KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Xocalı soyqırımı: XX əsrin ən qanlı qətliamı , bütün bəşəriyyətə qarşı törədilmiş cinayət və insanlıq tarixinin qara ləkəsi

Xocalı soyqırımı: XX əsrin ən qanlı qətliamı , bütün bəşəriyyətə qarşı törədilmiş cinayət və insanlıq tarixinin qara ləkəsi

Hasan Oktay Hasan Oktay - - 31 dk okuma süresi
394 0

İnsan hüquqlarının pozulması halları arasında soyqırım ən qəddar və ən qeyri-insani hal olaraq dəyərləndirilir. Soyqırım dini, siyasi və etnik müxtəlifliyi səbəbiylə bir qrupun məqsədli şəkildə yox edilməsidir. Bu cinayətin insanlıq əleyhinə işlənən digər cinayətlərdən ən böyük fərqi də məhz hər hansı bir etnik qrupun tamamilə yox edilməsinə istiqamətlənməsidir. Təsadüfi deyil ki, soyqırım sözünün ingiliscə tərcüməsi olan “genocide” sözü yunancada irq, millət mənasını verən “genos” və latıncada öldürmək mənasında işlənən “cide” sözlərinin birləşməsindən əmələ gəlmişdir. Tarixə nəzər saldıqda, ayrı-ayrı xalqların müxtəlif dövrlərdə təqiblərə, qətliamlara, soyqırımlara məruz qaldıqlarını müşahidə edirik. İnsanlıq tarixinin ən dəhşətli soyqırımlarından biri də ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş Xocalı soyqırımı olmuşdur. Qarabağ problemi 1988-ci ildən etibarən gündəmə gətirilsə də, kökləri 1905-ci il Rus İnqilabına qədər gedib çıxan tarixi bir məsələdir. Problemin özəyində ruslar tərəfindən buraya yerləşdirilən ermənilərin qədim Azərbaycan torpağı olan Qarabağ üzərindəki ərazi iddiaları dayanmaqdadır. Sözügedən iddialar səbəbiylə Azərbaycan türkləri dəfələrlə erməni vandalizminə məruz qalmışdır. XX əsrin 80-ci illərinin ikinci yarısında Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü, eləcə də azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə və soyqırımı siyasətinin sistemli şəkildə öyrənilməsinə çox böyük ehtiyac duyulur. Bu problem indiyədək alimlər və mütəxəssislər tərəfindən araşdırılmış, bir sıra müxtəlif elmi əsərlər, monoqrafiyalar yazılmışdır.
Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biridir. Xocalı soyqırımı XX əsrin ən qanlı qətliamıdır.
Tarixin müxtəlif dönəmlərində ermənilər tərəfindən soyqırıma məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə 1992-ci ilin fevralında Xocalıda üzləşdi. Yaxın tariximizin ən faciəli səhifələrindən biri olan Xocalı soyqırımı xalqımızın qan yaddaşına əbədi həkk olundu. Təəssüflər olsun ki, Xocalı şəhəri tarixə Xocalı faciəsi kimi düşdü. Bu faciə görünməmiş amansızlıq, qəddarlıq və qətl faktları, öz miqyası və üsulları ilə dünyada və tarix qarşısında bir daha ermənilərin xislətini bütün aydınlığı ilə ortaya qoydu. Bəli, Xocalı faciəsi dünyada qətl və qəddarlıq simvoludur.
Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir
​1905-1906-cı illərdə ermənilərin Bakıdan sonra Qarabağ, Zəngəzur və Şuşada törətdiyi qətliamlar ardıcıl olaraq, 6 Fevral 1905 Birinci Bakı qətliamı, 5 May 1905 Naxçıvan qətliamı, 23 May 1905 Rəvan qətliamı, 3 İyun 1905 Əcmiədzin qətliamı, 13 İyun 1905 Cəbrayıl qətliamı, 12 İyul 1905 və 16 Avqust 1905 Şuşa qətliamları, 20 Avqust 1905 İkinci Bakı qətliamı, 26 Sentyabr 1905 Cavanşir qətliamı, 18 Noyabr 1905 Gəncə qətliamı, 24 Noyabr 1905 Tiflis qətliamı, 22 Yanvar 1906 Qazax qətliamı, 29 İyul 1906 Zəngəzur qətliamı ilə davam etmişdir. Erməni tarixçi S.Zavaryanın verdiyi məlumata görə, bu qətliamlar əsnasında Şuşada 12, Cavanşir bölgəsində 15, Cəbrayılda 5, Zəngəzurda 43 olmaqla, ümumilikdə 75 türk-müsəlman kəndi yandırılıb, dağıdılmışdır. 1906-cı ildə İrəvan, Gəncə və digər bölgələrdə 200-dən çox kənd və qəsəbə talan edilmiş, sakinləri öldürülmüşdür. Təkcə Qarabağda 158 türk kəndi dağıdılmış, minlərlə türk qətlə yetirilmişdir. Bütün bu qırğınlarla kifayətlənməyən ermənilər bir neçə il sonra öz vandal kimliklərini ortaya çıxaran növbəti dəhşətli soyqırımı – 31 Mart soyqırımını törətdilər.
​“Ermənilər heç kəsə mərhəmət etmədən, uşaq, körpə demədən qarşılarına çıxan bütün müsəlmanları qətlə yetirmişdilər. Bakının küçələri çılpaq qadın cəsədləri, kəsilmiş başlarla, demək olar ki, dolub-daşırdı. …uşaqların cəsədləri itlərə atılmışdı”.
İnsanların divarlara mismarlandığı bu qətliamda, sadəcə bir yerdə 57 qadının parçalanmış cəsədi tapılmışdır. Başqa bir yerdə isə, çıxarılmış gözlərin, kəsilmiş qulaqların və burunların yığıldığı otaq aşkarlanmışdır.
Bakınski Raboçi qəzetinə görə üç gün içərisində Bakıda 17000-dən çox insan öldürülmüşdür.
Bakı ilə yanaşı digər ərazilərdə də qanlı qətliamlar törədilmişdir. Zəngəzur, Göyçay, Qarabağ, Gəncə, Gümrü və Üçkilsə qəzalarında onlarla türk kəndi yandırılmış, dağıdılmış, yüzlərləsi yağmalanmışdır. Bundan əlavə, Bakıda törədilən vəhşiliklər Şamaxı, Salyan, Kürdəmir, Quba və Lənkəranda da təkrarlanmışdır.
​Ermənilər tərəfindən Azərbaycan türklərinə qarşı törədilən qətliamlarla bağlı bir sıra yerli qaynaqlar da mövcuddur. Lakin, əsas məsələ bu dəhşətli cinayətlərin erməni mənbələri tərəfindən etiraf edilməsidir. Erməni və rus mənbələrə görə 1918-1920-ci illər aralığında Ermənistanda beş yüz min Azərbaycan türkü soyqırıma məruz qalmışdır.
XX əsrin əvvəllərindən etibarən Dağlıq Qarabağ torpaqlarının özlərinə aid olduğunu iddia edərək ilhaq etmək istəyən ermənilər, bu ərazidə türklərin sayının artmasından narahatlıq duymaqda idilər. 1987-ci ildən etibarən ermənilərin buraya hücumları daha da güclənmişdir. Hücumların məqsədi ermənilərin Azərbaycan türklərini bölgədən çıxarmaq istəməsi idi.
Ermənilərin işğal etdikləri bütün yerlərdə həm mülki ermənilər, həm də əsgərlər türklərə qarşı təxribatlar, talanlar, cinayətlər törədirdilər. Sovet hakimiyyətinin onları dəstəkləməsi, törətdikləri cinayətlər önündə susqunluq nümayiş etdirməsi ermənilərə öz insanlıqdan kənar əməllərini çəkinmədən davam etdirmək cəsarəti vermişdir. 1990-cı ilin Avqust və Sentyabr aylarından etibarən onların Azərbaycan türklərinə qarşı cinayətləri birbaşa və sərhədsiz bir hal almışdır.
