Şimdi yükleniyor

Aqşin Kərimov: Rusiyanın Polşaya dronlarla aviasiya hücumuna dair

1. Rusiyanın NATO üzvü olan Polşanın hava məkanına müdaxiləsi Moskvanın qəsdən düşünülmüş təxribat strategiyasıdır. Bu hadisə ABŞ Prezidenti Donald Trampın hələ seçki kampaniyası dövründə “ABŞ NATO ölkələrini Rusiya ilə baş-başa buraxa bilər” tipli təhdidi ilə səsləşir. Donald Trampın Avropa İttifaqı üzərində hegemoniya qurmaq baxışı və onun Rusiya Prezidenti Vladimir Putinlə sövdələşmək potensialı dron hücumunun Moskva-Vaşinqton xəttində razılaşdırılmış ssenari olduğunu göstərə bilər. Lakin Tramp Putinin Ukrayna ilə əlaqədar maksimalist tələblərini yumşalda bilmədiyindən ABŞ-nin maraqları da çətinə düşür. Ona görə də, Rusiya prosesi ABŞ-nin də iradəsindən kənar olan təhdid kimi Qərbə çatdırmağa çalışır. Başqa sözlə, Rusiya NATO-nun reaksiyalarını izləməyə və görməyə çalışdığını göstərir: Əgər yumşaq cavab olacaqsa, Rusiya belə təxribatları davamlı hala gətirəcək.

2. Rusiya dron hücumuna Polşa ilə Ukrayna arasında gərginliyi dinamik və canlı tutmaq üçün vasitə kimi baxır. Üstəlik bu hücum Qərbin Kiyevə yardımının çox hissəsi üçün mərkəz rolunu oynayan Polşanın logistik imkanlarına hərbi təhdid mənasını daşıyır. Kreml NATO-nu qorxutmağa cəhd edir ki, Rusiya Ukraynadakı nəzarət zolağını Avropaya qədər “bufer zona” kimi yaya bilər. Bu, Avropanın atəşkəs müqabilində Ukraynanın arxa cəbhələrində hərbi kontingent yerləşdirmək elanına qarşı Kremlin müqavimətidir.

3. NATO hadisəni Alyansın 5-ci Maddəsinin qarşılıqlı müdafiə bəndini işə salacaq hücum kimi tövsif etmir. Bu, NATO-nun kiçik eskalasiyasını böyütməmək üçün ehtiyatlı strateji yanaşmasını əks etdirir. Lakin NATO-nun kollektiv müdafiə və hücum qabiliyyətinin işə salınması Rusiyanın Ukraynadakı müharibə kampaniyasını zəiflətməyə qadirdir.Bununla belə, NATO daxilində Rusiya ilə açıq hərbi qarşıdurmaya girməmək üçün sərgilənən mövqe Trampın Putinlə razılığa gəlmək ehtimalı ilə daha da güclənəcək.

Bu, Rusiyaya sərfəli variantdır, hərçənd ki, bu prosesləri ABŞ strategiyası fərqli məcraya yönəldə bilər. Bu baxımdan Rusiyaya qarşı çəkindiricilik gücünü artırmaq üçün ABŞ və onun mütəfiqləri Rusiyanın arxa cəbhə sektorlarına zərbələr endirilməsinə yaşıl işıq yandıra bilər.

Əlavə olaraq, Ukraynaya Rusiya daxilində güclü və daha sensasion kəşfiyyat əməliyyatları aparması üçün plan təqdim oluna bilər. Yəni NATO Rusiyaya qarşı qəti və vahid cavab vermək prinsipini hərbi əməliyyatlardan kənar üsullarla dövriyyədə saxlayacaq.

4. Vladimir Putin NATO ilə açıq qarşıdurma riskindən qaçır, lakin Polşaya hücumla Qərbin Rusiya ərazisində gözlənilən əməliyyat modelini yoxlayır.

Çünki Putin başa düşür ki, Qərb Rusiya hüdudlarında dərhal hərəkətə keçmək üçün kəşfiyyat şəbəkələrinə yeni təlimat verəcək. Bu, Rusiyanın zəifləmiş kəşfiyyat aparatını test etmək, Rusiyanın təhlükəsizlik cihazındakı “Qərb agentura şəbəkəsi”ni hazırlıqlı şəkildə ifşa etmək baxımından Putinə sərfəli görünür. Üstəlik, belə əməliyyatların reallaşması Putinə Kremldaxili rəqabət yaradan qüvvələri zəiflətmək imkanı tanıyacaq.

5. Polşaya 20-yə yaxın dronun buraxılması Rusiya ilə Çin arasında artan hərbi əməkdaşlığa dair həyəcanlı məlumatların fonunda reallaşdı. Başqa geosiyasi bazarlıqlar ehtimalı da hərbi təxribatı stimullaşdırdı – bu, ABŞ ilə Çin arasında strateji bölgüləri dəqiqləşdirmək üçün aparılacaq danışıqlardır. Görünür ki, Donald Tramp Rusiya və Çinlə əməkdaşlıq trayektoriyasını Ukraynaya yardım məsələsində Avropadan ABŞ-yə verilən siqnalları xəfiflətmək üçün istifadə edir. Polşa ssenarisi bunun bir hissəsi kimi yadda qala bilər. Çin bu xüsusda Rusiya ilə NATO arasındakı “hərbi eskalasiya”nı nizamlamaq üçün Moskvanın maraqları əsasından çıxış edəcək.

Aqşin Kərimov

Share this content:

Yorum gönder