Tramp üçüncü dünya müharibəsinin qarşısını ala biləcək?: O, Ukraynaya dəstəyi davam etdirəcək, amma…
ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp “Time” jurnalına müsahibəsində deyib ki, ölkəsi Ukraynanı dəstəksiz qoymayacaq. Onun sözlərinə görə, bu, sülh nizamlanmasına nail olmaq üçün zəruridir.
“Razılaşmaya nail olmağın yeganə yolu Ukraynanı dəstəksiz buraxmamaqdan keçir”, – o bildirib.
Tramp əlavə edib ki, baş verənlərlə razı deyil.
“Müharibə, ümumiyyətlə baş verməməli idi”, – o deyib.
Məlum olduğu kimi, Ukraynada vəziyyət kifayət qədər gərgindir. Hər iki tərəf yorulub. Üç ilə yaxındır davam edən savaş həm rəsmi Moskvanın, həm də Kiyevin imkanlarını tükəndirib.
ABŞ prezidenti Cozef Baydenin Ukraynaya uzaqmənzilli raketlərlə Rusiyanın dərinliklərinə zərbə endirməsinə icazəsi, şübhəsiz ki, gərginliyi daha da artırdı.
Ümumiyyətlə, son vaxtlara qədər gərginlik artan templə davam edirdi. Bu isə öz növbəsində nüvə silahının tətbiqi və üçüncü dünya müharibəsinin rəsmi şəkildə elan olunması ehtimalını artırdı. Amma ABŞ-da Donald Trampın prezident seçkilərində qalib gəlməsi proseslərə təsir etməyə başladı. Hələ Trampın andiçməsinin olmamasına və hakimiyyətdə Demokrat Baydenin qalmasına baxmayaraq, bunun əlamətləri artıq hiss edilir. Həm Vaşinqton, həm Moskva, həm də Kiyevdən verilən açıqlamalar belə düşünməyə əsas verir ki, inauqurasiya mərasimindən sonra intensiv təmaslar başlana bilər.
Trampın açıqlamasına gəldikdə isə bildirməliyik ki, bu, daha çox siyasi manipulyasiyasıdır. Hazırkı situasiyada məsələ dəstəkdən çox, onun həcmindən gedir. Məsələn, ABŞ-nin hazırkı hakimiyyəti də Ukraynaya dəstək göstərir. Amma bu dəstək ancaq müqavimət xarakterlidir. Məsələyə bu konteksdən yanaşsaq, deməliyik ki, Vaşinqton gələcəkdə Kiyevi dəstəyi davam etdirə bilər. Amma bu, yardımın həcminin azaldılmasını və nəticədə Ukraynanın danışıqlar masasına otuzdurulmasını istisna etmir.
Əlbəttə, Tramp başqa cür danışa, Ukraynaya dəstəyin dayandırıcağını, hətta azaldılacağını da deyə bilməzdi. Bu, Ukrayna və Avropada ciddi narahatlıqlara səbəb ola bilərdi. Xüsusilə nəzərə almaq lazımdır ki, hələ rəsmi prezident Tramp deyil. Odur ki, o, andiçməsinə qədər ehtiyatlı bəyanatlar verəcək. Bundan başqa, perspektivdə ABŞ Ukraynaya dəstəyi azaltsa belə, bu, olduğu kimi təqdim edilməyəcək, əksinə, yardımların davam etdirildiyi bildiriləcək.
İkinci bir tərəfdən, ola bilsin, ABŞ müharibənin tamamilə Rusiyanın şərtləri ilə başa çatmasını istəmir, Ukraynanın da maraqlarının təmin edilməsinə çalışır. Ona görə də Ukraynanı tam dəstəksiz qoymaq istəmir.
Siyasətçinin “müharibə, ümumiyyətlə baş verməməli idi” fikirlərinə gəldikdə isə söyləməliyik ki, savaşın başlanması müəyyən imperialist güclərin maraqlarının təzahürü idi. Ukraynadakı müharibə Qərbin Rusiyanı zəiflətmək və Şərqi Avropadakı təsir imkanlarını artırmaq cəhdinin hissəsi idi.
Ukrayna- Rusiya müharibəsi, bəlkə də, üçüncü dünya müharibəsinin başlanğıcı oldu. İndi əsas sual Trampın üçüncü dünya müharibəsini rəsmi şəkildə elan edilməsinin qarşısının ala bilib – bilməyəcəyi ilə bağlıdır.
Mümkün danışıqlarda Ukrayna bu “kartı masaya qoyacaq”: Rusiya fakt qarşısında qalacaq
“The New York Times” nəşrinin iddiasına görə, Rusiya ilə Ukrayna arasındakı müharibə 2025-ci ildə başa çatacaq.
Bildirilib ki, 2025-ci il hər iki ölkə arasında danışıqlar dövrü kimi də yadda qalacaq.
Məqalədə həmçinin Ukrayna ordusunda əsas problemlərdən birinin şəxsi heyət sayındakı çatışmazlıq olduğundan da bəhs olunur: “Buraya həm də silah-sursatlarla bağlı problemləri də əlavə etmək lazımdır. Çünki hər iki faktor təmin olunmadıqca Ukraynanın itirilmiş ərazilərini geri qaytarması mümkünsüz görünür”.
Yazıda eyni zamanda Rusiyanın nəzarətində olan Ukrayna ərazilərini geri qaytarmaq niyyətinin hiss olunmadığı və bu ölkənin Kursk vilayətinin bir hissəsini nəzarətdə saxlamasının Ukraynanın sonuncu şansı olduğu xüsusi vurğulanır.
Bildirilir ki, bundan sonra rəsmi Kiyevin ölkənin uzunmüddətli təhlükəsizliyi və “qoca qitəyə” inteqrasiyası üçün Avropa İttifaqı ilə razılaşmalar imzalaması məsələsi gündəmə gələcək. Eyni zamanda qeyd olunur ki, Donald Trampın razılığı olmadığı üçün Ukraynanın NATO-ya üzvlüyü hazırda müzakirə mövzusu deyil.
Öncə onu deyək ki, Ukraynada vəziyyət kifayət qədər gərgindir. Hər iki tərəf yorulub. Üç ilə yaxındır davam edən savaş həm rəsmi Moskvanın, həm də Kiyevin imkanlarını tükəndirib.
ABŞ prezidenti Cozef Baydenin Ukraynaya uzaqmənzilli raketlərlə Rusiyanın dərinliklərinə zərbə endirməsinə icazəsi, şübhəsiz ki, gərginliyi daha da artırdı.
Ümumiyyətlə, son vaxtlara qədər gərginlik artan templə davam edirdi. Bu isə öz növbəsində nüvə silahının tətbiqi və üçüncü dünya müharibəsinin rəsmi şəkildə elan olunması ehtimalını artırdı. Amma ABŞ-da Donald Trampın prezident seçkilərində qalib gəlməsi proseslərə təsir etməyə başladı. Hələ Trampın andiçməsinin olmamasına və hakimiyyətdə Demokrat Baydenin qalmasına baxmayaraq, bunun əlamətləri artıq hiss edilir. Həm Vaşinqton, həm Moskva, həm də Kiyevdən verilən açıqlamalar belə düşünməyə əsas verir ki, inauqurasiya mərasimindən sonra intensiv təmaslar başlana bilər.
Savaşın gələn il başa çatacağı ilə bağlı iddialara gəldikdə isə bildirməliyik ki, bu, tamamilə mümkündür. Hər halda əvvəl də dediyimiz kimi, hər iki tərəf artıq yorulub. Tramp administrasiyasının mümkün vasitəçiliyi tərəflər arasında sülhlə nəticələnə bilər. İndi əsas məsələ mümkün sülhün şərtləri ilə bağlıdır.
Məqalədə diqqət çəkən əsas məqamlardan biri Rusiyanın nəzarətində olan Ukrayna ərazilərini geri qaytarmaq fikrində olmaması ilə bağlıdır. Məsələ burasındadır ki, rəsmi Moskva hər nə qədər yorulsa da, strateji üstünlüyü qorumağı bacarır. Üstəlik, Rusiya müntəzəm olaraq lokal ərazi qazanclarına nail olur. Bu, vəziyyətin Rusiyanın xeyrinə olduğunu göstərir.
Məqalədə göstərildiyi kimi, Kurks vilayətinin Ukraynanın nəzarətində olması mümkün danışıqlarda rəsmi Kiyevin “əsas kartı” olacaq. Hər halda Rusiya Kurskun Ukraynada qalması ilə danışıqlara razı olmayacaq. Deməli, məhz bu məqama görə, Moskva hansısa məqamda Kiyevin maraqlarını nəzərə almağa çalışacaq.
Ukraynanın NATO-ya mümkün üzvlüyü ilə bağlı məsələyə gəldikdə isə bu, hazırkı anda real görünmür. Üzvlük üçün ən azı müharibənin bitməsini gözləmək lazımdır. Hərçənd Rusiya bundan sonra da Alyansın genişlənməsinə asanlıqla razılıq verməyəcək. Bu, yalnız ABŞ-la Rusiya arasında təxminən belə bir razılıq nəticəsində mümkün ola bilər: Rusiya işğal etdiyi ərazilərdə qalır, Ukrayna isə qalan torpaqları ilə Alyans üzvü olacaq. Beləliklə, hər iki tərəf özünü qalib kimi göstərməyə çalışacaq.
Kənan Novruzov