Hasan Oktay: : ABŞ geri çəkildi – Dünyanın taleyi Türkiyədə həll olunur
Tramp hakimiyyətə gəldikdən sonra köhnə dünyanın klassik münaqişə bölgələrində dəyişiklik və inkişaf prosesi başladı. Ukrayna, Orta Şərq, İran Trampın prioritetləri arasında önə çıxdı. Bu bölgələrdə sülh bərqərar olarsa, Tramp 2 Apreldə Amerikanın “Qurtuluş günü” kimi ifadə etdiyi görüşdə Çinə qarşı böyük bir ticarət səfərbərliyi başlatmış, bunun davamı olaraq da klassik münaqişələri bitirib bütün diqqətini Çinə yönəldəcək. Orta Şərq, İran və Ukrayna mövzusunda Trampın Türkiyə kimi hərəkət etmək və uğurlu olmaq şansı olmadığı üçün Türkiyə tədricən bölgədə özünü hiss etdirməyə başladı”
Bunu Moderator.az-a açıqlamasında türkiyəli politoloq Hasan Oktay deyib.
Onun sözlərinə görə, Rusiya ilə Qərb arasındakı rəqabətdə Türkiyənin neytrallığı Rusiya tərəfindən olduqca vacib hesab edildiyindən, əgər Ukrayna ilə Rusiya arasında bir sülh olacaqsa, bunun İstanbulda baş verməsi bütün tərəflər tərəfindən bir daha təsdiqləndi:
“Cümə axşamı baş tutacaq bu sülh görüşmələrində Putinin iştirak edib-etməyəcəyi hələlik məlum deyil, hətta Tramp da “Putin gələrsə, mən də gələrəm” kimi bir ifadə işlətdi, amma görünən odur ki, hələlik nə Tramp, nə də Putin sabah Ukrayna böhranı ilə bağlı keçiriləcək toplantıya qatılmayacaqlar. Amma bu, İstanbulun adının ön plana çıxması baxımından son dərəcə önəmlidir”.
Türkiyəli politoloq 16 may tarixində İran ilə Avropa İttifaqı arasında çox vacib bir görüşmənin yenə İstanbulda baş tutacağına diqqət çəkib:
“Ötən ay baş verən hadisələr çərçivəsində Netanyahunun ABŞ-a səfəri zamanı Trampın Ərdoğanla bağlı söylədiyi sözlər, Trampın yeni doktrinasında Türkiyənin əhəmiyyətini açıq şəkildə ortaya qoydu. Netanyahu Türkiyəni və İranı şikayət etmək üçün getdiyi Amerikada Ərdoğanla bağlı tərifedici sözlər eşitməsi, üstəlik Trampın İranla danışıqlara başlayacağını söyləməsi, ABŞ üçün İsrail vasitəsilə bölgədə qarışıqlıq yaratmaq deyil, Türkiyə vasitəsilə bölgədə sülhün qurulması prosesinin başlanması anlamına gəlmiş oldu. Trampın Türkiyəni ön plana çıxarmasından sonra ardınca Putin də Ukrayna məsələsində Türkiyə vasitəsilə bir sülh anlaşması prosesinə start verdi. Baxmayaraq ki, sabah Tramp və Putinin Türkiyəyə gəlmək ehtimalı zəifdir, belə bir gözləntinin özü belə Türkiyənin ciddi şəkildə diqqətləri öz üzərinə cəmləməsinə səbəb oldu. Trampın Suriya ilə bağlı aldığı qərarlar, sanksiyaların qaldırılması — İran, İraq, Suriya, Livan və İsraildə bir sistem dəyişikliyinin baş verə biləcəyi ehtimalını ön plana çıxarır. Türkiyənin 150 illik demokratiya təcrübəsi bölgə üçün çox önəmli və modernləşdirici rol oynaya biləcək bir amildir. İran və İsraildə sistem dəyişikliyi, İraq, Suriya və Livanda isə demokratiyaya keçidin Türkiyə modeli əsasında həyata keçiriləcəyi ehtimal olunur”
H.Oktay əlavə edib ki, Ukrayna böhranında ABŞ birbaşa sülhü təmin edə bilməsə də, ən azı geri çəkilərək Avropa ilə Rusiyanı üz-üzə qoydu və bununla yanaşı, Rusiya ilə davamlı bir münasibət qurmağa nail oldu:
“Avropa İttifaqı ilə Rusiya arasında Ukrayna mövzusunda baş verəcək rəqabət, hətta qarşıdurma fonunda Türkiyə olduqca önəmli bir mövqe qazanmışdır. Avropa İttifaqının Türkiyəni öz tərəfinə çəkərək Rusiyaya qarşı mövqe tutma cəhdi, Putinin İstanbul sülh masasını gündəmə gətirməsi ilə qarşısı alınmış oldu.Türkiyənin Avropa İttifaqı xarici işlər nazirləri ilə apardığı görüşlər, NATO-nun mövqeyini də nəzərə alaraq, həm Türkiyə–Avropa İttifaqı münasibətlərini öz xeyrinə yönəltməsinə, həm də Ukrayna böhranında Rusiya ilə Avropa İttifaqı arasındakı problemi həll etmə istiqamətində çox mühüm bir imkan əldə etməsinə səbəb olmuşdur. ABŞ, Orta Şərqdəki problemləri həll edərək Çinə qarşı daha diqqətli siyasətlər aparmaq imkanı əldə edərkən, Türkiyə də bu yeni vəziyyətdən faydalanaraq qarşıdakı dövrdə Avropa İttifaqı və Rusiyadan olan tələblərini gündəmə gətirəcəkdir”.
Mehin Mehmanqızı
https://moderator.az/az/dunya/875060/tarixi-grusun-ssenarisi-abs-geri-cekildi-dunyanin-taleyi-turkiyede-hell-olunur/
Share this content:
Yorum gönder