Şimdi yükleniyor

İlqar Gülaplı: 20 noyabr Ağdam rayonunun azadlıq günü

20 noyabr Ağdam rayonunun azadlıq günüdür. Bu gün münasibətilə ağdamlılar başda olmaqla bütün azərbaycanlıları təbrik edirəm. Çox güman ki, bərpa işlərindən sonra Ağdam Azərbaycanın ən inkişaf etmiş və böyük şəhərlərindən biri olacaq. Sənaye və ticarət mərkəzinə çevriləcək. Hətta paytaxt olacağını deyənlər də var. Paytaxt olmasa belə, ən azından ikinci dərəcəli bir mərkəz olacaq.

Ağdamlılar həmişə Azərbaycanda ən qabaqcıl və hər işdə birinci olan camaat olublar. Ticarət, iqtisadiyyat, elm, mədəniyyət, incəsənət, musiqi, idman, ədəbiyyat və s. sahələrdə ağdamlılar həmişə öndə olublar. Hələ sovet dövründən bu şəhər sürətlə inkişaf edir və parlayırdı. Təəssüf ki, erməni işğalı ilə bu inkişaf dayandırıldı. On minlərlə ağdamlı evsiz-eşiksiz qaldı, məcburi köçkünə çevrildi. Qarabağ müharibəsində də ən çox itki verən rayon Ağdam idi. Belə ki, 20 min şəhidin təxminən 6–7 mini ağdamlı idi.

Bütün qarabağlılar kimi ağdamlılar da çox əziyyətlər çəkdilər. Məcburi köçkün həyatı onları çox yordu. Amma buna baxmayaraq, onlar sınmadılar. Var gücləri ilə çalışaraq o cür çətin vəziyyətlərdən çıxmağı bacardılar. Bu, əsl qəhrəmanlıqdır. İndi isə onlar öz vətənlərinə, doğma yurdlarına qovuşublar. O pis günlər üçün bu, ən böyük təsəllidir.

İndi isə bir qədər Ağdamın tarixindən danışmaq istəyirəm.

Bildiyimiz kimi, Ağdam Azərbaycanın ən qədim yaşayış yerlərindən biridir. Burada alban knyazları, Sasani mərzbanları, ərəb əmirləri, İran feodalları bir-birini əvəz ediblər. Səlcuqların hakimiyyəti dövründə oğuzların kütləvi axınları olub. Qarabağ torpaqları növbə ilə Hülakü, Cəlairi, Teymuri, Qaraqoyunlu və Ağqoyunlu kimi qüdrətli türk dövlətlərinin tərkibində olub.

Səfəvilər dövründə qızılbaş türk ordusunun əsas atlı dəstələri qarabağlılardan ibarət idi. Səfəvilər dövründə bu günkü Azərbaycan Respublikası üç hissədən ibarət idi: mərkəzi Şamaxı olan Şirvan, mərkəzi İrəvan olan Çuxursədd və mərkəzi Gəncə olan Qarabağ bəylərbəyliyi. Səfəvilərin süqutu ilə bu ərazilər Nadir Şah Əfşarın imperiyasına tabe oldu. Nadirin ölümü ilə Qızılbaş imperiyası xanlıqlara parçalandı.

Keçmiş Qarabağ bəylərbəyliyinin ərazisində iki xanlıq meydana gəldi: Qacarların bir qolu olan Ziyadoğluların idarə etdiyi Gəncə xanlığı və Cavanşirlər qəbiləsinin idarə etdiyi Qarabağ xanlığı. Cavanşirlər bu günkü Ağdam rayonunun ərazisində yerləşən Sarıcalı kəndində yaşayırdılar. Ağdam o vaxtlar Cavanşirlər qəbiləsinin ailə qəbiristanlığı idi. Qəbiristanlıq “Ağdam” adlanan, həqiqətən də ağ rəngdə olan böyük bir damın altında idi. “Ağ” burada kəfən və ölümün rəmzi idi.

Burada Pənahəli xanın ailəsi üçün tikilmiş Ağdam sarayı (İmarət kompleksi), İbrahimxəlil xanın məqbərəsi, Mehdiqulu xanın türbəsi və xan ailəsinə mənsub çoxsaylı şəxslərin məzarları var.

Çar hökuməti dövründə Ağdam inkişaf edərək böyük bir yaşayış məskəninə çevrilmiş və 1828-ci ildə Şuşa qəzasının kəndi olmuşdur. Sovet dövründə isə 1930-cu ildə Ağdam rayonu yaradılmış, 1943-cü ildə isə şəhər statusu verilmişdir. Ağdam sovet dövründə sənaye mərkəzi idi. Şəhərdə şərab zavodu, süd kombinatı, Qarabağ konserv zavodu, maşınqayırma müəssisəsi və s. var idi.

Ağdam həm də mədəniyyət mərkəzi idi. Orada Ağdam Çörək Muzeyi, Qiyasəddin Qarayev adına Musiqi Məktəbi, Muğam Evi və Qarabağ Atçılıq Təsərrüfatı fəaliyyət göstərirdi.

1993-cü il 23 iyulda Ermənistan silahlı qüvvələri və Qarabağdakı erməni terrorçularının birləşmiş qüvvələri tərəfindən işğal edilərək tamamilə darmadağın edildi və “Qafqazın Xirosiması” adlandırıldı.

2020-ci il 10 noyabr bəyanatına əsasən, 27 illik işğaldan sonra Ağdam 2020-ci il 20 noyabrda Azərbaycana qaytarıldı. Artıq 5 ildir ki, Ağdam Azərbaycanın nəzarətindədir və şəhərdə quruculuq işləri aparılır. İnanıram ki, tez zamanda şəhər bərpa olunaraq Azərbaycanın ən gözəl, ən böyük və ən inkişaf etmiş şəhərlərindən birinə çevriləcək.

Bir daha Azərbaycan xalqını, xüsusilə də həmyerlilərim olan ağdamlıları Ağdam şəhərinin erməni işğalından azad edilməsi münasibətilə təbrik edirəm və ağdamlılara uğurlar arzulayıram.

Share this content:

Yorum gönder