KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Yaxın Şərqdə “kürd sevgisi”

Yaxın Şərqdə “kürd sevgisi”

Kafkassam Editör Kafkassam Editör - - 12 dk okuma süresi
356 0

Dünya güclərinin kürdlərə marağının arxasında yatan amillər və ya bəxt bu dəfə kürdlərin üzünə güləcəkmi?

Yaxın Şərqdə son maraqlı proseslər kürdlər ətrafında cərəyan edir. Ötən həftə rusların Suriyanın şimalında kürd bölgəsində hərbi baza quracağı barədə xəbərlər gündəmi zəbt elədi. Ardınca açıqlama gəldi ki, ruslar sadəcə bölgəyə hərbçi göndəriblər, baza olmayacaq.

Ancaq daha sonra rəsmi açıqlama gəldi ki, ruslar Afrin bölgəsində (Suriyada kürd kantonlarından (vilayət) biri – K.R) hərbi təlim mərkəzi quracaqlar. PYD-nin silahlı qanadı YPG-nin sözçüsü Redur Xəlil “Reuters”ə açıqlamasında rusların Afrində YPG silahlılarına təlim verəcəyini deyib. Artıq Rusiyanın Suriyadakı hərbi komandanlığına məxsus döyüş maşınları və hərbçilərin kürd bölgəsində rəsmləri də yayılıb.

Bu xəbəri təzadlı və gözlənilməz edən kürdlərin son 3 ildə ABŞ-la yaxın əməkdaşlığıdır. MMəsələ ondadır ki, Suriyanın kürd bölgəsindəki hərbi birləşmələrə amerikalılar dəstək verir. Hazırda Qamışlıda 1000-ə yaxın ABŞ hərbçisi (təlimatçı və xüsusi əməliyyatçı – K.R) var. Bundan başqa YPG və onun daxil olduğu Suriya Demokratik Qüvvələri silahlı birləşməsinin əməliyyatlarına ABŞ hərbi aviasiyası havadan dəstək verir. Pentaqon İŞİD-ə qarşı əməliyyatlarda kürdlərlə yaxından əməkdaşlıq edir. Raqqa əməliyyatını da kürdlərin flqamanı olduğu SDQ həyata keçirəcək. Yeri gəlmişkən, iki gün əvvəl məlumat verilib ki, ABŞ Müdafiə Nazirliyi Raqqa əməliyyatı üçün SDQ-yə (yəni kürdlərə – K.R) “Apache” vertolyotları göndərəcək. Bunu YPG-nin komandiri Nasir Hac Mansur Rusiyanın “Sputnik” agentliyinə müsahibəsində deyib. Hac Mansur ABŞ hökumətinin YPG-yə silah və hərbi sursat da göndərəcəyini bildirib. Eyni zamanda amerikalı təlimatçılar artıq uzun müddətdir ki, kürdlərə hərbi təlim keçir.

Qeyd edək ki, uzun illər dünyanın müxtəlif bölgələrində baş vermiş müharibələrdə ABŞ ordusunun quru əməliyyatlarının əsas silahlarından olmuş “Apache” vertolyotları gecə və gündüz, istənilən haa şəraitində quru əməliyyatlarının əvəzolunmaz dəstəkçisi hesab olunur. Onun modern silahları, tank əleyhinə raket qurğuları quru əməliyyatlarında güclü effektə malikdir. Hazırda bu vertolyotlar Mosul əməliyyatında istifadə olunur.

Əlbəttə, amerikalıların kürdlərə hərbi hücum vertolyotları verməsi və Raqqa əməliyyatında bundan istifadəsi, necə deyərlər, gələcəyin mövzusudur. Amma indi diqqəti çəkən kürdlərin Yaxın Şərqdə bu qədər “sevilən” duruma gəlməsidir. Dünyanın faktiki olaraq savaşan iki gücü – Rusiya və ABŞ – Yaxın Şərqdə kürdlərlə əməkdaşlıq edir, onları silahlandırır, təlim keçir.

Kürdlərə bu diqqətin səbəbi nədir?

Suriyanın əsasən şimal bölgələrində, Türkiyə və İraq sərhədinə yaxın 3 kantonunda (sonradan kürdlər daha bir kantonu ələ keçirərək 4 etdilər – K.R) yaşayan kürdlərin sayı bəzi məlumatlara görə 2 milyondan çoxdur. 2011-ci ildə Suriyada hadisələr başlayan zaman kürdlərin Suriyada pasportları belə yoxdu. Yanız hadisələrdən sonra Bəşər Əsəd hökuməti kürdlərə müəyyən güzəştlər, o cümlədən pasport verdi. Suriyada hadisələr başlayandan sonra siyasi baxımdan təşkilatlanmış kürdlər tezliklə həm siyasi, həm də hərbi sahədə mərkəzləşdirilmiş hakimiyyət qurdular. PYD-nin hərbi qanadı YPG yaradıldı, daha sonra onun qadın qolu olan YPJ quruldu. İlk vaxtlarda YPG kürd kəndlərini islamçı silahlılardan, əl-Qaidə və İŞİD hücumlarından müdafiə edirdisə, 2013-cü ilin sonlarından başlayaraq Suriya ordusunun çəkilməsindən sonra kürdlər sahib olduqları bölgələri nəzarətə götürməyə başladılar. 2014—15-ci illərdə kürdlər bölgədə əsas silahlı güc olan İŞİD-lə ağır savaşa girdilər, Kobani qəsəbəsi uğurunda kürdlər 5 ay İŞİD-in aramsız hücumlarına müqavimət göstərdilər. Nəticədə ABŞ-ın hərbi hava qüvvələrinin də dəstəyi ilə İŞİD-i Kobanidən qovmaq mümkün oldu və kürdlər bölgədə parlayan silahlı gücə çevrildilər. Bu dövrdə ABŞ daha yaxşı təşkilatlanmış, radikal islamla əlaqəsi olmayan (Suriya kürdləri sol təmayüllü təşkilatlarda biləşir – K.R) kürdləri özünü əsas müttəfiqi olaraq görməyə başladı.

Ötən il isə Pentaqon Ankaranın israrlarına rəğmən Raqqa əməliyyatını kürdlərlə bərabər həyata keçirəcəyini bəyan etdi. Hazırda bu əməliyyatın hazırlıqları davam edir, kürd qüvvələri və ya daha geniş formatda kürdlərlə yanaşı bəzi ərəb, süryani qruplarının da birləşdiyi Suriya Demokratik Qüvvələri adlı silahlı birləşmə Raqqaya doğru irəliləyir.

Ankara isə PYD-ni PKK-nın Suriya qolu olaraq terror təşkilatı kimi tanıyır. Türkiyə hökuməti PYD-nin Suiryanın şimalında gücə çevrilməsini suverenliyi üçün təhdid olaraq görür. Ancaq hələlik Türkiyənin daxili siyasi vəziyyəti, eləcə də bölgədəki şərtlər kürd məsələsində Qərbə qarşı hanıssa addım atmasına mane olur.

Kürdlərin Yaxın Şərqdə ABŞ və Rusiya kimi rəqib güclərə dost olmasının arxasındakı əsas səbəb onların hazırda sahib olduqları gücdür. Hazırda kürdlər və ya SDQ Suriyanin Şimalında böyük bir əraziyə nazarət edir. Bu ərazi hətta Bəşər Əsəd hökumətinin nəzarətində olan torpaqlardan da böyükdür. Üstəlik, radikal islamçı qruplardan fərqli olaraq kürdlər bölgənin böyük xalqları tərəfindən sıxışdırıldıqları üçün kənardan dəstək axtarmağa, yəni kənardan asılı olmağa məcburdurlar. Sahib olduqları savaşçı bir kütlə var və böyük güclər məhz bu amildən istifadə edərək kürdlər vasitəsilə region ödvlətlərinə təzyiq etmək, onlara təsir göstərmək imkanına malik ola bilərlər. İraqdan sonra Suriyada dayanıqlı bir kürd gücünün olması həm Türkiyə, həm Suriya üçün hər zaman ciddi təhdid olaraq qalacaq. Böyük güclər, Rusiya və ABŞ yaranmış əlverişli şəraitdə belə bir gücü əldən buraxmaq istəmir. Bu vəziyyət kürdlərə də sərf etdiyi üçün onlar Moskvadan və Vaşinqtondan gələn əməkdaşlıq təkliflərindən imtina etmir, bunları bir şans olaraq dəyərləndirir.

Amma bu əməkdaşlıq nə zamana və haraya qədər davam edəcək? Əlbəttə, hər kəsə aydındır ki, kürdlər Yaxın Şərqdə Amerika üçün İsrail kimi “olmazsa olmaz” deyil. Elə ruslar üçün də. Bunun ən bariz dəlili son 100 ilin tarixidir. Ötən 100 ildə bir neçə dəfə kürdlərə dəstək sözü verilsə də, sonda bölgənin böyük dövlətlərinin gücləri qarşısında yalnız buraxılıb.

Ancaq indi şərtlər kürdlər üçün daha münasibdir, Yaxın Şərqin kürdlər yaşayan iki ölkəsində müharibə davam edir və davam etdikcə də kürdlərə ehtiyac və dəstək paralel olaraq artır. Suriya kürdləri üçün bu bir fürsət də ola bilər. Ta o zamana qədər ki, bölgədə kürd faktorunu üstələyən daha önəmli amillər olsun. Bu isə region dövlətlərində daxili sabitliyin bərpa olunması, dövlətlərin güclənməsi ilə paralel ola bilər. Hazırda yaxın ehtimal kimi görünməsə də, Şərq hər zaman “incə məsələ” olduğu üçün tamamilə inkar oluna bilməz. Kürdlər də yaxşı anlayır ki, bölgədə müharibənin bitməsi, İraq və Suriyada hakimiyyətin güclənməsi onlar üçün şansın azalmasıdır.

Bunun bariz nümunəsdi 1971-ci ildən muxtariyyət almış və iki savaşda İraqın məğlubiyyətinə şahidlik etmiş İraq kürd muxtariyyatıdır. Barzani müstəqilliyin bir addımlığında olsa da, hələlik bunu rəsmiləşdirməyə cəsarət edə bilmir. Yeri gəlmişkən, artıq İraq kürd muxtariyyətində ciddi daxili problemlər aşkara çəıxmaqdadır, Barzaninin seçkilərə getməməsi, içəridəki müxalifləri, xüsusən də muxtariyyatın məclis sədri Yusuf Məhəmməd hazırkı muxtariyyat rəhbəri və hökumətin qeyri-legitim olduğunu bəyan edib. Hətta məclis sədri vəziyyətin belə davam etməsi halında kürdlər arasında silahlı qarşıdurmanın olacağı ilə bağlı xəbərdar edib. Bilindiyi kimi Bərzaninin əsas rəqibi keçmiş İraq prezidenti Calal Talabaninin rəhbərlik etdiyi Kürdüstan Vətənpərvərlər Birliyi təşkilatı və ona dəstək verən bir neçə siyasi qrupdur. Barzaninin seçkiləri ləngitməsi ona qarşı tənqidləri daha da artırıb və daxili gərginliyi şiddətləndirir. Barzani isə çəkilmək istəmir. Üstəlik ,hazırda Kərkükdə kürd bayraqlarının asılması ilə bağlı İraq mərkəzi hökuməti ilə ciddi ixtilaf yaranıb və kürdlər narahatdır ki, Mosul əməliyyatından sonra İraq ordusu kürdlərin nəzarət altına aldığı bölgələri geri almağa başlayacaq. Bu isə Barzani və kürd muxtariyyatı üçün ciddi problem deməkdir. Bütün bunlar isə İraq kürd siyasilərinin başı üzərində ciddi təhdid olaraq qalır.

Göründüyü kimi, hər nə qədər şərlət uyğun olsa da, kürd məsələsi həm də “yerli şərtlərə” bağlıdır. Hələlik şans üzlərinə gülsə də, kürdlərin bölgədə nə qədər qalıcı güc olacağını qarşıdakı dönəmdə yaranacaq şərtlər diktə edəcək.

Kənan Rövşənoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir