Prezident İlham Əliyevin son müsahibəsi zamanı verilən mesajlar ətrafında müzakirələr gedir. Şübhəsiz ki, Türkiyənin Azərbaycanda hərbi bazasının olmasına ehtiyac yoxdur fikri diqqətdən yayınmır. Amma mən məsələyə fərqli cür baxardım. Məncə, Azərbaycan artıq öz seçimini edib, seçimimiz qardaş Türkiyədir. Türkiyə ilə Azərbaycan arasındakı soyuqluq fikri ilə də razı deyiləm. Bunu əsaslandırmaq üçün kifayət qədər detal sadalamaq olar. Məsələn, Suriyada baş verən proseslər fonunda Putinə zəng edib fikir mübadiləsi aparmadıq, əksinə Rəcəb Tayyib Ərdoğanla danışaraq Suriyanın yenidənqurmasında iştirakımızı istisna etmədik və ciddi mesajlar da ötürdük. Eynilə Türkiyə müdafiə naziri Yaşar Gülərin də Azərbaycanla bağlı verdiyi mesajlar göz önündədir.
Azərbaycanın Rusiya “sülhməramlı” kontingentini bölgədən çıxarmaq üçün 3 il ərzində nələr etdiyini də bilirik. Həm İlham Əliyevin, həm də Ərdoğanın bu istiqamətdə dəfələrlə açıqlamasını eşitmişik. Təbii ki, diplomatiyada nə istədiyini demək önəmli deyil, strateji hədəf uğrunda atılan addımlar əhəmiyyətlidir. Türkiyə ilə aramızda Şuşa Bəyannaməsi kimi müqavilə var. Hansı ki, özü-özlüyündə hərbi baza qədər əhəmiyyətli və həyati əhəmiyyət daşıyır..
Rusif Mammadsoy