KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Züriye Garayeva: Zəfərdən sonrakı Azərbaycan xarici siyasəti

Züriye Garayeva: Zəfərdən sonrakı Azərbaycan xarici siyasəti

Kafkassam Editör Kafkassam Editör - - 7 dk okuma süresi
278 0
zuriye

II Qarabağ müharibəsindən sonra beynəlxalq müstəvidə dövlətlərlə münasibətlərdə Azərbaycanın yeni dövr diplomatiyasında müəyyən dəyişikliklər edəcəyi ehtimalı ortaya çıxdı. Əvvəla, strateji baxımdan mühüm geosiyasi məkanda – Şərqdən Qərbə və Şimaldan Cənuba uzanan çox mühüm beynəlxalq nəqliyyat-kommunikasiya dəhlizlərinin kəsişməsində yerləşən, əsrlərboyu transmilli dünya güclərinin xüsusi maraq dairəsində olan Azərbaycanın zəfər qazanması ilə siyasi və iqtisadi baxımdan bu dividendlərdən daha optimal şəkildə yararlanacağı gün kimi aydındır.
İkinci tərəfdən, 30 ildə havadarlarından maksimal yararlanan Ermənistanla, onun arxasında açıq və ya gizli şəkildə dayanan dövlətlərlə mübarizə, bu mübarizənin Azərbaycanın güclü diplomatiya, üstəgəl hərbi qüdrəti sayəsində şanlı qələbə ilə nəticələnməsi də beynəlxalq münasibətlərdə yeni istiqamətlərdən xəbər verir. Çünki, dünya nizamında önəmli olan iki faktordan başlıcası hərbi gücdür. İqtisadi gücümüzün isə təməli müharibədən öncə fundamental əsaslarla qoyulmuşdu.
Üçüncü tərəfdən, 44 günlük müharibə bir daha bizlərə kimlərin əsl dostluğunu, kimlərinsə bədxahlığını göstərdi. Qardaş Türkiyə həm siyasi, həm mənəvi cəhətdən Azərbaycanın yanında dayandı, bütün imkanları ilə dəstək olacağını ən yüksək tribunalarda səsləndirdi. Qardaş ölkədən aldığımız müasir silahlarla ermənilərə çox güclü zərbələr endirdik. Ona görə də, Türkiyə ilə birbaşa strateji müttəfiqliyi daha da gücləndirməliyik. Bu, Avropada kimlərisə narahat edə bilər. Amma bizim xarici siyasətimizə bunun qətiyyən təsiri olmamalıdır. Artıq biz bütün sahələrdə Azərbaycan-Türkiyə münasibətlərinin müttəfiqlik reallığına keçdiyinin şahidi oluruq. Məsələn, iqtisadi sahədə gömrük ittifaqı haqqında saziş, vahid iqtisadi zona yaradılması, vizaların ləğvi, qarşılıqlı olaraq vətəndaşlara “oturma izni” və işləmə imkanlarının verilməsi imzalanmış və imzalanacaq sənədlər içərisindədir. Türkiyənin İğdır bölgəsindən təbii qaz xəttinin çəkilməsi haqqında imzalanan anlaşma, söylənənlərin artıq həyata keçməsindən xəbər verir.
Türkiyədən əlavə, digər dəstəkləyən dövlətlərlə də, xüsusən Pakistanla daha sıx əməkdaşlıq həyata keçirməliyik. BMT Təhlükəsizlik Şurasında həmsədr dövlətlər müharibənin dayandırılmasına dair qətnamə qəbul etmək istəsələr də, İngiltərənin veto qoyması ilə bu, baş tutmadı. İyul döyüşlərində Ermənistan KTMT üzvlərinə yardım edilməsi ilə bağlı rəsmən müraciət etdi. Belarusiya faktiki olaraq müraciətə baxmadı. Digər Türk dövlətləri açıq şəkildə Azərbaycanı dəstəklədi. Bu amil də göstərdi ki, Azərbaycan qardaş ölkələrlə, türk birliyi ilə çox böyük bir strateji sistemin formalaşmasında öz fəaliyyətini davam etdirəcək.
Bədxahlıqlarını ortaya qoyan dövlətlər də az deyildi. Rusiya yenə də müxtəlif trayektoriyalardan istifadə edərək, Ermənistana 9 yük təyyarəsi ilə 400 tona yaxın hərbi texnika və sursat daşıdı. Vətən müharibəsi başlayandan, işğal altındakı Qarabağ azad olunanadək İranda narahatlıq hiss olunurdu. Tehran prosesin tez zamanda nəticələnəcəyini gözləmirdi. Öncə gizli şəkildə silah yardımı edildi, İrandan, Ərbildən, Suriyadan təyyarələrlə Ermənistana terrorçular gəldi. Lakin proseslər İranın ehtimal etmədiyi məcrada getdiyindən Tehran administrasiyası Qarabağla bağlı tələsik mövqeyini ortaya qoydu və Ayətullah Xamenei “İşğal altındakı torpaqlar boşaldılmalıdır” açıqlamasını verdi. Bakıdakı Zəfər paradında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın o şeiri (Laçın mahnısının lirikası) oxumasına İran sərt reaksiya verdi. Çünki, İranda artan türk millətçiliyi mövcuddur. İran rəsmiləri də bundan narahat oldu. Bu məsələdə isə Azərbaycan öz qətiyyətini göstərməli, İranı layiq olduğu adla adlandırmalıdır.
Son dövrlər istər Dağlıq Qarabağ münaqişəsi zamanı, istərsə də sonra qeyri-adekvat bəyanatlar səsləndirən dövlət Fransa oldu. Fransa dövləti Makrondan öncə də ermənipərəst mövqe sərgiləyib. Makron ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərindən birinin rəhbəri olsa da, əvvəlcədən münaqişənin əsas səbəbkarının yanında yer alıb. Sonra isə Fransa senatı ölkə hökümətini Dağlıq Qarabağ Respublikasını tanımağa çağıran qətnamə qəbul etdi. Qətnamə qəbul olunmasa belə Fransanın məkrli siyasətini bir daha aşkara çıxardı.
Proseslərin gedişatı göstərdi ki, bəzi məsələlərdə qətiyyətsizlik sindromundan azad olmalıyıq. Bütün ölkələr bizə hansı münasibətləri göstərirsə, biz də beynəlxalq hüququn imkan verdiyi şəkildə onlara adekvat münasibət göstərməliyik. Xarici əlaqələrdə daha konkret mövqe nümayiş etdirməliyik. Əslində, bu qətiyyətin biz, prezident İlham Əliyevin müharibə ərəfəsində və sonrakı çıxışlarında şahidi olduq. Xüsusən Minsk qrupunun fəaliyyətsizliyi ilə bağlı verdiyi bəyanatlar, status-kvonun dəyişildiyini və Minsk qrupunun isə keçmiş status kvo əsasında yaradıldığını diqqətə çatdırmaqla, Azərbaycanın bu quruma ehtiyacı olmadığını bildirməsi yeni dövr xarici siyasətin göstəriciləridir. Bəhsi keçən dövlətlərin açıq-aşkar düşmən münasibəti tarazalaşdırılmış, çoxşaxəli xarici siyasətin hər zaman işə yaramadığını göstərdi. Bu minvalla, müharibə zamanı bizə həm siyasi, həm mənəvi dəstək göstərən Türkiyəni biz digər dövlətlərlə, Rusiya ilə tərəzinin eyni gözünə qoya bilmərik.
Bir sözlə, Vətən müharibəsindən sonrakı diplomatiyamızda yeni perspektivlər görünməkdədir.
Züriye Garayeva Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir