Əli Kərimli və tərəfdarlarına qarşı növbəti qanunsuzluğu ilə bağlı AXCP-nin bəyanatı
Rejimin Əli Kərimli və tərəfdarlarına qarşı növbəti qanunsuzluğu ilə bağlı AXCP-nin bəyanatı
Dekabrın 5-də Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli barəsində Səbail Rayon Məhkəməsinin çıxardığı həbs qətimkan tədbirinin seçilməsi qərarından verilmiş apellyasiya şikayətinə baxılıb. Məhkəmə təbii ki, bu dəfə də siyasi sifarişə əsasən, şikayəti təmin etməyib, Əli Kərimlinin həbsdə saxlanılmasına qərar verib.
Şikayətə baxılma müddətində məhkəmə binasının önündə baş verənlər isə siyasi hakimiyyət adına növbəti rüsvayçılıq və ölkəmizin gələcəyi baxımından ciddi təhlükənin daha bir əlaməti olub.
AXCP sədrinə dəstək məqsədi və məhkəmədə iştirak niyyəti ilə məhkəmə binası önunə toplaşanları polis qüvvələri siyasi göstəriş əsasında zorakılıqla ərazidən uzaqlaşdırıb, onlardan bir neçəsinə fiziki şiddət göstərib (məsələn, partiya fəalı Rəşad Əliyev döyülüb), 20 nəfərdən artıq partiya fəalı Yasamal rayonu, 26-cı Polis Bölməsinə aparılıb.
Biz Azərbaycan Xalq Cəbhəsi Partiyası olaraq, əvvəla, Əli Kərimli barəsində apellyasiya məhkəməsinin qərarını qətiyyətlə pisləyirik. Bu qərar məhkəmə sisteminin siyasi hakimiyyətin əlində necə alətə çevrildiyini bir daha çılpaqlığı ilə göstərir.
İkincisi, biz vətəndaşların sərbəst toplaşmaq azadlığına, dinc şəkildə məhkəmə prosesini müşahidə etmək hüququna belə kobud müdaxilələri pisləyir, dövlət təhlükəsizlik və polis orqanlarını bundan imtina etməyə çağırırıq. Polis orqanlarının vəzifəsi vətəndaşların dinc toplaşmasına əngəl yaratmaq deyil, onların təhlükəsizliyini təmin etməkdir.
Biz bir daha hakimiyyəti məsuliyyətli olmağa, vətəndaşların konstitusiya ilə tanınmış hüquqlarını açıq şəkildə pozmağı dayandırmağa çağırırıq.
Azərbaycan Xalq Cəbhəsi Partiyası



Yorum gönder