Hasan Oktay: Ermənistanın ‘dördüncü dövlət’ planı: Paşinyan Qafqazın siyasi xəritəsini dəyişir
Türkiyə–Azərbaycan tandeminin güclənməsi və Ermənistanın diplomatik açılımları regionda gərginliyi azaldacaq, yoxsa daha da artıracaq?” – sual hazırda regionun təhlükəsizliyindən narahat olanların xüsusi marağına səbəb olub. Məsələ ilə bağlı Kafkasya Stratejik Araştırmalar Merkezi (KAFKASSAM) adlı Ankara-mərkəzli strateji tədqiqat mərkəzinin sədri Hasan Oktay ekslüziv olaraq Xpress.az-a geniş açıqlama verib.
“Güney Qafqazda rusların Çarlıq dövründən başlayaraq Sovet dönəmində davam edən, 1991-ci ildən isə Rusiya Federasiyası tərəfindən israrla sürdürülən siyasət artıq ciddi çətinliklərlə üz-üzə qalıb. Moskva Güney Qafqazı əlində saxlayan Türküstana nəzarət edər” tezisindən getdikcə imtina etməyə məcbur olur. 1801-ci ildən etibarən Gürcüstan və Ermənistan üzərindən bölgəyə enərək qurmağa çalışdıqları regional strategiya əvvəlcə Gürcüstanın, ardınca Ermənistanın bu xətti tərk etməsi ilə iflasa uğradı və Rusiya bölgədə tək qaldı.
Sovetlərin dağılmasından sonra Türkiyə üç Güney Qafqaz ölkəsini eyni vaxtda tanıdı, sərhədlərini açdı və Gürcüstanla, Azərbaycanla diplomatik münasibətlər qurdu. Lakin Ermənistanın Rusiya ilə birlikdə Azərbaycan torpaqlarını işğal etməsi səbəbilə Ankara İrəvanla əlaqələr yaratmadı. 30 il ərzində Ermənistan Rusiyanın bölgədə həyata keçirdiyi siyasətin alətinə çevrilsə də, sonradan bunun davamlı olmadığını anladı. Xüsusilə 44 günlük müharibədə Rusiyanın dəstəyi ilə işğal etdiyi ərazilərdən geri çəkilməyə məcbur qalması İrəvanı bölgədə sabit dövlət kimi yaşamaq üçün yeni yol axtarışına yönəltdi.
Ermənistanın baş naziri Nikol Paşinyan bir tərəfdən daxili müxalifəti nəzarətdə saxlamağa çalışır, digər tərəfdən ABŞ və Avropa İttifaqı, eləcə də mümkün qədər Türkiyə ilə yüksək səviyyədə əlaqələr quraraq həm erməni ictimaiyyətinə təhlükəsizlik təminatı verməyə, həm də Rusiya qarşısında balans yaratmağa çalışır.
Azərbaycan isə haqlı olaraq 30 il torpaqlarını işğal altında saxlayan Ermənistanla sülh sazişinin öz maraqlarına uyğun olması üçün prosesi uzadır. 10 noyabr atəşkəsindən beş il keçib və atəşkəs anlaşması artıq kalıcı sülh müqaviləsi ilə tamamlanmalıdır. Türkiyə isə bu müddətdə fasiləsiz şəkildə üçtərəfli sülh formatını gündəmdə saxlayır və prosesin gecikməməsi üçün ön şərtsiz danışıqların tərəfdarıdır.
Gələn il Ermənistanda seçkilər keçiriləcəyi üçün Paşinyan bir tərəfdən sülh müqaviləsi ilə siyasi mövqeyini gücləndirmək istəyir, digər tərəfdən isə razılaşmanı seçkiləri qazandıqdan sonra imzalamağı planlaşdırır. Bu isə risk yaradır: Paşinyan seçkiləri uduzarsa, sülh müqaviləsinin imzalanması tamamilə sual altına düşəcək. Çünki müxalifət bütün siyasi ritorikasını Paşinyanın xəttinə qarşı qurduğundan, onun gedişi Ermənistanı daha sərt, Rusiyaya yaxın mövqeyə qaytara bilər.
Azərbaycanın qələbə sonrası yaranmış üstünlük fonunda tələsməməsi həm imkanlar, həm də risklər yaradır. Bakı bu üstünlüklərdən istifadə edərək Ermənistana təzyiqi artırmağa və əlavə güzəştlər qazanmağa çalışır. Amma Ermənistanda hakimiyyət dəyişikliyi baş verərsə və sülh müqaviləsi imzalanmazsa, bunun mənfi təsiri ilk növbədə Azərbaycana yönələ bilər. Ermənistan birbaşa müharibəyə başlamasa belə, diversiya və terror metodlarına əl atması ehtimalı yüksəlir.
Eyni zamanda bölgəyə yeni aktorların daxil olması – o cümlədən ABŞ Prezidenti Trampın prosesə müdaxilə etməsi ehtimalı – vəziyyəti daha da mürəkkəbləşdirə bilər. “Tripp yolu” kimi adlandırılan koridorun başqa bir güc tərəfindən nəzarətə götürülməsi ehtimalı gündəmdədir və nəticələri öncədən hesablamaq çətindir. Ermənistan və Azərbaycan bir-birini rəsmən tanımadığı müddətcə belə bir koridorun reallaşması real görünmür. Sülh əldə ediləcəyi halda isə Azərbaycanın maraqlarına daha uyğun olan variant Ermənistan ərazisindən keçən geniş tranzit və keçid hüquqlarının təmin edilməsidir.
Türkiyənin yanaşmasına gəldikdə isə Ankara regionda sülh və sabitliyin təmin olunması üçün ön şərtsiz üçtərəfli sülh sazişinin bir an əvvəl imzalanmasını müdafiə edir. 1991-ci ildə açdığı, lakin 1993-cü ildə Kəlbəcərin işğalı səbəbilə bağladığı sərhədlərin açılmaması üçün artıq hüquqi əsas qalmayıb. Türkiyə bu məsələni sülh prosesində siyasi rıçaq kimi saxlayır, lakin bu rıçaq “pimi çəkilmiş əl bombası” kimi Ankaranın əlindədir: sərhədi açmasa beynəlxalq öhdəliklər baxımından zərər görəcək, açsa bu dəfə Azərbaycanla münasibətlərdə təzyiq mexanizmləri işə düşəcək.
Bu səbəbdən Ankara heç bir ön şərt olmadan Azərbaycan–Ermənistan–Türkiyə arasında üçtərəfli sülhün təcili imzalanmasını vacib hesab edir. Çünki Güney Qafqazda süni şəkildə yaradılmış Ermənistanın Türkiyə və Azərbaycansız yaşamaq gücü yoxdur. Türkiyə isə bu reallığı nəzərə alaraq Ermənistanın həm müstəqil, həm də qonşularıyla normal münasibətlər qura bilən dövlətə çevrilməsini dəstəkləyir.
Paşinyanın son aylarda səsləndirdiyi “dördüncü Ermənistan” tezisi də diqqətdən kənarda qalmamalıdır. O, əvvəlki Ermənistan modellərinin imperiya siyasətlərinə xidmət etdiyini, yeni Ermənistanın isə müstəqil, heç bir gücə bağlı olmayan şəkildə bölgədə mövcudluğunu davam etdirmək niyyətində olduğunu vurğulayır. Bu yanaşma region üçün olduqca əhəmiyyətli mesajdır”.
Afaq Qurbanzadə
https://xpress.az/xeber/news-1763308287-dqkbtx
Share this content:



Yorum gönder