Vyana görüşü gözlədiyim kimi nəticələndi.
Yəni heç nə ilə nəticələnmədi. ATƏT-in Minsk Qrupu həmsədrlərinin ortaq bəyanatı münaqişənin həlliylə bağlı əsas məsələnin mahiyyətindən çox yenə detallarla boldur. Şeytan isə bildiyiniz kimi detallarda gizlənib. Bu detallar indiki halda bizim əleyhimizədir. Birinci detal: “Münaqişə hərbi yolla həll edilə bilməz”. Bal kimi də həll edilə bilər. Ermənistan danışıqları əvvəlkitək uzadacaqsa Azərbaycanın qarşı tərəfə apreldə olduğu kimi gücünü göstərməkdən başqa alternativ qalmayacaq. İkinci detal: “Tərəflər təmas xəttində gərginliyi azaltmaq üçün qısa müddət ərzində ATƏT-in araşdırıcı mexanizmləri üzərində işi başa çatdırmaq barədə, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mövcud İdarəsinin səlahiyyətlərinin genişləndirməsi barədə razılığa gəliblər”. Başqa sözlə vasitəçilər insidentləri araşdırmaq istəyirlər. Bu Ermənistanın çoxdankı istəyidir. Çünki, insidentlərin araşdırılması Ermənistanın status-kvonu uzatmaq siyasətinə uyğundur. Biz işğalçı Ermənistan ordusunu Ağdam, Füzuli və digər istiqamətlərdə daima təzyiq altında saxlamasaq İrəvan öz xoşu ilə işğal altındakı torpaqları boşaldarmı? Boşaltsaydı, bunu 22 ildə edərdi. Ona görə də Ermənistan hakimiyyəti Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmayana qədər insidentlərin araşdırılmasına razılaşmaq olmaz. Necə ki, işğal ortadan qaldırılmayana qədər snayperləri və ağır hərbi texnikanı da geri çəkə bilmərik. ATƏT-in bəyanatı imzalanan sənəd deyil, üzərimizə məsuliyyət qoymur, ona görə də bəyanata riayət etmək kimi öhdəliyimiz yoxdur.
Həmsədrlərin bəyanatından çox Rusiyanın xarici işlər naziri Sergey Lavrovun açıqlamasında bir cümlə diqqətimi çəkdi. Lavrov deyib ki, “çox güman ki, tərəflər arasında vəziyyətin kifayət qədər gərgin olduğunu nəzərə alaraq, münaqişənin nizanlanmasını mərhələli şəkildə etmək lazım olacaq”. Bu cümlə o deməkdirmi ki, vasitəçilər Ermənistanı status məsələsini qabartmadan Dağlıq Qarabağ ətrafındakı 5 rayonun azad olunmasına razı sala bilərlər? Yaxın iki ayda bu cümlənin arxasındakı məntiqi görməliyik. Əgər əvvəlkitək Ermənistan hakimiyyəti 5 rayonun boşaldılmasını Dağlıq Qarabağın statusunu müəyyənləşdirəcək referendum tarixinə bərabər tutacaqsa, Lavrovun sözlərinin əhəmiyyəti olmayacaq, danışıqlar apreldən əvvəlki vəziyyətinə qayıdacaq.
Bütün hallarda Vyana görüşü bizə lazım idi. Çünki, bu cəbhə bölgəsində aprel uğurumuzdan sonra prezidentlərin vasitəçilərin iştirakı ilə ilk görüşü idi. Bütün dünya gördü ki, Azərbaycan əbədiyyətə qədər nəticəsiz danışıqlardan bezib və işğal altındakı torpaqları boşaltmaq əzmindədir. Vyana bu əhval-ruhiyyənin daşıyıcısına çevrilməli idi. Ancaq əgər Vyanadan sonrakı müddətdə Ermənistan heç bir addım atmazsa növbəti görüşlər bizim əleyhimizə işləyə bilər. Çünki, münaqişənin həllində konkret addımlar atılmadan görüşlərin davamı dövlət başçısı İlham Əliyevin dediyi kimi imitasiya xarakteri daşıyacaq. İmitasiya isə status-kvonun davamı deməkdir. Ona görə də səngərdəki hərbçimiz silahı əlində apreldə olduğu kimi möhkəm tutmalıdır.
Elhan Şahinoğlu/atlassam atlas stratejik araştırmalar merkezi bakü
- Anasayfa
- »
- Azerbaycan
- »
- Vyana görüşü gözlədiyim kimi nəticələndi
Vyana görüşü gözlədiyim kimi nəticələndi
532 0