KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Türkiyənin Rusiya ilə əməkdaşlığına mənfi təsir edə bilər

Türkiyənin Rusiya ilə əməkdaşlığına mənfi təsir edə bilər

Kafkassam Editör Kafkassam Editör - - 8 dk okuma süresi
369 0

Ötən gün Suriyada Bəşər Əsəd rejimi tərəfindən vətəndaşlara qarşı kimyəvi silahdan istifadə olunması dünyanın sərt reaksiyası ilə qarşılanıb. Bu addım beynəlxalq qurumları hərəkətə keçirərək, BMT TŞ-nin təcili toplantısının keçirilməsinə səbəb olub. Əsəd rejiminin hansı səbəbdən belə bir addımı atması və Xeber365.com-un qətliamla bağlı digər suallarını politoloq Araz Aslanlı cavablandırıb:

– Sizcə, Suriya nəyə güvənərək kimyəvi silahdan istifadə etdi?

– Suriyanın kimyəvi silahdan istifadə etməsi hələ dəqiq deyil. Hər iki tərəf – müxalifət və Əsəd rejimi bu məsələ ilə bağlı bir-birini ittiham edir. Rusiyanın qəbul etdiyi rəsmi versiya budur ki, müxaliflərin əlində kimyəvi silahlar olub və həmin anbarı Bəşər Əsədə məxsus qüvvələr vurub. Suriyada kimyəvi silahlarla bağlı məsələ yeni deyil. Əvvəllər də bununla bağlı probelm yaşanmışdı. Suriya böhranının ilk mərhələsində bu problem var idi: kimyəvi silahdan istifadə olunmuş və kütləvi ölümlə nəticələnmişdi. Həmin dövrdə də tərəflər bir-birini ittiham etmişdi. İndi də bu ittiham olacaq. Əslində, müharibənin indiki gedişatında bu, heç bir tərəf üçün rasional məntiqli addım deyil. Bəşər Əsəd qüvvələri hazırda müharibədə əlverişsiz vəziyyətdə deyillər. Xüsusən, Rusiyanın proseslərə hərbi müdaxiləsindən sonra vətəndaş müharibəsinin gedişatında Bəşər Əsədin lehinə dönüş yaranıb. Bəşər Əsəd qüvvələrinin şüurlu şəkildə kimyəvi silahların olduğu anbarları vurmağı ehtimalı zəifdir. Çünki bu, onun öz vəziyyətini daha da pisləşdirər. Bu, yalnız bir halda ola bilər, onların əlində məlumat olsun ki, müxaliflər kimyəvi silahlardan Bəşər Əsədə qarşı, yaxud başqa bir məqsədlə istifadə edəcəklər. Belə bir versiya varsa, Əsəd qüvvələri şüurlu şəkildə bunu etmiş ola bilər. Aydındır ki, kimyəvi silahlardan kim istifadə etsə, öz imicini pisləşdirəcək: həm beynəlxalq aləmdə, həm də Suriya ictimaiyyətinin nəzərində. Kimyəvi silahdan istifadə ondan istifadə edən tərəfə heç bir üstünlük gətirmir.

– Ancaq öldürülənlərin əksəriyyəti sivil vətəndaşlar, hətta uşaqlardır…

– Bəli. Bu, elə ona görə məntiqli görünmür ki, istənilən qüvvə bilir, kimyəvi silahların bu şəraitdə tətbiqi ona uğursuzluq gətirəcək. Düşmən hərbçi qrupu var, onlara qarşı tətbiq olunanda, bir qədər məntiq olur: İmic pisləşəcək, deyiləcək ki, kimyəvi silahdan istifadə olunub. Amma bunun qazanc tərəfi də var: hansısa düşmən qüvvəsi məhv edilir, əvəzində isə kimyəvi silahdan istifadəyə görə ittihamlar olacaq.

Vətəndaş müharibəsinin ilk mərhələsində kimyəvi silah tətbiq olunanda BMT onunla bağlı xüsusi komissiya yaratdı, Suriyaya xüsusi qruplar göndərdilər. Suriyanın kimyəvi silahlardan təmizlənməsi prosesi başladı: dövlətin əlindəki və dövlətin nəzarət etmədiyi ərazilərdəki kimyəvi silahların Suriyadan çıxarılması prosesi başladı. Burada mütləq vətəndaş müharibəsinin və uzunmüddətli qeyri-sabitliyin gətirdiyi problemlərdən biri budur ki, baş verən hadisələrlə bağlı məsuliyyət daşıyan qüvvəni tapmaq çətinləşir. O qədər qarışıq vəziyyət yaranıb ki, birmənalı kimisə ittiham etmək olmur. Ancaq Rusiya “Əsəd qüvvələri kimyəvi silah anbarını vurub” dediyi üçün, bilirik ki, burada bütün hallarda hökumətin məsuliyyəti var.

– Bəs kimyəvi silahdan istifadəyə görə beynəlxalq qurumlar tərəfindən hansı addım atılacaq?

– Bununla bağlı BMT TŞ-nin iclası keçirilir. Çox güman ki, yenə komissiya yaradılacaq ki, məsələ aydınlaşdırılsın. Bundan əvvəlki bir neçə məsələdə də biz bunu gördük. Rusiya veto etməsə, qadağan olunmuş kütləvi qırğın silahlarının gələcəkdə istifadəsinin qarşısının alınması üçün məsuliyyət daşıyanları cəzalandırmaqdan ötrü komissiya yaradılacaq. Ola bilsin, o vaxt Suriyada kimyəvi silahların çıxarılması prosesiylə bağlı narahatlıq var ki, dövlətin – rejimin əlində kimyəvi silah daha çox qalıb, yeni kimyəvi silah tətbiqi problemi yaranıb. Bəlkə, onun araşdırılması ola bilər. Çünki Suriyanın əlindəki kimyəvi silah məsələsi bir çox dövləti narahat edir.

– Əgər bu komissiya təsdiq edərsə ki, Əsəd rejiminin bu işdə əli var, onda regionda vəziyyət necə dəyişəcək?

– Əsəd rejiminə qarşı beynəlxalq aləmdəki yanaşmanı mütləq şəkildə pisləşdirəcək. Vətəndaş müharibəsinin ilk mərhələsində ciddi bir anti-Əsəd düşüncəsi var idi və getdikcə şiddətlənirdi. İŞİD gündəmə gələndən sonra isə, bu anti-Əsəd düşüncəsi zəiflədi. İŞİD-in törətdiyi qətliamlar dünyanın daha çox gündəmi olmağa başladı və bu qətliamlar Əsədin törətdiklərini unutdurmağa başladı. Hətta Rusiya, İran Əsədə yardım edərkən bir qədər motivasiya mənbəyi də tapdılar ki, Əsədə yardım etməyəndə İŞİD güclənir. Son hadisələr isə bunu yenidən tərsinə çevirə bilər. Yenidən Əsəd rejimi daha çox sorğulanmağa başlaya bilər, Əsədə qarşı həm Suriya daxilində vuruşanların, həm də onlara kömək edən xarici dövlətlərin motivasiyasını artıra bilər, Türkiyə-Rusiya yaxınlaşmasına mənfi təsir edə bilər.

– Bəs, sizcə, belə bir durumda Türkiyə hansı addımı atacaq?

– Türkiyə Suriyadakı hərbi əməliyyatları başa çatdırdığını elan etmişdi. Ancaq sonrakı açıqlamalardan belə məlum oldu ki, bütövlükdə hərbi əməliyyatlar başa çatmayıb. Sadəcə “Fərat qalxanı”başa çatıb. Ərdoğana yaxın mənbələr də bildirir ki, bu əməliyyatın başa çatması o demək deyil ki, bütövlükdə Suriyadakı əməliyyatlar başa çatıb. Başqa adla yeni bir əməliyyat keçirə bilər. İkinci bir tərəfdən, Türkiyə ictimai rəyində Suriyada kimyəvi silahların tətbiqinə reaksiyanın çox sərt olduğunu gördük. Bu isə Türkiyənin həm Suriya müxalifətinə dəstəyinə ciddi təsir edə bilər, həm də Rusiya ilə Suriyadakı əməkdaşlığına mənfi təsir edə bilər.

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir