Yerevanın nüvə silahı var
Ermənistanın keçmiş baş naziri, deputat Qrant Baqratyan “Yerevanın nüvə silahı var” sözləri ilə həm özünü, həm də ölkəsini çətin duruma salıb. Aydındır ki, Ermənistan o dövlətlərdən deyil ki, nüvə silahı olsun. Ancaq Ermənistan uran əldə edib çirkli bomba hazırlaya bilər. Bunun üçün böyük ağıl sahibi olmaq lazım deyil. Bu isə Qərbi və elə Rusiyanın özünü ciddi narahat etməlidir. Təsadüfi deyil ki, Avropa İttifaqı Ermənistanın nüvə silahına malik olması barədə bəyanatları araşdıracaq. Vaşinqtondan da mövzuyla bağlı açıqlamalar səslənib, hətta ABŞ-ın nüfuzlu qəzetləri bu mövzuya məqalələr həsr ediblər. Erməni lobbisi uzun onilliklər məzlum erməni obrazı yaradıb, müəyyən dəstək qazanıb, indi bir başıxarab erməni “nüvə silahımız var” deməklə lobbinin bu əməyini yerə vurub. Şübhələri artıran həm də bir müddət öncə ermənilərin Gürcüstanla sərhəddən radiasiya komponentli maddələri keçirməyə çalışmalarıdır.
Əslində Qrant Baqratyanın “nüvə silahıyla Azərbaycanı və Türkiyəni durdurmalıyıq” ifadəsi həm də o deməkdir ki, Ermənistan Azərbaycanla müharibədən çəkinir, bizimlə təkbətək qalmaq istəmir, aprel döyüşlərinin təkrarlanmasından qorxur, ona görə də nüvə silahı təhdidi ilə özünü “sığortalamaq” istəyir ki, Azərbaycan Dağlıq Qarabağ üzərindəki nəzarəti ələ keçirməyə çalışmasın. Ermənistandakılar anlamırlar ki, hətta hipotetik olaraq nüvə silahları olsa belə, Azərbaycan Dağlıq Qarabağa nəzarət uğrunda mübarizədən əl çəkən deyil. Bir də ki, Ermənistanın nüvə silahı haqqında məlumat sirr qala bilməzdi və belə bir məlumat həqiqətə yaxın olsaydı, Azərbaycanın nüvə silahı Ermənistandan daha öncə yaradılardı. Hindistan bir gün nüvə sınağı keçirtdi və bütün dünyaya bəyan etdi ki, nüvə silahı var, üstündən 24 saat keçməmiş Hindistanla münasibətlərində problemi olan Pakistan da nüvə sınağı keçirtdi və o da nüvə silahına malik olduğunu açıqladı. Başqa sözlə Pakistan hərbi üstünlüyün rəqib dövlətin tərəfinə keçməsinə imkan vermədi və hər iki dövlətin kəşfiyyatı, o cümlədən alimləri bilirdi ki, qarşı tərəf nə işlə məşğuldur. Yəni bir gün Ermənistanın böyük və ya kiçik həcmli nüvə silahı peyda olarsa, eyni və bəlkə də daha modern nüvə silahına Azərbaycan sahib olmaq məcburiyyətində qalacaq. Bəlkə də bu haqda indidən düşünmək lazımdır…
Elhan Şahinoğlu, atlassam atlas stratejik araştırmalar merkezi Bakü