KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Heç kimlə yola getməyən Tramp

Heç kimlə yola getməyən Tramp

Kafkassam Editör Kafkassam Editör - - 8 dk okuma süresi
405 0

Prezident Donald Trampın işdən çıxardığı sonuncu komanda üzvü milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton oldu. Mətbuatın yazdığına görə, Boltonun həddən artıq davakar, müharibə tərəfdarı olması Trampı təngə gətiribmiş.

Amma ABŞ-ın hazırkı prezidenti səlahiyyətlərinin icrasına başladığı müddətdə xeyli sayda komanda üzvünü yola salıb. Bu zaman səbəblər də müxtəlif olub. 2016-cı il noyabrın 8-də keçirilən seçkilərdə qalib gələn və 2017-ci il yanvarın 20-də rəsmən fəaliyyətə başlayan Donald Tramp indiyə qədər onlarla administrasiya əməkdaşı, o cümlədən 3 milli təhlükəsizlik müşaviri ilə vidalaşıb.

ABŞ-ın 45-ci prezidenti həm də çətin adam hesab olunur. Trampın tvitter hesabından yazdıqları komandası üçün zaman-zaman ciddi problemlər yaradıb. Ancaq prezidentin vəzifəyə gəldiyi ilk ayların əsas problemi onun Rusiya ilə əlaqələrinin olması ilə bağlı iddialar və aparılan istintaq olub. Bu prosesdə ədliyyə naziri Cef Sessions 2018-ci il noyabrın 7-də istefa verib. 2018-ci ilin sonlarında Trampın Administrasiyada ən yaxın adamlarından biri olan katibliyin rəhbəri Con Kelli istefa verib. 2018-ci il dekabrın 15-də daxili işlər naziri, 20-də isə müdafiə naziri Ceyms Mattis istefaya gedib. Mattislə birlikdə Müdafiə Nazirliyində bir neçə yüksək rütbəli məmur da istefa verdi. Onlardan biri də İŞİD-lə mübarizə üzrə ABŞ prezidentinin xüsusi təmsilçisi Brett Makqurk idi. Yeri gəlmişkən, müdafiə naziri postunu Mattisdən sonra əvəzedici olaraq Patrik Şanahan yerinə yetirib, 2019-cu ilin iyununda isə Tramp Mark Esperi müdafiə naziri təyin edib. Oktyabrda isə Tramp komandasının daha bir alovlu nümayəndəsi, ABŞ-ın BMT-dəki daimi təmsilçisi Niki Heyli istefa verdi. Halbuki hind əsilli siyasətçinin karyerada yüksələcəyi gözlənilirdi.

Ancaq ən çox dəyişiklik prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri postunda olub. Trampın ilk müşaviri admiral Maykl Flinn Trampa çox yaxın şəxs hesab olunsa da, cəmi bir ay işləyə bildi. 2017-ci il fevralın 13-də istefa verən Flinn Rusiya nümayəndələri ilə gizli görüşməkdə ittiham olunurdu. Trampın ikinci milli təhlükəsizlik müşaviri Herbert Raymond Makmaster bu postda 14 aydan az qala bildi. Onu bu postda əvəz edən Bolton isə bütün təcrübə və imkanlarına rəğmən 17 ay işləyə bildi.

ABŞ administrasiyasında ən mühüm postlardan biri olan dövlət katibi postu da sabit olmayıb. Tramp artıq ikinci dövlət katibi ilə işləyir. 45-ci prezidentin birinci dövlət katibi Reks Tillerson buna qədər “Ekson Mobil” şirkətinə rəhbərlik etmişdi. Tramp kimi böyük siyasətdə yeni olan Tillerson dünyanın ən böyük neft korporasiyasının rəhbəri kimi ciddi təcrübəsi vardı. Lakin Tramp Tillersonla yalnız bir il işləyə bildi. Tillerson körfəz ölkələri və Şimali Koreya mövzusunda Trampla yola getməyib. Tillersonu isə buna qədər Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru olmuş, İran əleyhdarlığı ilə məşhur olan Mayk Pompeo gətirildi.

Trampın daha bir səs-küylü komanda dəyişikliyi Federal Təhqiqatlar Bürosunun direktoru Ceyms Komeyi azad etməsi oldu. Komey Trampın Rusiay ilə əlaqələrini araşdırırdı və bu qərar Vaşinqtonda ciddi müzakirə və mübahisələrə səbəb oldu.

Tramp Ağ Evin sözçüsünü də dəyişib. İlk olaraq bu vəzifəyə təyin etdiyi Şon Spayser media ilə qalmaqalları ilə yadda qaldı və cəmisi 6 aydan sonra istefa verdi. Bundan başqa prezidentin köməkçiləri, katibləri, eləcə də strateqləri Ağ Evi tərk ediblər. Ağ Evi vaxtından əvvəl tərk etməyə məcbur olanlar arasında Trampın seçilməsində həlledici rol oynamış Stiv Bennon, müşavir Sebastian Qorka da ifrat sağçı fikirlərinə görə istefa verməyə məcbur olublar. Trampın iqtisadi məsələlər üzrə əsas məsləhətçisi Geri Con isə 2018-ci il martın 6-da istefa verib.

Tramp komandasında istefaya gedən ilk nazir 2017-ci il sentyabrın 29-da vəzifəsindən gedən səhiyyə naziri Tom Prays olub. Bundan başqa vəzifəyə gələndə azad etdiyi ilk nazir isə ədliyyə nazirinin səlahiyyətlərini icra edən Salli Yetes olub. Ancaq cənab Tramp hələ ikinci müddətə seçilmək fikrindədir. Hətta seçilməsə belə, birinci prezidentlik müddəti 2021-ci ilin yanvarında bitəcək. Buna qədər isə yəqin bir çox komanda üzvü ilə vidalaşacaq. 70-dən çox yaşı olan və prezident seçilənə qədər siyasi fəaliyyət təcrübəsi olmayan Tramp sələflərindən fərqli bir iş üslubu ilə tanınıb. Media ilə təmaslarını azaldan Tramp daha çox sosial media hesablarından açıqlama verməyi sevir və bununla da media vasitəsi olmadan birbaşa xalqa xitab elədiyini düşünür. Bu, bir tərəfdən Trampın rəqibi demokratların mediada güclü olmasına cavab olmaqla yanaşı, digər tərəfdən operativlik və xalqa daha rahat xitab vasitəsi olub.

Ancaq Trampın xarici siyasət təcrübəsi və dəyişkən tutumu onun komandasında ciddi dəyişikliyə səbəb olub. Məsələn, vəzifəsinin icrasına yeni başladığı zamanlarda daha sərt xətti müdafiə edən, Şimali Koreya, İran, Suriya, Əfqanıstan kimi böhranlı məsələlərdə daha kəskin mövqe tutub, hətta Suriyanı iki dəfə bombalama əmri verib, Şimali Koreya sahillərinə hərbi gəmiləri göndərib. İran sahillərində hərbi gücü artırıb. Lakin sonrakı dövrdə Tramp bu xətti yumşaldıb. Şimali Koreya prezidenti ilə görüşüb danışıqlar aparıb. İran ABŞ pilotsuz aparatını vursa da, cavab zərbəsi endirməkdən imtina edib, indi isə İran prezidenti ilə görüş təklif edir. 2018-ci ildə isə Suriyadan hərbi qüvvələri geri çəkəcəyini bildirib. Hətta Talibanla sülh anlaşmasına razılıq verən Tramp son anda Talibanın Amerika əsgərini öldürməsinə cavab olaraq danışıqları dayandırıb. Xarici siyasətdəki bu qədər kəskin ziddiyyətlər, üstəlik Rusiya ilə əlaqələri və seçilməsində Rusiya izi kimi ciddi ittihamların olduğu ABŞ prezidentinin komandasını dəyişməsi həm də təbii qarşılanmalıdır. Bura Trampın xarakterini də əlavə edəndə komanda dəyişikliyinin səbəbi aydın olur.

Kənan RÖVŞƏNOĞLU

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir