Şimdi yükleniyor

Vasif Efendi: Ramiz Mehdiyevin ideoloji seçimi Şah İsmayıl Səfəvi

Sovet zamanında Azərbaycan siyasi düşüncəsini nəzarətə götürmək üçün tarixi şəxsiyyətlərə istinad etmək praktikası yaranmışdı.Bu tip nümunələr elmi məqsəd daşımırdı.Məqsəd ideoloji təbliğatın legitimləşdirilməsi idi.
Ramiz Mehdiyevin “Şah İsmayıl Səfəvi: ideyalar, dövlətyaratma təcrübəsi, zaman” əsəri də bu taktika üçün tipik nümunədir.
Əsərin zahiri məqsədi Şah İsmayılın dövlətçilik təcrübəsini öyrənmək olsa da, mahiyyət dövlət strukturlarına hopdurulmuş məzhəbçi dini ideoloji sistemin dəstəyi ilə imperiyaya təslimçilik xəttidir.Ən diqqətçəkən məqam isə müəllifin ideya simvolu kimi məhz Şah İsmayılı seçməsidir, halbuki milli dövlətçilik modeli baxımından Nadir şah daha uyğun tarixi şəxsiyyətdir.
Tarixi mənbələrə əsasən, Şah İsmayıl Səfəvi siyasi gücünü dini-mistik kult üzərində qurmuşdu.Səfəvi ordeninin təriqət prinsipləri dövlət strukturlarına transfer olunmuş, şiəlik isə dövlət ideologiyasına çevrilmişdi.Bu, bir tərəfdən imperiya şəklində mərkəzləşmə gətirsə də, digər tərəfdən türk-müsəlman dünyasını məzhəb xəttində iki yerə bölən ən ciddi amilə çevrildi.Beləliklə, Şah İsmayılın tarixi missiyası birləşdirici deyil, bölücü xarakter daşıyırdı. Onun dövlət modeli dini itaət üzərində qurulmuşdu. Rəhbərin “ilahiləşdirilmiş” statusu və ictimai təfəkkürün ideoloji nəzarət altında saxlanılması teokratik avtoritar sistemin ilkin forması idi.
Məhz bu xüsusiyyət ,dini-ideoloji mərkəzləşmə Ramiz Mehdiyevin idarəçilik konsepsiyasına çox uyğun gəlirdi.
Ramiz Mehdiyev öz kitabında Şah İsmayılı Azərbaycan dövlətçilik düşüncəsinin ideya atası kimi təqdim edir.
Lakin bu təqdimat obyektivlikdən çox, müasir siyasi legitimlik məqsədi güdür.Şah İsmayılın təriqətə sadiq, dini-itaətçi strukturu Ramiz Mehdiyev üçün qurmaq istədiyi “model cəmiyyət”in tarixi əksi idi.Bu mənada kitabda Səfəvilik modeli əslində Rusiya-tipli mərkəzçi dövlətçiliyin elmi əsaslandırması kimi təqdim olunur.
Yəni Mehdiyev tarixi şəxsiyyət vasitəsilə İran və Ruisya məngənəsinə sıxışan türk toplumunu imperiyaya tabe etdirməyə çalışırdı.
Nadir şah Əfşar isə tamamilə fərqli mahiyyət daşıyırdı.
O, dini təriqətlərə deyil, dövlətin hərbi və milli gücünə əsaslanırdı.
Nadir şahın məqsədi məzhəbi fərqləri aradan qaldırmaq, vahid imperiya çərçivəsində türk və fars tayfalarını siyasi-milli zəmində birləşdirmək idi.Onun təşəbbüsü ilə qəbul edilən “Cəfəri məzhəbi” layihəsi də, əslində, islam daxilində Nəsimidən sonra ikinci teokratik dəyişiklliyə cəhd idi.Yəni Nadir şahın dövlətçilik fəlsəfəsi realist idi. Nadir şah dövləti dinin yox, siyasətin idarə etməsini təklif etmişdi.Bu baxımdan Nadir şahın təlimi milli dövlətçilik modelinə daha uyğun idi.Lakin bu tip azad və milli düşüncə Mehdiyev kimi xain ideoloqlar üçün təhlükəli idi. Çünki Nadir şah xalqın ideoloji nəzarətdən çıxmasını, azad siyasi düşüncənin formalaşmasını təmsil edirdi.Bu səbəbdən Ramiz Mehdiyev üçün “milli güc” yox, “ideoloji itaət” simvolu olan Şah İsmayıl daha əlverişli tarixi fiqur idi.
Ramiz Mehdiyevin Şah İsmayıl obrazını diriltməsi, əslində, Rusiya siyasi-ideoloji xəttinin regional proyeksiyasıdır.
Rus ideoloqları əsrlərlə Cənubi Qafqaz və Mərkəzi Asiyada dini-məzhəbi parçalanmaları dərinləşdirməklə türk dünyasını zəiflətməyə çalışıblar.Səfəviliyin məzhəbçi təbiəti bu siyasət üçün “uyğun tarixi material” idi.Mehdiyev də bu modeli milli tarix çərçivəsində təqdim etməklə, əslində, imperiya təfəkkürünü milli ideya kimi qabartdı.
Beləliklə, onun “Şah İsmayıl Səfəvi” kitabı zahirən Azərbaycan dövlətçiliyinin tərənnümü, mahiyyətcə isə itaət və nəzarət ideologiyasının bərpası idi.
Ramiz Mehdiyevin siyasi sistemdə uzun illər oynadığı rol da bu ideoloji xəttin praktik ifadəsidir.Onun fəaliyyəti dövründə formalaşan “beşinci kolon” yəni Rusiya yönümlü, milli maraqlardan uzaq dairələr Azərbaycan dövlətçiliyinə daxilən təzyiq göstərirdi. Mehdiyevin həbsi bu şəbəkənin dağılmasının və Rusiyapərəst təsirin zəifləməsinin göstəricisidir.Tarix göstərdi ki, Rusiyaya etibar etmək nə siyasi, nə də strateji baxımdan mümkün deyil.Moskvanın regiondakı siyasəti müstəqil dövlətlərin suverenliyini qorumağa deyil, onları öz orbitində saxlamağa yönəlib.Bu reallıq Azərbaycan üçün bir dərsdir: milli ideya itaətə yox, müstəqilliyə əsaslanmalıdır.
Ramiz Mehdiyevin “Şah İsmayıl Səfəvi” əsərinin əsas qayəsi milli ideyanı tədqiq etmək deyil, mərkəzçi və ideoloji nəzarət modelini tarixi fiqur vasitəsilə əsaslandırmaqdır.Məhz bu səbəbdən o, birləşdirici və milli lider olan Nadir şahı deyil, dini-ideoloji xarakter daşıyan Şah İsmayılı seçdi.Bu seçim düşünən xalqı təhlükə kimi görüldüyü bir ideoloji mühitin məhsuludur.
Bugünkü Azərbaycan üçün əsas vəzifə həmin köhnə ideoloji sistemdən qurtulmaq, türk milli dövlətçiliyinin müstəqil modelini bərqərar etməkdir.
Şah İsmayıl imperiyanın ideologiyası idi, Nadir şah millətin gücü idi.
Azərbaycan gələcəyini birincidən deyil, ikincidən öyrənməlidir.”
Vasif Efendi 

Share this content:

Yorum gönder