ORTA ASYANIN GÜVENLİĞİ İÇİN ASKERİ TATBİKAT

Ногайские активисты требуют самоуправления по-настоящему

“Queen of the Caucasus” makes state visit to Moscow

«Исламское НАТО» возглавит пакистанский генерал

Xəzər resursları uğrunda mübarizənin yeni mərhələsi başlayır

Gündem 27 Ocak 2020
114

Ötən ilin 12 avqustunda hövzə ölkələrinin Xəzərin hüquqi statusu haqqında Konvensiyanı imzalamasından sonra mövzu ətrafında mübahisələrin bir qisminə son qoyulsa da, mübahisəli yataqlar hələ də bağlı qalıb.
Konvensiyada 3 bənd diqqət çəkir: Birinci məsələ, Xəzər regionunda xarici hərbi qüvvələrin yerləşdirilməsinə qoyulan qadağadır. ” Xəzər dənizində Tərəflərə məxsus olmayan silahlı qüvvələrin mövcud olmaması; Tərəflərdən hər hansının əleyhinə təcavüz və digər hərbi fəaliyyətin həyata keçirilməsi üçün hər hansı bir Tərəfin öz ərazisini digər dövlətlərə verməməsi”. 1. Bununla Moskva və Tehran onları narahat edən təhlükəsizlik məsələsini özləri üçün həll ediblər.
İkinci məsələ, Xəzərin dibindən boru xəttinin çəkilməsi kəməri reallaşdıran dövlətlərin öz aralarında əldə etdikləri razılaşma ilə mümkündür. Qeyd edək ki, transmilli enerji layihələrinin həyata keçirilməsi üçün bu bənd xüsusi əhəmiyyət daşıyır.
Üçüncü məsələ ,Xəzər hövzəsinin dəniz kimi müəyyənləşməsisi və hövzəyə uyğun beynəlxalq hüquq normalarının tətbiq edilməsidir. Dənizin dibi və təbii sərvətlər dövlətlər arasında bölünür. Qeyd edək ki, sonuncu bənd hələ də həll olunmadığı bir şəraitdə Azərbaycanın İran (Araz-Alov) və Türkmənistanla (Kəpəz-Sərdar) mübahisəli yataqları var .
İrandan başqa bütün dövlətlər Konvensiyanı artıq ratifikasiya edib. Tehranda isə sənədin bu ilin yazında seçiləcək yeni parlamentlə təsdiqlənməsini nəzərdə tutublar. İran prezidenti Həsən Ruhani sənəd imzalanandan sonrakı çıxışında demişdi ki, Konvensiya Xəzər dənizinin bölünməsi sona qədər baş tutmayıb və bu məsələ ilə bağlı danışıqlar davam etdirilməlidir.
Sənəddə deyilir: “Bu Konvensiya ilə dənizin suyu, dibi, təki, təbii resursları və onun üzərindəki hava məkanı da daxil olmaqla, Xəzər dənizinin istifadəsinə münasibətdə Tərəflərin hüquq və öhdəlikləri müəyyən olunur və tənzimlənir.”2 Lakin sənəddə müəyyən olunma və tənzinləmə şərtləri göstərilmir. Əslində, prezident Ruhani bu detalları nəzərdə tutub.
Qeyd edək ki, qonşu ölkə parlamenti və bir qisim siyasətçi Xəzərin hüquqi statusu haqda sənədin imzalanmasından razı qalmayıb. Xatırladaq ki, İran Xəzərin göl statusu ilə ölkələr arasında 20%-lə bölünməsi tərəfdarıdır. Dəniz statusu olduğu halda İran 14%-lə kifayətlənməli olacaq. Maraqlıdır ki, Rusiya tərəfi Xəzərə xüsusi status verildiyini deyir (nə dəniz, nə göl), amma Azərbaycan və rus dilində olan sənəddə ” Xəzər dənizinin hüquqi statusu haqda Konvensiya” deyilir. Rus dilində Wikipediyada isə deyilir ki, sənədə əsasən Xəzər hövzəsinin su səthinin əsas hissəsi dəniz kimi müəyyənləşir və bu halda hövzəyə beynəlxalq hüquq normaları tətbiq edilir. (3)
Təbii ki, tərəflər dilə gətirməsə də sənəddəki natamamlığı bilir, amma razılaşmanın bu çərçivədə əldə olunması hər ölkənin hazırki durumda mümkün olduğu qədər maraqlarını təmin edir.
Ötən ilin dekabrın əvvəlində H.Ruhani Tehranda Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevlə görüşdə dedikləri də, bu fikirləri təsdiqləyir: ” İran İslam Respublikası Xəzər dənizində neft kəşfiyyatı və istehsalı sahəsində birgə layihələri ciddi şəkildə izləyir.”4.

