Zeynal Emraliyev: ƏLİYEVİN QAZAXISTAN SƏFƏRİ
ASTANADA HANSI RAZILAŞMALAR ƏLDƏ EDİLƏCƏK ? ƏLİYEVİN QAZAXISTAN SƏFƏRİ BU BAXIMDAN ƏHƏMİYYƏTLİDİR ! Prezident İlham Əliyevin Qazaxıstana nəzərdə tutulan səfəri istər ikitərəfli münasibətlərin inkişafı, istərsə də türk dünyası arasında əlaqələrin bərpası baxımından mühüm əhəmiyyət kəsb edir. Qazaxıstan prezidenti Kasım Comərd Tokayevin dəvəti ilə baş tutacaq səfərdə mühüm razılaşmaların əldə ediləcəyi gözlənilir. Səfər çərçivəsində: yüksək səviyyəli danışıqlar, Ali Dövlətlərarası Şuranın iclası və Azərbaycan‑Qazaxıstan biznes forumunun keçirilməsi planlaşdırılır. Qazaxıstan – Azərbaycan münasibətləri iki mənada bir – biri ilə sıx bağlıdır. Birincisi, ortaq türk kimliyi iki ölkəyə münasibətləri qardaşlıq müstəvisində davam etdirməyə imkan verir. İkincisi isə qarşılıqlı etimad mühitidir. İki ölkə arasında müxtəlif səviyyəli əməkdaşlığın uzun illər problemsiz davam etməsi Bakı və Astananı bir – birinə yaxınlaşdıran əsas amillərdir. İlham Əliyevin səfəri zamanı əsas müzakirə ediləcək məsələlər regional təhlükəsizlik və iqdisadi, xüsusilə də enerji sahəsində əməkdaşlıq olacaqdır. Hazırda Azərbaycan və Qazaxıstanın ən çox marağında olan Orta koridor – Trans Xəzər nəqliyyat dəhlizidir. Hər iki ölkə bu nəqliyyat qovşağının daha da inkişafında maraqlıdır. Son illər bu marşrut üzərində yük daşımalarının sürəti çoxalsa da gələcək üçün də mühüm perspektivlər var. Bununla yanaşı, gömrük sahəsində də əməkdaşlıq barədə razılaşmalar da mümkündür. Son zamanlar Azərbaycan Dövlət Gömrük Komitəsi və Qazaxıstan Maliyyə Nazirliyi Yanında Dövlət Gəlirləri Komitəsi arasında ikitərəfli təmaslar güclənib. Bu ilin aprelində Qazaxıstan tərəfinin nümayəndələri Bakıda, Dövlət Gömrük Komitəsində Azərbaycan tərəfi ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər. Bu münasibətlər çərçivəsində iki ölkə arasında gömrük prosedurunun sadələşdirilməsi barədə razılıq əldə edilə bilər. Ümumilikdə, iki dövlət arasında ənənəvi enerji ( neft və qaz ), ” yaşıl enerji “, loqistika marşrutları üzrə əməkdaşlıq mümkündür. Azərbaycan və Qazaxıstan ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı hədəfləyir. Regional risklərin yüksək olmasına baxmayaraq hər iki ölkənin potensialı bu prosesi həyata keçirməyə imkan verir. Bu baxımdan prezident İlham Əliyevin bu dəfəki Qazaxıstan səfəri həm türk dünyası arasında birliyin möhkəmləndirilməsi, həm də iki ölkə arasında siyasi – iqtisadi əlaqələrin inkişafı baxımından olduqca əhəmiyyətlidir.
Share this content:



Yorum gönder