ÜNİVERSİTELERİN KRİTER YARIŞI VE SÖZDE “KALİTELİ DERGİ” ANLAYIŞI

Baguz tepesine bayrak diken ypg-pkklı teröristler ne yapmak istiyor

Novruz bayramı haqqında bilmədiklərimiz

İran göydə ABŞ-la yarışır – pilotsuz təyyarələrin istehsalını genişləndirir

UŞAQLARIN TƏRBİYƏ VƏ TƏLİMİNDƏ MİLLİ FOLKLORUN ROLU

Gündem 21 Şubat 2019
88

​ “Uşaq ailənin güzgüsüdür” deyiblər. Onun cəmiyyətdə fərd, şəxsiyyət kimi inkişafında ailədən gələn tərbiyə vacib rol oynayır. Tərbiyənin isə təməli hələ ana bətnində ikən qoyulur. Son illərin elmi axtarışları ana bətnindəki hüceyrənin ətraf aləmdə baş verən isti- soyuğu, bioloji və kimyəvi dəyişməni, hətta məhəbbəti, sevgini, nifrəti və qəzəbi də hiss ediyi qənaətindədir. Qatı ciayətkarlar üzərində uzun illər müşahidələr aparmış psixoloqlar da bu qənaətdədir ki, onların əksəriyyəti ana bətnində olarkən qəddarlıqlarla üzləşmiş, valideyinləri onları doğulmamış məhv etmək belə istəmişlər.
Ana bətnində psixoloji zədələr almış insanlar doğulandan sonra nə qədər gözəl tərbiyə alsalar da, firavan yaşasalar da, onlar gözlənilmədən elə qəddarlıqlar törədirlər ki, ətrafdakılar bunun səbəbini heç cür izah edə bilmirlər. Son illər Avropa və ABŞ alimləri ana bətnində təziyqlərə məruz qalmış, abort edilməyə çalışılmış insanların törətdiyi cinayətlər haqda çoxsaylı məqalələr, kitablar yazmış, sənədli və bədii filimlər çəkmişlər.
Təəssüflər olsun ki, vətənimizdə hələ də bu məsələyə o qədər də önəm verilmir. Bu sahə üzrə mütəxəssislərin azlığından maarifləndirmə işi də gərəyincə aparılmır.
Uzun illər belə bir fikir formalaşdırılırdı ki, keçmişlərdə ata-babalarımız, ana- nənələrimiz savadsız olduğundan onlar gənc analar arasında heç bir təbliğat, maariflədirmə işi aparmamışlar. Savad dedikdə onlar yalnız Avropa tiplli məktəblərdə təhsil almağı nəzərdə tuturdular. Minilliklərin təcrübəsini özündə yaşadan, şifahi nəsildən nəsilə ötürülən bilikləri isə savad, təhsil hesablamırdılar. Əslində, türklər gənc nəsillərin savadlandırılmasına xüsusi önəm verirdilər. Onlar biliyi yetişməkdə olan nəslə şifahi yolla və bədii vasitələrlə çatdırmağa üstünlük verirdilər. Buna görə də dünyada türk xalqları qədər çoxjanırlı və zəngin folklora az-az rast gəlmək olar.
Nəsildən-nəsilə ötürülərək yaşadılan və zənginləşdirilən folklorumuz dağda da, aranda da, kənddə də, şəhərdə də, beş-üç nəfər arasında da, 50-60 nəfərin toplandığı salonda da bir məktəb, unversitet rolunu oynayaraq minlərlə, milyonlarla insanın dünyagörüşünü formalaşdırmış, həyata hazırlamışdır. Səbəbi isə savadsız saydığımız anaların ənənəyə sadiqliyi idi. Min illər boyu ağbirçəklər gənc analara hamiləlik dövründə daha həssas olmağı, doğulacaq körpəni hələ hüceyrə ikən sevib əzizləməyi məsləhət görürdülər. Onlar üçün sakit və rahat bir ortam yaradır, hətta ürəkləri istədiyi meyvələri, yeməkləri çətin də olsa tapıb onlara yedirdirdilər.
Beləcə layla və oxşamaların, həzin və sakitləşdirici musiqinın təsiri altında ana bətnində formalaşan döl uşağa çevrilərək həyata gəldikdə həyatsevər, valideyinlərinə, ətrafdakılara sevgiylə böyüyərdi.
Alman alimlərinin apardığı müşahidələrdən bu qənaətə gəlmişlər ki, yeni doğulmuş körpə anasının danışdığı dilin səs tonuna uyğun ağlayır. Buradan belə aydın olur ki, gələcək nəslin formalaşmasında ananın danışdığı dilin də, yaşadığı mühitin də, yediyi qidanın da, dinlədiyi musiqinin də təsiri var.
Uşaq həyata göz açandan sonra laylalar, oxşamalar, nazlamalar vasitəsilə böyüdülür. Dil açdıqdan sonra ona sicillilər, yanıltamaclar öyrətməklə nitqini rəvanlaşdırır, tapmacalarla məntiqini inkişaf etdirir, holavarlar, sayaçı sözləri, nağıllar və b. təbiət, həyat haqqında biliklərini artırırlar. Bütün bunlar hər bir Azərbaycan fərdinin tərbiyəsində əvəzolunmaz nemətdir!
Uşaqların maraqla dinləyib, yadda saxladığı folklor nümunələri onun istər dünya görüşünü, istər mənəvi aləmini, istərsə də iradəsini formalaşdırır. Hələ ana bətnindəykən milli duyğularla tərbiyə edilənlər böyüyəndə cəmiyyət üçün gərəkli insana çevrilir və millətinə, xalqına daha çox sarılar. Uşağı milli musiqisi olan sazla tanış etməli, ona dinlətməliyik. Çünki “Sarıtel”i, “Dübeyti”ni dinlədikcə körpə soykökünə bələd olar. “Ruhani”ni dinləyən körpələr dədə-babalarının nə üstə kökləndiyini duyar, özü də haqsızlığa, ədalətsizliyə qarşı beləcə üsyankar olar, zülmü götürməz, zalımın tərəfində durmaz. Beləliklə, hələ ana bətnindəykən uşağın tərbiyəsini düşünmək lazımdır. Mirzə Cəlillər, Əbdürrəhimbəy Haqverdiyevlər, Üzeyir Hacıbəylilər məhz bu “dalğada kökləndiklərinə görə” Azərbaycan, millət, vətən eşqi ilə yanıb-yaxılıblar. Məhz buna görə onları heç bir qüvvə öz yolundan döndərə bilməyib, bütün çətinliklərə sinə gəriblər.
Körpə ikən, hələ düyanı anlamadığımız düşünüldüyü bir zamanda, bərkinə-boşuna düşmədən, ətrafımızda baş verənləri anlmadan, sadəcə yemək-içmək üçün ağladığımız çağlarımızda analarımızın məlahətli səsi ilə qulaqlarımıza dolub, ruhumuzu oxşayan, damla-damla, zərrə-zərrə beynimizə həkk olunan, bizə körpə vaxtlarımızdan ana, vətən sevgisini aşılayan layla və oxşamalar hər birimizin inkişafında, tərbiyəsində böyük rol oynayıb. Biz fərqinə varmadan körpə beyinlərimizdə həkk olunan bu xalq ədəbiyyatı nümunəsi bütün həyatımız boyu bizi müşayət edir.​Layla və oxşamalar həyatımızın hər anında bizimlə birlikdədir.
Nağıllar da bu baxımdan çox əhəmiyyətlidir. Sehrli nağıllar, qorxulu nağıllar uşaqların fantaziya gücünün inkişafına çox kömək edir. Məsələn, alleqorik nağıllar uşaqların yaş psixologiyasına uyğun qoşulmuşdur. Belə nağılların əsas iştirakçıları olan əşyalar, xüsusilə heyvanlar insan kimi danışdırılır, insanlara xas olan xasiyyətlər onların üzərinə köçürülür. Alleqorik nağılların əksəriyyətində müxtəlif heyvanlar iştirak edir: tülkü, qurd, dovşan, ilan, keçi, xoruz, at, çaqqal, aslan, qarğa, toyuq, hacıleylək və s. bunlardan ən çox iştirak edəni isə tülkü, dovşan, at, it və qurddur. Bu tip nağıllara qulaq asan uşaq istər-istəməz ayının qışda yuxuya getməsi, qurdun ov axtarması, dovşanın qorxaqlığı, itin sədaqəti, keçinin, qoyunun, atın xasiyyəti barədə kifayət qədər məlumat toplayır.
“Çoban və Bənək” nağılında haramıların hücumuna məruz qalan çoban qardaşını, atasını deyil ona sədaqətlə kömək edən iti Bənəyi mahnı ilə belə çağırır:
Haramılar gəldi,
Qoyunu basdı,
Bənək ha, a Bənək ha!
Bənək ha, a Bənək ha!
Səhər ertə yel əsdi,
O yel səbrimi kəsdi,
Bənək ha, a Bənək ha!
Bənək ha, a Bənək ha!
Folklorumuz sadəcə heyvanlara məhəbbət oyatmaqla qalmır, həm də onların insanların yaşam şərtlərini yaxşılaşdırmaq üçün gördüyü işin vacibliyini, həyatımızda oynadığı rolu bədii vasitələrlə və olduqca yaddaqalan şəkildə yaddaşlara hopdurur.
Məsələn, holavarlarımızda buğda əkərək ailəsini, toplumu aclıqdan xilas etmək istəyən əkinçi öküzünü belə əzizləyir:
Qızıl öküzüm yeri,
Qoyma şum qala geri,
İti tərpən maralım,
Düşmannar baxır bəri.
Yaxud çoban qoyununu belə əzizləyir:
Qoyunlu evlər gördüm,
Qurulu yaya bənzər.
Qoyunsuz evlər gördüm,
Qurumuş çaya bənzər.
Nənəm, a şişək qoyun,
Yunu bir döşək qoyun,
Bulamanı bol eylə,
Qırıldı uşaq qoyun.
Nə yazıq ki, bu gün nəinki uşaqlar, hətta böyüklər belə bulama, dələmə, kürəmə, qovurma, qaxac və başqa qidaların adını da, dadını da bilmirlər. Hansı ki, bunlar insan sağlamlığını təmin edən bakteriyalarla zəngindir. Genlərimizi formalaşdırmış bu qidalardan uzar düşdüyümüzə görə xəstəliklərə müqavimətimiz zəifləmişdir. Sağlamlığımızın qoruyucusu olan bakteriyalarla zəngin qidalarımız isə az qala folklorda yaşayır.
Folklordakı heyvan surətləri uşaqlıqdan insana müsbət əxlaqi keyfiyyətlər – hörmət, yoldaşlıq, dostluq, qorxmazlıq və s. aşıladığı kimi, paxıllıq, tənbəllik, acgözlük, riyakarlıq kimi mənfi keyfiyyətləri də aradan qaldırır.
Laylalar beşik nəğmələridir, həzin musiqi sədaları altında oxunur. Bunlara həm də nənni nəğmələr də deyilir. Beşikdəki uşağı yatırmaq üçün anaların körpələrinin qulaqlarına fısıldadığı bir nəğmədir laylalar. Körpələri yuxuya verən sözdən çox ahəng və musiqi sədalarıdır. Bu sədalarda ananın öz evladına sonsuz məhəbbəti, onun haqdakı arzuları ifadə olunur.
Nərgizim üzüm lay-lay,
Yaxana düzümlay-lay.
Sən böyü mən qocalım,
Toyunda süzüm lay-lay.
Və yaxud:

​​Laylay dedim boyunca,
​​Baş yasdığa qoyunca
​​Pardaxlan q​ızıl gülüm
​​Bir iyləyim doyunca.

Uşağın mənəvi aləminin zənginləşməsində, həyata qarşı düzgün tərbiyə olunmasında xalq qədər dürüst müəyyənləşdirə bilən ikinci bir mürəbbi tapmaq çətindir. Çünki layla və oxşamalar ana ilə körpə arasında əbədi məhəbbətin təməli əsasında qoyulur. Məhz buna görədir ki, uşaq ən incə,ən saf, ən ülvi, müqəddəs duyğular aşılayan ana laylalarını eşitməzsə, onda onun qəlbinə pis əməllər, şər qüvvələr daha tez nüfuz edər. Onun qəlbində məhəbbət, mərhəmət, şəfqət, xeyirxahlıq hissləri yer tapmaz. Hətta Xobotyev “kim bilir, bəlkə də uşağın tərbiyəsində hələ ki, sirri açılmamış bir çox uğursuzluqlar elə buradan başlayır” – deyə öz münasibətini bildirir bu şifahi xalq ədəbiyyatı nümunəsinə. Layla və oxşamalar körpələrə məhəbbəti aşılayır. Eyni zamanda, körpənin özünə inamlı olmasını da öyrədir. Məsələn, aşağıdakı misalda bunu aydın şəkildə görə bilərik:
​Çaydır, dənizdir,
​Quldur, kənizidr,
​Balam hər nədir,
Mənə əzizdir

Uşaqlarda musiqiyə, ədəbiyyata həvəs oyadan, onun bədii zövqünü oxşayan ilk nümunələr, şübhəsiz ki, layla, bayatı və oxşamalardır.
Laylası dərin bala,
Yuxusu şirin bala!
Tanrıdan əhdim budur.
Toyunu görüm bala!

Layla dedim həmişə
Karvan keçər enişə
Yasdığıva gül düzdüm
Beşiyivə bənəşfə.

Bu xoş nəğmələri eşidən körpə yuxuya gedir. Oyandıqda isə ona oxşamalar – bəzən buna nazlamalar da deyilir – oxunur. Ana öz körpəsini böyük sevinclə, canlı, oynaq bir dillə oxşayırlar. Burda əsas məqsəd əzizləmək, əyləndirmək, oxşamaqdır. Uşaq yuxudan oyandıqdan sonra incə yumorla bağlı şən əhval-ruhiyyə əmələ gətirmək üçün oxunur.
Qarabağın yaylağında,
Şəkinin güllü bağında.
Təzə gəlin sübh çağında
Oğlun alar layla çalar.
A tanrı bundan beş dənə ver,
Qarımış qocalmışlara ver.
Evində qalmışlara ver!

Və yaxud:

Balama qurban inklər
Bu balam nə vaxt iməklər?!
Balama qurban buzovlar,
Balam nə vaxt düz oynar?!

​Kiçik yaşlı uşaqların nitq inkişafı, düzgün danışıq və tələffüz vərdişlərinə yiyələnməsi, söz ehtiyatının artması üçün ən poetik, əyləncəli və yaddaqalan üsul yanıltmacdır. Bunda əsas məqsəd dildə olan çətin sözləri yaxşı tələffüz etməyi bacarmaq, tez-tez danışmaq vərdişlərinə yiyələnməkdən ibarətdir. Istər nəsr,istərsə də şeir şəklində olsun, burda sözlər sənətkarlıqla düzülüb qoşulur. Məsələn, “Ay qılquyruq qırqovul, gəl bu kola gir, qılquyruq qırqovul”, “Kəklik kəpənək, gəlin gedək, gül dibinə gəlin gətirməyə”, “Aşpaz Abbas aş asmış, asmışsa da, az asmış” və s. kimi bir çox yanıltmaclarımız düzgün nitqin inkişafına şərait yaradır.
Tarixin dərin qatlarından bizə boylanan xalqın deyim və duyumlarında təfəkkürlərdən süzülən sözlərin hər birinin bir inci danəsi olduğu hər dəfə yenidən aydınlaşır. Söylənilən hər bir sözün, edilən hər bir hərəkətin altında mütləq dərin fəlsəfi məna gizlənir.
Həyatın texnologiyanın yeniliklərindən uzaq olduğu bir zamanda uzun gecələrin birləşdirdiyi insanlar vaxtlarını mənalı keçirmək üçün düşündüyü vasitələrdən biri də tapmacalardır. Tapmacada hər hansı bir əşya ya da hadisənin müəyyən bir əlaməti dolayı yolla göstərilir, ancaq digər keyfiyyətləri gizli saxlanılır. Göstərilən əlamətdən yola çıxaraq təqdim olunan tapmacada nəyin təsvir olunduğunu tapmaq üçün isə mütləq düşünülməli, məntiqi nəticə çıxarılmalıdır. Bu da istər-istəməz zehni qabiliyyətin fəaliyyətinin inkişaf etdirilməsində əvəzsiz rol oynayır. Tapmaca insanların düşüncəsini yoxlamaq üçün düzəldilən bu və ya digər hadisə və əşyanın poetik təsviridir desək, onda bu janrın uşaqların zehni və məntiqi inkişafındakı rolunu müəyyənləşdirmək çətin olmaz.
Mən gedərəm, o qalar. (İz)
Haqq bilər, xalq bilməz. (Əcəl)
Odda yanmaz, suda batmaz. (Buz)
Bazardan aldım bir dənə, evə gəldim min dənə (Nar)
Hamını bəzər özü lütgəzər (İynə)
Nar da var. Nar da var.
Nardan şirin harda var!
Əl tutmaz bıçaq kəsməz,
Ondan şirin harda var? (Yuxu)
Uçan bir quş gərəkdir,
İşi tamam kələkdir.
Dəyirmana can verər,
Xırmana da gərəkdir. (Külək)

Bizim evdə bir kişi var,
Qırx-əlli bir dişi var (Vəl)

Sicillilər uşaqların söz yaddaşını artırmaqla yanaşı nitqlərini də rəvanlaşdırır. Məşhur “Üşüdüm ha, üşüdüm. Dağdan alma daşıdım” sicillisi uzun olsa da axıcılığı, tez yadda qalması ilə uşaqların diqqətini cəlb edir. Bir-birinin ardınca söylənməli olan misralar həm də uşağın öfgəsini (ağ ciyərini) genişləndirərək onu sağlamlaşdırır.
“Tülkü, tülkü” sicillisi belə başlayır:
Tülkü, tülkü, tünbəki,
Quyruğu üstə lümbəki.
Aslan ala ağamız,
Qaplan qara qağamız.
Xoruz bizim mollamız,
Çaqqal bizim çavşımız.
Ala qarğa carçımız,
Sağsağan xəbərçimiz.
Sicillinin sonu isə belə bitir:
Ayı axmaq,
Donuz toxmaq,
Qurd ulavuş,
Çaqqal çavuş,
İlan qamçı,
Tısbağa çanaq,
Biz ona qonaq.
Əvvləində misralar 7 heca ilə başlayan sicillinin sonunda misralar 4 hecalıya çevrilir. Bu da şeirin ritmini artırır. Həm də səslərin yaratdığı allitirasiya bir musiqi ahəngi yaradır.
Uşaq oyunlarında istifadə edilən sanamalara diqqət yetirək:
İynə, iynə,
Ucu düymə,
Bal ballıca,
Ballı keçi,
Şam ağacı,
Şatır keçi.
Qoz ağacı,
Qotur keçi.
Hoppan, huppan,
Yarıl, yırtıl,
Su iç, qurtul.
Buradan da aydın görünür ki, uşaq folklorumuz bilik vermək, dünyağörüş formalaşdırmaq, nitqi cilalamaqla yanaşı, sağlamlığa da müsbət təsir göstərir.
Təəssüf ki, gənc analarımız bu folklor incisinin mahiyyətinə varmırlar, körpələrini ondan məhrum edirlər. Bunun əvəzində ya intellektual səviyyələrinin yüksək oldugunu göstərmək üçün Avropa bəstəkarlarının klassik musiqisini dinləyir, ya da hamilə ikən diskotekalarda, barlarda atılıb-düşməyə üstünlük verirlər.
​Bu isə tamamilə yanlış bir davranışdır, çünki yuxarıda da qeyd etdiyimiz kimi, layla və oxşamalar özündə vətənpərvərlik, dürüstlük, fədakalıq, millilik və s. keyfiyyətləri yaşadır.
Aynur Qəzənfər qızı,
AMEA Folklor İnstitutunun elmi işçisi

Yorumlar