KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Kənan Novruzov: Sülh müqaviləsi qapıdadır

Kənan Novruzov: Sülh müqaviləsi qapıdadır

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
100 0

Qərbi Azərbaycana qayıdırıq
Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində Ermənistanla sülh prosesindən danışıb. O, deyib ki, danışıqlar prosesinin təxminən üç ili ərzində, Ermənistan hər zaman sülh sazişinə Qarabağın erməni azlığına dair müddəanı salmaq istəyirdi. Bizim mövqeyimiz ondan ibarət idi ki, bu, bizim daxili işimizdir.
Dövlətimizin başçısı bildirib: “Əgər onlar Azərbaycanda erməni azlığı məsələsini əks etdirmək istəyirlərsə, onda biz də otuz il əvvəl Ermənistandan qovulmuş azərbaycanlı azlığı məsələsini daxil etmək istərdik. Özü də Ermənistanda azərbaycanlıların sayı ermənilərin Azərbaycandakı sayından daha çoxdur və təxminən 300 min insan təşkil edir. Bir sözlə, mövqeyimiz belədir ki, həmin məsələ qarşılıqlı olmalıdır. Biz iki milli azlığın məsələsini, onların hüquqları və təhlükəsizliyini, o cümlədən qayıtmaq hüququnu qeyd edək. Yəni, təkcə ermənilərin Azərbaycana qayıtması deyil, o cümlədən azərbaycanlıların Ermənistana qayıtması məsələsini qoyuruq. Azərbaycanlıların 30 il əvvəl qovulması və ermənilərin iki ay əvvəl ölkəmizi tərk etmək qərarı arasında fərqin əhəmiyyəti yoxdur. Fakt, sadəcə, ondan ibarətdir ki, bunlar qarşılıqlı olmalıdır. Yaxud da ki, biz sülh sazişində bu məsələni qeyd etmirik. Bir sözlə, bu vaxta qədər, biz həmin məsələ ilə bağlı Ermənistandan hər hansı aydın anlaşma görmədik. Əgər Ermənistan hər iki milli azlığa eyni yanaşmanın tətbiq edilməsinə razılaşarsa və ya onu tam əks etdirməsə, onda sülh əldə oluna bilər, çünki həmin məsələ bizimlə danışıqlar aparan Ermənistan üçün əsas maneə idi. Bir sözlə, görəcəyik, bundan sonra necə olacaq. Səmimi desək, mən hazırda məntiq nöqteyi-nəzərindən sülh sazişinin imzalanmasına hər hansı ciddi maneə görmürəm”.
Məlum olduğu kimi, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın əsas prioriteti sülh müqaviləsi ilə bağlıdır. Rəsmi Bakı qalib tərəf olmasına baxmayaraq, regionda sabitliyin və əməkdaşlığın təmin olunması ilə bağlı dəfələrlə qarşı tərəfə təkliflər göndərib. Azərbaycan sülh üçün bütün səylərini ortaya qoyur.
Bütün cəhdlərimizə baxmayaraq, İkinci Qarabağ müharibəsinin üzərindən iki il keçməsinə rəğmən, hələ də sülh sazişi imzalanmayıb. Ermənistan bu və ya digər formada prosesdən yayınır. Qeyd etmək lazımdır ki, bu məsələdə, yəni İrəvanın destrukriv siyasətində üçüncü güclərin xüsusi rolu var. Onlar zaman- zaman ya Ermənistana təzyiq göstərir, ya da bu dövləti şirnikləndirirlər. Beləliklə, Ermənistanın sülh müqaviləsindən yayınmağına şərait yaradırlar.
Amma məhz Azərbaycanın hərbi – diplomatik uğurları nəticəsində ötən illər ərzində ciddi nəticə əldə olunub. Təsadüfi deyil ki, bir vaxtlar “Qarabağ Ermənistandandır, nöqtə” deyən baş nazir Nikol Paşinyan sonradan Qarabağın Azerbaycan ərazisi olduğunu dəfələrlə bəyan etdi. Bu gün isə İrəvan sülhün alternativinin olmadığını elan edir. Əminliklə deyə bilərik ki, hər ötən gün sülh müqaviləsinə daha çox yaxınlaşırıq.
Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərdən belə qənaətə gəlmək olar ki, sülh sazişinin əsas elementlərindən biri ermənilərin Qarabağda yaşaması, azərbaycanlıların isə öz tarixi torpaqlarına – Qərbi Azərbaycana qayıtmalarıdır. İrəvan hələ ki, bu barədə konkret bir söz deməyib. Amma yenə də Azərbaycan liderinə istinad etsək deyə bilərik ki, bu məsələ qarşılıqlı şəkildə həllini tapa bilər. Çünki dövlət başçısı sülh sazişi üçün hansısa ciddi maneənin olmadığını söyləyib.
Azərbaycanlıların Qərbi Azərbaycana qayıtması kifayət qədər mühüm, taleyüklü və strateji əhəmiyyətli məsələdir. Beləliklə, hər şeydən əvvəl tarixi ədalət bərpa olunacaq. İkincisi, sülh sazişinin dayanıqlılığı təmin olunacaq. Növbəti savaş ehtimalı minimuma düşəcək. Üçüncüsü, ermənilərin Qarabağda, azərbaycanlıların Qərbi Azərbaycanda yaşaması ilə tədricən xalqlar arasında da qarşılıqlı etimad mühiti bərpa olunacaq. Bu isə regional sabitlik və əməkdaşlıqla nəticələnəcək.
Hazırkı hadisələr onu deməyə əsas verir ki, proses məhz buna doğru gedir. Qarşıdakı bir neçə ay ərzində, bəlkə də, ilin sonuna qədər sülh sazişinin imzalanması mümkündür.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir