Beynəlxalq aləm iki separatçı bölgənin “müstəqilliyinə” hazırlaşır(mı?)

Rus senatör: Türkiye en doğrusunu yaptı, altını ABD’de bulundurmak çok tehlikeli

Gürcü arzusu”nun Borçalı arzusu

Korana Türkiye’ye gelmiş

Vurulan təyyarədəki qaşqay doktorantları

Gündem 31 Ocak 2020
105

Türk xalqlarının elmdə, mədəniyyətdə, ədəbiyyatda qazandığı uğurlardan yazmağa çalışıram. Lakin həmişə istədiyim kimi olmur, üzücü hadisələrdən də söz açmalı oluram.

“525-ci qəzet”də son yazım bu ilin yanvarın 10-da çap olunmuşdu. “Qaşqay musiqisinin fədakar xadimi Furud Gorginpur dünyadan köçdü” adlı məqaləm çap olunandan iki gün öncə bu ailənin bir üzvü, Furud Gorginpurun qardaşı qızının həyat yoldaşı Fərid Arəstə də həlak olub. Həmin günlərdə bundan nə mənim xəbərim olmuşdu, nə də ailəsinin.

Kanadada biologiya sahəsində doktorluq müdafiə etmiş gənc Fərid Arəstənin faciəli ölümündən 11 gün sonra xəbər tutdum. Əslində, 2020-ci ilin yanvarın 8-də Tehrandan Kiyevə uçan “Boinq 737” sərnişin təyyarəsinin Xələcistanda qəzaya uğradığı haqqında xəbəri elə həmin günlərdə televiziyadan eşitmiş, saytlardan oxumuşdum. Orada 176 nəfərin həlak olması üzüntümə səbəb olmuşdu. Ölənlərin ruhuna fatihə oxumuş, ölümlərinin səbəbini qəzavü qədərə bağlayaraq özümə təsəlli vermişdim.

Təyyarənin qəzaya uğramasının səbəblərini təfsilatı ilə öyrənməyə o qədər də həvəsli deyildim. Bunu həmin sahədə çalışanların işi sayırdım. Düşünürdüm ki, qoy öyrənsinlər, dəqiqləşdirsinlər, günahkarları cəzalandırsınlar. Bəlkə bir daha belə yanlışlıqlar olmaya.

Qəzadan 11gün sonra, yəni yanvarın 19-da Qaşqay şairi Əvəzullah Səfəri Kəşküllüyə zəng vurmuşdum. Cavab verməmişdi. Şərtləşmişdik ki, 20 yanvar şəhidlərinin xatirəsinə yazacağı şeirini mənə göndərəcək, mən də onu Bakıdakı qəzetlərin birində çap etdirəcəm. Düşündüm ki, yəqin şeiri yazıb tamamlaya bilməyib və ya şeir uğurlu alınmayıb deyə cavab vermir.

Axşamüstü Əvəzullah Səfəridən zəng gəldi. Düşündüm ki, şeiri göndərə bilmədiyi üçün üzrxahlıq edəcək. Səsi çox hüzünlü idi. Elə bildim, 20 yanvar şəhidlərinə görə belə kövrək səslə danışır. “Hamımızın başı sağ olsun, bu faciə hamımızın kədəridir” deyə təskinlik verməyə çalışdım. Əvəzullah bəyin səsi dəyişdi: “Sizə kim xəbər verdi? Haradan oxudunuz?” – deyə xəbər aldı. Sonra da qəbiristanlığa toplaşanların çoxluğundan, ailəsinin keçirdiyi sarsıntıdan, özünün üzüntüsündən danışdı.

Mən onun yas yerindən yeni gəldiyini başa düşsəm də, kimin dəfnindən gəldiyni müəyyənləşdirə bilmədim. Söhbəti təskinlikverici sözlərlə uzatdım. Düşündüm ki, bəlkə danışığından bir ipucu tapam, kimin rəhmətə getdiyini öyrənə bildim. Elə də oldu. Əvəzullah Səfəri Xələcistan üzərində vurulan təyyarədə dörd qaşqay gəncinin olduğunu dedi və Qənimət Əjdərinin məzarı başında oxuduğu şeiri söylədi. Doğmalarını itirmiş insan kimi yasa batdım. Həlak olanların kimlərdən olduqları ilə maraqlandım.

Əvəzullah bəy onunla eyni tayfadan – Kəşküllü tayfasından olan qohumları Qənimət Əjdəri haqqında yanğı ilə danışdı. Bildim ki, təyyarədə həlak olanların cəsədlərinin qalığını on günə müəyyənləşdirdikdən sonra ailələrinə dəfn etməyə veriblər. Ondan dünyasını dəyişənlər haqqında mənə bilgi göndərməsini istədim. O, qırıq-sökük bilgilər versə də, yas içərisində olduğundan suallarıma geniş və aydın cavab verə bilmədi. Belə olduqda mən başqa qaşqay tanışlarımı da işə qatmalı oldum.

Onlardan öyrəndim ki, Qənimət Əjdəri Kəşküllü 1983-cü il iyulun 21-də Şiraz şəhərində doğulub. Orta məktəbi bitirdikdən sonra Əhvaz şəhərindəki Çəmran Universitetinin Təbii Qaynaqlar Fakültəsində oxuyub. Kərəc şəhərindəki Pərdis Universitetində təhsilini davam etdirərək magistr diplomu alıb. Elmi axtarışlara böyük həvəsi olduğundan ixtisası üzrə doktoranturaya qəbul olunmaq istəyib. İmtahanlardan üçüncü dərəcə (Bu, İranda ən yüksək göstərici sayılır) ilə çıxsa da, bilinməyən səbəbdən onun yerini başqasına veriblər.

Qənimət Əjdəri bir müddət Karzunda Təbii Mənbələr İdarəsində işləyib. Tağı Fərur ilə tanış olandan sonra Şirazdan Tehrana köçüb. Burada “Senesta” müəssisəsində işləməyə başlayıb. Az bir zamanda çalışdığı kollektivin hörmətini qazanıb. Qeyri-hökumət təşkilatlarında çalışaraq İranın rəngarəng ətraf mühitini qorumaq üçün əlindən gələni əsirgəməyib. Beynəlxalq konfranslarda İranı təmsil edib.

O, qaşqay adət və ənənələrini araşdırıb. Dəfələrlə ağsaqqal və ağbirçəklərlə görüşüb, onlardan material toplayıb. Dövlət idarələrində hər zaman qaşqayların hüquqlarını müdafiə etməyə çalışıb. Topladığı materiallar əsasında doktorluq dissertasiyası yazmaq, qaşqayları, onların maddi və mənəvi mədəniyyətini tanıtmaq istəyib.

Xarici ölkələrdən birində təhsilini davam etdirmək üçün imtahanlara qatılıb. Çindən ona müsbət cavab gəlib. Butun xərclərini ödəməklə doktorluq müdafiə etməsinə şərait yaradılacağı haqqında məktub alıb. Lakin bu dəvəti qəbul etməyib. Kanadanın Qolof Universitetindən aldığı dəvət isə ürəyindən olub. 2019-cu ilin avqust ayında Kanadaya gedərək təhsilə başlayıb. Üç aydan sonra valideynlərini görmək üçün Şiraza dönüb. Yanvarın 8-də isə Tehranda təyyarəyə minib ki, Kanadaya getsin, təhsilini davam etdirsin. İslam İnqilab Keşikçiləri Xomeyni aeroportundan yenicə havaya qalxan təyyarəni raketlə vuranda Qənimət Əjdəri də təyyarədə olub.

Həmin təyyarədə həlak olan ikinci gənc Fərid Arəstə olub. Onun haqqında bilgini isə Səttarxan Sərdarimillinin nəticəsi Sami bəy qaşqay musiqisinin inkişafında və tanıdılmasında böyük xidmətləri olan Furud, Fərhad, Qulaməli Gorginpurun qardaşı oğlu
1988-ci ildə Fars ostanının (vilayətinin) qaşqaylar yaşayan Abadə şəhərində doğulan Fərid Arəstə 2010-cu ildə Urmiya Unversitetinin Əkinçilik Fakültəsini bitirib. Sonra Tehran Universitetinin Bağ Mühəndisliyi Fakültəsində magistr təhsili alıb.

Fərid Arəstə qaşqay musiqisinin təbliğində böyük rolu olan Qulaməli Gorginpur qızı Maral ilə evlənib. Qulaməli Gorginpurun qardaşları Fərhad 2018-ci ilin avqustunda, Furud 2019-cu ilin dekabrında dünyasını dəyişəndə “525-ci qəzet” onlar haqqında geniş məqalələr vermişdi.

Fərid Arəstə Kanadanın Karlton Universitetinin doktoranturasında oxuyub. Doktorluq dissertasiyasını uğurla müdafiə edərək biologiya elmləri doktoru alimlik dərəcəsi alıb. Vətənə dönüb, ailələri ilə, dost və qohumları ilə görüşüb. Yanvarın 8-də isə Kanadaya gedirmiş ki, müdafiəsini başa vurub geri dönsün.

Əvəzullah Səfəri Kəşküllü həlak olanlardan dördünün qaşqay olduğunu söyləmişdi. Hazırda Ankarada təhsil alan qaşqay gənci Əmin Cahangirinianın köməyi ilə həlak olanlardan birinin Dərəşorlu tayfasından Məhəmmədmehdi Hüseyin oğlu Elyasi olduğunu öyrəndim.

Məhəmmədmehdi 1991-ci il avqust ayının 11-də anadan olub. 2010-cu ildə İranda gənc fiziklər arasında keçirilən olimpiadanın gümüş medalını alıb. Tehrandakı Sənəti Şərif Universitetinnin Makina Mühəndisliyi Fakültəsini bitirib. 2015-ci ildə Kanadaya gedərək təhsilini davam etdirmək məqsədilə magistraturaya qəbul olunub.

Təyyarədə həlak olan qaşqaylardan dördüncünün kim olduğunu müəyyənləşdirə bilmədim.

Allah həlak olanların hamısına rəhmət etsin, yerləri cənnətlik olsun.
Əli Şamil

Yorumlar