Azərbaycan xalqının tarixinə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı faciəsi kimi daxil olmuşdur. Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarına zidd olaraq, keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin iştirakı ilə yatan şəhərə hücum edərək azərbaycanlılara qarşı soyqırım aktını törətmişlər . Xocalı şəhəri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində strateji əhəmiyyətli ərazi kimi ermənilərin işğalçılıq planlarına mane olurdu. Çünki Xocalı Xankəndindən 10 km cənub-şərqdə, Ağdam-Şuşa və Əsgəran-Xankəndi yollarının arasında yerləşirdi. Şəhərin əhəmiyyətini artıran səbəblərdən biri də Dağlıq Qarabağın yeganə hava limanının məhz burada yerləşməsi idi. Buna görə Ermənistan silahlı qüvvələrinin əsas məqsədi Xocalıdan keçən Əsgəran-Xankəndi yoluna nəzarət etmək və Xocalıda yerləşən aeroportu ələ keçirmək idi
Belə bir məqamda, Xocalının coğrafi-strateji mövqeyi erməni silahlı birləşmələri üçün çox vacib idi. Belə ki, Xocalı Ağdam, Şuşa, Əsgəran yolları üzərində strateji bir mövqeyə sahib idi. Qarabağdakı tək hava limanının burada yerləşməsi, eləcə də dəmiryolunun buradan keçməsi şəhərin strateji əhəmiyyətini daha da artırırdı. Qarabağı Ermənistanla birləşdirən yol da Xocalıdan keçirdi. Bu cür əhəmiyyətli bölgədə türklərin məskunlaşması Ermənistan üçün sözün əsl mənasında qəbuledilməz idi.
Xocalı, eyni zamanda, müxtəlif dövrlərdə ermənilərin Azərbaycan türklərinə qarşı apardıqları qırğın və sürgün siyasəti nəticəsində tarixi bir türk torpağı olan Ermənistandan zorla qovulan azərbaycanlıları qarşılayan bir şəhər idi. 1980-ci illərin sonunda, ermənilər torpaq iddialarına başladıqda, Xankəndidə yaşayan azərbaycanlı ailələrə qarşı mənfi münasibət və təzyiqlər onların şəhərdən zorla çıxarılması ilə nəticələndi. Beləliklə, Xankəndidən qovulan ailələr də Xocalıda yaşamağa başladılar.
​1991-ci ilin oktyabr ayından etibarən Xocalı blokadada idi. Oktyabrın 30-da şəhərlə quru yolu vasitəsilə əlaqə kəsilmiş, tək nəqliyyat vasitəsi kimi helikopter qalmışdı. Xocalıya son helikopter 1992-ci il yanvar ayının 28-də getmişdir. Şuşa səmalarında bir mülki helikopterin vurulması və nəticədə 40 nəfərin həyatını itirməsindən sonra şəhərlə yeganə nəqliyyat əlaqəsi də kəsilmişdir.
​2 Yanvardan etibarən şəhərin elektriklə təminatı dayanmışdır. Fevralın ikinci yarısından etibarən, Xocalı erməni silahlı birləşmələrinin blokadasına salınmış, hər gün toplar və pulemyotlarla hücuma məruz qalmışdır.
​O dövrün məlumatlarına görə, Xocalını dörd tərəfdən əhatə edən Daşçeşmə, Mehdikənd, Ballıca, Həsənabat, Pirəməki, Noraguh və Mirzəcan kimi ermənilərin sıx məskunlaşdığı kəndlərdə təxminən 515 nəfərdən ibarət silahlı birləşmə, 3 “Alazan” raketi, 10 zirehli texnika, 3 piyadaların zirehli texnikası və bir neçə tank yerləşdirilmişdi.
​Xocalı sakini Nəbiyev Niftəli İbad oğlu o tarixlərdə Xocalının vəziyyəti haqqında demişdir: “Xocalı ermənilər tərəfindən müxtəlif silahlarla atəşə məruz qaldığından yerli sakinlər daim qorxu içində yaşamaqda idilər. Nəqliyyat yolu bağlandığı üçün son 3-4 ayda nəqliyyat işləri həyata keçirilmirdi. Nəticədə, Xocalı tam bir əsarət içində idi”.
1992-ci il Fevral ayının 25-dən 26-a keçən gecə Xocalını bombardman edən erməni silahlı birləşmələri, keçmiş Sovet İttifaqı 366-cı Motorlu Piyada Alayının dəstəyi ilə şəhəri üç tərəfdən mühasirəyə aldılar. 25 Fevral 22:00 radələrindən etibarən şəhər helikopter və ağır zirehli texnikalardan şiddətli atəşə məruz qalmışdır. Alazan tipli zenit silahlardan 2 saatlıq atəşdən sonra qoşunlar tank və toplarla şəhərə daxil oldular. Hücumda Xankəndi tərəfdən öndə 366-cı alayın əsgərləri, arxada Rusiya-Ermənistan silahlı birləşmələri və Əsgəran istiqamətindən mindən çox silahlı quldur hərəkətə keçmişdir.
Xocalının hücum qarşısındakı müdafiəsi olduqca məhdud idi. Şəhərin müdafiəsi əsasən ov silahları ilə təchiz olunmuş yerli müdafiə ordusundan, polisdən və milli silahlı qüvvələrin əsgərlərindən ibarət idi.Bundan əlavə, Xocalılar Qarabağdakı türklərə qarşı qırğınlardan narahat olaraq, 15 noyabr 1991-ci ildə 150 ​​nəfərdən ibarət yerli müdafiə bölməsi qurmuşdular. Amma bu birlik də məhdud imkanlara və yüngül silahlara sahib idi. Bunun səbəbi Sovet lideri M. Qorbaçovun 25 İyul 1990-cı il qərarı ilə Azərbaycanın bütün bölgələrində olduğu kimi Qarabağda da mülki əhalinin əlindəki ov silahları da daxil olmaqla bütün silahların yığılması barədə qərarı idi. Beləliklə həm yerli əhali, həm də formalaşmış yerli müdafiə bölməsi yetərli silah-sursata sahib deyildi. Belə bir şəraitdə, Xocalının hər hansı bir hücumdan müdafiəsi, demək olar ki, mümkünsüz idi.
Ermənilər tərəfindən mühasirəyə alınan şəhərdə qalan təxminən 2500 nəfər azərbaycanlıların yaşadığı qonşu rayon olan Ağdamın mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməli oldu. Ancaq insanların çoxu bu məqsədinə çatmadı. Çünki şəhəri dağıdan erməni silahlı qüvvələri və motorlu alayın əsgərləri canlarını qurtarmaq üçün qaçmağa çalışanların ardınca gedərək, onları amansızcasına öldürürdülər. Erməni silahlı qüvvələrinin əsas məqsədləri Xocalı bölgəsinin dağıdılması, bu ərazidən keçən Əsgəran-Xankəndi yolunun boşaldılması və hava limanının ələ keçirilməsi idi.
Xocalıya hücum üç istiqamətdən olduğu üçün xalq Əsgəran istiqamətində qaçmaq məcburiyyətində qaldı. Lakin sonradan bunun tələ olduğu ortaya çıxdı. Naxçıvanik kəndi yaxınlığında ermənilər tərəfindən önü kəsilən əliyalın əhali mərmi yağışına tutuldu.
​Xocalıya hücum zamanı cəmi 10 yaşında olan Ramin Həsənov o dəhşətli gecədə yaşadıqlarını bu cür təsvir edir: “1992-ci il fevralın 25-dən 26-na keçən gecə saat 11 radələrində Ermənistan və Rusiya silahlı qüvvələri Xocalını mühasirəyə aldılar. Mən həmin vaxt paltarlı yatmışdım. Anam ermənilərin hücum etdiyini söylədi. İzdihamla beton evlərin zirzəmilərinə qaçdıq. Bir neçə saat orada qaldıq. Biri qışqırdı ki, şəhər yanır. Ermənilər şəhəri dağıdırdılar. Zirzəmidən çıxıb çaya tərəf qaçdıq. Geriyə baxanda ermənilərin silahsız insanları vurduğunu gördük. Çayı keçib meşələrə və dağlara sığındıq”.
​Qaçmağa çalışan əliyalın əhali ermənilər tərəfindən ya öldürülür, ya da əsir götürülürdü. Qarlı dərələrdə və meşələrdə zəifləyən insanların əksəriyyəti erməni silahlıları tərəfindən Əsgəran-Naxçıvanik düzündə vəhşicəsinə qətlə yetirilmişdir. Erməni silahlıları qətlə yetirdikləri insanlara işgəncələr edir, baş dərilərini soyur, bədən üzvlərini kəsir, körpələrin gözlərini çıxarır, hamilə qadınların qarınlarını yarır, kişiləri diri-diri basdırır və ya yandırdılar. Fevralın 28-də, milli mətbuat mənsubları da daxil olmaqla bir qrup şəxs, iki helikopter vasitəsiləfaciənin yaşandığı Xocalı şəhərinə gətirilmişdir. Gördükləri mənzərədən dəhşətə gələn jurnalistlər hər yerdə cəsədlərin olduğunu söyləmişlər.
​1992-ci ilin 26 Fevralında Xocalıda yaşanan o dəhşətdən sonra ortaya çıxan mənzərə xarici media nümayəndələri tərəfindən də təsvir edilmişdir. “New York Times” qəzetinin müxbiri Tomas Qolz demişdir: “Xocalıda gördüklərimiz tamamilə dəhşətli idi. Sanki cəhənnəmdə idim. Hər yerdə insan meyitləri var idi. İnanmıram ki, insanlar belə bir şey edə bilər. Cəsədlərin əksəriyyəti dəhşətli vəziyyətdə idi. Orada gördüyüm bir cəsəd var idi ki, bu günə qədər gözümün önündən getmir. Hamilə bir qadının qarını yarılaraq körpəsi çıxarılmışdı”.
O qandonduran mənzərənin şahidi olan başqa bir jurnalist isə Xocalıda yaşananları bu cümlələrlə ifadə etmişdir: “…şəkillər və video çəkilişlər yolu ilə bir gündə 1300 Azərbaycan türkünün erməni quldur dəstələri tərəfindən öldürüldüyünü bütün dünyaya elan etdim. Xocalı qətliamı izah edilə bilməyən bir vəhşilik idi. O dövrkü rəhbərlik və Ayaz Mütəllibov hadisəni dörd gün ictimaiyyətdən gizlətməyə çalışdı. Baş verənlərdən bütün Azərbaycan şoka düşdü. Erməni bıçaqlarından və güllələrindən xilas olmağı bacaranlar -qadınlar, uşaqlar və qocalar qarlı dağlardan keçərək Ağdama çata biləndə çoxunun ayaqları donmuşdu. Bəzilərinin qanqrena səbəbi ilə ayaqları kəsildi. Ermənilər sanki göz dağı olsun deyə, hər cür vəhşiliyi etmişdilər. …cəsədlər Xocalı ilə Ağdam arasındakı 12 kilometrlik meşə boyunca düzülmüşdü”.
​O gecə ermənilər Azərbaycan türklərinə təsvir və təsəvvür edilməsi belə çətin olan, ağlagəlməz işgəncələr etmiş, insanlıq tarixinin ən dəhşətli cinayətlərindən birinə imza atmışlar.
​Rəsmi statistikaya görə, Xocalı soyqırımı zamanı 63-ü uşaq, 106-sı qadın və 70-i qoca olmaqla 613 Azərbaycan türkü vəhşicəsinə öldürülmüşdür. Onlardan 56 nəfəri diri-diri yandırılmış, 76 nəfəri uşaq olmaqla 1000-dən çox insan aldığı ağır yaralar nəticəsində əlil olmuşdur. 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq bütün ailə üzvlərini, 130 uşaq isə ailəsindən birini itirmişdir. 1275 nəfər ermənilər tərəfindən işgəncə verilərək əsir götürülmüşdür. Bəzi şahidlərin ifadələrinə görə, ölənlərin sayı 1300-ü keçməkdədir.
​Ermənilər törətdikləri vəhşiliklə Cenevrə Konvensiyasını da heçə saymışlar. Buna baxmayaraq, inkişaf etmiş Qərb gücləri və dünya dövlətləri bu qırğına laqeyd qaldılar və qırğını həyata keçirən qüvvələrə qarşı sanksiya tətbiq olunmadı.
​Xocalıda baş verənlər Meksika, Macarıstan, Pakistan, Kolumbiya, Çex Respublikası, Bosniya və Herseqovina, Honduras, Peru, Sudan və İslam Əməkdaşlıq Təşkilatı tərəfindən “soyqırım” olaraq tanınır.
​Bəşər tarixinin ən dəhşətli soyqırımlarından olan Xocalı soyqırımının dünyaya çatdırılması, daha çox ölkə tərəfindən tanınması Azərbaycan Respublikası üçün daim prioritet məsələlərdən biri olmuşdur. Bu istiqamətdə görülən işlər, həyata keçirilən kampaniyalar bugün də davam etməkdədir.
​Tarixin müxtəlif səhifələrində öz əksini tapan erməni vandalizmi ən yeni tarixdə də özünü büruzə vermişdir. Belə ki, 27 Sentyabr 2020-ci il tarixində başlayan, əzəli torpağımız olan Qarabağın geri alınması ilə nəticələnən 44 günlük müharibə dövründə də ermənilər mülki əhalini hədəf alaraq öz terrorçu kimliklərini bir daha ortaya qoydular. Əslində bu, atəşkəs dövründə belə, mülki əhalinin, azyaşlı uşaqların öldürülməsinə şahidlik edən, başqa sözlə desək, düşməninin xislətinə bələd olan Azərbaycan xalqı üçün heç də təəccüblü deyildi.
​Beləliklə, müharibə dövründə həm cəbhəyanı əraziləri, həm də cəbhədən kənarda yerləşən şəhərləri atəşə tutmaqla ermənilər öz tarixi, vandal xislətlərinin dəyişmədiyini, dəyişməyəcəyini bir daha nümayiş etdirdilər.
​Rəsmi məlumata görə, 44 günlük müharibə müddətində Ermənistan ordusunun mülki yaşayış məntəqələrini atəşə tutması nəticəsində 94 mülki şəxs həyatını itirmiş, 414 nəfər yaralanmış, 512 mülki obyekt, 3410 yaşayış evi, 120 çoxmənzilli bina yararsız hala düşmüşdür. Bugün Qarabağ uğrunda canından keçən bütün şəhidlərimizin, Xocalı sakinləri də daxil olmaqla erməni vəhşiliyinə qurban gedən bütün mülki şəxslərimizin ruhu şaddır. Çünki artıq Qarabağımız düşmən tapdağından, işğaldan azad olunmuşdur.
Bundan sonra hər bir azərbaycanlının əsas vəzifəsi tarixi həqiqətləri, Xocalı soyqırımı, Bərdə və Gəncə terrorları da daxil olmaqla olmaqla, erməni vəhşiliyinin bütün nümunələrini dünyaya çatdırmaq, bu məlumatları gələcək nəsillərə ötürməkdir. Şübhəsiz ki, daim öz vətənpərvərlikləri, mərdlikləri, milli məfkurəyə sadiqlikləri ilə seçilən odlar yurdunun övladları bu mənəvi vəzifənin də öhdəsindən layiqincə gələcəkdir.
Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra açıqlanmış, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermişdir .
2002-ci il fevralın 25-də ümummilli lider Heydər Əliyev Xocalı soyqırımının 10-cu ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətində bu amansız kütləvi qırğının tarixi-siyasi mahiyyətini göstərmişdir: “Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir.”
Hazırda bu soyqırımımı törədənlərin ifşa olunması və beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində artıq bir sıra beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə Ermənistan işğalçı dövlət kimi göstərilmişdir. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atılmışdır.
2007-ci il fevralın 26-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə Brüsseldə təşkil olunan “Təcavüzün qurbanları” adlı foto və uşaq rəsmlərinin sərgisi də bu həqiqətlərin beynəlxalq aləmə çatdırılması işinin davamıdır. Fond soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün həmin il fevralın 19-26-da Türkiyənin İstanbul və daha 25 vilayətində “Xocalı həftəsi” adlı tədbirlər proqramı çərçivəsində anım mərasimləri keçirmişdir. Bundan başqa, Xocalı faciəsinin beynəlxalq aləmdə tanıdılması istiqamətində 2008-ci il fevralın 14-də Berlində keçirilmiş “Xocalı soyqırımı və 1915-ci il hadisələrindəki gerçəklər” adlı elmi konfrans da son dərəcə əhəmiyyətli olmuşdur .Heydər Əliyev Fondunun dəstəyi ilə Xocalı faciəsinin ildönümü 2010-cu ildə artıq dünyanın 100-dən çox yerində qeyd olunmuşdur. Soyqırımına həsr olunmuş silsilə tədbirlər fondun hazırladığı təbliğat materialları əsasında həyata keçirilir. Hazırda Heydər Əliyev Fondunun ayrı-ayrı ölkələrdə geniş miqyasda təşkil etdiyi və faciənin həqiqətlərinin yayılmasına yönəldilmiş anım tədbirləri Leyla xanım Əliyevanın rəhbərlik etdiyi Rusiya Federasiyasındakı nümayəndəlik tərəfındən İslam Konfransı Təşkilatının (hazırda İslam Əməkdaşlıq Təşkilatı adlanır) Əməkdaşlıq və Dialoq Uğrunda Gənclər Forumu (İƏT GF) çərçivəsində uğurla davam edir
Xocalı faciəsi dünya soyqırımları ilə bir sırada dayanan, erməni terrorizminin mahiyyətini bütövlükdə ortaya qoyan beynəlxalq cinayət faktıdır. Bu faktın dünyaya və Azərbaycanın taleyi olan gələcək nəsillərə çatdırılması üçün çox işlər görülməlidir. Dünya Xocalı soyqırımını bu qəbildən olan Xatın, Naqasaki kimi faciələrlə bir sırada qəbul etməlidir.
Xalqımızın başına gətirilən erməni terrorizmi, soyqırım hərəkətləri öyrənilərək gələcək nəsillərə çatdırılmalıdır. Əslində taleyimizlə bağlı bir sıra mühüm məsələlər kimi, əsrlər boyu bizə qarşı törədilmiş soyqırım aktlarının da bütün dünyanın diqqətinə çatdırılması, bu faciələrin gələcək nəsillərin yaddaşına ötürülməsi, onlara dost və düşmənlərimizin nişan verilməsi, erməni mifinin dağıdılması işində çox gecikmişik.
Amma ötən illərdə bu istiqamətdə xeyli işlər görüldü. Ümummilli lider Heydər Əliyev 1998-ci ildə “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalayaraq əsrlər boyu Azərbaycan xalqına qarşı törədilmiş cinayətləri ictimai-siyasi fikrin diqqət mərkəzinə gətirdi.
Bu fərmanda da göstərildiyi kimi “Azərbaycan xalqının mənəviyyatına, milli qüruruna, mənliyinə qarşı yönəlmiş böhtanlar və hərbi təcavüz üçün ideoloji zəmin hazırlanmış, xalqımıza qarşı aparılan soyqırım siyasəti özünün siyasi-hüquqi qiymətini tapmadığı üçün tarixi faktlar təhrif olunmuş, ictimai fikir çaşdırılmışdır. Saxtalaşdırılmış erməni tarixi gənc ermənilərin şovinist ruhda böyümələrinə zəmin yaratmaq üçün dövlət siyasəti səviyyəsinə qaldırılmışdı. Böyük humanist ideallara xidmət edən Azərbaycan ədəbiyyatı və mədəniyyəti ruhunda tərbiyə olunmuş yeni nəslimiz ekstremist erməni ideologiyasının təqiblərinə məruz qalmışdır”.
Heç şübhəsiz ki, bütün bunların qarşısını almaq üçün ən düzgün yol lüzumsuz və zərərli təvazökarlığı bir tərəfə atmaq, hər şeyi xalqımıza, həm də bütün dünyaya olduğu kimi çatdırmaqdan ibarətdir.
Azərbaycanlılara qarşı erməni şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalı, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır.
İnanırıq ki, bu gün uzaqda deyil. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət nəticəsində ərazilərimiz işğaldan azad edildi, qatillər öz layiqli cəzalarını aldılar.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı qələbə ilə sona çatdı, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdı.Bu 44 günün hər günü bizim şanlı tariximizdir.
Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan Cənab İlham Əliyev: Azərbaycan 44 gündə yazdığı tarixlə haqqı-ədaləti, beynəlxalq hüququ bərpa etdi, işğala son qoydu, “Dağlıq Qarabağ münaqişəsi” ifadəsi artiq yoxdur. Prezident Cənab İlham Əliyevin liderliyi ilə 44 günlük bir müddətdə Azərbaycan dillərə dastan olan bir qələbəyə imza atdı.
Aylar, illər ötəcək, bu müharibə heç kəsin dilindən düşməyəcək. Kitablar, dərsliklər yazılacaq, bu müharibədə iştirak etmiş hər bir azərbaycanlı isə qəhrəmanlar olaraq anılacaq.Azərbaycanın şanlı hərbi-siyasi tarixinin növbəti şanlı səhifəsi yazıldı.Tarixi bir missiya başa çatdı və Qarabağ problemi beynəlxalq hüququn tələblərinə uyğun olaraq, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edildi. Bizə bu Qələbəni yaşadan Müzəffər Ali Baş Komandanımıza, rəşadətli Azərbaycan Ordusuna, Vətən torpaqları uğrunda canlarından keçən igid oğullarımıza minnətdarıq!
Azərbaycan bir daha həm ön cəbhədə, həm də informasiya müharibəsində apardığı cəsur mübarizəsi ilə birliyinin sarsılmaz və əbədi olduğunu sübut etdi.

Murtəza Həsənoğlu
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət qulluğu və kadr siyasəti” kafedrasının dosenti , siyasi elmlər üzrə fəlsəfə doktoru

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir