KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Türkiyəli ekspert Həsən Oktaydan Xəzərdəki qəzaya dair “təxribat” iddiası

Türkiyəli ekspert Həsən Oktaydan Xəzərdəki qəzaya dair “təxribat” iddiası

Hasan Oktay Hasan Oktay - - 14 dk okuma süresi
295 0

Türkiyəli ekspert Həsən Oktaydan Xəzərdəki qəzaya dair “təxribat” iddiası

Türkiyəli ekspertdən Xəzərdəki qəzaya dair “təxribat” işarəsi: “Davudoğlunun Bakıya səfəri əsnasında Xəzərdəki yataqda baş verən yanğını artıq təxribat kimi dəyərləndirənlər var”

Türkiyənin Rusiya və Qafqaz üzrə nüfuzlu araşdırmaçılarından biri Həsən Oktayla son olayları, həmçinin Türkiyə-Azərbaycan əlaqələrinin taleyini müzakirə etdik.

– Həsən bəy, Türkiyə və Rusiya arasındakı təyyarə hadisəsindən sonrakı durumu necə qiymətləndirirsiniz? Hazırda tərəflərin sanki böhranı yumşaltmağa çalışdığı hiss olunur. Sizcə, böhran sakitləşəcəkmi, yoxsa hələ bir müddət bu gərginlik davam edəcək?

– Böhran rus təyyarəsinin vurulması ilə zirvə nöqtəsinə çatdı, amma ondan öncə Türkiyə-Rusiya münasibətləri Ukrayna hadisələri ilə bağlı böhranlı duruma düşmüşdü. Türkiyə sahib olduğu geostrateji mövqeyinə görə demək olar ki, dünyanın qlobal güclərinin maraqlarının toqquşma mərkəzində yerləşir. Hər hansı tərəfə meyllənərsə, bu zaman birmənalı olaraq situasiya dəyişəcək. Türkiyə NATO ölkəsidir, amma eyni zamanda müstəqil siyasət yürüdəcək bir mövqeyi var. NATO və Varşava Müqaviləsi arasında rəqabət davam edən zaman belə Türkiyə öz mövqeyini qorumaya çalışıb, eyni zamanda, müstəqil siyasətini davam etdirmənin yollarını axtarıb. Qismən də buna  nail olmaqla yanaşı, məsələn, orta və ağır sənayeyə qoyulan sərmayələrində Rusiyanın dəstəyini əldə edib. Karabük dəmir-polad, Konya Ereğli demir-polad, İskenderun dəmir-polad, və Seydişehit alüminium müəssisələri kimi böyük miqyaslı sərmayələri Rusiya edib. İndi isə 50 ildir arzulanan nüvə mərkəzi inşası artıq icra mərhələsinə daxil olub.

Qərb bloku zaman-zaman Türkiyənin Rusiya ilə bu əlaqələrindən narahat olub. Və fərqli şəkillərdə Türkiyəyə təzyiqlər olunub. Ukrayna böhranı baş verəndə isə məlum odu ki, Avropa və Rusiya arasında gərginlik tərəflərdən hansının Türkiyəni öz tərəfinə çəkəcəyi halda qazanacağı bir mərhələyə qədəm qoyub. Türkiyə isə ilk vaxtlarda bitərəf qalmaqla hardasa Rusiyanı dəstəkləmiş odu. Ancaq Rusiya lideri bu reallığı görmək istəmədi. Bəlkə də Türkiyədən daha böyük bir dəstək gözləyirdi. Lakin o da aydındır ki, mövcud dünya şərtləri Türkiyənin Rusiyanı ancaq bu qədər dəstəkləməsinə imkan verirdi. Bundan daha artıq dəstək Türkiyənin özünə zərər verə bilərdi.

Və Türkiyənin bu mövqeyi nə Qərb, nə də Rusiya tərəfindən anlaşıqlı qarşılanmadı. Bu vəziyyətdə isə hər iki tərəfdən Türkiyəyə qarşı inciklik yarandı. Belə bir vəziyyətdə diqqətlər Suriyaya çevrildi. Rusiya bir tərəfdən Qərbin embarqolarının təsirini azaltmağa çalışdı, bir tərəfdən də İranın təsiri ilə Suriyaya daxil oldu. Suriya nə Rusiyanın, nə də Türkiyənin birinci məsələsi olmadığı halda, bu coğrafiyada qarşı-qarşıya gəldilər. Rusiya eyni zamanda NATO üzvü olan Türkiyənin hava sərhədlərini pozmaqla bölgədə NATO-nun nüfuzunu yoxladı. İlk dəfə hava sərhədləri pozulanda Türkiyə bu məsələni NATO-nun müzakirəsinə çıxardı.

Lakin Türkiyə NATO-dan gözlədiyi yardımı almadı. Bundan sonra Rusiya Suriyada daha rahat hərəkət etməyə başladı. Türkiyə isə daha çox narahat idi, üstəlik, savaşın Türkiyə ərazilərinə sıçraması ehtimalı vardı. Təyyarənin vurulma hadisəsindən sonra Türkiyə və Rusiya qarşı-qarşıya gəldilər. Qərbin Ukraynada durdura bilmədiyi Rusiyanı Suriyada durdurmaq üçün qurduğu plan Rusiya və Türkiyəni qarşılaşdırma nöqtəsinə doğru irəlilədi. Bu mənada gərginlik hələ keçməyib, hər iki ölkənin liderləri bu gərginliyi bitirməyə çalışmır, eyni zamanda bir-birinə qarşı embarqolar tətbiq etməyə başladılar.

“Həsən Oktay: “Rusiya ilə böhran bir an öncə həll olunmalıdır”

– Türkiyə Rusiyanın embarqolarına uyğun cavab verəcəkmi? Yoxsa Ankara böhranın daha da böyüməməsinə çalışacaq?

– Ankara suverenliyini qorumaq adına Rusiya ilə belə bir qarşıdurmaya getdi. Nəticədə Rusiya ciddi bir təpki ilə qarşılaşdı, necə deyərlər şok oldu. İndi isə bu şokdan çıxmaq üçün çalışmaq əvəzinə, böhranı daha da böyüdərək daxili siyasətdə alətə çeviriblər. Bu, Rusiya və Türkiyə üçün də belədir. Qərbin tətbiq etdiyi embarqolar və bir də Türkiyəyə qarşı sanksiyalarla Rusiya hardasa ölkəni aclığa məhkum edir. Ukrayna böhranını idarə edə bilməyən və bu prosesdə Türkiyənin üzərinə aldığı rolu anlamayan Rusiya hakimiyyəti öz xalqına zərbə vurur. Ankara rus xalqına zərər vuracaq heç bir addım atmayacaq. Düşünürəm ki, bu həssas durumu və böyüməkdə olan böhranı diplomatlar bir araya gəlib həll edəcəklər.

– Sizcə təyyarə olayından sonra Türkiyə-Rusiya münasibətlərini normallaşdırmaq mümkün olacaqmı?

– Dərhal normallaşmalıdır, başqa yolu yoxdur. Suriyada Rusiya İran adına, Türkiyə isə Amerika adına hansı savaşı aparacaqlar? Suriya nə Türkiyənin, nə də Rusiyanın başlatdığı proses deyil. Obama 2016-cı ilə qədər bölgədə böyük bir savaş istəmir, buna görə də Amerika əvəzindən gərginliyi aparacaq dövlətə ehtiyac var. Bu ölkə Türkiyə olmamalıdır. Bundan başqa, nəzərdən qaçan başqa bir nöqtə isə ABŞ-İran anlaşmasının nələri əhatə etməsidir. Bu, məlum olmadığı bir halda Suriyada Türkiyə-Rusiya gərginliyi meydana çıxdı. “Kafkassam” olaraq bizim narahatlığımız var ki, İran-ABŞ anlaşması Suriyada Türkiyə və Rusiyanı qarşı-qarşıya gətirərək iki önəmli gücün neytrallaşdırlmasını planlayır.

Yəni Rusiya-Türkiyə qarşıdurması hər iki ölkəni bölgədə zəiflədə bilər. Və bundan ən çox Amerika və İran məmnun qalar. Ona görə də təyyarənin vurulması hadisəsinin arxasındakı səbəbləri yaxşı analiz etmək lazımdır. NATO ölkəsi olan Türkiyənin sərhədləri dəfələrlə pozulanda səsini çıxarmayanlar, Türkiyənin öz hava sərhədlərini qorumaq üçün hərəkətə keçəcəyini bildikləri üçün Türkiyə-Rusiya qarşıdurmasını gerçəkləşdirmək istəyə bilərlər. Hələ də Türkiyə təyyarə vurulması hadisəsinin detallarını ortaya qoymayıb.

Əmri NATO-mu verdi, Türkiyə Baş Qərargahımı verdi, komanda silsiləsində sızma varmı? Bu məsələlər qəti şəkildə açıqlanmalıdır. Putin və Ərdoğan bir-birlərinin ünvanlarına kəskin sözlər deməyi bir kənara qoyub təcili surətdə texniki və diplomatik heyətlə işləməlidirlər. Təyyarə olayını həll etməyə çalışmalıdırlar. Yoksa Türkiyə ilə Rusiyanı savaşdırmaq, ən azından, aralarındaki bu böhrandan istifadə etmək istəyənlərin say hər geçən gün artacaqdır. Yoxsa Türkiyə və Rusiyanı qarşılaşdırmaq istəyənlərin sayı günü-gündən artacaq.

– Bu böhranın Qafqaza hansı təsiri olacaq? Əhməd Davudoğlu Bakıda isti mesajlar verdi. Azərbaycan prezidenti isə Türkiyənin yanında olduğunu bəyan etdi. Bu durum Rusiyanın Azərbaycana təzyiqlərinə səbəb ola bilərmi?

– Bu böhrandan istifadə etmək istəyənlər ortaya çıxacaqlar. Qafqazda, Balkanlarda və digər keçmiş sovet respublikalarında Türkiyə-Rusiya qarşıdurmasını qızışdıraraq, iki ölkəyə zərbə vurmağa çalışacaqlar. Xüsusən də Rusiya mediasında güclü olan lobbi qüvvələri Rusiyanı Qafqaza yönəltməyə çalışacaq. Erməni lobbisi və yəhudi lobbisi rus böhranından istifadə etməyə çalışacaq. Davudoğlunun Bakıya səfəri əsnasında Xəzərdəki yataqda baş verən yanğını artıq təxribat kimi dəyərləndirənlər var.

Ukrayna böhranı zamanı Qərb Rusiyaya qarşı bir sıra əməliyyatlar, o cümlədən türk dünyası kartını tətbiq etməyə çalışdı. Amma onda Türkiyə buna imkan verməmişdi. İndi isə Rusiya bu kartın yenidən özünə qarşı istifadəsindən narahatdır. Türkiyə türk dünyasından yalnız vasitəçilik istəməlidir. Bundan başqa nə Rusiyada yaşayan türklər, nə də türk dünyası dövlətləri ucuz bir şəkildə xərclənməməlidir. Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan Rusiya-Türkiyə böhranından yalnız vasitəçi olmalıdır. Türkiyə tərəfi bu böhranın dərinləşməsini istəmir, çox tez bir zamanda regional sülh üçün Putin və Ərdoğanın görüşməsi lazımdır. Bu məsələdə türk dünyası yalnız vasitəçi olmalıdır, ruslar isə türklərə qarşı nifrət çıxışlarından imtina etməlidirlər.

– Yeri gəlmişkən, bir neçə gün əvvəl mediada Qarabağın azad edilməsi üçün hərbi əməliyyatların başlanacağı və Türkiyənin dəstək verəcəyi ilə bağlı xəbərlər yayıldı. Bu xəbərlər təbliğat vasitəsiydi?

– Qarabağ münaqişəsinin gündəmdə olması anlaşılandır. Əslində Azərbaycan bu mərhələni qiymətləndirib savaş olmadan diplomatiyanı hərəkətə gətirərək Qarabağda sülh əldə edə bilər. Ermənistanda konstitusiya referendumu və ardınca gələcək gərginliklər savaşı deyil, diplomatiyanı ön plana çıxarır. Türkiyənin Qarabağda savaşa başlayacağı fikrini rus mediasında erməni və yəhudi lobbisi ortaya atıb. Rusiyanın düşdüyü bu durumdan istifadə etmək istəyən bu iki qrup Putini daha da hiddətləndirməyə çalışırlar. Bu, daha çox təxribat işidir.

– Əhməd Davudoğlu Bakıda Türkiyənin yeni Avrasiya, xüsusən də türk coğrafiyasına açılım planına işarə etdi. Türkiyənin yeni hökumətinin həqiqətən də belə bir proqramı varmı? 

– Davudoğlu Rusiya ilə yaranmış böhrana diqqət ayırmalı və bu problemi tezliklə yoluna qoyub Suriya münaqişəsinin həllini, o cümlədən türkmənlərə hansı dividentləri qazandıra biləcəyini düşünməlidir. Türkiyə türkmənlərin Suriyanın gələcəyində iştirakı üçün əlindən gələni etməlidir. Türk dünyası ilə bağlı fəaliyyətlər Rusiya böhranı həll olunmasa bir nəticə verməz. Türkiyə 200 illik keçmişi analiz etmədən, xüsusən də İkinci Dünya Savaşı itkilərini bilmədən siyasət yürütməyə başlayarsa, qorxuram ki, yeni uğursuzluqlarla qarşılaşa bilər. Türk dünyasını Qərb və Rusiya arasındakı rəqabətə qurban verməmək lazımdır. Bu səbəbdən də Davudoğlu ilk növbədə Suriya məsələsində indiyə qədər tətbiq olunan yanlış siyasətdən imtina edərək, yeni Suriya siyasəti formalaşdırmalıdır. Türk dünyası münasibətləri etimad üzərində inşa edilməlidir. Rusiya böhranı həllini tapmadan türk dünyasında həyata keçiriləcək hər bir iş və tətbiq mənfi nəticələr verə bilər.

– Yəni belə çıxır ki, yeni dönəmdə Türkiyənin türk dünyasında yeni siyasi xətt yürütməsi mümkün olmayacaq?

– Mən də onu demək istəyirəm ki, mümkün olduğu qədər bu günlərdə türk dünyasından bir şey umulmamalıdır. Yalnız ən məntiqli olan vasitəçilikdir. Rusiya böhranını sakitləşdirmədən atılacaq hər bir addım şübhə ilə qarşılanacaq. 2000 illik türk dünyası tarixini yaxşı araşdırmaq lazımdır. Ağılı insanlar dövriyəyə girib türk dünyası üçün yeni bir hərəkət tərzi formalaşdırmalıdırlar. Eyni zamanda, İkinci Dünya Savaşından dərs çıxarılmalıdır. Türkiyə yeni bir Boraltan körpüsü faciəsini yaşamamalıdır.

Kənan RÖVŞƏNOĞLU

http://musavat.com/news/musahibe/turkiyeli-ekspert-hesen-oktaydan-xezerdeki-qezaya-dair-texribat-iddiasi_310703.html

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir