Şimdi yükleniyor

Atif İslamzadə:      MÜƏLLİM MƏQAMI YÜKSƏK MƏQAMDIR

Atif

          

 

Müəllim alim mərtəbəsindədir. Müəllim şəhid məqamındadır. Hər zaman diridir. Öyrədəndir, hətta öyrənməyi də öyrədəndir. Müəllim biznesmen kimi yaşamaq istəyirsə, müəllim deyil, bazar adamıdır. Müəllimlik ideyadır. Bir ideyanın həyata keçirilməsi nəfs əsasında həyata keçirilə bilməz. O zaman o ideyaya kölgə düşər. Əlbəttə, hökumət müəllimə ən azından normal şərait yaratmalıdır ki, müəllim də cəmiyyət qarşısında başıaşağı olmasın. Təsəvvür edin ki, ömür boyu oxumağın mənasızlığını ifadə və davranış tərzləri ilə nümayiş etdirən insanlar əgər müəllim qarşısında varlı həyat tərzi nümayiş etdirirlərsə, bu müəllim üçün çətindir. Ancaq bunu müəllim yox, hökumət fikirləşməlidir. Müəllim isə bazar adamı kimi varlı yaşamağı yox, cəmiyyətə yetirdiyi şagird və tələbələri fikirləşməlidir. Hər şagirdin uğuru müəllimə sevinc gətirməli, hər uşağın boy atmasıyla boyu bir az da ucalmalıdır. Elə bu səbəbdən də müəllim hər kəsdən ucadır. Çünki onun boya yetirdiklərinin bəhrəsini görür, onların boyu ilə daha da yüksək olur. İnsaf naminə onu da deyək ki, cəmiyyət bu gün də müəllim hörmət və sayğı bəsləyir. Hətta sayğı o qədər böyükdür ki, hər sahədə olan şəxslərə də müəllim adıyla müraciət olunur. Bu bəzən cəmiyyətdə narazı fikirlərə gətirib çıxarır. Əksəriyyət bu qənaətdədir ki, hər kəsə müəllim demək olmaz. Çünki hər kəs müəllim ola bilməz. Heç müəllim adıyla işləyən bir qism insanlar belə sözün həqiqi mənasında müəllim ola bilmirlər. Ancaq bu müracətin hətta hər kəsə ünvanlanması da əslində müəllim peşəsinin hörmətli olduğundan irəli gəlir. Təsəvvür edin ki, insan nə qədər var-dövlət toplasa belə, müəllim yanında yenə də kiçik görünür. Öz müəllimlərini hər kəs sevgi və sayğıyla yad edir. Müəllimlik cəmiyyətin inkişafında mühüm rol oynayır. Xüsusilə, müasir texnoloji dövrdə elm və təhsilin milli qurtuluş olduğunu dərk edənlər müəllim rolunu daha yaxşı anlaya bilirlər. Cəmiyyət müəllimə hörmət edir, hökumət də cəmiyyət kimi hörmət göstərərsə, müəllimin uca dəyəri hər zaman yerini alar. Bu gün müəllim günüdür. Əslində hər gün müəllim günüdür. Çünki hər gün müəllim zəhmətinin bəhrəsi hər sahədə yaşantımızda davam edir. Ancaq ad günü kimi təyin olunan bir gün də var ki, o gün də məhz bu gündür. Bütün müəllim ideyası daşıyan əziz müəllimlərimizi təbrik edir, yaşından asılı olmayaraq böyüklərimizə Uca Allahdan xoşbəxtlik və uğur diləyirəm. Müəllim məqamı yüksək məqamdır. Bu məqama yetişənlərin razılığı bizimlə olsun. Müəllim razılığını almaq Allah rizasını qazanmaqdır. Yüksək məqamınız bir daha mübarək olsun, əziz müəllimlərimiz! Amin.

 

 

SÖNMƏYƏN ÇIRAQ

Müəllimlərimə

Üz-üzə gələndə müəllimlə mən,

Basmaq istəyirəm bağrıma onu.

O yol göstərəndi, mənsə yol gedən,

Xeyirlə qurtarar bu yolun sonu.

Yazıb oxumağı öyrətdi mənə,

Təbaşir nə gözəl mənzərə açdı?!

Sinif otağından o gözlərimə,

Dünyanı görməyə pəncərə açdı.

Bizə fidan ikən o içirdi tər,

İndi o ağacın meyvəsinə bax.

Mənə yeriməyi öyrətmişdilər,

Görməyi müəllim öyrətdi ancaq.

Keçdik eniş-yoxuş, gördük dağ-dərə,

Dünənki o uşaq bu gün kim oldu?!

Çatsaq da çox uca mərtəbələrə,

Zəhmət müəllimin, ad bizim oldu.

Ürəyin doludur, danış doyunca,

O sadə müəllim bizə nə verdi.

Alıb xərcləməyə ömür boyunca,

Min ildə yığılan xəzinə verdi.

Varağın üzünü qaraltdım hər gün,

Onun qarşısında üzüm ağ oldu.

Qaranlıq yolları göstərmək üçün,

Mənə müəllimim bir çıraq oldu.

Köhnə kitablara baxıram yenə,

Görüm böyüklərin nə öyüdü var.

Həmişə böyüklər böyüklərinə,

Kiçiklik eləyib böyük olublar.

Bəlkə olmasaydı müdrik Ərəstun,

İskəndər olmazdı hər kəsdən üstün.

Peyğəmbər olsa da böyük hökmdar,

Yenə müəllimə ehtiyacı var.

Elə ki tutmuşdu zülmət yolunu,

Ümidi qırıldı, yolu kəsildi.

Xurcunda gizlənən bir qoca onu,

Məsləhət verərək qurtara bildi.

Sokrat ayrılmışdı şah hüzurundan,

Könlünün şahına edə ibadət.

Şahı da endirib öz qürurundan,

Çəkdi ayağına bir gün nəhayət.

Eyni hikmət ilə Şeyx Nizamini,

Görməyə gəlmişdi Qızıl Arslan.

Öyrənmək həvəsi deyilmi yəni,

Şair ayağına şahı yollayan?!

Əmir Teymuru da düşünək bir an,

O öz ustadına pir deyirdi, pir.

Qarşısında hamı müntəzir duran,

Müəllim önündə durdu müntəzir.

O Çinin üstünə çəkəndə ləşkər,

Özünün ömrünə əcəl çəkdi çin.

Vəsiyyət elədi dəfn eləsinlər,

Ayağı altında Seyyid Bərkənin.

Ayağı altında qalmışdı dünya,

O, böyük Əmirdi özündən əmin.

Axırda əyilib uzandı o da,

Ayağı altında müəlliminin.

Baysunqur bir dəfə qəsdən elə bil,

Dərsdə müəllimə asmadı qulaq.

Bundan qəzəblənib Mövlana Xəlil,

Baysunqur Mirzəyə çəkdi şapalaq.

Baysunqur kiçik bir uşaqdı hələ,

Dodağı qanayıb getdi özündən.

Müəllim qorxdu ki, düşə vəlvələ,

Hücrədə gizləndi onun üzündən.

Qorxdu vurdurtdura onun boynunu,

Buyruğu cəlladın boynu üstədi.

Baysunqur ayılıb tapdırdı onu,

Öpüb əllərindən üzr istədi

.

Müəllim adına şər yaxan kəsin,

Mağara köksündə bağrı çapalar.

Axı müəllimə xor baxan kəsin,

Gözünü ağ tutar, deyib babalar.

Saldı Bodenştedt adna ləkə,

Şöhrət oğurladı, ad oğurladı.

Mirzənin adına düşmədi kölgə,

Bircə oğru qaldı özünün adı,

Danmaq istəsə də Mirzə Şəfini,

Mirzənin adında özünü dandı.

İtirmək istədi öz sələfini,

Özünü itirib onu qazandı.

Müəllim çörəyi gəldi gözündən,

Özünü yamanca saldı çətinə.

Bir də ayıldı ki, onun özündən,

Heç nə qalmayıbdı öz millətinə.

Görəsən, Fridrix oxumuşdumu,

Şərqin kitabından sələf-xələfi?!

Gözünə dolmuşdu dənizin qumu,

Görə bilməmişdi inci-sədəfi.

Mürid canı üçün ələ verdi can,

Seyyid İmadəddin bir mürşid ikən.

Mürid mürşid üçün keçər canından,

Müridə can verən mürşidə əhsən!

Dedi, canınıza qəsd etməyin siz,

O mənim canımdır, öz canınız yox.

Axı siz özünüz siz deyilsiniz,

Mənim özümsünüz özümdən də çox.

Sizə köçürmüşəm özümü artıq,

Ruhum da qovuşar böyük Allaha.

Yerdə qalan isə quru taxtacıq,

Nə eybi, soysunlar, kəssinlər daha.

 

Şəyirdi Loğmandan ayrıdı bir gün,

Özü Loğman kimi ad almaq üçün.

Dərsimi almışam, dedi, tamam mən,

Zülmətin içində yanan şamam mən.

Saxlamaq istədi Loğman şəyirdi,

Şəyird kor atını minib səyirdi.

Əlacsız qalmışdı önündə Loğman,

Çəkdiyi zəhmətə olmuşdu peşman.

Gedirsən, get, dedi, amma yaxşı bil,

Sən elmi bilirsən, hikməti deyil,

Loğman çox desə də, o az eşitdi,

Əldən çıxan kimi tez qaçdı, getdi.

Haraya getdisə, orda saldı səs,

Mənəm Loğman kimi Loğman filankəs.

Dedilər, bəs sənin nə hikmətin var?

Hansı qıfıl üçün var səndə açar?

Dedi ki, getsəniz bir neçə mənzil,

Orda bir bulaq var, içməli deyil.

Havanın zəhəri hopub çeşməyə,

Kimsə içməsin ki, ürək deşməyə.

Şaiə deyirlər yel qanadlıdır,

Müftə olan bəhməz baldan dadlıdır.

Dildən çıxan sözdən getdi baş-qulaq,

Hər kəsin söhbəti oldu o bulaq.

Dilə-dişə düşdü axırda şəyird,

Yaman işə düşdü axırda şəyird.

Çağırdı yanına şəhər hakimi,

Ondan şübhələndi kələkbaz kimi.

Nə qədər yalvardı, and-aman etdi,

Özünün halını o yaman etdi.

Əlinə, qoluna zəncir vurdular,

Bulağın üstündə divan qurdular.

Bulağa yanaşdı birdən bir çoban,

Əyilib doyunca su içdi ordan.

Üstündən də içib bir sərnic qatıq,

Gərnəşib qayıtdı yatmağa artıq.

Şəyird baxıb qaldı lap mat-məəttəl,

Öz şirin canından o götürdü əl.

Bilmədi hakimə indi nə desin,

Az qaldı qorxudan dilini yesin.

Bu vaxt aralıqda göründü Loğman,

Dörd ayaq gedəni gördü yarımcan.

Üzünü birbaşa tutdu hakimə,

Dedi, gizli deyil elmim heç kimə.

Zəhərli bulaqdır bulaq doğrudan,

Ölmək istəməyən içməsin sudan.

Çoban ölməliydi, ölmədi ancaq,

Allah saxladı ki, çoban qaldı sağ.

Çoban su üstündən qatıq içdi həm.

O da oldu onun canına məlhəm.

Loğmanın sözünə hakim də baxdı,

Bulağa susuz bir heyvan buraxdı.

Heyvan öz başını tez suya saldı.

Sudan içib getdi, yıxılıb qaldı.

Şəyirdin gözünə qayıtdı işıq,

Yığılıb olmuşdu qanı bir qaşıq.

Gördü layiq deyil ustad adına,

Əydi dik başını o ustadına.

 

Təmiz ad görmədim mən o ad kimi,

Sığınaq o adın istiliyinə.

Müəllim adını mükafat kimi,

Şah da verə bilməz istədiyinə.

O ad müqəddəsdir, sərvət-var deyil,

Qazanan gətirə, sən də yeyəsən.

O ad bər-bəzəkli bir paltar deyil,

Atan, anan verə alıb geyəsən.

Əgər alışmasan, əgər yanmasan,

Kibrit çöpü qədər işığın olmaz.

Müəllim adını sən qazanmasan,

Peşkəş edən olsa qazanc sayılmaz.

Kimin el içində olur hörməti,

Müəllim çağırır adını hər kəs.

Çünki müəllimin dəyər-qiyməti,

Tərəziyə sığmaz, ölçüyə gəlməz.

Biz ki öyrənirik ilk yaşımızdan,

Bəs bizə müəllim onda kim olur?

Ata da , ana da öyrədən zaman,

Ata, ana deyil, müəllm olur.

Müəllim olmağı bacara bilsən,

Şaxta olanda da tutar bar səni.

Qarşına çıxanda ona əyil sən,

Ona əyilməyin ucaldar səni.

2002

 

Atif İslam oğlu İslamzadə

  Filologiya üzrə fəlsəfə doktoru, dosent                                                  

  e-mail: [email protected]

 

Share this content:

Yorum gönder