Bazen Bölgesel Rakip, Bazen Bölgesel Ortak

Libya için ateşkes adımı: Serrac imzaladı, Hafter süre istedi

DAĞLIQ QARABAĞ: 2018-Cİ İLİN YEKUNLARI

ALMATI’DA TERÖR SALDIRISI

XOCALI SOYQIRIMI

Azerbaycan, Ermenistan 6 Şubat 2020
114

Tarixi faktlar göstərir ki, strateji baxımdan mühüm əhəmiyyətə malik olan Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə İrandan və Türkiyədən erməni əhalisinin kütləvi şəkildə köçürülməsinə XIX əsrin əvvəllərində başlanmışdır. Çar Rusiyasının müstəmləkəçilik siyasətinin tərkib hissəsi olan bu köçürülmə prosesi bütün XIX əsr boyunca davam etdirilmiş və nəticədə regionda demoqrafik vəziyyətə ciddi təsir göstərmişdir. Ermənilərin sayının bu bölgədə süni surətdə çoxaldılması onların XX əsrin əvvəllərindən başlayaraq Azərbaycana qarşı ərazi iddialarının baş qaldırmasına əlverişli şərait yaratmışdır. XX əsr Azərbaycan xalqının həyatına, tarixinə ən qanlı, fəlakət və faciələrlə, əzab və işgəncələrlə, həm də hünər və rəşadətlə dolu əsr kimi daxil olmuşdur. Bu əsrin demək olar ki bütün onillikləri, qərinələri qan ilə yuyulmuşdur. Az qala bu əsrə yaxın kommunist partiyasının qanlı faciə və fəlakətlərlə dolu keçdiyi yol kifayət deyilmiş kimi, təxminən onunla həmyaş olan erməni-daşnaq liderlərinin müxtəlif illərdə qəsdən, şüurlu törətdikləri vəhşiliklər də hamısı bu əsrin payına düşür. Əgər təkcə bu əsrdə günahsız axıdılan türk-müsəlman qanını bir yerə yığmaq mümükün olsaydı Xəzərə bənzər bir dərya yaranardı. Buna günahsız, silahsız insanların ah-naləsini, göz yaşlarını, əzab-əziyyətini, fəryadını da əlavə etmək mümkün olsaydı bu dərya daha dərin, daha müsibətli görünərdi. Xocalı qırğını XX əsrin sinəsində açdığı ən dərin qanlı şırımdır. Əsrlər keçəcək yeni-yeni nəsillər gələcək, amma bu şırımın üstünü heç zaman daş-kəsək, ot-alaq basa bilməyəcək. Dünyanın hansı qitəsindən baxılsa bu şırımın rus-erməni cəlladlarının əli ilə törədilmiş ah-naləsi, iniltisi fəlakəti aydın görünəcəkdir.
Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasəti Azərbaycan tarixinin ən qanlı səhifələrini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi azərbaycanlıları tarixi torpaqlarından qovmaqla əzəli Azərbaycan ərazilərində ermənilərin uydurduqları “Böyük Ermənistan” dövləti yaratmaq olmuşdur.
Dünyada dəhşətli bir erməni xaosu dolaşmaqdadır. Dünyanın müxtəlif ölkələrində səpələnmiş halda yaşayan erməni kütləsi istənilən vaxt hər hansı millətə və xalqa qarşı terror və başqa vasitələrlə soyqırımlar törədə bilirlər. Dünyaya ağalıq etmək iddiasında olan ermənilər 200 ildən artıq bir zaman kəsiyində bu xülya ilə yaşayaraq ayrı-ayrı dövrlər ərzində saysız-hesabsız terrorlar və soyqırımlar törədərək məqsədlərinə nail olmağa çalışmışlar. Heç vaxt Cənubi Qafqazda dövləti və dövlətçiliyi olmayan, qaraçı həyat tərzi keçirən ermənilər himayədarlar taparaq onların sayəsində əvvəlcə Azərbaycan ərazisində məskunlaşmış, sonra isə Rusiya imperiyasının köməyi ilə xalqımızı soyqırıma məruz qoyaraq bizim dədə-baba torpaqlarımızda Ermənistan adlı respublika yaratmışlar. Lakin bütün bunlara baxmayaraq onlar yenə də öz mənfur niyyətlərindən əl çəkməyib ardıcıl şəkildə Azərbaycana təcavüz edib soyqırımlar törədərək torpaqlarımızı zəbt etmişlər. Azərbaycanlılara qarşı ermənilərin törətdikləri terror və soyqırımların biri də Azərbaycanın Xocalı şəhərində həyata keçirilmişdir .
XX əsrin 80-ci illərinin ikinci yarısında Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü, eləcə də azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə və soyqırımı siyasətinin sistemli şəkildə öyrənilməsinə çox böyük ehtiyac duyulur. Bu problem indiyədək alimlər və mütəxəssislər tərəfindən araşdırılmış, bir sıra müxtəlif elmi əsərlər, monoqrafiyalar yazılmışdır.
Tarixin müxtəlif dönəmlərində ermənilər tərəfindən soyqırıma məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə 1992-ci ilin fevralında Xocalıda üzləşdi. Yaxın tariximizin ən faciəli səhifələrindən biri olan Xocalı soyqırımı xalqımızın qan yaddaşına əbədi həkk olundu. Təəssüflər olsun ki, Xocalı şəhəri tarixə Xocalı faciəsi kimi düşdü. Bu faciə görünməmiş amansızlıq, qəddarlıq və qətl faktları, öz miqyası və üsulları ilə dünyada və tarix qarşısında bir daha ermənilərin xislətini bütün aydınlığı ilə ortaya qoydu. Bəli, Xocalı faciəsi dünyada qətl və qəddarlıq simvoludur.
Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.
XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımı dünya tarixində yaddaşlardan heç vaxt silinməyən Xatın, Ruanda, Srebrenitsa və Holokost kimi dəhşətli faciələrdən heç də geri qalmır. Hazırda Xocalı həqiqətlərinin dünyaya çatdırılması və beynəlxalq aləmdə daha geniş yayılması, eləcə də qətliama obyektiv siyasi-hüquqi qiymət verilməsi istiqamətində atılan addımlar Heydər Əliyev Fondu tərəfindən çox uğurla davam etdirilir. Fondun bu istiqamətdə fəaliyyəti nəticəsində dünya ölkələri erməni işğalçılarının Xocalıda insanlığa sığmayan qətlləri haqqında daha geniş məlumatlandırılır.
Azərbaycan xalqının tarixinə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı faciəsi kimi daxil olmuşdur. Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarına zidd olaraq, keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin iştirakı ilə yatan şəhərə hücum edərək azərbaycanlılara qarşı soyqırım aktını törətmişlər .
Azərbaycan xalqı bu faciəni ürək ağrısı ilə öz qəlbində yaşadır. Xocalı faciəsinin, eləcə də xalqımıza qarşı dəfələrlə törədilən soyqırımların ötən əsrin sonlarına qədər öz hüquqi qiymətini almaması illər boyu Azərbaycanın üzləşdiyi ən böyük ədalətsizliklərdən biridir. Sovetlər birliyinin süqutu ilə yaranan mürəkkəb tarixi və ictimai–siyasi şəraitdə dövlət müstəqilliyini yenicə qazanan ölkəmizin üzləşdiyi ərazi itkisi ilə yanaşı, əsrin ən dəhşətli faciələrindən birini yaşaması yeni tariximizə qara hərflərlə yazıldı.
Azərbaycan xalqına qarşı aparılan misli görünməmiş bu soyqırım, amansız qırğın aktı, erməni qəsbkarlarının ölkəmizin dövlət müstəqilliyini, ərazi bütövlüyünü hədəf almış məqsədyönlü irticaçı siyasətinin növbəti qanlı səhifəsi olmaqla bərabər, təkcə xalqımıza deyil, bütün insanlığa qarşı irimiqyaslı cinayətdir.
Qanlı Xocalı qırğınını törətməklə Dağlıq Qarabağın hüdudlarından kənara çıxan Ermənistan Azərbaycana qarşı genişmiqyaslı təcavüzə başladı. Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı 20 min vətəndaşımız öldürüldü, 50 min nəfərdən çox adam yaralandı və əlil oldu, ölkəmizin ərazisinin 20 faizi işğal edildi. Xalqımız misli görünməyən humanitar fəlakətlə üz-üzə qaldı.
Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının, Avropa Parlament Assambleyasının və bir sıra beynəlxalq qurumların Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və problemin ölkəmizin ərazi bütövlüyü çərçivəsində obyektiv həllini tapmasına dair qətnamə və qərarlarına baxmayaraq, bu günəqədər ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar heç bir nəticə verməmişdir.
Azərbaycanlılara qarşı etnik təmizləmə və Xocalı soyqırımı
İrandan və Türkiyədən Azərbaycanın strateji baxımdan mühüm əhəmiyyətə malik olan Qarabağ bölgəsinin dağlıq hissəsinə çoxlu sayda erməni əhalisinin köçürülməsinə XIX əsrin əvvəllərində başlanmışdır. Ermənilərin bu bölgədə süni surətdə çoxaldılması onların XX əsrin əvvəllərindən başlayaraq Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin baş qaldırmasına səbəb olmuşdur .
Azərbaycan xalqı son 200 il ərzində erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə və soyqırımı siyasətinə məruz qalaraq, öz tarixi torpaqlarından didərgin salınmış, qaçqın və məcburi köçkünə çevrilmişlər. XX əsrin əvvəllərində erməni millətçiləri “Daşnaksütyun” partiyasının proqramında irəli sürülən “Böyük Ermənistan” ideyasını reallaşdırmaq istiqamətində fəaliyyətini genişləndirərək öz tarixi torpaqlarında yaşayan azərbaycanlıları planlı surətdə doğma yurdlarından qovmaqla etnik təmizləmə və soyqırımı siyasətini həyata keçirməyə başladılar.
1905-1906-cı illərdə ermənilər Bakıda, Gəncədə, Qarabağda, İrəvanda, Naxçıvanda, Ordubadda, Şərur-Dərələyəzdə, Tiflisdə, Zəngəzurda, Qazaxda və başqa yerlərdə dinc azərbaycanlılara qarşı qırğınlar törətmiş, əhali amansızlıqla qətlə yetirilmiş, şəhər və kəndlər yandırılmış və dağıdılmışdır. Erməni silahlı dəstələri Şuşa, Zəngəzur və Cəbrayıl qəzalarında, İrəvan və Gəncə quberniyalarında azərbaycanlılar yaşayan 200-dən artıq yaşayış məntəqəsini viran qoymuş, on minlərlə soydaşımız öz doğma yurdlarından qaçqın və məcburi köçkün düşmüşlər. Ermənilər 200 mindən artıq azərbaycanlını (uşaq, qadın, qoca) fərq qoymadan qətlə yetirməklə həmin ərazilərdə çar Rusiyasının onlara vəd etdiyi “Ermənistan dövləti”ni qurmaq üçün etnik təmizləmə aparmışlar .
Bu siyasətin davamı olaraq, erməni silahlı qüvvələri tərəfindən 1917-ci ilin əvvəllərindən 1918-ci ilin mart ayına qədər olan dövrdə İrəvan quberniyasında 197 kənd, Zəngəzur qəzasında 109, Qarabağda 157 kənd dağıdılmış, digər bölgələrdə 60 yaşayış məskəni məhv edilmiş, yandırılmış və viran qoyulmuşdur. 1918-ci il martın 31-də və aprelin ilk günlərində erməni-bolşevik birləşmələri Bakıda 12 min dinc azərbaycanlını qətlə yetirdilər. Bu qanlı hadisələr zamanı insanlar evlərində diri-diri yandırılmış, eləcə də xüsusi işgəncələrlə və amansızlıqla öldürülmüşdür. Ermənilərin silahlı hücumu nəticəsində 1918-ci ilin ilk beş ayı ərzində Quba qəzasında 16 mindən çox insan xüsusi qəddarlıqla qətlə yetirilmiş, 167 kənd dağıdılmışdır ki, onlardan 35-i hazırda mövcud deyil .
Ümumilikdə, 1918-1920-ci illərdə ermənilər tərəfindən törədilmiş kütləvi qırğınların Bakı, Quba, Şamaxı, Kürdəmir, Lənkəranla yanaşı, Şuşada, İrəvan quberniyası ərazisində, Zəngəzurda, Naxçıvanda, Şərurda, Ordubadda, Qarsda və başqa bölgələrdə amansız şəkildə davam etdirilməsi nəticəsində on minlərlə azərbaycanlı ən qəddar üsullarla qətlə yetirilmiş, bir milyondan çox əhali öz doğma torpaqlarından didərgin salınmışdır. Tarixi Azərbaycan torpaqlarında ermənilər tərəfindən bu vəhşiliklər törədilərkən məktəblər, məscidlər yandırılmış, maddi-mədəniyyət nümunələri məhv edilmişdir .
Nəticədə, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ süni şəkildə aran və dağlıq hissələrinə bölünmüş və Azərbaycan rəhbərliyi Qarabağın dağlıq hissəsində sonradan məskunlaşmış ermənilərə muxtariyyət statusu verməyə məcbur edilmişdi. Eyni zamanda, bu muxtariyyət statusu Dağlıq Qarabağda tarixən yaşayan azərbaycanlıların rəyi nəzərə alınmadan və onların hüquqları kobudcasına pozularaq həyata keçirilmişdi.
“Böyük Ermənistan” xülyası ilə yaşayan ermənilər öz məqsədlərinə çatmaq üçün xarici himayədarların köməyi ilə müxtəlif vaxtlarda azərbaycanlılara və türklərə qarşı dəhşətli terror və soyqırımı həyata keçirməklə etnik təmizləmə siyasəti aparmışlar. Azərbaycanın tarixi ərazilərinin bir hissəsində öz dövlətlərini yaratmağa nail olan erməni millətçiləri sonrakı dövrdə, xüsusilə sovet hakimiyyəti illərində məkrli niyyətlərini həyata keçirmək üçün ardıcıl olaraq müxtəlif vasitələrə əl atmışlar.
Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsində yaşayan erməni icması Stalin rejiminin onlara bəxş etdiyi bütün siyasi, iqtisadi, sosial və mədəni məsələləri əhatə edən muxtariyyətə malik olsa da, Ermənistan öz yeni ərazi iddialarını bir neçə dəfə ortaya atmış, ancaq istəyinə nail ola bilməmişdir. Lakin bunun əvəzində 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Sovetinin “Ermənistan SSR-dən kolxozçu və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi haqqında” qərarına əsasən 1948-53-cü illərdə azərbaycanlıların tarixi torpaqlarından, xüsusilə də İrəvan və onun ətraf rayonlarından kütləvi şəkildə deportasiya olunması nəticəsində 150 minə yaxın soydaşımız zorakılıqla Azərbaycanın aran rayonlarına köçürülmüşdür .
XX əsrin 80-ci illərinin ikinci yarısında Sovetlər İttifaqında yenidənqurma adı altında bir sıra iqtisadi-siyasi dəyişikliklər baş verdi. Belə bir şəraitdə ermənilər özlərinin yaxın və uzaq xaricdəki himayədarlarının köməkliyi ilə “Böyük Ermənistan” ideyasını həyata keçirmək üçün aşkarlıq və demokratiyadan sui-istifadə edərək yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair ərazi iddiaları irəli sürdülər.
1988-ci ilin fevral ayından Xankəndinidə ermənilərin mitinqləri başlandı. Sanki sehrli dirijor çubuğu ilə idarə olunan mitinqlər sakit məcrada davam edir, ermənilər müxtəlif tələblər irəli sürürdülər. Bu tələblərin içərisində isə Dağlıq Qarabağın müstəqilliyi daha çox səslənirdi. Buna baxmayaraq Azərbaycanın o vaxtkı rəhbərliyi bu mitinqlərin sosial-iqtisadi, mədəni tələblərlə bağlı olduğunu bildirir, həqiqəti ört-basdır edirdilər. Keçmiş sovet hökuməti isə Dağlıq Qarabağın sosial-iqtisadi problemlərinin həll edilməsi ilə bağlı qərar qəbul etməklə kifayətlənirdi. Qərarın mürəkkəbi qurumamış Azərbaycanın var-dövləti Xankəndinidə daşınmağa başlandı. Ermənilərə də elə bu lazım idi…
Ermənistan SSR Ali Soveti 1989-cu il dekabrın 1-də Azərbaycanın suverenliyini kobud surətdə pozaraq DQMV-nin Ermənistan SSR-ə birləşdirilməsi haqqında Konstitusiyaya zidd qərar qəbul etdi. DQMV-nin müəssisələri Ermənistanın müvafiq nazirlik və idarələrinin tabeliyinə verildi. Birbaşa Sovet rəhbərliyinin fəaliyyətsizliyi, çox vaxt isə açıq himayədarlığı sayəsində DQMV iqtisadiyyatının və digər sahələrinin, faktiki olaraq, Azərbaycandan ayrılması və Ermənistana birləşdirilməsi baş verdi. Bütün rayon partiya komitələri Ermənistan KP-nin tərkibinə daxil edildi. DQMV ərazisində Ermənistanın bayrağı qaldırıldı. Sovet rəhbərliyinin çox ciddi və bağışlanılmaz səhvləri və ermənipərəst siyasəti 1990-cı ilin sonu -1991-ci ilin əvvəllərində vəziyyətin getdikcə kəskinləşməsinə gətirib çıxardı, DQMV və Azərbaycanın Ermənistanla həmsərhəd bölgələrində erməni təcavüzü daha geniş miqyas aldı.
1988-1991-ci illər ərzində Dağlıq Qarabağ ətrafında çox ziddiyyətli, mürəkkəb vəziyyət yaranmışdı. Öz dədə-baba yurdlarından – Ermənistandan zorla, vəhşiliklə qovulan azərbaycanlıların harayını eşidən yox idi. Ermənilər isə kütləvi şəkildə silahlanır, vilayətdə yaşayan azərbaycanlılara divan tutur, yurd-yuvalarından didərgin salırdılar. Dağlıq Qarabağda vaxtilə azərbaycanlılar 78 kənddə, yaşayıblar. Hadisələr başlayandan sonra məlum oldu ki, orada cəmi beş-on Azərbaycan kəndi qalıb. Hələ hadisələrə qədər ermənidaşnaklar 230-a yaxın azərbaycanlı evini, yandırmış, 200-dən artıq evi isə zəbt etmişdilər .
Erməni terror təşkilatı ASALA-nın fəal yaraqlılarından olan Vazgen Sisinyan Xocalıda azərbaycanlı körpələrin öldürülməsində iştirakmı etiraf etməkdən belə çəkinməyib. Xocalı soyqırımında iştirakı təsdiqlənən, 1988-ci ilin 18 fevralında Xankəndi ermənilərinin Xocalıya basqınına bilavasitə rəhbərlik edən, terror hərəkətləri nəticəsində Ermənistan Respublikasının prezidenti olan Robert Köçəryan Vazgen Sisinyana Qarabağ müharibəsinin qəhrəmanı adını verib.
Beləliklə, 1988-1991-ci illərdə, yəni hadisələrin başlanğıcından SSRİ-nin süqutuna qədər olan dövrdə sovet hakim dairələri tərəfindən himayə edilən Ermənistan Azərbaycana qarşı açıq-aşkar təcavüzkar siyasət yeritmiş, nəticədə dinc sakinlər qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, talan edilmiş və yandırılmışdır. Bu illər ərzində Dağlıq Qarabağda ermənilər tərəfindən törədilmiş 2559 toqquşma, 315 silahlı basqın, 1388 atəşə tutma halları qeyd alınmışdır ki, bunların da nəticəsində 514 nəfər həlak olmuş, 1318 nəfər yaralanmışdır. Eyni zamanda, həmin dövrdə etnik təmizləmə nəticəsində Ermənistandakı 185 azərbaycanlı kəndindən 250 min nəfərə qədər soydaşımız zorakılıqla doğma yurdlarından qovuldu. Təəssüf ki, hadisələrin başlanğıcında erməni millətçilərinin qarşısının alınmaması vəziyyəti get-gedə kəskinləşdirirdi. Azərbaycan hökuməti tərəfindən nəzarət olunmayan Dağlıq Qarabağda Ermənistandan göndərilən silahlı dəstələr və hərbi texnikanın köməyi ilə azərbaycanlılara qarşı daha qanlı cinayətlər törədildi ki, bu da münaqişənin böyüyüb irimiqyaslı müharibəyə çevrilməsinə səbəb oldu.
Azərbaycan müstəqillik əldə etdikdən sonra erməni separatçılarının Dağlıq Qarabağda başladıqları təcavüzkar siyasət yüzlərlə kənd və qəsəbənin dağıdılması, on minlərlə günahsız insanın qanının axıdılması, yüz minlərlə insanın öz evindən, elindən didərgin salınması ilə nəticələnmişdir. Lakin Xocalı faciəsi bunların ən dəhşətlisi olmuşdur .
Azərbaycan xalqı torpaqlarımızın müdafiəsi ugrunda gedən müharibədə çox şəhidlər və qurbanlar vermişdir. Ancaq Xocalı faciəsi qan yaddaşımıza xüsusi yazıldı.
Xocalı ermənilər tərəfindən ilk dəfə ötən əsrin əvvəllərində 1905-ci ildə yandırılıb, külə döndərilib, əhalisi vəhşicəsinə qılıncdan keçirilib, qanına qəltan edilib. Onun doğma yurd həsrəti ilə qovrulan didərgin sakinləri ara səngiyəndən sonra yenidən ata-baba torpaqlarının yaralarını sağaltmaq, dağıdılmışları bərpa etmək, yıxılmışları ayağa qaldırmaq üçün geri qayıdıblar. Ermənilər 1918-ci ildə Xocalını ikinci dəfə yandırıb, külünü havaya sovurublar .
1992-il fevralın 25-dən 26-na keçən gecə Xocalıda yeni dəhşətli soyqırım törədildi. Bu haqda nə qədər yazılsa da ürəyimizdəki bu dəhşət, bu ağrı, kin-küdurət, intiqam hissi yenə də susmaq bilmir və bilməyəcək də .
Bəşər tarixində ən dəhşətli hadisələrdən biri olan Xocalı soyqırımının törədilməsindən bizi 28 illik bir zaman məsafəsi ayırır. O gecədə təpədən dırnağa qədər silahlanmış erməni quldur dəstələri Qarabagımızın Xankəndi bölgəsində yerləşən 366-cı rus alayı ilə birlikdə Xocalını yandırıb külünü göyə sovurdular. Əliyalın olan dinc sakinləri qəddarcasına qətlə yetirdilər. Girov götürdüklərini təhqir və həqarətlərə, zülm və işgəncələrə məruz qoydular. Azərbaycan xalqı torpaqlarımızın müdafiəsi ugrunda gedən müharibədə çox şəhidlər və qurbanlar verdi. Ancaq Xocalı faciəsi qan yaddaşımıza əbədilik yazıldı. Bu, bir tərəfdən hər bir Xocalı sakininin öz torpağına, millətinə, vətəninə, sədaqətinin nümunəsidir, ikinci tərəfdən də Ermənistanın millətçi qüvvələrinin xocalılılara qarşı vəhşiliyidir. Faciənin törədilməsinin əsas səbəbi Xocalının erməni qaniçənlərinin yolu üstündə böyük maneə olması idi. Çünki Xocalı Dağlıq Qarabağda həm magistral şosse yolunun, həm də dəmir yolunun üstündə yerləşirdi. Orada hava limanı da vardı. Buna görə də ermənilər hər vəchlə Xocalını ələ keçirməyə çalışırdılar.
Hələ faciədən 4 ay əvvəl, yəni 1991-ci il oktyabrın sonundan şəhərə gedən bütün avtomobil yolları bağlanmış və Xocalı faktiki olaraq mühasirəyə alınmışdı. Bununla yanaşı, yanvarın 2-dən Xocalıya verilən elektrik enerjisi də kəsilmişdi. Beləliklə, artıq Xocalının Azərbaycanın digər bölgələri ilə bütün əlaqələri kəsilmiş, yalnız yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı. Ancaq bir neçə ay sonra Xocalı ilə vertolyot əlaqəsi də kəsildi. Yəni 1992-ci ilin yanvarın 28-də Ağdamdan Şuşaya uçan Mİ-8 vertolyotu şəhərə çatmamış, Xəlfəli kəndinin üzərində Xankəndi tərəfindən raketlə partladıldı, içərisində olan 3 nəfər heyət üzvü və 41 sərnişin həlak oldu. Bundan sonra isə Ermənistan ordusu bir-birinin ardınca yuxarı Qarabağda azərbaycanlılar yaşayan sonuncu yaşayış məntəqələrini də işğal etdilər. 1991-ci ilin sonunda Qarabağın dağlıq hissəsindəki 30-dan çox yaşayış məntəqəsi, o cümlədən Tuğ, İmarət-Qərvənd, Sırxavənd, Meşəli, Cəmilli, Umudlu, Kərkicahan və digər strateji əhəmiyyətə malik kəndlərimiz ermənilər tərəfindən yandırıldı, dağıdıldı və talan edildi .
1992-ci ilin əvvəllərindən başlayaraq Ermənistan ordusu bir-birinin ardınca yuxarı Qarabağda azərbaycanlılar yaşayan sonuncu yaşayış məntəqələrini də işğal etdilər. Belə ki, fevral ayının 12-də Şuşanın Malıbəyli və Quşçular kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən zəbt olundu. Fevralın 13-dən 17-dək Xocavənd rayonunun Qaradağlı kəndinə silahlı hücum zamanı 118 nəfər (uşaq, qadın, qoca) ermənilər tərəfindən əsir götürülmüş, 33 nəfər güllələnmiş, eyni zamanda, öldürülmüş və yaralanmış sakinləri bir yerdə təsərrüfat quyusuna tökərək basdırmışlar. Əsir götürülənlərdən 68 nəfəri amansızlıqla öldürülmüş, 50 nəfəri isə böyük çətinliklə əsirlikdən azad edilmişdir. Azad olunanların 18 nəfəri aldıqları sağalmaz yaralardan sonra vəfat etmişdir.
XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımı indiyədək bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir. Xocalı faciəsi tarixi yaddaşlardan heç vaxt silinməyən Xatın, Xolokost, Sonqmi, Ruanda və Srebrenitsa kimi dəhşətli faciələrdən heç də fərqlənmir. Adı çəkilən hadisələr müharibələr tarixinə dinc əhalinin soyqırımı olaraq daxil olmuş və bütün dünyada geniş əks-səda doğurmuşdur.
Xocalı şəhəri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində strateji əhəmiyyətli ərazi kimi ermənilərin işğalçılıq planlarına mane olurdu. Çünki Xocalı Xankəndindən 10 km cənub-şərqdə, Ağdam-Şuşa və Əsgəran-Xankəndi yollarının arasında yerləşirdi. Şəhərin əhəmiyyətini artıran səbəblərdən biri də Dağlıq Qarabağın yeganə hava limanının məhz burada yerləşməsi idi. Buna görə Ermənistan silahlı qüvvələrinin əsas məqsədi Xocalıdan keçən Əsgəran-Xankəndi yoluna nəzarət etmək və Xocalıda yerləşən aeroportu ələ keçirmək idi .
Xüsusi qəddarlıqla həyata keçirilən Xocalı soyqırımının törədilməsi zamanı ermənilər Azərbaycanın bu qədim yaşayış məskəninin yer üzündən silinməsini qarşıya məqsəd kimi qoymuşdular. Çünki Xocalı Azərbaycanın qədim dövrlərinə aid ərazilərdən biri kimi tarix və mədəniyyət abidələri ilə seçilirdi. Azərbaycanlılardan ibarət 7 min nəfərdən çox əhalisi olan Xocalı ermənilər yaşayan kəndlərin əhatəsində ən böyük və qədim yaşayış məskəni olmuşdur. Burada qədim tarixi abidələr müasir dövrə qədər qalmaqda idi. Məlumdur ki, Xocalı yaxınlığında bizim eradan əvvəl XIV-VII əsrə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin nümunələri mövcud idi. 1992-ci ilin fevralında erməni silahlı qüvvələri 366-cı sovet alayının köməyi ilə Xocalı əhalisini vəhşicəsinə qırarkən, soyqırımın ən iyrənc mərhələsi olan izi itirmək kimi mənfur hərəkətlərə də əl atmış və Azərbaycan xalqı, eləcə də bəşəriyyət üçün nadir abidələr nümunəsi olan Xocalı abidələrini də dağıtmışlar.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndində yerləşən keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyasına daxil olan 366-cı motoatıcı alayın 10 tankı, 16 zirehli transpartyoru, 9 piyadaların döyüş maşını, 180 nəfər hərbi mütəxəssisi və xeyli canlı qüvvəsi ilə Xocalını mühasirəyə aldı. Ermənilər ən müasir silahlarla şəhərə hücum edərək Xocalı şəhərini yerlə-yeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdılmış, yandırılmış və insanlar xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Onların içərisində başları kəsilən, gözləri çıxarılan, dərisi soyulan, diri-diri yandırılan və digər şəklə salınanlar çoxluq təşkil edirdi. İstintaq materiallarından məlum olur ki, hücuma rəhbərlik edən və hazırda Ermənistanın müdafiə naziri olan Seyran Ohanyanın, eləcə də 366-cı alayın 3-cü batalyonunun komandiri Yevqeni Nabokixin komandasında əlavə olaraq 50-dən çox erməni zabiti və giziri iştirak etmişlər.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etdi. Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artilleriyadan şiddətli atəşə tutuldu. Nəticədə, fevralın 26-ı səhər saat 5 radələrində Xocalı tam alova büründü. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü.
Erməni təcavüzü nəticəsində respublikamızın 900 yaşayış məntəqəsi zəbt edilmiş, 4366 sosial obyekt, 690 məktəb, 280 uşaq bağçası, 862 klub, 932 kitabxana, 1831 kino qurğusu, 855 məktəbəqədər müəssisə, 656 poliklinika, ambulatoriya, aptek və digər tibb müəssisəsi, xalqın ibadət yeri olan 10 məscid dağıdılmış, Ermənistandan qovulmuş soydaşlarımızın 380 kəndi zəbt edilmiş və əhalisinin bütün var-dövləti orada qalmışdır .
Sağ qalan şahidlərin dediyinə görə, şəhərə olan hücumdan sonra Xocalı bir anın içində odlara qalandı. Heç kəsə – nə körpələrə, nə qocalara, nə qadınlara, nə də yaralılara aman verilmirdi. Qatillər arasında zəncilər, muzdlular da var idi. Ermənilər xüsusi qəddarlıq göstərir, qadınlara, körpələrə və qocalara ağır işgəncələr verərək öldürürdülər.
Bu faciə zamanı bir neçə saat ərzində 613 nəfər dinc azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca qəddarcasına, dözülməz işgəncə verilməklə öldürülüb, 487 nəfərə ağır xəsarət yetirilib, 1275 sakin – köməksiz qocalar, qadınlar girov götürülüb, ağlasığılmaz zülmə, təhqirlərə və həqarətə məruz qalıblar. Erməni hərbçiləri öldürdükləri insanların başlarının dərisini soymuş, müxtəlif əzalarını kəsmiş, körpə uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarınlarını yarmış, bəzilərini diri-diri torpağa basdırmış və yandırmışlar .
Həmin gecə Xocalı sakinləri ilə bərabər, 1988-ci ildə Ermənistandan qaçqın düşərək Xocalıya pənah gətirmiş qaçqın və məcburi köçkün azərbaycanlılar; Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin mərkəzi olan Xankəndi şəhərini işğal edən zaman qaçıb canını qurtarmış Xankəndi qaçqınları və 1989-cu ildə Fərqanə (Özbəkistan) olayları zamanı Azərbaycana sığınmış Axısxa türkləri (onlar 54 ailə idi) də bu dəhşətli soyqırımın qurbanı oldular.
Ağdam, Şuşa, Laçın istiqamətinə çıxan yollar əvvəlcədən zirehli texniki vasitələrlə, tanklarla kəsilmişdi. Ölümün pəncəsindən xilas olmaq üçün meşələrə, dağlara, dərələrə üz tutub pərən-pərən olmuş adamları güllələyirdilər. Ana baladan, bacı qardaşdan ayrı düşmüşdü. Köməksiz adamların harayı ərşə qalxırdı. Bu harayın içində tövlələrdə yandırılan atların kişnəməsi, mal-qaranın mələməsi də eşidilirdi. Düşmən olduqca amansız idi. Bu məqamda heç kim Xocalının imdadına çatmadı. Xocalı qan içində boğuldu, yanıb külə döndü.
Fevralın 27-də Xocalıdan 250-300 nəfər Ağdama gələ bilmişdi. Dəhşətli xəbərlər eşidilirdi. Bu dözülməz dəhşətləri gözlərilə görən şahidlər deyirdilər ki, Yarov kəndi tərəfdə 300 nəfər, Ağbulaqda 500 nəfər, Əsgəranda 150 nəfər, Naxçivannikdə 400 nəfər əsir düşmüşdü. Meşələr qadın və uşaq meyitləriylə dolu idi .
Qaçıb meşələrdə gizlənə bilmiş onlarla azərbaycanlı günlərlə meşələrdə ac-susuz qalmaqdan, dəhşətli soyuqdan tələf olurdular. Ağır yaralanmış onlarla Xocalı sakini (o cümlədən qocalar, uşaqlar) qanaxmasından ölürdülər. Çünki Ermənistan silahlı qüvvələri onların qaçıb canını qurtara biləcəyi bütün yolları mühasirəyə almışdılar. Ölümə məhkum olmuş bu insanlar, “bəlkə qaçıb canımı qurtara bildim, onsuz da burda sonum ölümdü” düşüncəsi ilə gecələr qaranlıq düşdükdən sonra Ağdama doğru sürünürdülər: soyuqda, qarın üstündə, ac-susuz, taqətsiz… Bu yolla da çox az adam dəhşətli ölümdən canını qurtara bildi .
Xocalı soyqırımında iştirak etmiş Davud Xeyriyan kitabında yazır: “Martın 2-də erməni “Qaflan” qrupu 100-dən artıq azərbaycanlının meyitini toplayıb, Xocalının təxminən 1 km qərbində yandırdı. Mən maşına daşınan meyitlərin içərisində əlindən və alnından yaralanan 10 yaşlı qızcığazı gördüm. Üzü artıq göyərmiş olan bu uşaq aldığı yaralara, soyuğa və aclığa baxmayaraq hələ sağ idi. O, asta-asta nəfəs alırdı. Mən ölümlə mübarizə aparan bu körpənin gözlərini unuda bilmirəm… Tezliklə Tiqranyan adlı əsgər bu hərəkətsiz qalmış qızcığazı götürərək meyitlərin üstünə atdı. Sonra onları yandırdı. Mənə elə gəlir ki, yanan cəsədlər arasında kimsə qışqırır, xilas üçün kömək istəyirdi. Bundan sonra mən irəli gedə bilmədim.”
Bu, erməni Davud Xeyriyanın insanlıq və həqiqət qarşısında dəhşətli etirafıdır. Yüzlərcə belə vəhşiliyin, faktın şahidi olan Xocalılar bu gün də o müdhiş gecənin vahiməsindən, təlatümündən xilas ola bilməyib. Çoxu psixoloji sarsıntılara duruş gətirə bilməyərək dünyasını dəyişib, bəziləri ruhi xəstəliyə mübtəla olub, bəziləri isə qarlı gecədə aldıqları güllələri indiyə qədər bədənlərində gəzdirməkdədirlər. Onlar Azərbaycanın 49-dan çox rayonuna dağılıb, pərən-pərən düşüblər .
Qanlı olayları gözləriylə görüb lentə alan fransalı Jan-iv-Yunet yazır: “Biz Xocalı faciəsinin şahidi olmuşuq. Yüzlərlə meyit gördük. Onların arasında qadınlar, qocalar, uşaqlar və Xocalının müdafiəsində duran adamlar var idi. Bizim ixtiyarımıza vertolyot verildi. Hündürlüyə qalxaraq havada gördüklərimizi kameraya çəkirdik, Xocalı və onun ətrafını lentə alırdıq. Bu zaman erməni hərbi birləşmələri bizim vertolyotu atəşə tutdular və biz məcburiyyət qarşısında qalaraq, çəkilişi yarımçıq qoyub geri qayıtdıq. Mən müharibə haqqında çox eşitmişəm. Alman faşistlərinin qəddarlığı barədə oxumuşam, ancaq ermənilər dinc əhalini və hətta 5-6 yaşlı uşaqları belə öldürməklə vəhşilikdə onları arxada qoymuşdular. Biz xəstəxanada, vaqonlarda, hətta uşaq bağçaları və məktəb otaqlarında çoxlu sayda yaralılar gördük.”
Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş Çingiz Mustafayev misilsiz hünər göstərərək fevralın 28-də vertolyotla faciə yerlərində olmuş, erməni quldurlarının törətdiyi vəhşilikləri kamera ilə lentə almiş və tarixin yaddaşına yazmışdır.
Xocalı soyqırımı barədə həqiqətlərin dünyaya çatdırılması
Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra açıqlanmış, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermişdir.
2002-ci il fevralın 25-də ümummilli lider Heydər Əliyev Xocalı soyqırımının 10-cu ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətində bu amansız kütləvi qırğının tarixi-siyasi mahiyyətini göstərmişdir: “Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir.”
Hazırda bu soyqırımımı törədənlərin ifşa olunması və beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində artıq bir sıra beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə Ermənistan işğalçı dövlət kimi göstərilmişdir. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atılmışdır.
Bu baxımdan Heydər Əliyev Fondu, xüsusilə onun prezidenti, YUNESKO və ISESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın gördüyü işlər olduqca təqdirəlayiqdir. Belə ki, fond bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində çox sistemli və ardıcıl fəaliyyət göstərir. Fondun dəstəyi və təşkilatçılığı ilə məktəblilər arasında keçirilən “Xocalı – uşaqların gözü ilə” rəsm müsabiqəsinin, əl işlərinin və foto-şəkillərin dünyanın aparıcı ölkərində keçirilən sərgisi dünya ictimaiyyətində XX əsrin ən böyük faciəsi haqqında daha dolğun təsəvvür yaratmışdır .
2007-ci il fevralın 26-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə Brüsseldə təşkil olunan “Təcavüzün qurbanları” adlı foto və uşaq rəsmlərinin sərgisi də bu həqiqətlərin beynəlxalq aləmə çatdırılması işinin davamıdır. Fond soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün həmin il fevralın 19-26-da Türkiyənin İstanbul və daha 25 vilayətində “Xocalı həftəsi” adlı tədbirlər proqramı çərçivəsində anım mərasimləri keçirmişdir. Bundan başqa, Xocalı faciəsinin beynəlxalq aləmdə tanıdılması istiqamətində 2008-ci il fevralın 14-də Berlində keçirilmiş “Xocalı soyqırımı və 1915-ci il hadisələrindəki gerçəklər” adlı elmi konfrans da son dərəcə əhəmiyyətli olmuşdur .
Heydər Əliyev Fondunun dəstəyi ilə Xocalı faciəsinin ildönümü 2010-cu ildə artıq dünyanın 100-dən çox yerində qeyd olunmuşdur. Soyqırımına həsr olunmuş silsilə tədbirlər fondun hazırladığı təbliğat materialları əsasında həyata keçirilir. Hazırda Heydər Əliyev Fondunun ayrı-ayrı ölkələrdə geniş miqyasda təşkil etdiyi və faciənin həqiqətlərinin yayılmasına yönəldilmiş anım tədbirləri Leyla xanım Əliyevanın rəhbərlik etdiyi Rusiya Federasiyasındakı nümayəndəlik tərəfındən İslam Konfransı Təşkilatının (hazırda İslam Əməkdaşlıq Təşkilatı adlanır) Əməkdaşlıq və Dialoq Uğrunda Gənclər Forumu (İƏT GF) çərçivəsində uğurla davam edir .
İslam Əməkdaşlıq Təşkilatı Xocalı faciəsini soyqırımı kimi
tanıyan ilk beynəlxalq təşkilat kimi
2008-ci il mayın 8-də, Şuşa şəhərinin işğalının ildönümündə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” kampaniyası təsis edilmişdir. Hazırda 60-dan çox ölkədə yüzlərlə könüllünün iştirakı ilə uğurla davam etdirilən “Xocalıya ədalət” beynəlxalq informasiya və təşviqat kampaniyası da bu işə öz töhfəsini verməkdədir. Bu kampaniyanın məqsədi dünya ictimaiyyətini Xocalı soyqırımı ilə əlaqədar məlumatlandırmaq, qətliama beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsinə və bu qanlı qırğının qurbanlarının xatirəsinin anılmasına nail olmaqdır. Hazırda faciənin mənəvi və siyasi-hüquqi səviyyədə tanınmasına yönəlmiş bu kampaniya bir çox ölkələrdə uğurla həyata keçirilir.
Bu uğurlu kampaniya başlanandan az sonra İslam Əməkdaşlıq Təşkilatı xarici işlər nazirləri tərəfindən Xocalı faciəsini kütləvi qırğın kimi qiymətləndirmək barədə qətnamənin qəbuluna nail olunmuşdur. 2009-cu ilin iyulunda isə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu ilə ISESKO arasında imzalanmış anlaşma nəticəsində Xocalı faciəsi haqqında məlumatın İKT ölkələrinin tarix dərsliklərinə salınması barədə razılıq əldə edilmişdir .
Leyla xanım Əliyevanın Xocalı soyqırımının daha geniş miqyasda qeyd olunması təşəbbüsü bir sıra ölkələrdə dövlət səviyyəsində dəstəklənmişdir. 2010-cu il yanvarın 31-də İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının Uqandanın paytaxtı Kampala şəhərində keçirilən və 51 ölkənin parlament heyətləri başçılarının iştirak etdiyi VI sessiyasında forumun təşəbbüsü ilə “İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu ilə İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı arasında əməkdaşlıq haqqında” qətnamə imzalanmışdır. “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində qəbul olunmuş qətnamədə Xocalı faciəsinə “Erməni silahlı qüvvələri tərəfindən dinc əhalinin kütləvi qətliamı” və “İnsanlığa qarşı cinayət” kimi qiymət verilmişdir. Qətnamədə “Xocalıya ədalət” beynəlxalq kampaniyasına həm milli, həm də beynəlxalq səviyyədə tam dəstək verməyə çağıran bənd də öz əksini tapmışdır. Bu, beynəlxalq təşkilatlar tərəfindən Xocalı faciəsini “insanlığa qarşı cinayət” kimi tanıyan ilk sənəddir.
2011-ci il yanvarın 19-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu Dabidə İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Şurasının XIII sessiyası keçirilmişdir. Sessiyada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyasına dəstək olaraq Xocalı faciəsini “insanlığa qarşı törədilmiş kütləvi cinayət” kimi tanımağa çağıran Əbu Dabi Bəyannaməsi qəbul edilmişdir.
2012-ci il yanvarın 31-də İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının üzvü olan dövlətlərin İndoneziyanın Palembanq şəhərində keçirilən VII sessiyası “Xocalıya ədalət” beynəlxalq kampaniyasını dəstəklədiyini bir daha təsdiq etmişdir. “Azərbaycan Respublikasına qarşı Ermənistan Respublikasının təcavüzü” adlı son illər davamlı olaraq qəbul edilən qətnaməyə forumun təşəbbüsü ilə xüsusi bir bənd də əlavə olunmuşdur. Xocalı faciəsinə həsr edilən bölmədə qeyd edilir: “Konfrans üzv ölkələrin parlamentlərini 2012-ci ildən etibarən (faciənin 20 illiyi) 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən dinc azərbaycanlı əhaliyə qarşı həyata keçirilən və soyqırımı xarakteri daşıyan kütləvi qırğını tanımağa çağırır və Xocalı qırğınını törədənlərin məsuliyyətə cəlb olunmasını tələb edir.”
Bu tanınma 2009-cu ildən həyata keçirilən və İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyeva tərəfindən irəli sürülən “Xocalıya ədalət” beynəlxalq kampaniyasının fəaliyyətinin məntiqi nəticəsi olmuşdur. Onu da qeyd etmək vacibdir ki, münaqişə ilə bağlı qəbul edilmiş beynəlxalq sənədlər arasında bu qətnamədə ilk dəfə olaraq Xocalı faciəsinə soyqırımı aktı səviyyəsində siyasi-hüquqi qiymət verilmişdir. Nəzərə alsaq ki, İƏT Parlament İttifaqı öz sıralarında dünya parlamentlərinin dörddə birini cəmləşdirən və ən böyük parlamentlərarası beynəlxalq qurumlardandır, onda bu qətnaməni Xocalı faciəsinin erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı aparılan soyqırımı siyasətinin tərkib hissəsi kimi beynəlxalq səviyyədə tanınması və bu cinayəti törədənlərin hüquqi məsuliyyətə cəlb edilməsi üçün çox mühüm əhəmiyyətli bir sənəd imi qiymətləndirmək olar.
2012-ci il noyabrın 15-17-də İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının (İƏT XiNŞ) Cibutidə keçirilən 39-cu sessiyasında İƏT XİNŞ Xocalı faciəsini ilk dəfə olaraq soyqırımı aktı kimi tanımışdır. İƏT XİNŞ üzvü olan ölkələri və İƏT-in qurumlarını kampaniyanın fəaliyyətində fəal iştirak etməyə və dəstək olmağa, bu soyqırımı aktının beynəlxalq və milli səviyyələrdə insanlığa qarşı cinayət kimi tanınması üçün səy göstərməyə çağırmışdır. İƏT-in ali orqanı olan və təşkilatın dövlət və hökumət başçılarının iştirakı ilə 2013-cü il fevralın 6-7-də Misirin paytaxtı Qahirə şəhərində keçirilən 12-ci Zirvə Toplantısında Xocalı faciəsi soyqırımı aktı və insanlığa qarşı törədilmiş cinayət kimi tanınmışdır .
2013-cü il dekabrın 9-11-də Qvineyanın paytaxtı Konakridə keçirilmiş 57 ölkənin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 40-cı sessiyası Xocalı faciəsini soyqırımı aktı kimi tanıdığını bir daha bəyan etmişdir. Qətnamə layihəsində İƏT GF-nin mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyasına dair xüsusi bənd yer almışdır. Həmin bənddə deyilir: “İƏT XİNŞ “Xocalıya ədalət” beynəlxalq məlumat kampaniyasını alqışlayır və üzv dövlətlərdən bu soyqırımı aktını milli və beynəlxalq səviyyədə insanlığa qarşı cinayət kimi tanınması üçün kampaniyanın işində fəal iştirak etməyə və lazımi səylər göstərməyə çağırır.”
2014-cü il fevralın 18-19-da İranın paytaxtı Tehranda İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Parlament İttifaqı Konfransının 9-cu sessiyası keçirilmiş və bu beynəlxalq görüşdə 53 üzv dövlətin parlament nümayəndələri iştirak etmişlər. Sessiyada “İƏT Parlament İttifaqı ilə İKGF arasında əməkdaşlıq” adlı qətnamədənövbəti dəfə Xocalı faciəsi “soyqırımı aktı və insanlığa qarşı törədilmiş cinayət” kimi qiymətləndirilmişdir .
2015-ci il mayın 27-28-də İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurası Xocalı faciəsinin soyqırımı aktı olduğunu bir daha təsdiqləmişdir. Şuranın Küveytdə keçirilən 42-ci sessiyasında Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) nümayəndə heyəti tərəfindən xüsusi qətnamə irəli sürülmüşdür. Qətnamədə, üzv dövlətlər və İƏT qurumları “Xocalıya ədalət!” kampaniyasında fəal iştirak etməyə çağırılır, həmçinin Xocalı faciəsini törədənlərin məsuliyyətə cəlb olunmasının vacibliyi bildirilir .
2016-cı il yanvarın 25-də İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Parlamentlər İttifaqının 11-ci konfransında “İslam Konfransı Gənclər Forumu ilə İƏT Pİ arasında əməkdaşlıq” adlı yekdilliklə qəbul edilən Qətnamədə Xocalı faciəsi soyqırımı aktı və insanlığa qarşı cinayət kimi tanınmışdır. Qətnamədə, həmçinin Xocalı soyqırımını törədən cinayətkarların cəzalandırılması üçün İƏT-ə üzv ölkələrin parlamentlərini zəruri addımların atılmasına çağıran müddəa öz əksini tapmışdır.
İKGF-nin Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə irəli sürülən “Xocalıya ədalət!” kampaniyasının fəaliyyətinin bu il 8 ili tamam olur. Bu müddət ərzində kampaniyanın qarşıya qoyduğu məqsədlərə çatmaq üçün İKGF müxtəlif səviyyələrdə geniş iş aparmışdır. Bu baxımdan, Xocalı soyqırımına beynəlxalq səviyyədə hüquqi-siyasi və mənəvi qiymətin verilməsinə nail olmaq üçün Gənclər Forumu faciənin beynəlxalq sənədlərdə insanlığa qarşı cinayət və soyqırımı kimi tanınmasını kampaniya çərçivəsində əsas fəaliyyət istiqamətlərindən biri kimi müəyyənləşdirmişdir. Ötən illər ərzində aparılan iş nəticəsində İƏT çərçivəsində bütün səviyyələrdə, o cümlədən İƏT-in ali orqanı olan dövlət başçılarının sammitində Xocalı faciəsi soyqırımı aktı və insanlığa qarşı cinayət kimi tanınmışdır.
Xocalı faciəsinin beynəlxalq aləmdə soyqırımı
kimi daha geniş tanınması
Soyqırımın tanıdılması və qətliama siyasi qiymət verilməsi istiqamətində görülən işlər artıq daha ciddi nəticələr verməkdədir. Belə ki, Xocalı soyqırımının 14-cü, 15-ci və 16-cı ildönümü Moskvada, Almaniyada, ABŞ-da, Türkiyədə, Ukraynada, Qazaxıstanda, Gürcüstanda, Küveytdə və dünyanın bir çox ölkələrində qeyd olunmuşdur. 2005- 2007-ci ilin fevral aylarında Türkiyə Böyük Millət Məclisinin xüsusi iclaslarında Xocalı soyqırımı ilə bağlı məsələ geniş müzakirə olunmuşdur. 2011-ci il fevralın 19-dan 26-dək isə Türkiyənin ayrı-ayrı şəhərlərində “Xocalı həftəsi” adlı tədbirlər proqramı çərçivəsində müxtəlif anım mərasimləri, aksiyalar keçirilmiş və bu tədbirlər hər il davam etdirilir. Dünyanın bir sıra şəhərlərində də artıq bu tədbirlər geniş miqyas almışdır.
2011-ci ildə Xocalı soyqırımının 19-cu ildönümü ABŞ Konqresinin Nümayəndələr Palatasında anılmış, 2012-ci ildə isə konqresmenlər Stiv, Koen Dən Boren ayrı-ayrılıqda Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı bəyanatlarla çıxış edərək ermənilər tərəfindən qadın, uşaq və yaşlı insanlara qarşı zorakılıq və işgəncələri “təsviredilməz” adlandırmışlar. Xocalı soyqırımının ABŞ-da tanınması istiqamətində ilk addım 2010-cu il fevralın 25-də atılmışdır. Həmin gün Massaçusets ştatının Nümayəndələr Palatası Xocalıda qırğın törədilməsi faktının tanınması haqqında qətnamə qəbul etmişdir. 2011-ci il iyunun 11-də isə ABŞ-ın Texas ştatı Ermənistan tərəfindən Xocalıda çox ağır cinayət törədilməsi faktını tanımışdır. Ştatın Nümayəndələr Palatası tərəfindən qəbul edilmiş 535 nömrəli qətnamədə Azərbaycanın bu şəhərinin erməni işğalından qaçaraq yaxa qurtarmağa çalışan dinc sakinlərinin Ermənistan silahlı qüvvələri və Rusiya ordusunun hissələri tərəfindən qırğına məruz qalması pislənilir .
Bu prosesin davamı olaraq 2012-ci il fevralın 23-də Nyu-Cersi ştatı, daha sonra isə Corciya ştatı Xocalı qətliamı ilə bağlı qətnamə qəbul etmişdir. Ştatın Nümayəndələr Palatasında 1594 saylı qətnamə Azərbaycan və türk diasporunun həyata keçirdiyi güclü kampaniya nəticəsində qəbul edilmişdir. 2012-ci il martın 23-də isə daha bir Amerika ştatı – Men ştatının Nümayəndələr Palatası Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar qətnamə qəbul etmişdir.
Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması 2013-cü ildə daha geniş vüsət aldı. Belə ki, yanvarın 28-də Nyu-Meksiko ştatının əvvəlcə senat, sonra isə Nümayəndələr Palatasında Xocalı soyqırmının tanınmasına dair qətnamə qəbul edilmişdir. Bunun ardınca, ABŞ-ın Arkanzas ştatının Nümayəndələr Palatası fevralın 8-də, senatı isə fevralın 11-də Xocalı soyqırımına dair qətnamələr qəbul etmişdir. Daha sonra martın 4-də Oklahoma ştatı, 8-də İndiana ştatı, 18-də Pensilvaniya ştatının Baş Assambleyası və Tennesi ştatının qanunverici orqanının Nümayəndələr Palatasında, aprelin 3-də Vest Virciniya ştatının qanunverici orqanının Nümayəndələr Palatasında Xocalı faciəsinin 21-ci ildönümü ilə bağlı qətnamə qəbul edilmiş, mayın 3-də isə Konnektikut ştatının baş assambleyası Xocalı qətliamını rəsmən tanımışdır. 2015-ci ilin fevralında Arizona ştatının Senatı (yuxarı palata) Xocalı hadisələrini soyqırım kimi tanıyan qətnamə qəbul etmiş, mart ayında isə Yuta ştatının qubernatoru tərəfindən Xocalı qətliamının tanınması ilə bağlı sənəd imzalanmışdır. 2016-cı ildə ABŞ-ın Nebraska, Havay və Montana ştatları Xocalı soyqırımının tanınması ilə bağlı xüsusibəyannamə imzalamış və bununla da ABŞ-da Xocalı soyqırımını tanıyan və pisləyən ştatların sayı 20-yə çatmışdır].
2011-ci il dekabrın 20-də Meksika Konqresinin Deputatlar Palatası erməni silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğalını, xüsusilə də Xocalıda soyqırımı törədilməsini kəskin pisləyən qərar qəbul etmişdir. 2012-ci il fevralın 1-də Pakistan Senatı Xocalı soyqırımının tanıması barədə qətnamə qəbul etmişdir. Qətnamədə Xarici Əlaqələr Komitəsi ermənilər tərəfindən mülki əhaliyə qarşı törədilmiş soyqırımını pisləmişdir. Latın Amerikası ölkələri arasında Meksikadan sonra Kolumbiya Senatı da 2012-ci il aprelin 23-də Xocalıda baş verən hadisələrə soyqırımı kimi qiymət vermişdir. Bütün bunlarla yanaşı, may ayının 28-də İordaniya Senatı Xocalı soyqırımı ilə əlaqədar bəyanat qəbul etmiş, iyunun 13-də Peru parlamenti, iyulun 30-da isə Kolumbiya Konqresinin Nümayəndələr Komitəsi də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımına dair qərarlar qəbul etmişdir .
2014-cu il yanvarın 17-də Honduras Milli Konqresi Azərbaycan ərazilərinin işğalı və Xocalı soyqırımını tanıyan 333-2013 saylı Qərar qəbul etmişdir. Honduras Milli Konqresinin qəbul etdiyi bu qərar Konqresin Prezidenti və katibləri tərəfindən təsdiq edilmiş, 2014-cu ilin 24 yanvar tarixində Honduras Respublikasının Prezidenti və Xarici İşlər Naziri tərəfindən təsdiq edildikdən sonra, 2014-cu ilin 13 fevral tarixində ölkənin rəsmi mətbuat orqanı olan “THE GAZETTE” kütləvi informasiya vasitəsində dərc edilərək qüvvəyə minmiş və ölkənin qanunu statusunu almışdır .
Bunun ardınca, avqustun 13-də Panama Milli Assambleyasında “Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğal edilməsi”nə dair 4 saylı qətnamə qəbul edilmişdir. Sənəddə azərbaycanlılara qarşı Xocalıda təcavüzkar ölkə tərəfindən törədilmiş soyqırımı qətiyyətlə pislənilmiş, həmçinin BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsinə əməl edilməsi üçün Ermənistan Respublikası hökumətinə çağırış ifadə edilmişdir.
2014-cü il sentyabrın 1-də Sudan Respublikası Milli Assambleyasının xarici əlaqələr komitəsinin qəbul etdiyi sənəddə 1992-ci ilin fevralında Xocalı şəhərində mülki Azərbaycan əhalisinə qarşı Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş qətliam soyqırımı aktı və insanlığa qarşı cinayət kimi tanınmışdır. Sənəddə Xocalıda mülki insanların öldürülməsi və Ermənistanın Azərbaycana qarşı təcavüzü pislənilir və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə istinad olunaraq, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilir. Eyni zamanda, sənəddə Xocalı soyqırımı qurbanlarının və onların qohumlarının mənəvi və maddi itkilərə görə ədalətli və hüquqi əsasda təzminat almaq hüququ da tanınır.
Xocalı soyqırımının dünya miqyasında tanıtdırılması istiqamətində ardıcıl fəaliyyət bundan sonra da davam etdirilmiş və məsələ Avropa ölkələrinin parlamentlərində də müzakirə olunaraq siyasi sənədlər qəbul edilmişdir. 2013-cü il fevralın 12-də Rumıniya parlamentində Demokrat Liberal Partiyası fraksiyası tərəfindən “Dağlıq Qarabağ münaqişəsi” adlı siyasi bəyanat verilmişdir. Siyasi bəyanatı sözügedən fraksiyadan deputat Luçian Militaru parlamentin kürsüsündən səsləndirmiş və Xocalı şəhərində xüsusi amansızlıqla azərbaycanlılara qarşı qırğın törədildiyini qeyd edərək, soyqırımı qurbanları haqda məlumat vermiş, beynəlxalq ictimaiyyət tərəfindən bu aktın insanlıq əleyhinə cinayət kimi tanınmasının vacibliyini vurğulamışdır .
Çexiya Respublikası Avropa İttifaqının üzvləri arasında Ermənistanı dinc Xocalı sakinlərinin qətliamına görə rəsmən pisləyən və bu hərəkətləri insanlığa qarşı cinayət kimi tanıyan ilk dövlət olmuşdur. 2013-cü il fevralın 7-də ölkənin ali qanunvericilik orqanının Deputatlar Palatasının Beynəlxalq Əlaqələr Komitəsi 21 il əvvəl “erməni hərbi bölmələri tərəfindən Azərbaycanın işğal olunmuş Xocalı şəhərində 613 müdafiəsiz dinc sakinin vəhşicəsinə qətlə yetirilməsi ilə törədilmiş qırğına görə” Ermənistanı pisləyən qətnaməni yekdilliklə qəbul etmişdir .
Çexiya bu qətnamə ilə Dağlıq Qarabağ regionunu Azərbaycan Respublikasının tərkib hissəsi kimi, Ermənistanı isə bu ərazini işğal etmiş, Xocalıda ən ağır cinayətin törədilməsində təqsirkar olan dövlət kimi tanıdığını bir daha rəsmən təsdiq etmişdir. Daha sonra Bosniya və Herseqovinanın Parlament Məclisinin Xalqlar Palatasının 2013-cü il fevralın 26-da keçirilən iclasında mütləq səs çoxluğu ilə Ermənistanın Azərbaycana təcavüzü və Xocalı soyqırımına dair rəsmi sənəd – “Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün tanınması və hörmət olunması”na dair qətnamə qəbul olunmuşdur.
Bütün bünlarla yanaşı, 2015-ci il yanvarın 29-da İsrail Prezidenti Reuven Rivlin BMT-nin Baş Məclisində Beynəlxalq Holokost Qurbanlarını Anma Günü ilə əlaqədar keçirilən tədbirdəki çıxışında dünyada törədilən soyqırımları və kütləvi qətllər barədə danışarkən Xocalı soyqırımını da qeyd etmişdir .
Beləliklə, Xocalı soyqırımının tanıdılması və qətliama siyasi qiymət verilməsi istiqamətində görülən işlər artıq daha ciddi nəticələr vermiş və bu proses genişlənməkdə davam edir. Heç şübhəsiz, bütün bunlar Azərbaycan dövlətinin apardığı səmərəli təbliğat işinin nəticəsidir və Ermənistanın ölkəmizə qarşı təcavüzünün dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Bu işğalçı dövlətin yürütdüyü təcavüzkar siyasət 24 ildir ki, dünya ictimaiyyətinin gözü qarşısında həyata keçirilir. Mono-etnik dövlət yaratmağa nail olan Ermənistan rəhbərliyi silahlı təcavüz nəticəsində Dağlıq Qarabağı (4,4 min km²), bu bölgənin hüdudlarından kənarda yerləşən və onun ərazisindən 4 dəfə böyük olan Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarını işğal etmişdir. Bütün bu ərazilər ermənilər tərəfindən etnik təmizləməyə məruz qalmışdır. Belə ki, Ermənistanın ərazi iddiası obyekti olan Dağlıq Qarabağın erməni icmasının “öz müqəddəratını təyin etmək” cəhdi kimi qələmə verdiyi bu proses Azərbaycanın işğal olunmuş ərazilərindən 1 milyondan çox əhalinin (ümumi əhalinin 15%-i) öz torpağında qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə gətirib çıxartdı.
Hazırda Azərbaycan ərazisinin 20 %-i Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. İşğal nəticəsində 900-ə yaxın yaşayış məntəqəsi, 22 muzey və 4 rəsm qalereyası, tarixi əhəmiyəti olan 9 saray, nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponatı, 44 məbəd və 9 məscid dağıdılmış, talan edilmiş və yandırılmışdır. Bundan əlavə, 927 kitabxanada 4,6 milyon kitab və qiymətli tarixi-əlyazmalar məhv edilmişdir. Hərbi təcavüz respublikanın 17 min km2 ən məhsuldar torpaqlarının işğalına, 900 yaşayış məntəqəsinin, 7 min sənaye və kənd təsərrüfatı obyektinin, 700 təhsil, 665 səhiyyə ocağının, 800 km avtomobil yolunun, 160 körpünün, 23 min km. su və 15 min km. elektrik xəttinin dağıdılmasma səbəb olmuşdur. Sonadək dəqiqləşdirilməmiş məlumata görə, mənəvi-psixoloji zərbələrdən əlavə, Azərbaycan iqtisadiyyatına təxminən 320 mlrd. ABŞ dollarından çox ziyan dəymişdir .
Bütün dövrlərdə olduğu kimi, Ermənistanın həyata keçirdiyi bu işğalçılıq siyasəti kütləvi qırğınlarla müşayiət olunmuşdur. Belə ki, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20 000 nəfər azərbaycanlı həlak olmuş, 100 000 nəfərdən çoxu yaralanmış, 50 000 nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdur. Münaqişə dövründə 4853 nəfər itkin düşmüş, onlardan 1357 nəfəri əsirlikdən azad edilmiş, 783 nəfəri isə hələ də Ermənistanda əsirlikdədir. Beynəlxalq Qırmızı Xaç Komitəsinin məlumatına görə 439 nəfər əsirlikdə ölmüşdür.
Beynəlxalq hüquqa görə soyqırımı sülh və insanlıq əleyhinə yönələn əməldir və ən ağır cinayət cinayət hesab edilir. Bu barədə BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi qəbul edilmiş və 1961-ci ildən qüvvəyə minən “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması” konvensiyasında soyqırımı cinayətinin hüquqi əsası təsbit olunmuşdur. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı həmin konvensiyada təsbit edilmiş soyqırımı cinayətini təşkil edən bütün əməllər azərbaycanlılara qarşı tətbiq olunmuşdur. Ermənistanın bu cinayətkar siyasətinin davamlılığını sübut edən faktlardan biri də budur ki, təkcə XX əsrdə azərbaycanlılar 4 dəfə – 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və nəhayət, 1988-1993-cü illərdə erməni millətçiləri tərəfindən törədilən soyqırımı və etnik təmizləmələrə məruz qalmışdır .
Yuxarıda göstərilən faktlar işğalçı Ermənistanın təcavüzkar siyasətini ifşa edir. Ona görə də Azərbaycan dövləti bu konvensiyanı rəhbər tutaraq Ermənistan Respublikasına qarşı BMT-nin beynəlxalq məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir. Azərbaycan Prezidenti İlham Əliyevin Xocalı soyqırımının iyirminci ildönümü haqqında imzaladığı sərəncamda deyilir ki, “Azərbaycanlılara qarşı erməni şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalı, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır.”

Xocalı faciəsi dünya soyqırımları ilə bir sırada dayanan, erməni terrorizminin mahiyyətini bütövlükdə ortaya qoyan beynəlxalq cinayət faktıdır. Bu faktın dünyaya və Azərbaycanın taleyi olan gələcək nəsillərə çatdırılması üçün çox işlər görülməlidir. Dünya Xocalı soyqırımını bu qəbildən olan Xatın, Naqasaki kimi faciələrlə bir sırada qəbul etməlidir.
Xalqımızın başına gətirilən erməni terrorizmi, soyqırım hərəkətləri öyrənilərək gələcək nəsillərə çatdırılmalıdır. Əslində taleyimizlə bağlı bir sıra mühüm məsələlər kimi, əsrlər boyu bizə qarşı törədilmiş soyqırım aktlarının da bütün dünyanın diqqətinə çatdırılması, bu faciələrin gələcək nəsillərin yaddaşına ötürülməsi, onlara dost və düşmənlərimizin nişan verilməsi, erməni mifinin dağıdılması işində çox gecikmişik.
Amma ötən illərdə bu istiqamətdə xeyli işlər görüldü. Ümummilli lider Heydər Əliyev 1998-ci ildə “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalayaraq əsrlər boyu Azərbaycan xalqına qarşı törədilmiş cinayətləri ictimai-siyasi fikrin diqqət mərkəzinə gətirdi.
Bu fərmanda da göstərildiyi kimi “Azərbaycan xalqının mənəviyyatına, milli qüruruna, mənliyinə qarşı yönəlmiş böhtanlar və hərbi təcavüz üçün ideoloji zəmin hazırlanmış, xalqımıza qarşı aparılan soyqırım siyasəti özünün siyasi-hüquqi qiymətini tapmadığı üçün tarixi faktlar təhrif olunmuş, ictimai fikir çaşdırılmışdır. Saxtalaşdırılmış erməni tarixi gənc ermənilərin şovinist ruhda böyümələrinə zəmin yaratmaq üçün dövlət siyasəti səviyyəsinə qaldırılmışdı. Böyük humanist ideallara xidmət edən Azərbaycan ədəbiyyatı və mədəniyyəti ruhunda tərbiyə olunmuş yeni nəslimiz ekstremist erməni ideologiyasının təqiblərinə məruz qalmışdır”.
Heç şübhəsiz ki, bütün bunların qarşısını almaq üçün ən düzgün yol lüzumsuz və zərərli təvazökarlığı bir tərəfə atmaq, hər şeyi xalqımıza, həm də bütün dünyaya olduğu kimi çatdırmaqdan ibarətdir.
Azərbaycanlılara qarşı erməni şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalı, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır.
İnanırıq ki, bu gün uzaqda deyil. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət nəticəsində ərazilərimiz işğaldan azad ediləcək, qatillər öz layiqli cəzalarını alacaqlar.
Murtəza HƏSƏNOV
Azərbaycan Respublikası Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının Dövlət qulluğu
kadr siyasəti kafedrasının dosenti, s.e.f.d
Ədəbiyyat siyahısı
1. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, “XX əsrin faciəsi – Xocalı soyqırımı (Biblioqrafik icmal)”, Bakı – 2016;
2. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, “Xocalı soyqırımı – 20 (Biblioqrafiya), Bakı – 2012;
3. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, “Şəhid şəhər – Xocalı”, Bakı – 2017;
4. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Prezident Kitabxanası, “Xocalı Soyqırımı”, http://www.khojaly.preslib.az/;
5. Həsənov Ə.M., “Azərbaycanlılara qarşı həyata keçirilən Xocalı soyqırımı və onun beynəlxalq əks-sədası”, http://www.justiceforkhojaly.org/ ;
6. Həsənov Ə.M., “Xocalı soyqırımı: Səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması”, Bakı – 2017;
7. Məmmədov S.S., “Xocalı soyqırımı”, Bakı Slavyan Universiteti, Bakı – 2010;
8. Paşayeva Q.Ə., Məmmədova H.İ., “Xocalı soyqırımı (Şahidlərin dilindən), Bakı – 2011;
9. Vəliyev (Aşırlı) A.A., “Türkün Xocalı soyqırımı”, Bakı – 2005

Etiketler:
Yorumlar