İranın 2011-12-ci illəlrdə “Sərdar Canqal” adlandırdığı yataqda kəşfiyyat işləri aparsa da Azərbaycanla mübahisəli olduğu üçün fəaliyyət durdurulmuşdu. Belə bir təcrübə 2001-ci ildə Azərbaycan tərəfindən mübahisəli Araz-Alov-Şərq yatağında kəşfiyyat əməliyyatları aparılanda baş vermişdi.

Göründüyü kimi, son illər Azərbaycan və İran mübahisəli yataqlar məsələsində qarşılıqlı anlaşma yolunu seçiblər. Hələ Xəzər dənizinin statusu haqda Konvensiya imzalanmamışdan əvvəl 2018-ci ilin mart ayının 30-da İran prezidenti Ruhaninin Azərbaycana səfəri çərçivəsində Xəzər dənizində uyğun blokların birgə öyrənilməsi sahəsində Azərbaycan və İran arasında qarşılıqlı anlaşma Memorandumu imzalanıb. Razılaşmaya görə, Xəzərdəki mübahisəli yataqların birgə işlənməsi nəzərdə tutulur.

Konvensiyanın imzalanması, son illər Xəzərdə yeni enerji yataqlarının aşkarlanması və perspektivlərin mövcudluğu Transxəzər qaz kəmərininn inşasını yenidən aktivləşdirəcəyi və yeni neft və qaz bumu mərhələsinin gələcəyi görünür.

İranın üzərindən sanksiyalar müvəqqəti qaldırılandan sonra ölkənin həm neft-qaz istehsalını artıqmaq, həm də satış imkanları yüksəlmişdi. Sanksiyalar altında İran enerji resurslarını sata bilmədiyi üçün istehsalını artıra bilmir. Bundan əlavə, yataqların işlədilməsi xarici yatırımlar tələb edir. Qeyd etmək lazımdır ki, Azərbaycanın neft -qaz sahəsinə investorlar cəlb etmək və inandırmaq , enerji yataqlarının işlədilməsi sahəsində təqdirəlayiq təcrübəsi var. Azərbaycan artıq Aralıq dənizində yanacaq ehtiyatlarının işlədilməsində iştirak edir.

Azərbaycan Transxəzər magistralına İranın da qoşulması üçün vasitəçi ola bilər. Bu, baş tutarsa, həm Azərbaycan , həm də İran yeni bazarlar qazanacaq. İran isə enerji resurslarının istehsalını artıra və onları Avropa bazarlarına çıxara biləcək.

Xatırladaq ki, İran siyasi dairələrində Azərbaycana qarşı münasibətin birmənalı olmadığı bir şəraitdə son illər Tehran hakimiyyəti Azərbaycanla münasibətlərə çox həssas yanaşır.

Digər tərəfdənsə, ABŞ-ın İran üzərinə qoyduğu sanksiyalarına rəğmən beynəlxalq, o cümlədən qərb şirkətləri bu ölkə ilə ticarəti davam etdirmək niyyətindədir. Avropa ölkələrinin və transmilli güclərin bölgədəki maraqları sanksiyaları yan keçərək İranın enerji layihələrində iştirakına imkan yarada bilər. İran kimi nəhəng bazarı itirən Avropadakı güclü dövlətlər və ABŞ arasında fikir ayrılıqları mövcuddur. İranı Xəzərin statusu məsələsində ən ağır oyunçu adlandırırlar. Lakin bir çox hallarda, o cümlədən Xəzərin statusu məsələsində Tehran Moskvanın təzyiqi ilə hərəkət etməli olur. Prezident Ruhaninin imzalanma mərasimindəki çıxışında Konvensiyaya iradlarını bildirməsi də elə İranın nəticədən məmnun olmadığı, amma mövcud şəraitə uyğun olaraq güzəştə getməli olduğuna işarədir.

Beləliklə, Tehran bölgə siyasətində və enerji resurslarının istismarı və dünya bazarlarına çıxışı məsələsində Moskvanın dəstəyini gözləyir. Xəzər resursları uğrunda mübarizənin yeni mərhələyə keçdiyini deyə bilərik.

Gülnara İnanc, “Etnoqlobus” Beynəlxalq onlayn araşdırma mərkəzinin direktoru

Mənbələr:

1. Xəzərin hüquqi statusu haqda Konvensiya (Maddə 3,bənd 6, 7)

2. Xəzərin hüquqi statusu haqda Konvensiya (Maddə 2,bənd 2)
3. https://ru.wikipedia.org/wiki/%D0%9A%D0%BE%D0%BD%D0%B2%D0%B5%D0%BD%D1%86%D0%B8%D1%8F_%D0%BE_%D0%BF%D1%80%D0%B0%D0%B2%D0%BE%D0%B2%D0%BE%D0%BC_%D1%81%D1%82%D0%B0%D1%82%D1%83%D1%81%D0%B5_%D0%9A%D0%B0%D1%81%D0%BF%D0%B8%D0%B9%D1%81%D0%BA%D0%BE%D0%B3%D0%BE_%D0%BC%D0%BE%D1%80%D1%8F
4. https://www.trend.az/business/energy/3158510.html

Yorumlar