KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Züriyə Qarayeva: “Qərb Rusiyanı ortabab vəziyyətə gətirməyə çalışır”

Züriyə Qarayeva: “Qərb Rusiyanı ortabab vəziyyətə gətirməyə çalışır”

Kafkassam Editör Kafkassam Editör - - 14 dk okuma süresi
30 0
zuriye

AzNews.az analitik-informasiya portalının suallarını politoloq Züriyə Qarayeva cavablandırır

– Xanım Qarayeva, Qazaxıstanda yaşanan olayların arxasında dayan məqamlar müzakirə edilir. Siz necə düşünürsünüz: hadisələrin arxasında hansı əsas məqamlar dayanır?

– Qazaxıstanda baş verən hadisələrin ssenarisi təəccüb doğurmur. Öncə “sosial partlayış” donu geyindirilən proseslər Qərb-Rusiya qarşıdurmasının Kremlin leyhinə nəticələnməsi fonunda başa çatmasına hesablanmışdı. Ən azından birinci mərhələ Rusiyanın qələbəsi ilə bitdi. Bu prosesləri “ssenari” adlandırmaq ona görə olar ki, Əfqanıstanda ABŞ qoşunlarının çıxmasından sonra Rusiya üçün təhlükə mənbəyi olan Taliban qruplaşmasının hakimiyyəti ələ almasına Kreml rəsmi səviyyədə narahatlıq ifadə etmişdi. Həmçinin Türk Dövlətləri Təşkilatının koordinasiyalı şəkildə fəaliyyətə başlaması və Mərkəzi Asiyada Nazarbayevin hərəkətverici lider rolunda çıxış etməsi Moskvanın hansı reaksiyanı verəcəyini öncədən görməyə imkan verirdi. Talibanla bağlı Vladimir Putin ötən il partiyasının toplantısında narahatlığını bildirmiş, viza məhdudiyyətsiz ortaq sərhədlərinin olmasını gələcək terrorçu miqrantların ölkəyə keçə bilməsi fonunda dilə gətirmişdi. Burada, əlbəttə, söhbət Qazaxıstandan gedirdi. Çünki Rusiyanın Mərkəzi Asiyada tək sərhədi Qazaxıstanladır. Ona görə də, Rusiya ənənəvi düşməndən qorunma strategiyasını işə salaraq, Qazaxıstanda bufer zona yaratdı. İkinci məqam türk dövlətləri təşkilatının yaranması ilə bağlı idi. Bununla bağlı Kremlin narahatlığına bir müddət öncə prezidentin sözçüsü Peskov tərəfindən Dövlət Bahçalının Ərdoğana təqdim etdiyi xəritəyə münasibətdə şahid olduq. Türk dünyasının mərkəzində qırmızı ulduzu yada salmaqla, Peskov əslində Şərdən Qərbə uzanan xəttdən Rusiyanın kənarda qalmasına işarə etmək istəyirdi. Qazaxıstanın təsir zonasına salınmasıyla həmin xəttə müdaxilə imkanlarını genişləndirməyi hədəfləyir.

– Nazarbayevin kadrları vəzifədən uzaqlaşdırılır. Eyni zamanda keçmiş prezidentin kürəkənlərinin vəzifəsinə xitam verilib. İğtişaşlara görə ölkəyə gələn Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlılardan ibarət qüvvələrinin Qazaxıstandan çıxarılması prosesi başa çatıb. İğtişaşlar səbəbilə bölgələrdə elan edilən fövqəladə vəziyyət ləğv edilir. Bundan sonra Qazaxıstanda durum necə olacaq?

– Rusiya Qazaxıstanla bağlı istəklərinə nail oldu. KTMT adı altında hərbi bazasını yerləşdirdi və russayağı “məxməri inqilab” planı icra oldunduqdan sonra hərbi birləşmələrin çıxdığı görüntüsünü yaratdı. KTMT qüvvələrinin Qazaxıstana daxil olmaq səlahiyyəti var idimi? Bu da cavabı axtarılan başqa sualdı. Çünki, nizamnamənin 5-ci punktunda başqa bir dövlətin üzv dövlətlərin hər hansı birinin suverenliyinə təhdidi olarsa, müdaxilə ediləcəyindən söhbət gedir. Qazaxıstanda belə bir hal mövcud deyildi. Məqsəd aydındır. Nazarbayevin uzun illərdən bəri Rusiya ilə MDB, KTMT və Avrasiya İttifaqı çərçivəsində birlik nümayiş etdirməsi görüntüsünə Kreml güvənmirdi və hakimiyyət dəyişikliyi üçün ən uyğun zamanı gözləyirdi. Rusiya mövcud hakimiyyətə gücünü göstərdi və milli xəttin arxa plana keçməsinə və dolayısı ilə ruslaşma siyasətinə təkan verdi. Bundan sonrakı Qazaxıstandakı proseslər Qərbin dəstəklədiyi Qazaxıstan müxalifətinin liderlərinin ölkədən kənarda proseslərə təsir imkanlarından və TDT-nin hərbi koordinasiyasını gücləndirmə şərtlərindən aslı olacaq. Ancaq düşünmürəm ki, bu qısa müddətdə baş tutsun.

– Ölkədə yenidən etiraz dalğası yaşana bilər mi?

– Ölkədə etiraz dalğalarının olma ehtimalı hələ ki az olsa da, növbədənkənar prezident, parlament seçkilərinin keçirilməsini istisna etmirəm.

– Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirdi ki, Ermənilərin təxribatının mənşəyi də son vaxtlar MDB məkanında baş vermiş hadisələrdir. Necə düşünürsünüz, Ermənistan sonuncu təxribatlarla nəyə nail olmağa çalışır?

– Armen Qriqoryan Qazaxıstan hadisələri haqda danışarkən bildirmişdi ki, “KTMT ilk dəfə böhranlı vəziyyətə müdaxilə mexanizmlərini işə saldı. Biz ümid edirik ki, Ermənistan belə bir vəziyyətlə üzləşəcəyi təqdirdə bu cür kömək ala biləcək”. Baş nazir Paşinyan da Ermənistanın regionda oxşar təhlükələrlə üzləşdiyini iddia etmişdi. Bəyanatın ardınca Ermənistan Kəlbəcər istiqamətində atəşkəsi pozdu. Bu yanaşma özü də göstərir ki, Ermənistan hakimiyyəti hadisələrdən geosiyasi nəticələr çıxarmaqda çətinlik çəkir. Müharibənin başlandığı ilk gündən bəri İrəvan KTMT kartını işə salmağa çalışdı, lakin Rusiyadan lazımi dəstəyi ala bilmədi. Törətdiyi bütün təxribatların qarşılığında Azərbaycan ordusunun növbəti silləsi ilə qarşılaşsa da, Ermənistan hakimiyyəti hələ də avantürist mövqeyindən əl çəkmək istəmir. Paşinyan anlamaq istəmir ki, Qarabağ məsələsi artıq həllini tapıb. Yerdə qalan məsələlərin həlli üçün Azərbaycan hakimiyyəti və ordusu yenidən 30 il gözləmək istəyində deyil. Azərbaycanın 30 il əvvəlki gücdə olmadığını, ötən il iyul ayında Türkiyə ilə hərbi ittifaqa dair müqavilə imzalandığını görməzdən gəlmək Ermənistanın növbəti kapitulyasiyasına səbəb olacaq. Kapitulyasiyaya uğramış dövlət olaraq Ermənistan öhdəliklərini yerinə yetirməlidir. Rusiya isə hər nə qədər problemin uzanmasında maraqlı olsa da, qarşısını almaq üçün hüquqi və strateji imkanları kasaddı. Ona görə də, Paşinyanın hər dəfə Putinin dizinə düşməsinə baxmayaraq, Kreml ona birmənalı olaraq “sərhədlər müəyyənləşməlidir” göstərişini verir. Ermənistanın nəyə nail olmaq istədiyindən asılı olmayaraq, Azərbaycan artıq məqsədinə çatıb.

– Bu kontekstdə Prezident İlham Əliyevin 2022-ci ilin ilk səfərini Ukraynaya etməsi də diqqət çəkir. Azərbaycan və Ukrayna prezidentlərinin görüşünü, hər iki ölkənin münasibətlərindəki rolunu necə qiymətləndirmək olar?

– Azərbaycan Prezidenti İlham Əliyevin Kiyevə səfəri iki ölkə arasında strateji tərəfdaşlığın və etibarlı dostluğun bariz nümunəsidir. Beynəlxalq gündəmin olduqca qarışıq olduğu bir vaxtda prezident Əliyevin Ukraynaya səfəri həm də Azərbaycanın müstəqil xarici siyasətinin göstəricisidir. Bakı Rusiya və Qərblə tarazlıq yaratmağa çalışır. Tarazlığı Azərbaycan onunla nümayiş etdirir ki, Rusiyaya qarşı hər hansı planda iştirak etmir. Krım platformasına Azərbaycandan nümayəndə göndərilməməsi bunun bariz nümunəsidir. Eyni şəkildə Ukraynanın ərazi bütövlüyünü tanıyır, işğal faktını qınayır. Ukrayna dövləti də Azərbaycanın bu münasibətini dəyərləndirir. Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin milli təhlükəsizlik üzrə yeni strategiyasında Azərbaycanı da Ukraynanın strateji tərəfdaşı olaraq göstərib. Son proseslərdə Ukrayna bizə Gürcüstandan daha çox dəstək verdi. Burada diqqətçəkən digər məqam Azərbaycanın tərəflər arasında vasitəçilik rolunu oynama ehtimalıdır. Bir müddət sonra Ərdoğanın da Kiyevə rəsmi səfəri fonunda deyə bilərik ki, Bakı və Ankara birlikdə bu missiyanı uğurla həyata keçirə bilərlər. Yaxın gələcəkdə Putin və Zelenski arasında Bakı və Ankaranın moderatorluğu ilə görüşün keçirilmə ehtimalı da qüvvədədir və bütün gedişlər Cənubi Qafqazda Azərbaycanın strateji əhəmiyyətinin növbəti təzahürü olacaq. Bu səfəri həmçinin, Cənubi Qafqaz masasında Moskvanın Bakının maraqlarını nəzərə alması baxımından uğurlu taktiki addım hesab etmək olar.

– Ukrayna Rusiya arasında gərginlik heç kimə sirr deyil. İngilis kəşfiyyat mənbələri Rusiyanın yaxın günlərdə Ukraynaya hücum edəcəyi ilə bağlı məlumat yayıb. İki ölkə həqiqətənmi müharibənin astanasındadır? Bunun regiona nə kimi təsirləri olacaq?

– Ukrayna Rusiya üçün imperialist maraqlarının tətbiqi baxımından çox önəmlidir. Çünki, Avropaya açılan qapıdır. Onu rahatlıqla əldən buraxmaq istəmir. Açıq desək, Putin bu məsələyə qürur məsələsi kimi baxır. Ukraynanın NATO-ya üzv olarsa, birbaşa Amerikanın çətiri altında olacağını bildiyi üçün Putin ABŞ-Rusiya və NATO-Rusiya Şurasının toplantısında ABŞ və NATO-dan keçmiş sovet respublikalarında fəaliyyətini genişləndirməməyi, ilk növbədə, Ukrayna və Gürcüstanı Alyansa üzv qəbul etməməyi istəyib. Əslində, Qərbin belə bir fikri yoxdu. Çünki, Qərb problemi olan dövlətləri özünə birləşdirmir. Eləcə də problemi və ya münaqişəsi olan dövlətlərdən daha çox rəqiblərinə, xüsusilə Rusiyaya qarşı vasitə olaraq istifadə edir. Ukraynadakı problemin həllini tapmamasında Qərbin maraqlı olmamasının digər səbəbi isə Rusiyanı öz etnik bağları yaxın olan dövlətdən uzaq saxlamaqla Moskvanı Kiyevin varlığına ehtiyac duyduğu bir neçə platformadan kənar salmaqdır. Bu ritorikaya illər öncə Zbiqnev Bzejinski aydınlıq gətirmişdi. Ona ”sizə güclü, yoxsa zəif Rusiya lazımdı?” sualı verilən zaman siyasətşünas alim demişdi ki, “bizə güclü Rusiya lazım deyil, maraqlarımıza ziddir, bizə zəif Rusiya da lazım deyil, nüvə silahı terrorçuların əlinə keçə bilər və təhlükəsizliyimizə zidd olar, bizə ortabab Rusiya lazımdır”. Qərb bu münaqişədən istifadə edərək Rusiyanı ortabab vəziyyətə gətirməyə çalışır. O baxımdan düşünürəm ki, hansı tərəfin üstünlük göstərəcəyindən asılı olmayaraq, bu münaqişə uzun müddət həllini tapmayacaq. Ancaq Kremlin Qafqaz siyasətini nəzərə alsaq, ortabab Rusiya düşünürəm ki, elə bizim də maraqlarımıza uyğundur.

– Kreml sözçüsü Dmitri Peskov Moskvanın NATO-nun Ukraynanı işğalı ilə artıq barışa bilmədiyini açıqlayıb. NATO isə Rusiya Ukrayna ilə bağlı səhv etsə, bunun ciddi nəticəsi olacağını deyir. Ukrayna-Rusiya və NATO gərginliyi necə nəticələnə bilər?

– Dediyim kimi, Rusiya ilə Ukrayna arasında qarşıdurmanın eskalasiya həddinə gələcəyini ehtimal etmirəm. Bu baş verərsə, iki dövlət arasında gərginlikdən çıxıb regional münaqişəyə çevriləcək. Buna isə tərəflərdən heç biri maraqlı deyil. Düşünürəm ki, Bayden Pentaqonda ”müharibə baş verərsə, Ukraynanın yanında olacağıq” bəyanatına sadiq qalmayacaq. Rusiya da Qərbin qarşıdurmada maraqlı olmadığını anlayır. Sadəcə olaraq, “soyuq müharibə” şərtləri kontekstində Kremlə qarşı sanksiyaları gücləndirəcək, Rusiyanı beynəlxalq maliyyə bazarından sıxışdırıb çıxarmaqla kifayətlənəcək. Bu məsələdə bir də Türkiyənin Ukrayna ilə hərbi əməkdaşlığına dair imzalanmış memorandumunu nəzərə almalıyıq. Rusiyanın hərbi gedişlərinin sadəcə sərhəddə göz qorxutmaqdan daha irəli getməyəcəyini deyə bilərik. Peskovun canlı yayında “Türkiyə Krımın müstəqilliyini tanıyarsa, Rusiya da Kiprin müstəqilliyini tanıyar və daha 13 dövlətin də tanımasına şərait yaradar” bəyanatına Ankaranın reaksiyasız qalması göstərdi ki, Rusiyanın olduğu kimi, Türkiyənin də Ukrayna ilə bağlı qırmızı cizgisi var. Bu cizginin keçilməsi Rusiyanın region maraqlarına ciddi zərbədir.

Şəbnəm ZAHİR

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.