Belə getsə Putin Baydenin xiffətini çəkəcək.
Donald Tramp gözlənildiyi kimi zaman keçdikcə respublikaçıların ənənəvi xaric siyasət kursuna uyğun mövqe ifadə edir. Onun Ukrayna məsələsi ilə bağlı prezident seçkilərindən öncə və seçki kampaniyası dövründə verdiyi açıqlamalar Putin və onun himayəsində olan avtoritar rejimləri xeyli ümidləndirdiyi üçün onlar səbirsizliklə Ukraynanın təslimçi sülhə vadar ediləcəyi günü gözləyirdilər.
Ancaq bütün hesablar tərsinə döndü. Tramp seçildikdən dərhal sonra Putinlə aralarında baş tutmuş telefon danışığında qarşı tərəfin aqressiv mövqeyini görüb, onu Amerikanın Avropadakı qüvvələri ilə hədələdi. Bu telefon danışığından sonra Tramp “mən seçilərəmsə 24 saat ərzində Ukrayna savaşını bitirəcəm” ifafəsini bir daha işlətmədi. Bunun yerinə, o, konkret zaman çərçivəsi olmayan “bu savaşı sonlandırmağa çalışacağam” deməyə başladı. Daha sonra isə, o, Baydenin Ukraynaya Amerikan raketləri ilə Rusiya ərazisini vurmaq və piyadalar əleyhinə minalar vermək qərarına nəinki etiraz etmədi, əksinə, gələcək milli təhlükəsizlik məsələləri üzrə müşaviri Maykl Uolts vasitəsi ilə mesaj verərək bu qərarı dəstəklədiyini bildirdi.
Trampın Rusiyada çox kəskin reaksiya doğuraraq hətta nüvə doktrinasının dəyişdirilməsinə səbəb olmuş Baydenin bu qərarını dəstəkləməsi, Putini və onun işğal siyasətinə azarkeşlik edənləri dərin məyus etdi. Çünki ilk növbədə onlar yaxşı anlayırlar ki, Bayden adminstrasiyasının hazırkı siyasi kursu Tramp dönəmində də davam etdiriləcəyi təqdirdə, iqtisadi böhranın dərinləşdiyi Rusiyanın resursları daha da tükənəcək və bu halda müharibəni davam etdirmək cox cətin olacaq.
Bu günlərdə vaxtı ilə Rusiyanın Napoleonu, Hitleri məğlub etməsindən tez- tez danışan Trampın “Moskva Ukraynada zəiflədiyi üçün Suriyada uduzdu” deməsi də artıq onun yanaşmasının köklü surətdə dəyişdiyini göstərir. Suriyada baş verənlərdən sonra Tramp artıq Rusiyaya məğlubedilməz bir güc kimi baxmır. Görünür elə buna görədir ki, Tramp məhz indi o nəticəyə gəlib ki, Ukrayna məsələsində sülh Kiyevə dəstəyin davam etdirilməsi ilə mümkündür. Halbuki əvvəllər Zelenskini ən yaxşı biznesmen adlandırır, onun hər gəlişində Amerikadan milyardlarla yardım aldığını deyib Baydenin siyasətinə tənə edirdi. Ancaq indi özü Rusiya ilə müharibədə Ukraynaya yardım edilməsinin vacibliyini dilə gətirir və yalnız bu yolla sülhün mümkün ola biləcəyinə inanır.
Trampın “Time” dərgisinə verdiyi son açıqlamada Ukraynaya dəstəyin davam etdirəcəyini deməsi, onun dönəmində də Baydenin hazırkı siyasi kursunun dəyişməyəcəyi anlamına gəlir. Bu ifadənin açması o deməkdir ki, Ukrayna güclü olmalıdır ki, savaş meydanında Rusiyanı Trampın sülh təklifi ilə razılaşmağa məcbur etsin. Bu isə Putinin əvvəllər ümid etdiyi Trampın Ukraynaya yardımları dayandırıb onu təslimçi sülhə vadar edəcəyi ilə bağlı istəyindən köklü şəkildə fərqlənən mövqedir.
Üstəlik Trampın xarakterini də nəzərə almış olsaq, onun xarici siyasətdə Baydenden daha kəskin qərarlar verə biləcəyini də gözləmək olar. Bayden ötən 4 ildə Putinə cəllad desə də onu bircə dəfə də olsun Amerika hərbi qüvvələri ilə hədələməyib, Ukraynaya etdiyi böyük yardımları isə tədricən, gecikdirə-gecikdirə edərək Rusiyanı buna alışdırmağa çalışıb. Ancaq Tramp üçün belə astagəllik xas deyil və o, Putini sülhə vadar etmək üçün daha kəskin qərar verə biləcək bir kimliyə sahibdir .
Fuad Gahramanlı