Çeçenya ve Dağıstan’dan binlerce Müslüman hacca gidecek

Kərim Əsgəri: Xarici təhlükəni görən İran daxildə basqıları artırıb

ABD başkanlık seçimleri 2020 De

DİNİ DEĞERLERİ KULLANARAK DEVLETE YÖNELİK KALKIŞMALAR

“Türkiyədə qürbəti hiss etmirdim, amma Amerikada hiss edirəm” – mühacir politoloqun hekayəsi

Gündem 10 Mart 2017
357

Zaur Bayramlı: “Amerikada iş tapmaq yox, iş bəyənməmək problemi var” ; “Amerika cəmiyyəti ehtiyacı olan səmimiyyəti Trampda tapdı”

Vaşinqton müsahibləri ilə yola davam. Zaur Bayramlı adı ictimai-siyasi sektora yaxından tanışdır. 11 il Türkiyədə yaşamış, son 2 ildə isə Vaşinqtonu məskən seçmiş politoloq Amerikanın “hər cikinə-bikinə” bələddir. Vaşinqtonda bizi müşayiət edən də Zaur bəy oldu. Park, muzey, mağaza demədən, müsahiblərlə görüş vaxtını belə az qala özü təyin edərək, qurdu proqramımızı. Əksər Vaşinqton müsahibələrinin fotoları da elə Zaur bəyə aiddir. Artıq səfərin ilk günündən leksikonu belə formalaşmışdı: “Bu gün müsahibəmiz filan saatdadır”, “Reportajımız maraqlı olsun deyə filan-filan yerlərə də getməliyik”. Sanki bizim ailənin bir üzvü, kollektivin bir parçası kimi. Bu qədər doğmalığın fonunda nəyə görəsə mən onu Amerikada bir az sıxılmış hiss etdim – bir yanı boşmuş kimi, özünü burda tapmamış kimi. Elə müsahibədə də bunlardan danışdıq. Təbii ki, təkcə bunlardan yox…

– Mühacir həyatı Zaur Bayramlı üçün yad bir şey deyil. Səhv etmirəmsə, bundan öncə 11 illik Ankara həyatınız olub. Yəni, bu, sizin ilk mühacirətiniz deyil. Ankaradan Vaşinqtona gələn yol necə idi?

– Onu deyim ki, ABŞ-a köçməyim mühacirət sayılır, amma siyasi mühacirət deyil. Amerikada bulunma səbəbim siyasi deyil. Mən 2003-2014 tarixləri arasında Ankarada yaşadım. Ondan sonra Yaşıl Kart (Green Card ) udma şansım oldu. İndiki halda isə bu yaşadığım sözün bütün mənalarında mühacirətdir.

– Hər bir mühacirətin bir səbəbi var. Sizinki nə idi?

Mənimki şəxsi səbəb idi. Uşaqlarımızın təhsili ilə və başqa bəzi səbəblərlə bağlı idi.

– Amerika yeni dünyadır. Buranı yaşamaq üçün seçmək ciddi analiz tələb edir. Sizin araşdırma və analizlərinizin nəticəsi niyə buranı göstərdi?

– Hər halda, tək yol bu olduğu üçün, Yaşıl Kart (Green Card ) uduşunda iştirak etdiyim üçün, bu sonuca gəldik. Hesab edirəm ki, Amerikada təhsilin səviyyəsi başqa ölkələrdən daha yüksəkdir.

-Bir günün qərarı deyildi bu… Toparlanma, köçmə…prosesi nə qədər davam etdi?

-Bir il, il yarım qədər proses çəkdi. Mənimçün Türkiyədən keçici də olsa ayrılmaq çətin oldu. Türkiyədəki şərtlər təəssüf ki, istədiyimiz şəkildə yox, mənfiyə doğru gedir. Insan üçün ən önəmli şey həm özünün, həm övladlarının can güvənliyidir. Türkiyədə bu, ciddi şəkildə təhlükə altındadır.

-Ailə üzvlərinin hamısı bu radikal qərarla razılaşdı?

-Təbii ki, biz demokratik ailə olduğumuz üçün ailə üzvlərinin hər birinin fikri önəmlidir. Çətin oldu. Çünki mənim övladlarımın həyatının böyük hissəsi Türkiyədə keçmişdi. Onlar üçün də həyatlarından, məktəblərindən ayrılmaq çətin oldu. Amma bir anlamda bu, məcburiyyət oldu. Mənimçün də çətindir. Mən bir türk milliyyətçisiyəm. Mənimçün Azərbaycanda, Türkiyədə və yaxud hər hansı türk cümhuriyyətində yaşamaq daha rahatdır, nəinki hansısa bir Avropa ölkəsində və ya Amerikada. Amma şərtlər belə gətirdi ki, bir müddət Türkiyədən kənarda olmağım həm şəxsi, həm ailə baxımdan, həm də Türkiyənin dövlətçilik maraqları baxımdan daha uyğun qərar idi.

-Türkiyə dövlətçilik maraqları baxımdan…? Maraqlıdır, sizin orda qalmanız dövlətçiliyə hansı maneələr yarada bilərdi? Söhbət bizim bilmədiyimiz məqamlardan gedir deyəsən.

Hər şeyi qısa müddət içində açıqlamaq olmur. Əbülfəz Elçibəy demişkən, hər şeyin zamana ehtiyacı var. Bizim Türkiyədə varlığımız əsas etibarilə İran adlanan ölkəni rahatsız edirdi. Sadəcə şəxsimi nəzərdə tutmuram. Mən və dostlarım Güney Azərbaycan məsələsini ölkənin gündəminə gətirməyə çalışırdıq. Təvazökarlıqdan uzaq olsa da, bu məsələdə də müəyyən uğurlara imza atdıq. Bu da İranı narahat edirdi. Türkiyə son illərdə yetərincə xarici siyasətdə həssas, enişli-çıxışlı bir mərhələyə qədəm qoydu. Biz də düşündük ki, ölkələrarası münasibətlərdə problem olmayaq. Bəlkə biz kiçik bir detalıq. Amma detal olaraq problem yaratmamaq adına bir kənarda dayanmağa qərar verdik. Vaşinqton seçimində təbii ki, müəyyən faktorlar rol oynadı. Burda səbəb Amerikanın dünyanın aparıcı ölkəsi olması oldu. Vaşinqton da bir anlamda dünyanın paytaxtı sayılır. Mən hesab etdim ki, biz inandığımız ideallar uğrunda, özəlliklə Güney Azərbaycan məsələsində dünyanın siyasi mərkəzində daha böyük işlər görə bilərik. Burda da yetəri qədər olmasa da, bəzi işlər görürük.

-İlk addımları atdınızmı?

-Bəli. Burada xeyli quzeyli və güneyli milli fəallar yaşayır. Qənaətbəxş olmasa da, müəyyən addımlar atırıq.

-Gəldiyim gündən Vaşinqtonda ən çox ünsiyyətdə olduğum şəxs sizsiz. Ona görə də sizinlə bağlı təəssüratlarımı elə sizin özünüzlə paylaşacam. Yanlışım varsa, düzəldərsiz. Özünüzü burda çox da rahat hiss etmədiyinizi duyuram. Köçməyə qərar vermiş, yeni həyata başlamış biri olsaz da, hiss olunur ki, ürəyinizin bir küncündə natamamsız. Özünüzü tam relaks hiss etmirsiz.

-Doğru müşahidədir. Dediyim kimi, mən bir türk milliyyətçisiyəm. Bu, mənim Amerika cəmiyyətinə inteqrasiya problemimlə bağlı deyil. İnteqrasiya olunmuş sayıla da bilərəm. Amma inteqrasiya iki şəkildə olur: bir var hər şeyini təslim edəsən, bir də var ölkənin qayda-qanunlarına sayğılı şəkildə yaşayasan. Mən hər şeyimi təslim edən birisi deyiləm. Mən Qərb ölkələrinə, Qərb cəmiyyətinə nə qədər sayğı duysam da, öz dəyərlərimi Qərb dəyərlərimin arxasına keçirmərəm. Mən harada olsam da, türk kimi yaşayıram və övladlarımı da o cür tərbiyə etmişəm. Ona görə də bir türk olaraq qeyri-türk cəmiyyətlərdə istədiyim şəkildə rahat ola bilmərəm. Bir də vətən həsrəti var. Azərbaycanda və Türkiyədə doğmalarımız və yarımçıq qalan işlərimiz var.

-Bu, elə bu cür də davam edəcək? Bir tərəfi qırıq, alışmağa çalışaraq, amma əziyyət çəkərək… Yoxsa daha real planlarımız var?

-Təbii var. Türkiyədə qürbəti hiss etmirdim, amma Amerikada hiss edirəm.

-Qürbət sizi nə zaman daha çox yaxalayır?

-(gülür) Burda nə qədər kəkotu çayı alıb, dəmləyib, içsən də, sizin şəxsən gətirdiyiniz kəkotu çayının dadını və ləzzətini vermir. Ordan gələn hər bir hədiyyənin maddi dəyərinin üzərinə bir mənəvi dəyər də əlavə olunur. Qürbət gerçəkdən çox ağırdır. Bizim millətimizin bu gün xeyli sayda nümayəndələri qürbətdə yaşamaq zorundadır. Onlar bunu könüllü şəkildə etməyib. Hər kəs istəyər ki, öz ölkəsində çalışsın, yaşasın. Təəssüf ki, Azərbaycanda insanlar müxtəlif səbəblərdən – siyasi, sosial – ölkəni tərk edir. Əminəm ki, qürbətdə yaşayanların 90 faizi məcburiyyətdən bunu seçir.

-Bu günə qədərki müsahiblərimdən eşitdiyim və gəldiyim nəticə odur ki, Amerika ona doğru gələn heç bir insanı ac qoymur, qucaq açır hər birinə. Qatılırsız bu fikrə?

-Qatılıram. Bəzi işləməyən dostlar bəhanə gətirəndə ki, iş yoxdur, mən etiraz edirəm. Çünki burda iş tapmaq yox, iş bəyənməmək problemi var. Burda dəfələrlə maşın saxlayıb, dilənçilərlə danışmışam. Onlardan niyə işləməməsinin səbəbini soruşmuşam, hətta onlara saat hesabı qabyuyan, təmizlikçi kimi işlər tapacağıma da söz vermişəm. Onlar bu hesabla gündə 80-90 dollar qazana bilərlər. Onlar bundan imtina edib. Çünki həyat tərzi parazitliyə, tüfeyliliyə alışıb. Təəssüf ki, bizim insanlar arasında da belələri var. Amma mən düşünürəm ki, halal yolla qazanılan puldan heç kim imtina etməməlidir. Təbii ki, ingiliscənin səviyyəsindən asılı olaraq qazancın da artır. Amma burda bir neçə saat işləməklə minimal ehtiyaclarını ödəyə bilirsən.

-Ölkədən kənarda yaşayanların, mühacirlərimizin sosial şəbəkədə Azərbaycanla, ölkədə baş verən proseslərlə bağlı yazdıqları statuslar bir çox hallarda tənqid olunur. “Belə asan idisə, burda davam edərdin” tipli reaksiyalar olur. Siz də yanğılı statusların müəllifisiz. Eyni münasibət sizə qarşı da yönəlirmi?

– Mən nəinki Azərbaycanda, Türkiyədə, Güney Azərbaycanda, Doğu Türküstanda, qısacası, türkün olduğu bütün coğrafiyalardakı proseslərə biganə qala bilmərəm. Zaman-zaman o reaksiyalarla qarşılaşmışam. Mən siyasi yolla status almış birisi olmadığım üçün üzərimə alınmıram. Bütün hallardasa Azərbaycanda iqtisadi-sosial şərtlərin ağırlığı sirr deyil. İnsanların maddi durumu getdikcə ağırlaşır. Azərbaycanda yaşayan hər kəsi qəhrəman hesab edirəm və onların qarşısında baş əyirəm. O cür təpkilərini də anlayıram. Onlarda da belə təsəvvür ola bilər ki, bu adamlar ölkədən çıxan kimi cənnətə qovuşurlar. Heç bir qayğıları və problemləri olmadan şəxsi həyatlarını yaşayırlar. Amma heç elə deyil. Biz də burda bir sıra çətinliklərlə qarşılaşırıq.

-Son olaraq, Tramp Amerikasında baş verənləri soruşmaq istəyirəm sizdən. Nə düşünürsüz, Trampın siyasəti Amerikaya, amerikanlara, eləcə də dünyaya nə vəd edir?

-Öncə onu deyim ki, mən Trampın seçiləcəyini təxmin etmişdim. Hətta sosial şəbəkədə də bunu daha öncədən yazmışdım ki, “mən Trampın ayaq səslərini eşidirəm”. Bunun ilk səbəbi budur ki, Amerika cəmiyyəti ehtiyac duyduğu səmimiyyəti Trampda tapdı. Tramp qeyri-ənənəvi çıxış və davranışlar sərgiləyən insan olsa da, cəmiyyətin onun səmimiyyətinə ehtiyacı var idi. Trampın bəyanatları bir çox hallarda Amerikadan kənarda yaşayan insanlarda narahatlıq yaradır. Amma gəlin fikir verək: bir neçə gün öncə Tramp açıqlama verdi və dedi ki, qüsura baxmayın, mən dünyaya vəd verərək prezident olmamışam.

Mən ilk növbədə Amerika xalqına vəd vermişəm, onun maraqlarını düşünmək zorundayam. Nədən bu 7 ölkənin adını qərarnaməyə saldı? Amerikaya baş vurduğu zaman Amerika dövlətinə sizinlə bağlı təhlükəsizlik dosyası tələb edilir. Sizinlə bağlı bilgiləri əldə edir. Bu adıçəkilən 7 ölkə isə həmin bilgiləri verməkdən imtina edir. O da haqlı olaraq deyir ki, vətəndaşının mənim ölkəmə gəlməsini istəyirsənsə, əziyyət çəkib o şəxsin güvənlik dosyesini mənə təqdim et. Təbii ki, siyasi mültəcilərdə vəziyyət bir az fərqli olmalıdır. Əgər həmin siyasi mültəci həmin ölkənin rejiminə qarşı mübarizə aparan biridirsə, onunla bağlı fərqli münasibət olmalı, qurunun oduna yaş da yanmamalıdır. Məhz buna görə Amerika məhkəmələri buna qarşı çıxdı. Bununla belə, Tramp da geri çəkilməyəcək. Hesab edirəm ki, 8 illik vəzifəsi dönəmində eyni səpkidə davam edən Obama iqtidarından sonra Amerika cəmiyyətinin yenidən silkələnməsinə ehtiyac vardı. Bunu Tramp kimi qeyri-siyasət adamının etməsi mümkün idi. Zaman keçdikcə Tramp sistemə, sistem də Trampa doğru gələcək və bu, ölkənin xeyrinə olacaq. Amerikada qanuni şəkildə oturan miqrantlara problem yaranmayacaq.

Sevinc TELMANQIZI,
Musavat.com
Vaşinqton, Amerika

Yorumlar