Şimdi yükleniyor

Atif İslamzadə: TELMAN İSLAMZADƏNİN 85 İLLİYİ YALNIZ ONUN DEYİL, HƏM DƏ CƏMİYYƏTİN ÖMÜR YOLUDUR!

Atif


 2025-ci ilin avqust ayının 23-də Telman İslamzadənin 85-illiyi qeyd olundu. Nə gözəl ömürdür ki, övladlarının, nəvələrinin, doğmalarının, əzizlərinin əhatəsində yubileyini qeyd edəsən. Xalq deyimində deyilir ki, qocalmaq qəhrəmanlıqdır. Doğrudan da belədir. Qocalıq hər kəsə nəsib olmur. Ancaq hər qocalan da qəhrəman deyil. Aqil insan qocalanda müdrik olur, cahil insan qocalanda sərsəm olur. Sərsəmin qocalığı qocalıqdan deyil. Çünki bu kimi insanlar qocalığa nümunə olmaz, cavanlara ibrət olmaz. İnsan var ki, ayaqdan qocalır, insan var ki başdan. Ayaqdan qocalan insan aqil insan, başdan qocalan isə cahil insandır. R.Rövşən xalq arasında yayğın olan bu deyimi bədii misralarla çox gözəl şəkildə əks etdirib:

Dünyada hərə bir cür qocalmağa başlayır;

Başdanmı qocalan çox, ayaqdanmı

                                            kim bilir?.

Hansı pisdi –

              yerişi, yoxsa ağlı itirmək,

Axsaqdanmı soruşaq, axmaqdanmı, kim bilir? (1, 19 ).

  Telman İslamzadə məhz ayaqdan qocalan insandır. Onun bu günə kimi ağlı da, təfəkkürü də, qavrayışı da, hafizəsi də yerində qalır. Atam İslam İslamzadənin, Fikrət Sadığın gözəl şeirlərini bu gün də əzbər deməsi bunu aydın göstərir. Onun ağlı özündən kiçiklərə nəsihətində, yaddaşda saxlanmalı olan qiymətli öyüdlərində, gedilən yolu hansı istiqamətdə göstərən həyat təcrübəsində aşkara çıxır.

 Telman İslamzadəni ictimai-sosial cəhətdən də dəyərləndirməyə ehtiyac var. Çünki insan yalnız fərdi varlıq deyil, həmçinin sosial-ictimai varlıqdır. İnsan yalnız özünü pul mənbəyi hesab etdikdə yalnız özünə faydası olur, cəmiyyətə isə heç bir töhfəsi olmur. Səhər naxıra, axşam axura getmək ən azından ziyalı düşüncəsi deyil. Telman İslamzadə isə ziyalı nəsildən cəmiyyətə ərmağan olan ziyalı şəxsiyyətdir. Bu kontekstdə hələ böyük mütəfəkkir N.Gəncəvi 800 il qabaq demişdir:

Nə şəhvət, nə yuxu, nə də ki yemək,

Həyatın mənası olmasın gərək.

Yatmağı, yeməyi bu aləmdə sən,

Eşşək, öküzdə də görə bilərsən.

Yaradan quranda xilqətimizi,

Başqa səhifədə yazmışdır bizi.

Anlayıb, düşünək hər şeyi gərək,

Hər sirri açmaqda hünər göstərək (2, 28; 3, 39 ).

  Məhz Telman müəllim bütün həyat fəaliyyətində cəmiyyətə faydalı olan şəxsiyyət olaraq gözəl ömür yaşamışdır. Cəsarəti, xeyirxahlığı və energetik potensialı onu hər zaman sevdirmiş, sosial-ictimai cəhətdən də əhəmiyyətlilik dərəcəsini nümayiş etdirmişdir. Məhz bu kimi şəxsiyyətlərlə el el olur, yol yol olur. Bu kimi ziyalı insanların yolu ilə getmək əslində cəmiyyətin dəyərlər sistemini müəyyənləşdirir. Fərd fərd olanda millət millət olur, dövlət dövlət olur. Fərd cəmiyyətə dərd olanda, yaramaz həşərata çevriləndə isə cəmiyyət başıpozuq kütləyə çevrilir. Elə bu səbəbdən də Telman İslamzadə kimi ziyalı şəxsiyyətlərin yolu ilə getmək həyat kredosu olmalıdır.

Telman İslamzadə 1940-cı ildə Kürdəmir şəhərindəziyalı ailəsində dünyaya göz açmışdır. O, hər zaman zəhmətkeşliyi ilə fərqlənən insan olub. Demək olar ki, ictimai-sosial reallıqda məhrumiyyətlərlə dolu məşəqqətli həyat onun əzmkarlığına təsir göstərə bilməyib. Mübarizliyi, çevikliyi, əməksevərliyi onu daha da möhkəmləndirib xarakterinin formalaşmasında mühüm rol oynayıb. Hələ 9-cu sinifdən istehsalata gedib çalışqan bir insan olaraq fəaliyyət göstərməsi bu “böyük uşağın” nə qədər mübariz insan olduğunu bir daha təsdiqləmiş olur. Eyni zamanda əmək fəaliyyəti ilə paralel olaraq o, Fəhlə-Gənclər Məktəbində orta təhsilini davam etdirmiş və müvəffəqiyyətlə başa vurmuşdur.

  T.İslamzadə hələ gənc yaşlarından dülgərlik sənətini öyrənmiş, öz zəhməti və qətiyyəti ilə seçilən insan olaraq xalq yaddaşında qalmışdır.

  T.İslamzadə 1969-cu ildə Azərbaycan Dövlət Universitetini bitirib mühəndis-geoloq ixtisasına yiyələnmiş və bu istiqamətdə səmərəli fəaliyyət göstərmişdir. Eyni zamanda o, Kürdəmir şəhər mərkəzində mühüm strateji vəzifələrdə birinci şəxs olaraq uzun illər fəaliyyət göstərmişdir. T.İslamzadə 1980-ci ildən 1988-ci ilə kimi Kürdəmir Şəhər Sovetinin sədri (indiki adı Şəhər İcra başçısının nümayəndəsi), 1988-1991-ci illərdə Kürdəmir Neft Satışı Bazasının direktoru kimi əhəmiyyətli rəsmi qurumlarda fəaliyyət göstərmişdir.

  Tədqiqatçı T.Abdullayev onun bu istiqamətdə ardıcıl fəaliyyətinə “Zəhmət yollarında” kitabında məqsədyönlü olaraq yer ayırmışdır (4, 29-39).

Eyni zamanda T.Abdullayev “İslamzadələr” adlı məqaləsində də T.İslamzadənin həyat və fəaliyyətindən bəhs etmişdir (5, 5)

Bizim məqsədimiz Telman müəllimin tərcümeyi-halını ənənəvi şablon olaraq təqdim etmək deyil, şəxsi və ictimai keyfiyyətlərini diqqətə çatdırmaq olduğu üçün onun fərdi-ictimai məziyyətlərini daha çox diqqətə çatdırmağa çalışmışıq. Telman İslamzadə şəxsi keyfiyyətlərinə görə çox fərqli insandır. Onun ünsiyyətdə olduğu şəxslərin arasında cəmiyyətin bütün təbəqələrinin nümayəndələri var. Onun sadəliyi, mehribanlığı, qayğıkeşliyi fərdi keyfiyyətlərinin güzgüsüdür. İşlədiyi sahələrdə və böyük vəzifələrdə ictimai-sosial baxımdan böyük nüfuza malik olmuşdur. Bu ondan irəli gəlməmişdir ki, o, böyük vəzifələrdə çalışır. O hər zaman vəzifədə də insanlığını qoruyub saxlamışdır. O, insanın vəzifə üçün deyil, vəzifənin insan üçün olduğunu dərk edən şəxsiyyətdir. Vəzifədə hər zaman insanlığından gələn sadəliyi onu sevdirmişdir. O, heç zaman süründürməçi məmur olmamış, xalqının xidmətçisi olmuşdur. Çünki vəzifənin əslində xidmət funksiyasını doğru anlamış, maddi mənfəət və təkəbbür səbəbi olmadığını yaxşı bilmişdir. Elə bu səbəbdən də böyük vəzifələrdən getdikdən sonra cəmiyyət arasına başı uca, üzü ağ çıxmışdır.

  Biz onun haqqında nə qədər bəhs etsək də yenə də az olacaq. Çünki Telman müəllimin zənginliyi onun daha geniş səviyyədə təbliğ olunmasına meydan açır. Dəyər yalnız dəyərləri qiymətləndirməklə mümkün olur. Bu baxımdan cəmiyyətimiz hər zaman öz dəyərli şəxsiyyətlərini qiymətləndirməli və onları gələcək nəsillərə örnək olaraq ötürməlidir. Bu bizim milli-irsi və ictimai vəzifəmiz olaraq hər zaman realdır.

  Bu il T.İslamzadə 85 illiyini qeyd edir. Telman İslamzadənin 85 illiyi yalnız onun deyil, həm də cəmiyyətin ömür yoludur. Çünki bu illərdə nə qədər gözəl əməlin, nə qədər xeyirxahlığın, nə qədər faydalılığın potensialı mövcud olub. Ona Uca Allahdan sağlıq, uzun ömür və onu sevənlərin əhatəsində xoşbəxt illər diləyirik.

 Qaynaqlar

1. Yusifli V. Ə.  Bir şeirin dedikləri: (Ramiz Rövşənin ad gününə) // 525-ci qəzet, 2013,  21 dekabr,  s.19.

2. Gəncəvi N. Leyli və Məcnun. Bakı: Lider nəşr, 2004.

3. Gəncəvi N. Leyli və Məcnun. Filoloji tərcümə edəni M.Əlizadə. Bakı: Qanun, 2017.

4. Abdullayev T. Zəhmət yollarında. Bakı: Nurlan, 2003.

5. Abdullayev T. İslamzadələr. “Ədalət” qəzeti, 17 oktyabr, 2012, s. 5                    

Atif İslam oğlu İslamzadə

         Filologiya üzrə fəlsəfə doktoru, dosent                                                         e-mail: [email protected]

Share this content:

Yorum gönder