KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Xarici Siyasət , Diplomatik Protokol Prinsipləri və Beynəlxalq Etiket

Xarici Siyasət , Diplomatik Protokol Prinsipləri və Beynəlxalq Etiket

Kafkassam Editör Kafkassam Editör - - 37 dk okuma süresi
598 0

Diplomatiya xarici siyasətin ayrılmaz tərkib hissəsidir.Diplomatiya anlayışı uzun illərdir beynəlxalq münasibətlərin alt qolu kimi görülür və diplomatiya ilə xarici siyasət bir-birinə yaxın iki anlayış olaraq qalır.
Xarici siyasət diplomatiyanın məqsədləri və vəzifələrini müəyyən edir, diplomatiya isə öz növbəsində, özündə xarici siyasətin həyata keçirilməsi üçün istifadə edilən praktiki tədbirlərin, həmçinin formalar, metodlar və vasitələrin məcmusunu ehtiva edir. Diplomatiya və xarici siyasət ayrılmaz və vahid bütövlük təşkil edirlər, eyni bir prosesin bir-birini tamamlayan tərəfləridirlər. Diplomatiya siyasət deyil, siyasəti həyata keçirən bir vasitədir. Bu iki element bir-birini tamamlayır, çünki biri digərinin əməkdaşlığı olmadan hərəkət edə bilməz. Diplomatiya xarici siyasətdən müstəqil olaraq iştirak etmir, lakin birlikdə vahid icra siyasətini təşkil edirlər; siyasət strategiyanı, diplomatiya isə taktikanı icra edir. Diplomatiya anlayışının konsepsiyası fərdlərə və cəmiyyətlərə görə də dəyişir. Siyasət dövlət işlərini aparmaq və təşkil etmək sənəti kimi tanınır.
Hesab edilir ki, diplomatiya onun müasir klassik anlamında gündəlik dövlət fəaliyyətinin xüsusi növü kimi XVI əsrin sonları-XVII əsrin əvvəllərində formalaşmışdır. Məhz bu zamanlardan kralların və hökmdarların saraylarında daimi diplomatik nümayəndəliklər yaranır, həmçinin xarici nümayəndə heyətlərinin qəbulu, diplomatik danışıqlar və yazışmalar üzrə xüsusi dövlət qurumları fəaliyyət göstərməyə başlamışdı. Beynəlxalq münasibətlər tarixində diplomatiyanın mahiyyətini və ayrı-ayrı tərəflərini açıqlayan müxtəlif təriflər məlumdur.
I Napoleon hesab edirdi ki, diplomatiya təmtəraqlı libas geyinmiş siyasətdir. İngilis diplomatı E.Satou diplomatiyanı «müstəqil dövlətlər arasında rəsmi əlaqələrin həyata keçirilməsində ədəb və ağlın tətbiqetməsi» kimi tərif edir. Fransız diplomatı Ş. de Martens isə diplomatiyaya bu cür tərif verir: «Dövlətlərin xarici əlaqələri, yaxud xarici işləri haqda elm, daha dar mənada isə danışıqlar aparmaq elmi və məharəti». Oksford lüğəti diplomatiyanı «danışıqlar vasitəsilə beynəlxalq münasibətlərin aparılması», «beynəlxalq münasibətlərin nizamlanması və səfirlər və elçilər tərəfindən aparılması metodu», «diplomatın işi, yaxud məharəti» kimi tərif edir.
Diplomatiya termini «diplomat» sözündən əmələ gəlib. İlkin olaraq diplomat sözü diploma tutan kimi tərcümə edilirdi – məşz bu cür, yunan terminologiyasına riayət edərək, Qədim Romada əyalətlərə, yaxud xaricə göndərilən rəsmi şəxslərə senat tərəfindən verilən zəmanət məktubu, yaxud etimadnamə adlanırdı. Diplomas sözü hökmdarların rəsmi sənədləri (aktları) demək idi, diploma sözü isə yunancadan «ikiqat artırmaq», yəni onların qatlanması üsulundan əmələ gəlmişdi. Diploma dedikdə, imtiyaz verən sənəd, yəni dövlət kağızı, rəsmi sənəd başa düşülürdü.

Diplomatik protokol və onun prinsipləri

Protokola ehtiramlı münasibət etimad abu-havasının yaranmasına şərait yaradır və əksinə, himnin saymazyana ifa edilməsi, diplomatik qəbulda qonaqların yerləşdirilməsində səhvlər, danışıqlara gecikmə ilə gəlmək siyasi səylərə ziyan vura, münasibətlərin soyumasına gətirib çıxara bilərlər. Burada ölməz Şekspirin misraları yada düşür: «Səfirlərlə özünü necə aparmağı bilməyən, krallığı necə idarə edəcəksən?»
«Əslində bu təntənəli xırdalıqlarda heç də hər şey mənasız deyil. Xarici agentlər özlərindən ali olan nəyinsə nümayəndələridirlər. Onlara göstərilən ehtiram təmsil etdikləri dövlət başçılarına ünvanlanıb – protokol qalib-xalqlar və məğlub-xalqlar tanımır. O hətta düşmən xalqlara belə qüvvələr nisbətindən asılı olmayaraq qarşılıqlı ehtiramı diqtə edir», – deyə fransalı diplomat Cül Kambon özünün populyar «Diplomat» kitabında yazırdı. Qeyd edək ki, Kambon Vaşinqtonda, Madriddə, Berlində səfir, Fransa XİNbaş katibi vəzifəsində çalışmış, 1918-ci ildə beynəlxalq məsələlər üzrə parlaq əsərlərinə görə Fransanın «Ölməzlər Akademiyası»nın üzvü seçilmişdi.
Diplomatik protokolun əksər normaları beynəlxalqhüquqi sənədlərdə təsbit edilməmiş beynəlxalq nəzakət qaydalarının tarixən formalaşmış qaydalarına əsaslanır.
Monarxiya quruluşlu ölkələrdə diplomatik protokolun digər dövlətlərdə olmayan özünəməxsus xüsusiyyətləri mövcuddur. Bəzi ölkələrdə protokol normalarına mühüm dərəcədə din təsir edir. Beynəlxalq protokol praktikasının təcrübəsi çoxsimalı dünyada protokol normalarının sistemləşdirilməsinin mürəkkəb olduğunu göstərir. Protokolun tarixi qaydaları beynəlxalq ünsiyyətdə mahiyyətcə eyni hallarda adətlərin və şərtlərin eyni cür və daimi tətbiqinin nəticəsində yaranıblar.
Beynəlxalq praktikada qəbul edilmiş təşrifat müstəsna əhəmiyyətə malikdir. Ənənələrə əsaslanaraq və milli xüsusiyyətləri nəzərə alaraq o, suveren ölkələrin hökumətləri və onların müxtəlif ranqlı vəzifəli şəxsləri arasında münasibətlərin sülh və dostluq abu-havasında inkişaf etməsi üçün dövlətdə normal şərait və şərtlər yaradır.
Protokol təşrifat qaydalarını sistemləşdirir və praktikaya daxil edir, onların tətbiqinə nəzarət edir. «Bütövlükdə protokol hökumətlərin və onların nümayəndələrinin rəsmi və qeyrirəsmi səbəblər üzrə davranış qaydalarının məcmusudur» – beynəlxalq münasibətlər üzrə bir sıra tanınmış kitabların müəllifləri D.Vud və C. Sere hesab edirlər. Protokol sözü yunan protos – birinci və kolla – yapışdırmaq sözlərindən əmələ gəlmişdi. Bizans diplomatiyasında «protokol» sözü iştirakçıların tərkibi sadalanan və təmtəraqlı ifadələrlə tərtib edilən sənədin birinci hissəsi mənasını daşıyırdı. Orta əsrlərdə bu söz altında sənədlərin tərtibatı və arxivlərin aparılması qaydaları başadüşülürdü. Bir müddət sonra protokol anlayışını diplomatiya və diplomatik xidmətlə əlaqələndirməyə başlandı. Diplomatik protokolun məzmununun genişlənməsi ilə əlaqədar ona diplomatik sənədlərin tərtibat qaydalarından başqa etiket və təşrifat məsələlərini də aid etməyə başladılar. Hal-hazırda protokol hər ölkədə hökumətin rəsmi nümayəndələrinin müxtəlif diplomatik mərasimlərin qaydasını nizamlamağa yardımçı olan qaydalar məcmusu başa düşülür.
Dövlətlərin çoxəsrlik ünsiyyətinin yekunu olaraq protokol tarixi kateqoriyadır. Bəşəriyyət ünsiyyətin davamiyyəti maraqlarına cavab verən təkrarlanan qaydaları, şərtləri və ənənələri seçirdi. Hamı tərəfindən qəbul edilmiş ümumi protokol normalarının yoxluğu orta əsrlərdə, mütləq monarxiyaların qurulması və çiçəklənməsi dövründə ciddi münaqişələr üçün bəhanələrin yaranmasına gətirib çıxarırdı. Təşrifatın üzdə olan xırdalıqlarının arxasında bəzən dövlətlərin, onların siyasətinin və nüfuzunun ciddi problemləri gizlənir.
Protokol qaydalarında buraxılan səhvlər, pozuntular çox vaxt mənfi reaksiyaya səbəb olurlar və diplomatik münasibətlərin tarixində bununla bağlı çoxlu misallar var.
C.Kambonun «Diplomat» kitabından bir misala nəzər salaq: «Əvvəllər səfir öz vəzifə yerinə çatdıqda, onu xüsusi mərasimlə qarşılayırdılar. Həmin dövrün dili ilə desək, o daxilolmanı həyata keçirirdi. Bütün səfirlər öz karetlərində onu qarşılamağa çıxır və səfiri evinə qədər yola salırdılar. Nəzakətliyin bu cür aşkaranə nümayişi əksər hallarda münaqişələrin bəhanəsinə çevrilirdi, çünki həmin cənabların hər biri digərinə nisbətən daha hörmətli yeri tutmağa iddia edirdi. Diplomatiya tarixində bu tipli mübahisələrə çox rast gəlinir. 1661-ci ildə Londonda İsveç səfirinin daxilolması zamanı ispan səfiri qraf Vattevilin qulluqçuları Fransa səfiriqraf d’Estradanın qulluqçuları ilə mübahisə edərək onun qoşqusunda yan qayışlarını kəsdilər. Qılınclar işə salındı və xeyli fransız, ispan və ingilis yerindəcə qətlə yetirilmişdi».
Oxşar hadisə Londonda 1768-ci ildə də baş vermişdi. Saray balına gecikmiş Fransanın səfiri onun yerində, Avstriya səfiri ilə yanaşı rus səfiri Çernışevin oturduğunu görür. Fransız onların arxasına keçir, sonra aralarında olan çox kiçik bir boşluğa özünü salmağa çalışır. Bu cəhd duellə nəticələnir.
Lakin diplomatik normaları və təşrifatı daha sərt şəkildə sistemləşdirmək cəhdləri uğursuzluqla bitirdi. 1504-cü ildə Roma-katolik kilsəsinin başçısı hökmdarlar arasında daima baş verən münaqişələrin həllinin açarı kimi onların siyahısını tərtib etməyə çalışdı. Lakin bu siyahı çox qısa müddət ərzində qüvvədə qaldı. Təşrifat və beynəlxalq nəzakət normalarının sistemləşdirilməsi ehtiyacı öz əksini Rusiyada 1774-cü ildə «Ümumrusiya İmperator sarayı yanında əcnəbi səfirlər üçün təşrifat»ın, və sonra 1827-ci ildə «Rusiya İmperator sarayı yanında ali həzrət tərəfindən təsdiqlənmiş etiketlər»in yaranmasında tapmışdı.
Hər ölkədə protokolun öz xüsusiyyətləri var. Məsələn, Hindistanda, ölkəyə təşrif buyurmuş hörmətli qonağın boynuna gül çələngi taxırlar. Bali adasında (İndoneziya) təzə gələn qonaqları şər ruhlardan qorumaq üçün xüsusi mərasim keçirilir. Bolqarıstanda hörmətli qonaqları duz-çörək və milli şərabla qarşılayır. Protokol qaydaları milli və yerli adətlərdən qaynaqlanırlar. Misal üçün, Qədim Rusiyada digər dövlətlərlə müqavilələr andiçmə – xaç öpüşü ilə möhkəmlənirdilər. XVII əsrin sonlarına qədər rus hökmdarları müqavilələri imzalamırdılar. Onların yerinə çar adı ilə mirzələr imzalayırdılar, çünki «çarlar və boyarlar heç bir işə qol qoymurlar, bunun üçün ağıllı mirzələr var».
Fəxri qarovulun yaranması da qədim ənənədən qaynaqlanır. Qeyd edildiyi kimi, XV əsrin sonlarına qədər, bəzi ölkələrdə hətta bundan gec, diplomatik münasibətlər müvəqqəti səfirliklərin göndərilməsi yolu ilə saxlanılırdı. Busəfirliklər bir qayda olaraq ölkənin varlığını və qüdrətini təcəssüm edən böyük heyətlə, sanballı yüklə müşayiət edilirdilər. Silahlanmış mühafizə dəstəsi də mövcud idi. Öz növbəsində, qəbul edən ölkə də səfirliyin qorunması üçün mühafizə dəstəsi göndərirdi. Tədricən səfirliyin mühafizəsi kimi sadə davranış forması qəbul edən ölkənin hərbi gücünün nümayişinə çevrildi. Səfirliyin hərəkət marşrutu boyu ən əsas şəhərlərdə ordu düzülür, toplardan atəş açılır, hərbi musiqi çalınırdı. Kənardan bu hərbi təzim kimi görünürdü. Sonralar hərbi gücün nümayişinə ehtiyac qalmadı, lakin fəxri qarovulun düzülməsi qalaraq beynəlxalq diplomatik protokol formasına çevrildi.
Rəsmi titullara münasibətdə də protokol öz tarixçəsinə malikdir. Məsələn, rus çarının titulunu heç də dərhal qəbul etmədilər. İngilis kraliçası I Yelizaveta öz məktublarında İvan Qroznını çar adlandırmağa 1555-ci ildən başlayır. Polşa rus çarının titulunu yalnız 1634-cü ildə Polyanovsk müqaviləsinə əsasən tanıdı. I Pyotr 22 oktyabr 1721-ci ildə imperator elan edilsə də, həyatda ikən bu titulu yalnız Hollandiya və İsveç tanımışdılar.
1766-cı ildə fransız sarayı rus imperatorunun titulunda «əlahəzrət» sözünə «imperator» sözünü əlavə etməkdən imtina etdi və bunu bu cür müraciətin fransız dili qaydalarına zidd olacağı ilə izah etdi. Bununla bağlı II Yekaterinanın qətnaməsində deyilir: «Rusiya dil və protokoluna zidd olaraq etimadənaməni lazımi titulatura olmadan qəbul etmək». Söhbət Peterburqa təyin edilmiş fransız səfirinin etimadnaməsindən gedirdi.
Diplomatik protokol normalarına bütün dövlətlər riayət etməlidir və bu nöqteyi-nəzərdən diplomatik protokol beynəlxalq kateqoriyadır. Lakin hər ölkədə ona milli cizgilər və əlavələr daxil edilir.
Yeni dövlətlərin tanınması, diplomatik münasibətlərin qurulması, diplomatik nümayəndəliklərin başçılarının təyini, etimadnamələrin təqdimatı, səfər vaxtı diplomatik protokolnormalarına ciddi riayət mütləqdir. Dövlət gerbi və bayrağına münasibətdə etiketə riayət edilməsi xüsusilə önəmlidir.
Diplomatik protokol normaları beynəlxalq nəzakətlik prinsiplərinə əsaslanır. «Hal-hazırda protokol qaydaları bir az dəbdən düşmüş görsənir, lakin onlara riayət etməmək kilsəyə daxil olarkən papağı, yaxud məscidin girişində ayaqqabını çıxartmamaq qədər axmaqlıqdır», – deyə C.Kambon yazırdı.
Protokol həmçinin beynəlxalq hüququn təməledici prinsiplərinin konkretləşdirilməsi və reallaşdırılması vasitəsi kimi çıxış edir. Məsələn, suverelik prinsipi bayrağa, gerbə və himnə hörmətdə, dövlətlərin bərabərhüquqluğu prinsipi isə nümayəndə heyətlərinin beynəlxalq konfransda yerləşdirilməsində özünü əks etdirir.
Protokol qaydalar rəsmi mərasimlərin – həm fövqəladə, həm də diplomatik nümayəndəliklərin fəaliyyəti ilə bağlı mərasimlərin, çoxsaylı detallarının işlənib hazırlanmasında tətbiq edilirlər. Siyasi və inzibati strukturda protokol hər kəsin yerini müəyyən edir, bütün vəzifəli şəxslərə öz hüquqlarından istifadə etməklərini təmin edir, üstünlüyün, həmçinin verilən imtiyazlar və immunitetlərin mübahisəli məsələlərini nizamlayır.
Diplomatik protokol və etiket normalarının əsasını «hər diplomatın arxasında onun təmsil etdiyi dövlət durur» prinsipi təşkil edir. Bütün dövlətlər suverendir və beynəlxalq ünsiyyət praktikasında bərabər hüquq və imtiyazlardan istifadə edirlər.
Təşrifatların təşkilindən başqa, protokol davranış və etiketi müəyyən edir, rəsmi və şəxsi yazışma qaydalarını, geyim formasını təyin edir. Məqsəd hər kəsə onun rəsmi statusuna müvafiq olan və digər siyasi və inzibati hakimiyyətlər və cəmiyyət tərəfindən tanınan yeri və hörməti təmin etməkdir. Protokolda şəxsi hisslərin, şəxsi mövqenin nümayişi üçün də yer var. Vaxtilə Türkiyənin sultanı Polşanın Rusiya,Avstriya və Prussiya arasında bölgüsünü tanımaq istəmirdi. Buna görə diplomatik korpusun iştirak etdiyi qəbullarda səfirlərin növbə ilə sultana yaxınlaşıb etimadlarını bildirdiyi zaman maraqlı səhnə baş verirdi. Növbə polşa səfirinə çatdıqda və heç kim sultana yaxınlaşmadıqda, kamerger (Avropada saray xadimlərinə verilən fəxri ad – tərc.) «Səfir gəzintiyə çıxıb və bərk qar yağdığına görə gecikir» – deyə sultana müraciət edirdi. Bu elan ilin fəslindən asılı olmayaraq hər dəfə bəyan edilirdi.
Unutmaq lazım deyil ki, kişilər izahatları və üzrləri daha tez qəbul etməyə hazır olduqları halda, qadınlar təhqirlərə qarşı daha hissiyatlıdırlar. Amma heç də hamı qraf Viktor Bonifas de Kostellan kimi ev sahibəsinin ona ad-sanına layiq yer verə bilmədiyi üçün üzr istəməsinə «Madam, mənim yerim həmişə ən yaxşısıdır» – deyə cavab vermək qədər səbrli deyil.
Protokoldan müəyyən kənara çıxmalar ancaq daha da böyük nəzakətlilik istiqamətində mümkündür.
Con Kennedi ABŞ prezidenti vəzifəsinə keçdiyi dövrdə bir çox dövlətlərin diplomatik arsenalında kobudluq mövcud idi. Buna görə Kennedi prezident kimi ilk müraciətində qeyd edirdi ki, nəzakətlilik heç də zəiflik əlaməti deyil.
Protokolu pozma yaxud ondan kənara çıxma hallarına çox vaxt kiməsə xoşməramlığı nümayiş etdirmək üçün yol verilir. Yaxşı məlumdur ki, Avropada ən qədim saraylardan olan Vatikan sarayı haqlı olaraq ən sərt protokol riayətçilərindən biri hesab edilir. Buna baxmayaraq, burada da müəyyən kənaraçıxma halları olmuşdur. Deyilənə görə, Con Kennedinin həyat yoldaşı Vatikanı ziyarət edəcəyi gözlənilən vaxt papa ona necə müraciət etməli olduğu barədə soruşmuşdu. Ona bir neçə seçim təklif etdilər: « Prezidentin xanımı», «xanım» və ya «xanım Kennedi». Qəbul otağının qapısı açıldıqda, papa ecazkar bir qadını gördü və özünün xüsusi etimadını nümayiş etdirmək məqsədi ilə ağuşunu açıbucadan «O, Jaklin!» – deyə prezidentin həyat yoldaşını qarşıladı.
Qeyd edildiyi kimi, protokol normalarına hüquqi qüvvə verməyin ilk cəhdləri Avropada Napoleon müharibələrini yekunlaşdıran 1815-ci ilin Vyana konqresində, sonra isə 1818- ci ilin «Müqəddəs ittifaqının» Aahen konqresində edilmişdir. Bundan təxminən əsr yarım sonra 1949-cu ildə BMT-nin beynəlxalq hüquq Komissiyası diplomatik əlaqələr və immunitetlər probleminə diqqət yetirmiş, bu məsələlərin sistemləşdirilməsinin lazımlığı və mümkünlüyünü önə çəkmişdi. Baş katib Komissiyanın ilkin mərhələdə ciddi işindən sonra BMT Vyanada konfrans çağırdı. Konfransda 1961-ci ilin yazından hal-hazıra kimi hamıya 1961-ci il 18 aprel tarixli diplomatik münasibətlər haqda Vyana Konvensiyası kimi tanış olan konvensiyanın lahiyəsi işlənib hazırlandı. 51 maddəyə müvafiq olaraq Konvensiya 1961-ci il 24 aprel tarixində qüvvəyə mindi.
Dünyanın bütün dövlətləri, o cümlədən razılaşmalarda iştirak etməkdən formal olaraq çəkinən dövlətlər də, Vyana konvensiyasında təsbit edilmiş normalara riayət edirlər. Bəzi dövlətlər Vyana konvensiyasını milli qanunvericiliklərinə ilhaq etsələr də, digərləri öz qanunlarını qəbul etmişlər.
Protokol eyni zamanda siyasi kateqoriya, yəni diplomatiyanın siyasi aləti olaraq, bu və ya digər ölkə ilə münasibətləri əks etdirir və tamamilə xarici siyasi məqsəd və məsələlərə tabedir. Protokol iyerarxiya (rütbələr üzrə aşağıdan yuxarıya tabelilik) qaydasının bir forması, dövlətlər arasında münasibətlərdə xoş davranışın ifadəsi, nəzakətlilik tək gündəlik həyatın formalarından biri, hökumətlər və onların təmsilçilərinin rəsmi və qeyri-rəsmi səbəblər üzrə davranış qaydalarının məcmusudur.
Qeyd etmək lazımdır ki, birincisi, protokol qaydaları hər rəsmi şəxsə hakimiyyət və rəsmi şəxslər tərəfindən lazımi hörmətin göstərilməsinin lüzumluğundan çıxış edirlər. İkincisi, diplomatik protokol normaları bərabər əsaslarla istəniləndövlətin təmsilçisinə münasibətdə tətbiq edilirlər. Və üçüncüsü, diplomatik protokol qaydalarına riayət qarşılıqlıq prinsipinə əsaslanır.
Qarşılıqlıq diplomatik protokol və etiket normalarında öz əksini tapmış ölkələr arasında ikitərəfli münasibətlərin təməledici prinsiplərindən biridir. Əksər ölkələrin qanunvericiliyində bilavasitə təsbit edilir ki, bir çox diplomatik imtiyazlar və immunitetlər digər ölkələrin diplomatik və konsulluq təmsilçilərinə qarşılıqlıq prinsipi əsasında verilir.
Diplomatik protokol və etiketin riayət edilməsində qarşılıqlıqdan qaçma qeyri-səmimi, qərəzli hərəkət kimi qiymətləndirilə və cavab addımlarının atılmasına gətirib çıxara bilər.
İkitərəfli münasibətlərdə qarşılıqlıq əsasında ölkələr tərəfindən məhdudedici tədbirlər də görülə bilər. Diplomatik missiyaların əməkdaşlarının persona non qrata elan edilməsi və sonrakı ölkəni tərketmə təklifi üzrə qarşılıqlı hərəkətlərin atılması halları məlumdur. Adətən bu cür addımlar ikitərəfli münasibətlərdə gərginlik və böhrana gətirib çıxarır.
Səfirliklərdə protokol məsələləri ilə adətən diplomatlardan biri, xarici işlər nazirliyində dövlət protokolunun idarəsi yaxud departamenti məşğul olur. Protokol şöbəsinin əsas funksiyaları aşağıdakılardır:
– nazirliyin müvafiq şöbələri ilə birgə xarici hökümət nümayəndə heyətlərinin və digər rəsmi şəxslərin qəbulu üzrə təkliflərin işlənib hazırlanmasında iştirak;
– həmin nümayəndə heyətləri və şəxslərin təsdiq edilmiş qəbul proqramlarının həyata keçirilməsi;
– öz ölkəsinin rəsmi nümayəndə heyətlərinin xaricə səfərlərinin proqramının tərtibi və uzlaşdırılması;
– xarici nümayəndəliklərin işinin təşkil edilməsində yardımçı olmaq;
– digər idarələrə protokol məsələlərində köməkliyin göstərilməsi;
– iş görüşlərinin aparılmasının təşkilində yardımçı olmaq, həmçinin xarici rəsmi şəxslərlə təsbit edilmiş yazışma forma və qaylasına riayət edilməsinə nəzarət.

Beynəlxalq etiket qaydaları

Etiket fransız mənşəli sözdür və davranış manerası, qaydası deməkdir. Bəzi tarixçilər hesab edirlər ki, onun yaranması günəş-kral XIV Lüdoviqin saray qəbullarında qonaqlara verilən kartlarla bağlıdır. Onların üzərində davranış qaydaları yazılmışdır. Kartın adından – etiketka sözündən də etiket sözü yarandı.
Diplomatik protokolun tərkib hissəsini etiket təşkil edir. Etiket dedikdə rəsmi şəxslərin müxtəlif tədbirlər (rəsmi və qeyrirəsmi) zamanı davranış qaydaları başa düşülür.
Etiket dedikdə adətən insanın digər adamlara münasibəti əks olunan davranış qaydalarının məcmusu anlaşılır. Bu məcmuya cəmiyyətdə qəbul edilmiş ədəb və nəzakət normaları daxildir. Etiket özündə davranış mədəniyyətini, məişət və qonaqların qəbulunu, özünü cəmiyyətdə və masa arxasında aparmaq bacarığını, ünsiyyəti qurmaq və davam etdirmək məharətini, fikirlərini savadlı və aydın ifadəetməni, mədəniyyət və xarici səliqəliyi ehtiva edir. Mənəviyyat normaları insanlar arasında həm ictimai, həm ailə həyatında qarşılıqlı münasibətlərin uzunmüddətli təşəkkülü nəticəsində formalaşmışdı. Bu normalara riayət edilmədən siyasi, iqtisadi, mədəni və ailə münasibətləri qeyri-mümkündür, çünki insanlar bir-birini hesaba almadan, öz üzərinə müəyyən məhdudiyyətlər qoymadan mövcud ola bilməzlər.
Müasir etiket, demək olar ki, qədimdən bu günə qədər mövcud olmuş bütün xalqların adət-ənənələrindən bəhrələnərək formalaşıb. Bu qaydalara əsasən ümumi xarakter daşısalar da, hər ölkənin xalqları etiketə öz düzəlişləri və əlavələrini daxil edirlər. Belə ki, Qədim Romadan bizə qonaqpərvərlik və duz-çörək adəti gəlib. Skandinav xalqları ilk olaraq masa arxasında ən hörmətli yerləri qonaqlara verməyə başlayıblar. Qafqaz xalqları ta qədimdən yaşça böyük olanlara və qadına hörmətlə yanaşırlar, qadının isə döyüşü dayandırmaq üçün örpəyini yerə atması kifayət edir.
Rus dilində etiket üzrə çap edilmiş ilk vəsait 1717-ci ildə I Pyotrun dövründə nəşr edilmişdi və «Gəncliyin dürüst aynası, yaxud gündəlik davranış üçün göstərişlər» adlanırdı.
Diplomatik etiketdən başqa etiketin digər növləri də mövcuddur ki, onların arasında aşağıdakıları qeyd etmək olar: saray etiketi – monarxların saraylarında təsbit edilmiş, ciddi şəkildə nizamlanmış davranış formaları və qaydası; ordu etiketi – orduda ümumən qəbul edilmiş davranış qaydaları və normalarının məcmusu; ümumvətəndaş etiketi – vətəndaşların ünsiyyət zamanı riayət etdikləri qaydalar, ənənələr və şərtlərin məcmusu və s. Diplomatik etiketin fərqi diplomatların etiketə riayət edilməsinə çox önəm vermələrindədir, çünki ondan kənara çıxma ölkəyə zərər vura bilər. Diplomatik protokol və etiket nəinki dövlətlərarası, həmçinin gündəlik ünsiyyətin bütün qaydaları və normalarına ciddi əməl edilməsinin sinonimlərinə çevrildilər. Etiket normalarına şərtsiz riayətetmə digər ölkəyə hörməti xüsusilə vurğulayır. Uzun illərin nəticəsi olaraq diplomatik praktikada öz terminləri və anlayışları olan özünəməxsus diplomatik etiket «dili» formalaşdı. Bu qaydaları nəzərə almamaq olmaz. «Buraxılmış» nəzakət jestləri yaxud komplimentləri qəsdən hörmətsizlik nümayiş etdirmək kimi qiymətləndirilir.
Etiket açıq-aydın vəziyyətdən asılılıq xarakteri daşıyır. Bu və ya digər sözün, jestin yaxud hər hansı digər etiket işarəsinin seçim lüzumluğu ilk növbədə spesifik vəziyyətlə şərtlənir. Etiket vəziyyətləri ya gündəlik ünsiyyətlə, ya bayram tədbirləri, müəyyən mərasimlərin keçirilməsi və ya qonaq qəbulu, yaxud ziyafət kimi xüsusi şərtlərlə bağlı ola bilər.
Etiketin dörd əsas bölməsi var: 1) nitq, yaxud verbal etiket; 2) mimika və jestlər; 3) etiketdə məkanın təşkili (yaxud etiket proksemikası); 4) etiket atributları (yaxud etiketdə əşyalar aləmi).
1) Nitq etiketi salamlamanın, tanılığın, təbrikin, arzunun, təşəkkürün, üzr istəmənin, xahişin, dəvətin, məsləhətin, təklifin, təsəllinin, acımanın, başsağlığının, komplimentin, tərifin sözlə ifadə edilməsi düsturlarını nizamlayır. Nitq etiketinə həmçinin danışmaq tərzini (o cümlədən telefonla) və söhbət etmək bacarığını da aid edirlər.
2) Bir çox xalqlar özünün spesifik salamlaşma, vida, razılıq, inkar, təəccüb jestlərinə malikdirlər. Bu jestlər müxtəlif çalarlara malik ola bilərlər: bitərəf, təntənəlimərasim, saymazyana-bayağı. Həmsöhbətə və söhbətin mövzusuna münasibət həmçinin mimika, gülüş, baxışların istiqaməti vasitəsilə ifadə edilə bilər.
3) Etiketdə həmsöhbətlərin hər hansı məkanda qarşılıqlı yerləşməsi, müəyyən məsafənin seçimi, onlar arasında fiziki təmasın olub-olmaması da mühüm əhəmiyyətə malikdir. Evdə, yaxud masa arxasında hansı yerin hörmətli, hansı duruş, oturuş tərzlərin bu və ya digər vəziyyətdə mümkün olduğunu bilmək lazımdır.
4) Etiket atributlarına geyim, bəzək əşyaları və baş geyimi, hədiyyələr, rənglər və s. aid edilir.
Etiketi öyrənmək üçün davranış vərdişlərinin müəyyən məcmusunu mənimsəmək kifayət etmir. Bundan başqa etiketin tarixi, dünyanın müxtəlif xalqlarının spesifik davranış cizgiləri haqda təsəvvürə malik olmaq lazımdır. Avropada etiket qaydaları ilə nizamlanan bir çox vəziyyətlər Yaponiya, yaxud Çin kimi dövlətlərdə daha çox ayin, mərasim xarakteri daşıyırlar. Biz «qonaqpərvərlik etiketi» və «qonaqpərvərlik mərasimi» deyirik, lakin ikinci variant bizim üçün hərfi məna daşımır. Halbuki bir çox xalqlarda qonağın qəbulu mürəkkəb bir mərasim təşkil edir və onun qaydaları cüzi dərəcədə belə nə ev yiyəsi, nə də qonaq tərəfindən pozula bilməz. Ənənəvi dəyərlərə istiqamətlənmiş cəmiyyətdə insan ətrafdakılara ilk növbədə şəxsi keyfiyyətləri ilə yox, özünün sosial atributları ilə yönəlib. Onun həyatı əvvəldən axıra qədər tənzimlənib. Məhz sosial-ictimai və ailə-qəbilə xarakteristikaları ilk növbədə onun etiket davranışını müəyyən edir. Müvafiq olaraq, kənar şəxslər tərəfindən etiket qaydalarının pozulması sosial eyniyyətə qəsd kimi qəbul edilir və çox mənfi qiymətləndirilir. Belə vəziyyətdə «ünsiyyət bacarığı» davranış stereotiplərinə daha dəqiq riayət edilməsindən ibarətdir.
Azad seçim və şəxsiyyətin özünü tam şəkildə reallaşdırması mümkünlüyünü hər şeydən uca dəyərləndirən müasir Qərb növlü mədəniyyətdə «ünsiyyət bacarığı» öz statusunu qorumaqdan çox onu konkret şəraitə ağıl və bacarıqla uyğunlaşdırılmasından ibarətdir.
Belə bir müqayisəni misal gətirmək olar: əgər sürücü bizim yaşıl işıqda yolu keçməyimizi gözləyirsə, onun davranışını etiketə uyğun adlandırmaq olmaz, çünki o sadəcə yol qaydalarına riayət edir. Lakin əgər sürücü maşınını küçənin ortasında saxlayır və piyadaya yolu keçməyi təklif edirsə, bu addımı etiketə uyğun hesab etmək olar.
Etiket qaydaları mütləq deyillər. Bu qaydalar onların hər konkret halda konkret şərtlərdən çıxış edərək tətbiqinə hesablanıblar. Lakin ətrafdakılarla münasibətlərdə dərin hörmət, sağlam düşüncə və rasional davranış həmişə dəyişməz olaraq qalır. Alışılmamış şəraitdə ətrafdakıların davranışına istiqamətlənmək çox kömək edir.
Nəzakət məqsədəuyğunluq qurtaran yerdə başlanır, hərçənd şübhəsiz ki, nəzakətliyin özündə daha yüksək səviyyəli məqsədəuyğunluq var.
Ənənəvi davranış mədəniyyəti haqda biliklər nəinki digər millətlərin nümayəndələri ilə normal şəkildə ünsiyyət qurmağa yardım edirlər, həmçinin bir çox hallarda qəribə görünən əcnəbi adətlərə hörmətlə yanaşmağı öyrənirlər.
Xarici görünüş, bir qayda olaraq, ətrafdakıların görünüşündən ciddi şəkildə fərqlənməməlidir. Yaxşı və zövqlə geyinmək istənilən vəziyyətdə mümkündür və lazımdır. Geyim növünün stilinin seçimində şübhələr varsa, daha mühafizəkar variantı seçmək yaxşı olar.
Nitq mədəniyyəti də yaxşı tərbiyə almış adamın davranışının təməl prinsiplərindən biridir. Salamlaşma, təşəkkür, üzr istəmə sözləri, şübhəsiz, insana əlavə yaraşıq verirlər. Səmimi gülüş və xoş niyyət kimi ünsiyyətdə, həmsöhbətdə sizin barənizdə müsbət təsəvvürün oyanmasında yardımçı olan başqa heç nə yoxdur. Davranışınızın düzgünlüyünə əmin deyilsinizsə, təşəbbüsü başqalarına vermək daha yaxşı olar. İstənilən halda öz fikrini başqalarına qəbul etdirməkdə ifrata varmaq, hamının diqqətini cəlb etmək, digərlərinin dediklərinə əhəmiyyət verməmək olmaz. Öz hisslərini cilovlamaq və təmkinlilik yaxşı tərbiyə olunmuş insanları digərlərindən fərqləndirən cəhətlərdir. Sonrakı peşmançılığa səbəb olan bir çox səhvlərin arxasında söhbət əsnasında bir anlıq fasilə edərək nə deyəcəyini düşünmək bacarığının olmaması durur.
Diplomatiyanın bütün təriflərini təhlil etsək, hər birində diplomatik protokola nəinki sadəcə yer verildiyini, həmçinin bütün çoxşahəliyi ilə əks olunduğunu görərik: həm takt, həm sənət, həm metod kimi.Müasir dövrdə diplomatik ünsiyyətdə 200-dən çox dövlət iştirak edir və qarşılıqlı münasibətlərin əsasını təşkil edən suverenliyə hörmət, bərabərlik, ərazi bütövlüyü, müdaxilə etməmək kimi ümumi prinsiplər olmadan normal ünsiyyət qeyri-mümkün olardı. Beynəlxalq münasibətlərdə həmişə suallar yaranır: digər dövlətə hörmət etdiyimizi, bərabər partnyor kimi yanaşdığımızı necə nümayiş etdirək; dövlət digər dövlətin nümayəndələri ilə necə davranmalıdır və s. Bu məsələdə alət qismində diplomatik protokolun norma və qaydaları çıxış edirlər.
«Təşrifat dostluğun ətridir» – Çin atalar sözündə belə deyilir. Heç bir ictimai formasiya iyerarxiya olmadan keçinə bilməmiş və heç bir sivilizasiya təşrifatsız mövcud olmamışdır. Qaydalara riayət edilməsi ehtiyacı cəmiyyətin yaranması ilə birgə yaranmışdı. İctimai münasibətlər onların mövcudluğunun şərti olan müəyyən qaydalara hörmət etməyi tələb edir. Bismark qeyd edirdi ki, ədəb qaydalarına, hətta müharibə elan edərkən riayət etmək lazımdır.

İstifadə olunmuş ədəbiyyat siyahısı

1. БорунковА Ф Дипломатический протокол России – М, 2000
2. КаминськийА Основы международных отношений – Л: ЛНУ имени Ивана Франко, 2001
3. Улахович В.Е. Протокол и этикет в современной дипломатии, 2005
4. Семенов В. Л. Практика дипломатического протокола и этикета. — М.: Международное агентство “А.Б & Т2”, 2002.
5. https://kayzen.az
2

Murtəza HƏSƏNOĞLU
Azərbaycan Respublikası Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının Dövlət qulluğu
kadr siyasəti kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir