Bu il İranda prezident də, xarici işlər naziri də dəyişdi, amma Zəngəzur dəhlizi ilə bağlı “qırmızı xətt” söhbətləri dəyişmədi.
Özünü daha çox Ermənistanın səfiri kimi aparan iranlı diplomat Mehdi Sobhani hələ də dediyini deyir. Adamın bütün diplomatik fəaliyyəti Ermənistanın maraqlarından çıxış etməkdən ibarətdir.
Təbii ki, o, özbaşına deyil, Tehranın sözünü deyir, ölkəsinin mövqeyini ifadə edir. Rəsmi Tehranın səfir vasitəsilə ifadə etdiyi fikir isə budur: “Zəngəzur dəhlizi” layihəsinin reallığa çevrilməsi mümkün deyil.
Səfirin açıqlamasının leytmotivi belədir ki, İran Ermənistanın ərazi bütövlüyünü, milli suverenliyini və müstəqilliyini dəstəkləyir. Əslində bu havayı söhbətdir. İran diplomatiyası Ermənistanın suverenliyindən danışarkən riyakarlıq edir. Sabah Ermənistandakı Rusiya hərbi bazasının şəxsi heyəti yerli anti-Paşinyançılarla birlikdə hərəkət edərək hakimiyyəti devirsələr və Ermənistanı 3-4 il əvvəlki kimi yenidən Rusiyanın cənub bastionuna çevirsələr, nəticədə Ermənistan suverenliyini itirsə, qara daşdan səs çıxacaq, Tehrandan səs çıxmayacaq.
Yaxud indinin özündə artıq rəsmi İrəvanın suverenliyinin bir hissəsindən Fransanın, bir hissəsindən isə ABŞ-nin xeyrinə imtina edib və bu dövlətlərdən yarımasılı vəziyyətdədir, amma Tehran buna etiraz etmir. Ayrıca ABŞ-nin ən geniş ştatlı diplomatik korpusu Ermənistanda fəaliyyət göstərir və bu da Vaşinqtonun bu kiçik Qafqaz dövlətinə təməlli yerləşməsinin göstəricisidir, amma İran hakimiyyəti bu durumu öz “qırmızı xətti” elan etmir.
Yəni İran dövlətinin siyasətini yeridənləri əslində Ermənistan və onun gələcək taleyi o qədər də narahat etmir. İranı əndişələndirən əsas məsələ Türkiyə və Azərbaycan birləşdirən birbaşa yolun açılacağıdır. Tehran istəyir ki, belə bir yol olmasın, Naxçıvan həmişə blokadada qalsın, Türkiyə və Azərbaycanın sərnişinləri və yük maşınları alternativ və uzun yollardan keçsinlər. İranı danışdıran bu məkrli niyyətdir.
Tehranın davası türk dövlətlərinin bir-birilə quru yolla əlaqəsinə mane olmaqdır. Bunun adını nə qoyurlarsa, qoysunlar, məsələnin mahiyyəti budur. İranın “qırmızı xətti” bundan ibarətdir və bunu artıq heç cür pərdələyə bilmir.
Sobhaninin ardınca iranlı deputat Fədahüseyn Malekinin bənzər açıqlaması da həmin xanədəndir. O, Moskvanın “Zəngəzur dəhlizi”nin açılması məsələsində pozitiv mövqedə olmasından narahatlıq duyur və bunu Rusiyanın İrana qarşı ziddiyyətli siyasət yürütməsi kimi qeyd edir.
Sual çıxır: Ermənistanı, Türkiyəni və Azərbaycanı birləşdirən yol son nəticədə regionda sülhə, əməkdaşlığa vəsilə olacaqsa, bu, nədən “İrana qarşı ziddiyyətli siyasət” olsun ki? Məgər İran regionda sülhə, barışığa, əməkdaşlığa, asad ticarətə və inteqrasiyaya qarşıdır?
Bəli, məhz elədir. İran regionda bir şərtlə sülh istəyir ki, kiçik dövlətlər ondan asılı vəziyyətdə olsunlar, böyük dövlətlər isə onun hər kaprizi ilə hesablaşsınlar.
Ancaq Maleki “İran diplomatiyası Rusiya prezidentinin Zəngəzur dəhlizinə dəstək verən son mövqeyinə qəti cavab verəcək” deyərkən bu “qəti cavab”ın nədən ibarət olacağına və nə kimi nəticələr verə biləcəyinə toxunmayıb. Sadəcə, deputat bildirib ki, Rusiyanın “Zəngəzur dəhlizi” yaratmaq istəyi İrana “arxadan zərbə”dir.
Maleki unudur ki, bu region 200 il öncədən Rusiyanın arxa baöçasına çevrilib və Moskva buralardan hələ də əl çəkmiş, onu İrana buraxmış deyil, çox israrlı olsa, Zəngilandan Naxçıvana yolu açacaq.
Bu, həm də onun göstəricisidir ki, İranda baş tutan məcburi prezident dəyişikliyindən sonra hakimiyyətə pozitiv təsir bağışlayan, “islahatçı qüvvələr” adlandırılan şəxslərin (başda Məsud Pezeşkian olmaqla) gəlməsi hələlik İranın xarici və regional siyasətində dəyişikliyə səbəb olmayıb.
Tehranın xarici siyasət kursu həminkidir: regional liderliyə can atmaq, qonşu dövlətlərlə problemləri həll etməkdən yayınmaq və intriqanı sürdürmək.
Bu dövlət nə dünyada, nə də regionda heç bir başqa dövlətlə səmimi dostluq, müttəfiqlik büsatına malik deyil. Hamısı ilə məsafəlidir və sadəcə daima öz mənafeyini, mənfəətini üstün tutmaqla iqitsadi-ticari əlaqələrə malikdir. İranın nə Rusiya ilə, nə Türkiyə ilə, nə də ərəb ölkələri ilə münasibətləri səmimi və sabit xarakter daşımır. Hətta Tehran və İrəvanın münasibətləri kənardan çox yaxınmış kimi görünsə də, əslində elə bir şey yoxdur. Bu dövlətləri birləşdirən və yaxınlaşdıran sadəcə Azərbaycan-Türkiyə faktorudur.
Başqa sözlə, regional siyasətdə İrandan konstruktiv mövqe gözləmək hələlik əbəsdir. Bu dövlətin daxilində silsilə islahatlar getməlidir, dəyişmələr olmalıdır və ölkəni üzdən və dərindən idarə edən qüvvələr qədim dövrlərdəki kimi zahirdə bir cür, batində başqa cür davranmağın müasir siyasi münasibətlərə uyğun olmadığını anlamalıdırlar.