Suriyada kim qalib gəldi və ya növbəti sıra kimdə?
Dərin dövlət ağlı və ya Şimali Azərbaycan İranın bölünməsinə hazırdırmı?
Suriyadan sonra sıra kimdə? İndi Orta Şərqin gələcəyi və beynəlxalq güc tarazlığını müəyyənləşməsi bu suala veriləcək cavabdan çox asılıdır. Suriyada Əsəd rejiminin devrilməsinin əsas geosiyasi əhəmiyyəti Rusiya və İranın bu ölkə vasitəsi ilə regional təhlükəsizliyə müdaxiləsinə son qoyulması, Türkiyənin regional güc kimi ona qarşı yönəlmiş strateji təhdidləri ortadan qaldırması və hakimiyyətə gəlmiş müxalifətin vahid, unitar Suriya mövqeyindən çıxış edərək ölkə ərazisində kənar oyunçuların taşaronluğunu yapan silahlı təşkilatların varlığına müsaidə etməyəcəyini bildirməsidir.
Suriyada silahlı müxalif qrupların Əsəd rejimini devirməsindən sonra gözlənilənlərin əksinə olaraq ölkə ərazisində sabitliyin təmin olunması yeni hakimiyyətin uğuru olmaqla bərabər, həm də onun yanında yer alan Türkiyə kəşfiyyat xidmətinin sahəyə tam hakim olduğunu və prosesləri nəzarətdə saxlaya bildiyini göstərir. Bu baxımdan indi sahədə əli ən güclü yeganə oyunçu Türkiyə hesab olunur. Hazırda Suriyada yeganə silahlı gərginlik yerli ərəb aşirətləri və SMO (Suriya Milli Ordusu) vasitəsi ilə Ayn əl-Ərəb, Rakka, Derizorun müəyyən hissəsində PKK uzantısı hesab olunan silahlı PYD güclərinə qarşı etiraz və hərbi əməliyyatların həyata keçirilməsi ilə bağlıdır. Olduqca vacib hesab olunan bu əməliyyatlar həm ölkənin unitarlaşması və ərazi bütövlüyünün bərpası baxımından Suriya xalqının, həm də ki, terror təhdidlərindən birdəfəlik qurtulmaq istəyən Türkiyənin maraqlarına uyğundur.
Türkiyənin mövqe üstünlüyü həm də onunla bağlıdır ki, silahlı kürd qruplaşmalarının nəzarətində olan Suriyanın Şimal ərazilərinin azad edilməsi, həm də Şamdakı yeni müxalifət hakimiyyətinin prinsipial mövqeyidir. Türkiyənin xarici işlər naziri Hakan Fidanın çox sərt formada dediyi “PYD və YPG ya özünü buraxmalıdırlar, ya da ki, məhv ediləcəklər” sözlərinin ardınca HTŞ lideri Colaninin “PKK kürdləri təmsil etmir, Suriya ərazisində heç bir silahlı təşkilatla yer yoxdur” bəyanatı bu gün sahədəki vəziyyətin birmənalı şəkildə Türkiyənin xeyrinə olduğunu göstərir. Colaninin bu mövqeyindən sonra Türkiyəni SMO vasitəsi ilə Suriyanın Fərat çayının Şərq sahilini və ölkənin Şimalını silahlı Kürd təşkilatlarından təmizləmək istəyinin qarşısını kəsmək istyənlərin deyəcəkləri bir söz, gətirməyə bir bəhanələri də qalmır. Çünki bu məsələdə Türkiyəyə etiraz edənlər yeni Suriya hakimiyyətinin öz ərazilərini silahlı kürd qruplarından təmizləməsinə, ölkənin ərazi bütövlüyünü təmin etməsinə nə deyib qarşı çıxacaqlar ki?
PYD- nin terrorçuluğa qarşı mübarizədə tərəfdaş olması bəhanəsinə son qoymaq üçün 40 minə qədər keçmiş İŞD döyüşçüsünün olduğu açıq ərazi kamplarını Türkiyə və Suriyanın yeni formalaşan ordusu daha yaxşı nəzarətdə saxlaya bilər. Artıq bu təklif Ankara tərəfindən səsləndirilib
Belə olan təqdirdə ehtimal olunur ki, yalnız bir müddət üçün kürd silahlı qruplarının ölkənin şimalındakı Qamışlı ərazisində saxlanılması barədə qeyri rəsmi anlaşma əldə olunsun. Burada məqsəd Trampın vəzifəsinin icrasına başladıqdan sonrakı dövrdə sayları 40-50 min arasında olan bu silahlı qrupları gələcəkdə İran ərazisinə transfer etməkdir. Çünki Trampın İranın indiki rejimini zərərsizləşdirmək, onun nüvə silahına sahib olmasının qarşısını almaqla bağlı açıq ifadə olunmuş bir mövqeyi var. Yazının çox uzanmaması üçün bu məsələnin təfərrüatlarına varmadan onu deyək ki, bu əslində Suriyadan sonra çöküş sırasının İranda olduğunu göstərir.
Bu baxımdan xatırlatmaq gərəkdir ki, indiyə qədər İstər Fələstində “HƏMAS”-a, istərsə də Livanda “Hizbullah”a qarşı İsrailin apardığı müharibə, həm də onların arxasında duran İranın Orta Şərqdəki uzantılarını məhv etmək məqsədi daşıyırdı. Məhz bu səbəbdən də Türkiyə ilə gərginlik içində olan İsrail İranın Suriya ərazisindən istifadəsinin qarşısını almaq üçün Ankara ilə birlikdə müxaliflərin Əsəd rejimini devirməsinə dəstək verdi.
İndi də İsrail Tehrana bağlı bütün proksi qüvvələri, uzantıları əzəndən sonra İranla daha təhlükəsiz qaydada hesablaşa bilmək imkanı qazanıb. Tramp hakimiyyəti üçün bu məsələdə Netenyahunun yanında olmaq İsrailin təhlükəsizliyinin strateji təminatına dəstək verməklə hesab olunmaqla yanaşı, həm də Orta Şərqdə sabitliyi təmin edib buradakı resursları Çin ətrafına cəmləmək imkanı qazanmaq deməkdir.
Baş verənlərə dərin dövlət ağlı ilə və strateji maraqlar baxımından yanaşdıqda, bu geosiyasi prosesdə Azərbaycan dövləti üçün yaxın gələcəklə bağlı mühüm çağırışlar var. İsrail və ABŞ-n Tehran rejiminin hərbi gücünü sıradan çıxardıqdan sonra Suriyada və İraqdakı silahlı kürd qruplarının İran ərazisinə transferi gözlənilir. Suriyada Türkiyənin pozduğu, bu üzdən də baş tutmayan kürd dövləti yaratmaq planlarının bu dəfə İran ərazisində həyata keçirilməsinə cəhd edilməsi qarşısında Şimali Azərbaycan dövlətinin reaksiyası və hazırlıqları nə olacaq? Bu prosesləri nəzərə alaraq gələcəkdə Güney Azərbaycan ərazilərinin PKK uzantıları tərəfindən zəbt edilməsi təhlükəsinə və soydaşlarımızın burada öz dövlətini yaratmasına mane olmaq cəhdlərinə qarşı dövlət daxilində strateji planlaşdırma aparılırmı, bu istiqamətdə hazırlıq işləri görülürmü, bu barədə hələ ki, bir şey deyə bilmərik. Əgər bu istiqamətdə hər hansı işlər görülmürsə, yubanmadan bunu mütləq etmək gərəkdir və bu məsələdə qardaş Türkiyə ilə iş birliyi içində olmaq və Ankaranın Suriya təcrübəsini mütləq əxz etmək lazımdır.
Fuad Gahramanlı