KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. TÜRKİYƏYƏ OLARSA AZƏRBAYCANA NİYƏ OLMASIN?

TÜRKİYƏYƏ OLARSA AZƏRBAYCANA NİYƏ OLMASIN?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
293 0

Türkiyə sərhəddi pozan Rusiyanın hərbi təyyarəsini vurduqdan sonra iki ölkə arasındakı münasibətlər gərginləşdi. O zaman rusiyalı rəsmilər və hərbçilər deyirdilər: “Türkiyənin cəsarəti varsa hərbi təyyarəsi və hərbi texnikası Suriya sərhəddini pozsun”. Həqiqətən o günlərdə Türkiyə Suriya sərhəddində suyu üfürə-üfürə içirdi, bilirdi ki, Rusiya məqam axtarır ki, Türkiyənin təyyarəsini vursun və Ankaradan intiqam alaraq hesabı 1-1 etsin. Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğanın vurulan təyyarəyə görə rusiyalı həmkarından üzr istəməsi strateji baxımından doğru addım idi. Əgər iki ölkə arasında münasibətlər gərgin olsaydı Türkiyə ordusu bu gün Suriya ərazisində əməliyyat həyata keçirə bilərdimi? Əsla. İndi isə Rusiya Türkiyə ordusunun Suriyadakı hərbi əməliyyatına faktiki gözünü yumub, vəziyyətin bu həddə çatmasında Amerikanı ittiham edir, radikal kürdlər isə Moskvanı xəyanətdə ittiham edirlər. Yəni tam Türkiyəyə uyğun bir durum.

Türkiyə ordusunun Suriya ərazisindəki ikinci hərbi əməliyyatı Fətullah Gülən tərəfdarlarının il yarım bundan əvvəlki ordu içindəki təxribatını da unutdurdu. 2016-cı ildə hərbi çevrilişə cəhd və həbslər açıq demək lazımdır ki, Türkiyə ordusunun nüfuzuna zərbə vurdu. Türkiyə ordusunun Suriyadakı iki uğurlu hərbi əməliyyatı ordunun nüfuzunu yenidən özünə qaytardı. “Türkiyədə o qədər pilot həbs olunub ki, hərbi təyyarələri havaya qaldıra biləcək kimsə qalmayıb” mifinə də son hərbi əməliyyatla son qoyuldu. Türkiyədə hərbi tapşırığı uğurla yerinə yetirəcək kifayət qədər peşəkar pilot var.

Gəlirik Dağlıq Qarabağa probleminə. Bugünlərdə ən çox eşitdiyim tezis budur: “Türkiyə qonşu dövlətdə təhlükəsizliyini artırmaq üçün hərbi əməliyyat həyata keçirdiyi halda biz niyə öz ərazimizdə eyni hərbi əməliyyat həyata keçirib işğala qon qoymayaq?” Məntiqli sualdır. Ancaq Türkiyənin həyata keçirdiyi hərbi əməliyyatdan əvvəl Ankara fəal diplomatik təmaslara baş vurdu, Moskvaya, Vaşinqtona, Tehrana və digər paytaxtlara hərbi əməliyyatın məqsədi izah edildi, razılıq alındı və düyməyə basıldı. Gələcəkdə elə etmək lazımdır ki, bizim qonşular da Azərbaycan ordusunun öz torpaqlarında hərbi əməliyyatına mane olmasınlar, apreldə olduğu kimi Kremldən Bakıya “hücumu dayandırın!” kimi mesaj göndərilməsin. Bunun üçün isə Türkiyənin təcrübəsi öyrənilməli, qardaş dövlətdə olduğu kimi Azərbaycan XİN-lə Müdafiə Nazirliyi birgə çalışmalı, ortaq strategiya formalaşdırmalıdırlar.
Elhan Şahinoğlu bakü

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir