Kənan Novruzov: Qəzzada atəşkəs Azərbaycan üçün niyə vacibdir?
Azərbaycanın Xarici İşlər Nazirliyi Qəzzada atəşkəsin təsis edilməsi üçün əldə olunan razılaşmanı alqışlayıb.
“Qəzzada atəşkəsin təsis edilməsini, girovların və məhbusların azad edilməsi üçün yolun açılmasını, həmçinin Qəzzaya maneəsiz humanitar yardımın çatdırılması və onun yenidən qurulması üçün əlverişli şərait yaradacaq razılaşmanın əldə edilməsini alqışlayırıq.
Ümid edirik ki, sazişin bütün mərhələləri layiqincə yerinə yetiriləcək və regionda ədalətli və davamlı sülh üçün səylər gücləndiriləcək. Biz bu nəticəyə doğru ABŞ, Türkiyə, Qətər və Misirin vasitəçiliyini təqdir edirik”, – paylaşımda bildirilib.
Məlum olduğu kimi, oktyabrın 9-da HƏMAS qruplaşması Qəzzada atəşkəsin əldə olunması ilə bağlı razılaşmanı təsdiqləyib.
Təxminən iki ildir ki, Yaxın Şərqdə müharibə davam edirdi. Bu müddət ərzində rəsmi Bakı İsraillə münasibətlərinin korlanmamasına çalışaraq bir tərəfdən də Fələstinlə bağlı problemin iki dövlətli həll yolunu dəstəklədiyini bildirirdi.
Bir sıra geosiyasi və geostrateji amilərə görə Yaxın Şərqdə başlanan müharibə Azərbaycanın üçün arzuolunan deyildi. Birincisi, Azərbaycan Fələstini tanıyan bir dövlət kimi mümkün qədər balanslı siyasət yeritməyə çalışsa da, perspektivdə vəziyyət daha da xaotikləşsə idi, bu, çətin olacaqdı. İkincisi, Türkiyə hər nə qədər Azərbaycanın maraqlarını anlayıb xarici siyasət kursuna hörmətlə yanaşsa da, Bakı və Ankaranın Yaxın Şərqlə mövqeləri tam üst- üstə düşmürdü və gələcəkdə bu fərq daha da arta bilərdi. Üçüncüsü, müharibə genişlənə, İsrail- İran savaşı yenidən başlana bilərdi ki, bu da Azərbaycanın maraqlarına uyğun deyil.
Azərbaycan müharibə başlayandan bəri diplomatiya tərəfində idi.
Fikrimcə, Azərbaycan bundan sonra da Qəzzada atəşkəsin davamlı olması üçün çalışacaq. Bu kontekstdə müxtəlif dünya dövlətləri, o cümlədən Türkiyə, ABŞ və Misirlə təmaslar istisna deyil.
Kənan Novruzov
Share this content:
Yorum gönder