Kənan Novruzov: Netanyahu üçün riskli qərar: Yaxın Şərqdəki müharibə, nəhayət bitə bilər
İsrail və HƏMAS-ın sabah Misirin Şarm əl-Şeyx şəhərində danışıqlar aparacağı gözlənilir.
Mənbələrin məlumatına görə, danışıqlar tərəflərin yüksək səviyyəli nümayəndələri arasında aparılacaq. İsrail nümayəndə heyətinə strateji planlaşdırma naziri Ron Dermer rəhbərlik edəcək.
ABŞ tərəfindən danışıqlarda prezidentin Yaxın Şərq üzrə müşaviri Stiv Uitkoff, o cümlədən iş adamı və ABŞ prezidentinin keçmiş baş müşaviri Cared Kuşnerin də iştirak edəcəyi gözlənilir.
Bundan əlavə, İsrailin qoşunlarının Qəzza zolağından çıxarılması ilə eyni vaxtda 2023-cü ilin oktyabrında müharibə başlayandan bəri ömürlük həbs edilmiş 250 məhbusu və 1 700-dən çox fələstinli məhbusu azad edəcəyi gözlənilir.
Yaxın Şərqdəki proseslərlə bağlı açıq- aydın yeni dinamika müşahidə olunur. İsrailin Qəzzadakı hərbi əməliyyatları dayandırması müsbət siqnaldır. Bu qərarın İsrail baş naziri Benyamin Netanyahu ilə ABŞ Prezidenti Donald Trampın görüşündən sonra qəbul olunması diqqət çəkir. Çox böyük ehtimalla müvafiq qərarın qəbul olunmasında Vaşinqtonun da mühüm rolu olub.
İsrail əslində müharibəni bitirmək istəmir. Çünki Netanyahunun hakimiyyətdən getməsinə, ona qarşı etirazların güclənməsinə şərait yarada bilər.
Ehtimal etmək olar ki, ABŞ İsraili hədələyib. Nəzərə almaq lazımdır ki, Yaxın Şərqdə əməliyyatların davam etməsi Vaşinqtonun maraqlarına uyğun deyil.
Bu günkü görüşün konstruktiv keçəcəyini ehtimal etmək olar. Bəlkə də, müharibəyə son qoyulması ilə razılıq əldə olunacaq. Hərçənd İsrail mümkün qədər çalışacaq ki, ağır şərtlərlə masaya otursun.
Onu da deyək ki, Tramp daha əvvəl HƏMAS-a Qəzza ilə bağlı razılaşmanı bazar gününə qədər yerinə yetirməklə bağlı xəbərdarlıq edib və təşkilatın bunu etməyəcəyi təqdirdə “görünməmiş cəhənnəmi” yaşadacağını bildirib.
Ola bilsin ki, Tramp özü də artıq müəyyən razılaşmaların əldə olunacağını bilir və bunu gözləyir.
Fikrimcə, HƏMAS məqbul şərtlərlə atəşkəsə hazırdır. Əsas məsələ İsrailin mövqeyi ilə bağlıdır. Rəsmi Təl- Əvivin iki yolu var: ya ABŞ-nin dediyi şərtlərlə müharibəni bitirməyə razı olacaq və hakimiyyətini təhlükə altına atacaq, ya savaşı davam etdirəcək və Vaşinqtonla ziddiyyətləri artıracaq. Məncə, Netanyahu riskli olsa da, birinci variantı seçəcək.
Kənan Novruzov
Share this content:
Yorum gönder