib ki, postsovet məkanının hamısını yenidən nəzarətinə qaytarmaq istəyir. Bu imperialist iddialar getdikcə artır. Odur ki, mən Rusiya ilə Azərbaycan arasında gərginliyin davam edəcəyini düşünürəm.
Sual: Sizcə, Rusiya Azərbaycan üçün təhlükədir?
– Bizim Rusiya ilə 300 kilometrlik quru sərhədimiz və birgə Xəzər dənizimiz var. Rusiya rəsmiləri keçmiş SSRİ coğrafiyasının hamısına iddialarını gizlətmir. Mən tam başa düşürəm ki, NATO niyə Rusiyadan qorunmaq üçün hərbi xərclərini artırır. Bir halda ki, hətta NATO və Aİ kimi güclü birliklər Rusiyanı özünə təhlükə görür, bu halda bizə olan təhlükənin miqyasını da təsəvvür etmək olar. Rusiya ənənəvi olaraq totalitarizmi və diktaturanı ixrac edir, azadlığı isə təhdid kimi görür. Azərbaycan müxalifəti isə açıq şəkildə bildirir ki, biz yalnız Rusiyadan tam ayrıldıqda sabit, davamlı demokratiya qura bilərik.
Sual: Moskva ilə qarşıdurmanı nəzərə alsaq, Azərbaycan tarixi düşməni Ermənistanla uzunmüddətli sülh bağlaya bilərmi?
– Sülh sazişinin imzalanması indi həm mümkün, həm də zəruridir. Ermənilərlə artıq bir əsrdən çox davam edən münaqişənin əsas təşəbbüskarı Rusiya imperiyası – SSRİ və ya Rusiya Federasiyasıdır. O, Cənubi Qafqazda mövqeyini gücləndirmək üçün bütün zamanlarda iki xalqı bir-birinə qarşı müharibəyə sürükləyib. Amma 2020-ci il Qarabağ müharibəsindən sonra Ermənistanın baş naziri Nikol Paşinyan və onun komandası başa düşdü ki, ölkə yalnız Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından imtina etdikdə həqiqi müstəqillik əldə edə bilər. Ermənistan hər iki qonşusu ilə münasibətləri normallaşdırmayınca, Rusiyanın regiondakı forpostu olaraq qalmağa məcbur olacaq. Amma Ermənistanla sülh həm də Azərbaycanın maraqlarına uyğundur. Biz ərazi bütövlüyümüzü bərpa etmişik və Ermənistana qarşı ərazi iddialarımız yoxdur. Sülh sazişi həm də Rusiyanın Cənubi Qafqazda yeni münaqişələr alovlandırmaq imkanlarını aradan qaldıracaq.
Sual: Avropa sizin üçün nə deməkdir?
– Biz Avropanın azad xalqları ailəsinə inteqrasiyaya can atırıq. Bizim üçün Aİ-yə inteqrasiya təkcə Azərbaycanın təhlükəsizliyi və müstəqilliyi ilə bağlı məsələ deyil. Avropa inteqrasiyası olmadan bizim Azərbaycanda quracağımız demokratiya sabit və davamlı olmayacaq (əvvəllər 2 dəfə qurduğumuz demokratik respublikalar məhz Rusiyanın iştirakı ilə devrilib). Əlbəttə, Azərbaycanda demokratiyanı yenidən bərqərar etmək bizim işimizdir. Məhz ölkəmizdə demokratiyanı yenidən bərqərar etmək məqsədilə, bütün repressiyalara baxmayaraq, minlərlə azərbaycanlı azadlıq və demokratiya uğrunda israrla mübarizə aparır, azadlığını, sağlamlığını, bəzən də həyatını riskə atır. Amma Rusiyanın təsirinin zəifləməsi, Aİ ilə yeni təmaslar və Qərbin Azərbaycana artan diqqəti demokratik dəyişikliklər üçün zəmin yaradar. Mən Cənubi Qafqazın gələcəyini Avropa İttifaqında görürəm.
Sual: Bütün bu repressiyalara baxmayaraq, niyə hələ də Bakıda yaşayırsınız?
– Burada müxalifət lideri olmaq, əlbəttə, asan deyil. Məni istənilən gün həbs edə və ya öldürə bilərlər. 19 ildir ki, hakimiyyət mənə pasport verməkdən imtina edir, ona görə ölkəni tərk edə bilmərəm. Amma səbəb bu deyil. Mən mübarizəni məhz Bakıda olmaqla daha effektiv şəkildə apara bilərəm. Burada qalmaq və Əliyevin avtokratik rejiminə qarşı sonadək mübarizə aparmaq mənim şüurlu seçimimdir.
Sual: Azərbaycanın Navalnısı olmaq istərdiniz?
– Mən Əliyevin bütün demokratik institutları, azad seçkiləri, azad mətbuatı və siyasi rəqabəti aradan qaldırması ilə barışmıram. Azərbaycanda hüquqi dövlət qurmaq mənim həyat məqsədimə çevrilib. Bu məqsədə çatmaq üçün hər şeyə hazıram.
Share this content:
Yorum gönder