Hasan Oktay: “Türkiyənin təklif etdiyi model indi həm Amerika, həm Rusiya, həm də İran üçün əlverişli olduğundan onu dəstəkləyəcəklər”
Türkiyə ordusu və ASO birlikləri Suriyanın Afrin rayonunun eyni adlı mərkəzini mühasirəyə alıb. Yaxın saatlarda Afrin şəhərinə hücum əməliyyatı başlayacaq. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyub Ərdoğan açıqlama verib. Ərdoğan deyib ki, Afrinin axşama qədər (martın 14-ü – K.R.) terrorçulardan təmizlənəcəyinə ümid edir.
Türkiyə prezidenti bəyan edib ki, yanvarın 20-dən başlayan Afrin əməliyyatı çərçivəsində 3444 nəfər terrorçu zərərsizləşdirilib. Ərdoğan deyib ki, cəmiyyətin müxtəlif təbəqələri Afrinə getmək istədiyini bildirib. O, terrorçuların qaçdığını, sürətlə şəhəri tərk etdiyini. Ancaq eyni zamanda qaçarkən də bölgəni minaladığını bildirib. Ərdoğan martın 14-də terrorçuların qaçış yolunun bağlanacağını bildirib.
Ərdoğan bildirib ki, Afrin mərkəzinin Suriya hökumət qüvvələrinə təslim edilməsi layihəsi Türkiyə ordusunun müdaxiləsi nəticəsində pozulub. Artilleriya zərbələri ilə Afrinə gedən hökumət qüvvələri məhv edilib. O, əməliyyatın davam edəcəyini bildirib: “Afrinə doğru karvanlar yola çıxdı, amma biz onları mülki əhaliyə zərər vermədən yolda məhv etdik. İndi də eyni üsulla davam edəcəyik. Afrini, Menbici və Fəratın şərq sahillərini də eyni şəkildə terrorçulardan təmizləyəcəyik”.
Türkiyə ordusunun məlumatına görə, Afrinə əməliyyata dəstək məqsədilə gedən Türkiyə ordu hissələri Hatay vilayəti sərhədindən və Kilis istiqamətindən Afrin rayonu ərazisinə daxil olub. Türkiyə ordusu Afrinə doğru bir neçə kəndi azad edib və bununla da rayon ətrafında mühasirə yaradılıb. Artıq Afrindəki 200-dən artıq kənd terrorçulardan təmizlənib. Türkiyə ordusunun şimaldan, qərbdən və cənubdan 3 istiqamətdən Afrinə doğru irəlilədiyi bildirilir. Artıq şəhərin ətrafında Türkiyə ordusu zirehli birlikləri yerləşərək mövqe tutub. Buradan Afrini nəzarətdə saxlamaq və atəşə tutmaq mümkündür. Yaxın saatlarda Afrin əməliyyatının başlaması və şəhərə Türkiyə ordusunun daxil olması gözlənilir.
Ancaq əməliyyatın nə qədər davam edəcəyi hələlik məlum deyil. Əgər kürdlər silahlı müqavimət göstərməyi gözə alsalar, o zaman Afrinin azad edilməsi zaman ala bilər. Çünki böyük şəhərlərdə əməliyyatlar uzun zaman alır və hətta dünyanın ən təcrübəli orduları üçün ciddi sınağa çevrilir. Bu baxımdan Afrin mərkəzinin təmizlənməsinin nə qədər vaxt tələb edəcəyini indidən demək çətindir.
Türkiyə hakimiyyəti isə qərarlıdır. Ordunun yaxın günlərdə Afrini azad edib növbəti mərhələdə şərqə doğru Menbic əyalətinə doğru yönələcəyini bəyan edib. Bununla da Hataydan Menbic sərhədlərinə qədər təxminən 200 kilometrlik və 4 min kvadrat kilometrlik ərazi azad edilərək Türkiyə ordusu və müttəfiqlərinin nəzarətinəı keçəcək. Xatırladım ki. 2016-cı ilin 24 avqustunda başlayan və 5 ay davam edən “Fırat kalkanı” əməliyyatı nəticəsində Türkiyə ordusu əl-Bab şəhərinə qədər dərinliyə doğru Azez və Cerablus şəhərləri arasındakı 95 kilometr uzunluğunda bir ərazini, yəni başqa sözlə 2 min kvadrat kilometr ərazini azad etmişdi. Afrində də təxminən bu qədər ərazinin nəzarətə götürüləcəyi ehtimal olunur. Bəs bundan sonra nə olacaq? Afrin və eləcə də Azez-Cerablus xətti əraziləri hansı statusda olacaq? Tüqrkiyə ordusu oralarda nə zamana qədər qalacaq?
“Kafkassam” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Hasan Oktay deyir ki, Türkiyə ordusu Afrini azad etdikdən sonra şəhəri təhlükəsiz bölgəyə çevirəcək. Bu isə ilk növbədə Türkiyəyə qarşı təhdidi azaldacaq: “PYD və digər terror qrupları artıq Afrin kimi ərazilərdə yerləşərək Türkiyə ərazilərini təhdid etməyəcək. Bu əməliyyatın davamı Menbicdə də ola bilər. Türkiyə beynəlxalq hüququn verdiyi legitimliyi əsas gətirərək Suriya torpaqlarında terrora qarşı mübarizəni sona qədər davam etdirəcək. Bu gün Moskvada Lavrovla Çavuşoğlu arasında baş verən danışıqlar buna ən böyük dəstəkdir”.
H.Oktay deyir ki. ABŞ dövlət katibinin dəyişməsi Türkiyə ilə danışıqlara mənfi təsir etməyəcək: “Çünki ABŞ terror təşkilatı, yoxsa Türkiyə ilə strateji tərəfdaş olması ilə bağlı qərar verməlidir. Türkiyənin Suriya mövzusunda irəli sürdüyü tezis bu ölkənin ərazi bütövlüyü və terrordan təmizlənməsi üzərində qurulduğu üçün həm Rusiya, həm Amerika, həm də İran tərəfindən dəstəklənəcək”.
Türkiyə ordusunun nə zamana qədər Suiryada qala biləcəyinə gəlincə, H.Oktay deyir ki, Afrində təhlükəsilzik zonasının yaradılması və Türkiyədəki qaçqınların geri dönməsini təmin etməsi üçün Suriyada davamlı sülh əldə edilənə qədər Türkiyə ordusu azad edilmiş ərazilərdə qala bilər.
Kənan Rövşənoğlu,
“Yeni Müsavat”