KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Dünya üzərində Tramp küləyi – 4 gündə nələri dəyişib?

Dünya üzərində Tramp küləyi – 4 gündə nələri dəyişib?

Kafkassam Editör Kafkassam Editör - - 8 dk okuma süresi
467 0

ÇYanvarın 20-də and içərək vəzifəsinin icrasına başlayan ABŞ-ın 45-ci prezidenti Donald Tramp dünyanı heyrətləndirməkdə davam edir. Yeni prezidentin ilk icraatı sələfi, hər addımbaşı tənqid etdiyi Barak Obamanın bəzi qərarlarını ləğv edib.

Trampın prezident kimi ilk sərəncamları arasında “Obamacare” adı ilə tanınan sığorta proqramı ilə bağlı “tənzimləmənin məhdudlaşdırılması” da var. Tramp bildirib ki, rəsmi adı “Affordable Care Act” olan “Obamacare” proqramı dövlət qurumlarına yük və israfçılıqdır. Bu qanun layihəsi Obamanın böyük zəhmət sərf etdiyi fəaliyyətin nəticəsi idi. 2010-cu ildə qəbul olunmuş “Obamacare” proqramı əvvəllər sığortası olmayan 25 milyon amerikalıya səhiyyə xidmələrindən yararlanmaq imkanı verib.

Amma Trampın sürpriz qərarları bununla da məhdudlaşmayıb. Yeni prezident sürpriz addım ataraq ABŞ dövlətinin özünü yaratdığı Trans-Sakit Okean Əməkdaşlığı sazişindən çıxmaq haqqında fərman imzalayıb. Bu, bənzəri görünməyən addımdır, çünki ABŞ ilk dəfə özünün qurduğu təşkilatdan çıxır. 12 ölkənin iştirakı ilə imzalanan Trans-Sakit Okean Əməkdaşlığına dair saziş Asiya və Sakit Okean regionunda geniş azad ticarət zonasının yaradılmasını nəzərdə tuturdu. Prezident deyib ki, bu saziş Amerikanın maraqlarına cavab vermir. Onun sözlərinə görə, Çinin qeyd olunan sazişdən istifadə edəcəyini və layihədən daha çox qazanacaq.

Donald Trampın prezident kimi ilk 4 gündə atdığı addımlar, imzaladığı sərəncam və fərmanlar artıq indidən dünyada geniş rezonans doğurub. Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayer deyib ki, Donald Trampın ABŞ prezidenti seçilməsi bir epoxaya son qoyub.

Onun sözlərinə görə, Trampın prezident seçilməsi ilə XX əsrin köhnə dünyası nəhayət, keçmişdə qaldı: “XXI əsrdə dünya nizamına baxışın necə olacağı, dünyanın sabah necə görünəcəyi hələ müəyyənləşdirilməyib. Bu sual açıq qalır. Dünya ictimaiyyəti təlatümlərə, o cümlədən hakim rejimlərin dəyişməsinə hazır olmalıdır”.

Trampın ABŞ-ın özünün yaratdığı birlikdən çıxması, NATO-nu Amerikadan maliyyələşən qurum adlandırması, ümumilikdə onun ənənəvi Amerika siyasi kursunu dəyişəcəyini, daha sərt, Amerika mərkəzli bir xətt götürəcəyini göstərir. Əlbəttə, digər prezidentlərin zamanında da ABŞ mərkəzli siyasət aparılıb. Ancaq indi görünən odur ki, Tramp kəskin dönüş edəcək. Müşahidəçilərə görə, ABŞ prezidenti ilkin olaraq Vaşinqtonu əlavə “yüklərdən” xilas etmək, ölkə daxilində vergi islahatları, yeni iş yerlərinin açılması ilə rifah indeksini, iqtisadi vəziyyəti daha da inkişaf etdirmək fikrindədir. Bu isə o deməkdir ki, bir müddət keçmiş müttəfiqlər ABŞ-ın dəstəyindən əllərini üzməlidirlər. Avropanın narahatlığı da məhz bununla bağlıdır. Almaniya xarici işlər nazirinin açıqlaması da məhz bununla bağlıdır. Yeri gəlmişkən, Böyük Britaniyanın Baş naziri Tereza Mey yaxın günlərdə Vaşinqtona səfər edəcək. Almaniyanın XİN rəhbəri də okeanın o tayına getməyə hazırlaşır. Görünən odur ki, avropalılar gələcəklə bağlı planları tutuşdurmağa çalışacaqlar.

ABŞ-ın özü qapılması siyasəti yalnız Trampın “icraatı” kimi də qəbul olunmamalıdır. Amerikada Donald Trampın seçilməsi və Avropada sağın sürətlə populyarlaşması tendensiyası açıq şəkildə müşahidə olunur. Artıq “qoca qitənin” özündə Trampın “stili” sürətlə populyarlaşır. Artıq Fransada, Hollandiyada, Almaniyada sağ partiyalar sürətlə populyarlıq qazanır. Məəslən, martın 15-də parlament seçkilərinin keçiriləcəyi Hollandiyada hazırkı baş nazir Mark Rutte və Azadlıq Partiyasının sədri Geert Wildersin əsas şüarı miqrantlar əleyhinə çağırışlardır. Hər iki siyasətçi seçki şüarlarında miqrantlardan Hollandiya dəyərlərinə uymaq, əks təqdirdə ölkədən çıxmaq tələb olunur.

Bu tendensiya onu göstərir ki, dəyişən yalnız Amerika deyil, Avropada da sağın, içə qapanma siyasətinin inkişafı tendensiyası inkişaf edir. Yəni başqa sözlə, yaxın zamanlarda Avropada da yeni tramplar meydana çıxa bilər. Bu isə dünyada davam edən iqtisadi, siyasi, mənəvi böhranlarla bağlıdır.

Ancaq bu heç də o anlama gəlmir ki, Trampın zamanında ABŞ-ın xarici siyasəti tamamilə passiv olacaq. Əksinə, görünən odur ki, xarici siyasət Tramp zamanında ənənəvi respublikaçı və həm də xeyli dərəcədə sərt olacaq. Bunun ilkin simptomları

Birinci addım Trampın hələ vəzifəyə gəlməmişdən əvvəl İsraillə bağlı söylədikləri, ABŞ səfirliyini Qüdsə köçürməklə bağlı vədi idi. Tramp and içdikdən sonra xarici ölkə rəhbərlərindən ilk olaraq İsrailin baş naziri Benyamin Netanyahu ilə telefonla danışıb və onu Vaşinqtona səfərə dəvət edib. Bunun ardınca isə Yaxın Şərqdə İsrailin təhlükəsizliyi üçün açar ölkə olan Misirin prezidenti Əbdülfəttah əs-Sisi ilə danışıb və onu Vaşinqtona dəvət edib. Trampın ilk telefon danışığını Netanyahu, ikincini isə Sisi ilə etməsi Ağ Evin yeni rəhbərinin artıq Yaxın Şərq siyasətinin kursunun necə olacağını göstərir. Yeri gəlmişkən, artıq ABŞ hökumətinin ötən ay BMT-də İsrail əleyhinə qətnaməni ləğv etmək üçün hərəkətə keçməsi haqda məlumat yayılıb.

İkinci mühüm məsələ Trampın İran məsələsində tutduğu mövqedir. Seçki kampaniyası dönəmində Tramp İranı dəfələrlə hədələyib, indi isə müşahidəçilər Trampın nüvə anlaşmasından imtina edə biləcəyini ehtimal edirlər. artıq bu narahatlıq Tehranda da var. İranın atom energetikası naziri Əli Əkbər Salehi bildirib ki, əgər ABŞ prezidenti Donald Tramp “nüvə sövdələşməsi”nə əməl etməzsə, İran öz nüvə fəaliyyətini bərpa edəcək.

Bu isə o deməkdir ki, Trampın xarici siyasətində ənənəvi respublikaçı xətti davam edəcək, Yaxın Şərqdə İsrail dəstəklənəcək, İranla münaqişə dərinləşəcək, hətta İraqa yenidən əsgər göndərilməsi gündəmə gələcək. Eyni zamanda dünya bazarında neft qiymətlərinin artması, yeni müharibə təhlükəsi ən azı bəyanatlar səviyyəsində olacaq.

Kənan Rövşənoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir