Fuad Gahramanlı: Trampın sülh sənədi sonda kimə sərf etməyəcək?
Avropa və Ukrayna Cenevrədə nəyə nail olmaq istəyirlər?
Trampın məlum 28 bəndlik sülh planı gözlənildiyi kimi, həm ABŞ-da, həm də Avropada böyük etiraz dalğası yaratdı. Bu etirazların meydana çıxması Tramp administrasiyasının planın qəbul olunması istiqamətində Ukraynaya təzyiqlər göstərmək imkanlarını xeyli dərəcədə məhdudlaşdırmış oldu. Hətta Vaşinqtonda elə bir siyasi çaşqınlıq yarandı ki, Dövlət katibi Rubio respublikaçı senatorla telefon danışığında bu layihənin Moskvadan ötürüldüyünü etiraf etməli oldu. Düzdür, sonradan Dövlət Departamenti bu fikri təkzib etməyə çalışsa da, artıq iş işdən keçmişdi və Rubionun ictimailəşən etirafından sonra sənəd Vaşinqton adından təqdim edilən rus layihəsi kimi müzakirə olunmağa başladı.
Təqdim edilən layihədə Ukraynanın rəyinin nəzərə alınmaması və Avropanın danışıqlar masasından kənarda qoyulması, elə ilk gündən bu sənədin qəbul edilə bilməyəcəyi qənaətinə yol açdı. Bundan dərhal sonra Avropa liderləri Ukrayna rəhbərliyi ilə müzakirə apararaq ABŞ-n planına qarşı əks müddəaların yer aldığı alternativ sənəd təqdim etdilər. Avropa və Ukraynanın növbəti dəfə vahid siyasi platformada birlik nümayiş etdirməsi, ABŞ-ı vadar etdi ki, öz layihəsinə düzəlişlər etmək üçün Ukrayna ilə müzakirəyə başlasın. Dünən bu məqsədlə Cenevrədə keçirilən görüş onu göstərdi ki, Tramp artıq özü də Moskvanın maraqlarını müdafiə edən bu planın lkin variantda qəbul edilə bilməyəcəyi faktı ilə barışmağa məcbur olub.
Xatırladaq ki, buna bənzər vəziyyət Zelenski Ağ Evdə Tramp tərəfindən azarlanan zaman da baş vermişdi.
O zaman Ukrayna liderini dərhal Londona dəvət edən İngiltərənin xüsusi səyi ilə Avropa liderləri toplanaraq böhranı aradan qaldırmağa müvəffəq olmuşdular. İndi də aparıcı Avropa ölkələrinin Ukraynanın maraqlarını qorumaq üçün bir araya gələrək, Cenevrədə Rubio ilə danışıqlar aparması, o deməkdir ki, Tramp təkcə Zelenski ilə deyil, həm də onlarla bu məsələdə ortaq bir variant tapmaq zorundadır.
Cenevrə görüşü ilə bağlı tərəflərin verdiyi birgə bəyanatda müzakirələrin məhsuldar olduğu və Ukraynanın suverenliyinə hörmət əsasında və ədalətli sülh prinsipi ilə təklif edilən layihə üzərində iş aparılıb və artıq əvvəlkindən fərqli, yenilənmiş varaiant hazırlanıb. Buradan da görünür ki, Ukrayna öz suverenliyinin əsas göstəricilərindən hesab olunan işğal olunmuş ərazilərin Rusiyaya məxsus olacağı müddəası böyük ehtimalla ki sənəddən çıxarılacaq. Və bununla da ərazi məsələsinin müəyyənləşməsi atəskəsdən oncə deyil, sonrakı danışıqlar prosesinə saxlanılmış olacaq. Rubio da etiraf edib ki, əvəllcədən deyilən vaxtda, yəni noyabr ayının 27-nə bu layihəni yekunlaşdırmaq artıq mümkün deyil və iş davam edəcək. Ukrayna indi Avropalı tərəfdaşlarla ABŞ-la danışıqların nəticəsini müzakirə edəcək və daha sonra isə Vaşinqtonla danışıqlar davam edəcək.
Onu ayrıca vurğulamaq lazımdır ki, Avropanın təklifində ən əsas açar məqam, ərazi məsələsinin atəşkəsdən sonra müzakirə edilməsi ilə bağlıdır. Əgər, bu maddə ABŞ-ın da layihəsinə daxil ediləcəksə, o zaman digər müddəaları nəzərə almadan demək olar ki, artıq bu dəfə də Putin ABŞ -n bu təklifinə çıxmağa məcbur olacaq. Çünki bu halda təklif edilən sənəd sülh planı olmaqdan daha çox, müharibəni dayandırmaq üçün müvəqqəti atəşkəs razılaşması olacaq. Bu halda Rusiyanın işğal etdiyi heç bir ərazi onun kimi tanınmayacaq və bu məsələ danışıqlar mövzusu olacaq. Yəni, hazırda Ukrayna silah gücü ilə müdafiə etdiyi əraziləri atəşkəsdən sonra diplomatik müstəvidə müdafiə edəcək və öz suverenliyi prinsiplərindən geri çəkilməyəcək. Putin də yaxşı başa düşür ki, bu zaman hec bir halda, o, işğal etdiyi əraziləri Ukraynaya qəbul etdirə bilməyəz.
Ona görə də, belə bir sənədlə razılaşmaq aydındır ki, Putin üçün strateji məğlubiyyət olardı. Çünki bu halda o, böyük qurbanlar hesabına güc yolu ilə gerçəkləşdirdiyi tədrici işğal imkanlarını itirib, masada öz ərazi bütövlüyündən hər hansı güzəştə getməyən Ukraynanın sərt mövqeyi ilə qarşı-qarşıya qalacaq. Digər tərəfdən isə atəşkəs olacağı təqdirdə işğal olunmuş ərazilər danışıqlar mövzusu sayılacağı üçün Putin belə sülhü heç bir halda öz xalqına qələbə kimi təqdim edə bilməz. O zaman da, qələbə tezisləri yerinə, nəticəsiz yerə verilmiş nəhəng qurbanların, itkilərin hesabını vermək lazım gələcək.
Putin həm də öncədən onu işğal planını qəbul etməyən hər hansı sülh variantına ona görə qarşıdır ki, nüharibənin dayandırılması, Ukraynanın güclənməsi üçün ona lazım olan vaxtı qazandıra bilər. Bu baxımdan, Avropanın təqdim etdiyi layihədə nüvə silahı istisna olmaqla Ukraynanın hərbi gücünə hər hansı məhdudlaşdırma qoyulmaması, bəri başdan Moskvanın belə sülhlə razılaşmayacağı anlamına gəlir.
Ona görə də Kiyev üçün ABŞ -la Cenevrədə keçirilən görüşünün əsas məqsədi təklif etdilən sülh planını yuxarıda qeyd etdiyimiz məqamları nəzərə alaraq elə dəyişməkdir ki, bu dəfə Kiyev deyil, Moskva bu sülh layihəsindən imtina etsin. Böyük ehtimalla belə də olacaq.
Share this content:



Yorum gönder