KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Afrin əməliyyatı Amerika üçün çətin sınağa çevrilir

Afrin əməliyyatı Amerika üçün çətin sınağa çevrilir

Kafkassam Editör Kafkassam Editör - - 7 dk okuma süresi
365 0

Vaşinqton kürdlər və NATO müttəfiqi Türkiyə arasında seçim etməli olacaq, yaxud da…

Türkiyə ordusunun Afrin rayonunun azad edilməsi məqsədilə başlatdığı “Zeytun budağı” əməliyyatı 6-cı gündür davam edir. Kürdlər gündüzlər gizlənsə də, gecələr fəallaşaraq müqavimət göstərməyə çalışırlar. Məsələ ondadır ki, Türkiyə ordusu havadan və qurudan artilleriya atəşi ilə kürd mövqelərini məhv edir, kürdlər isə gecələr bayıra çıxırlar.

Əməliyyatın 5-cü günü Ankarada prezident sarayında təşkil olunan toplantıda çıxış edən Rəcəb Tayyib Ərdoğan bildirib ki, əməliyyat başladıqdan bu günə qədər Türkiyə ordusu və müttəfiq qüvvələrin ümumilikdə 7-8 nəfər itkisi olub. Qarşı tərəfdən isə 268 nəfər məhv edilib. Ərdoğan ASO-nun irəlilədiyini və Afrin tamamilə təmizlənənə qədər əməliyyatın davam edəcəyini bildirib.

Türkiyə ordusunun yaydığı rəsmi məlumata əsasən yanvarın 24-dək Afrin əməliyyatında 3 hərbçi şəhid olub. Bunlar piyada gizir Musa Özalkan, baş leytenant Oğuz Kaan Usta və gizir Mehmet Muratdağıdır.

Baş nazir Binali Yıldırım bəyan edib ki, Afrində əməliyyatlar çərçivəsində 214 hədəf vurulub məhv edilib: “Ərazidə sonuncu terrorçu zərərsizləşdirilənə qədər əməliyyat davam edəcək”.

Türkiyə ordusu Afrində əməliyyat apardığı bir zamanda Ankarada hökumət aktiv diplomatiya aparır. Söhbət əməliyyatla bağlı mənfi rəylərin və əks-təbliğatın aparılmasının qarşısını almaqdan gedir. Həftənin əvvəlində Ərdoğan Rusiya prezidenti Putin, Fransa prezidenti Makronla telefonla danışıb və “Zeytun budağı” əməliyyatı haqqında məlumat verib.

Bundan başqa, xarici işlər naziri iki gün əvvəl Parisdə ABŞ dövlət katibi Reks Tuillersonla görüşüb. Bu görüşdən sonra açıqlama verilib ki, ABŞ prezidenti Trampın istəyi ilə ABŞ və Türkiyə prezidentləri arasında telefon danışığı aparılacaq.

Qeyd edək ki, Ərdoğan Putinlə telefon danışığından sonra bildirib ki, Suriya mövzusunda Rusiya ilə koordinasiyalı çalışırlar. Eyni zamanda Ərdoğanın Trampla görüşünün əsas mövzusu da Afrindəki vəziyyət olacaq.

Bu arada Türkiyə daxilində “Zeytun budağı” əməliyyatı əleyhinə təbliğat aparan şəxslərə qarşı əməliyyatlar davam edir. “Anadolu” agentliyi xəbər yayıb ki, Afrin əməliyyatı əleyhinə təbliğat apardığı üçün saxlanılan 150 nəfərdən 11-i barəsində həbs qərarı çıxarılıb. Saxlanılmaların əsas səbəbi sosial şəbəkələrdə “Zeytun budağı” əməliyyatı əleyhinə və PYD/PKK lehinə təbliğat aparmalarıdır.

Türkiyə ordusunun Almaniya istehsalı olan tanklarla Afrinə hücum etməsi bəzi alman siyasətçiləri narazı salıb. Əməliyyatda Almaniya istehsalı “Leopard” tanklarından istifadə olunur. Bir neçə partiyadan olan siyasətçilər hökumətə müraciət edərək Türkiyəyə tank satışını dayandırmağa çağırıblar. Baş nazir Merkelin partiyasından olan deputat Norbert Röttgen BBC-yə bildirib ki, Türkiyənin Afrin əməliyyatı qanunsuzdur. O hökuməti Ankaraya silah embarqosu tətbiq etməyə çağırıb.

Almaniya Sol Partiyanın Federal məclisdəki fraksiya sədri Sahra Wagenknecht bildirib ki, Afrin əməliyyatına cavab olaraq Konyadakı NATO bazasında xidmət edən Almaniya hərbçiləri geri çağırılmalıdır. Fraksiya sədri deyib ki, Konyadakı bazada AWACS kəşfiyyat təyyarələri tərəfindən əldə olunan kəşfiyyat bilgiləri Afrin əməliyyatında istifadə olunur. Almaniyada PKK həssaslığı yeni hadisə olmasa da, son zamanlarda mülayimləşməkdə olan Almaniya-Türkiyə münasibətlərinin yenidən pisləşəcəyini demək olar.

Daha bir diqqəti cəlb edən tendensiya isə Qərb mediasının mövqeyidir. Doğrudur, siyasi dairələr Türkiyənin Afrin əməliyyatına sözdə dəstək versələr də. Mediada fərqli ab-hava hiss olunur. Məsələn, ABŞ-ın nüfuzlu “Nyu York Tayms” qəzeti yayınladığı analitik məqaləsində Afrin əməliyyatının Türkiyənin mövqelərini gücləndirdiyi, bunun əksinə, ABŞ-ın mövqelərinin zəiflədiyini iddia edib. Qəzetin yazısında iddia olunur ki, Vaşinqton indi həm kürdləri qorumaq, həm də Türkiyə kimi müttəfiqini itirməmək arasında qalıb, çıxış yolu axtarır. Eyni zamanda Tramp hökumətinin Suriya kürdlərinə 30 min nəfərlik sərhəd mühafizə xidməti təşkil etməsi proqramının iflas etdiyini, Ankaranın ciddi təpkilərinə səbəb olduğunu qeyd edən məqalədə Ağ Evin indi bu iki həssas durum arasında seçim etməyə çalışdığını qeyd edib. Ancaq eyni zamanda Suriyada savaş meydanı daraldıqca bu ölçünü saxlamanın da çətinləşdiyi, manevr imkanlarının tükəndiyi, seçim etmək məcburiyyətinin yarandığı qeyd olunur. İndi Vaşinqton qarşısında iki seçim var. Birincisi, ya kürd silahlılarına dəstəyini böyük ölçüdə azaldacaq, bununla da kürdlər qarşısında xəyanətkar kimi görünəcək və planları pozulacaq, ya da NATO müttəfiqi Türkiyə ilə qarşıdurmaya girəcək.

Afrin operasyonu 5. gün ile ilgili görsel sonucu

Hələliksə Vaşinqton ikisi arasında manevr edir. Həm Afrin əməliyyatını dəstəkləyir, həm də kürdlərə dəstəyini davam etdirir. Ancaq bu durumun nə qədər davam edəcəyi bilinmir. Çünki Afrin əməliyyatı davam edir və irəliləyən zamanda ABŞ-ın daha konkret mövqe sərgiləməsi lazım gələcək. Maraqlıdır ki, Pentaqon Suriyanın şərqindəki kürd qüvvələrinə Afrinə keçməməklə bağlı xəbərdarlıq edib. Çünki belə olarsa, əməliyyatın miqyası və şiddəti daha da böyüyə bilər. Mümkündür ki, amerikalılar yaxın günlərdə kürdləri fakt qarşısında qalaraq Afrindən vaz keçməyə razı salsınlar və bununla da müəyyən müddətə Türkiyənin də maraqlarının təmin olunması və Suriyada kürdlərin mövqelərinin əsas Raqqa bölgəsində qorunub saxlanmasına nail olsunlar.

Kənan RÖVŞƏNOĞLU,
Musavat.com

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir