KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Turan Rzayev: Türkiyə ilə Şuşa bəyannamasi Rusiya ilə Moskva bəyannaməsi

Turan Rzayev: Türkiyə ilə Şuşa bəyannamasi Rusiya ilə Moskva bəyannaməsi

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
393 0

Bakı mövqeyini daha da gücləndirir!

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyaya rəsmi səfər çərçivəsində Prezident Vladimir Putinlə bu gün görüşəcək. Görüş zamanı tərəflərin Qarabağla bağlı razılaşmaların icrasını müzakirə edəcəyi gözlənilir. Görüşün ən diqqət çəkən məqamı isə Putin və Əliyev arasında danışıqların yekununda müttəfiqlik əməkdaşlığı haqqında bəyannamənin imzalanmasıdır.

Bakını Moskva bəyannaməsini imzalamağa nə vadar edir?

Əvvəla, onu qeyd edim ki, düşünülənin əksinə Prezident İlham Əliyevin Rusiyaya səfəri gözlənilməz deyil, əksinə uzun müddətdir hazırlanan səfərdir. Hələ 2021-ci ilin iyununda Azərbaycanla Türkiyə arasında Şuşa bəyannaməsi imzalanarkən oxşar sənədin Azərbaycanla Rusiya arasında imzalanması gözlənilirdi. Yəni bununla bağlı iş 2021-ci ilin əvvəlindən başlayıb.

Prezident İlham Əliyev hələ 2021-ci ilin sonu yeni illə bağlı xalqa müraciətində Rusiya-Azərbaycan əlaqələrinin keyfiyyətcə yeni səviyyəyə qalxacağını anons etmişdi. Digər tərəfdən səfər öncəsi tərəflərin Qarabağla bağlı razılaşmaların icrasını müzakirə edəcəyi və danışıqların yekununda müttəfiqlik əməkdaşlığı haqqında bəyannamənin imzalanması haqda ilkin informasiyanın yayılması bu səfərin çox öncədən planlaşdırıldığını sübut edir. Nəzərə almaq lazımdır ki, imzalanacaq sənədin hazırlanması və razılaşdırılması uzunmüddətli iş tələb edir.

İndiki məqamda rəsmi Bakının Kremllə “Müttəfiqlik əməkdaşlığı haqqında Moskva Bəyannamə”si imzalamasında konkret maraqları var:

Birincisi, aydın məsələdir ki, hazırda Azərbaycanın əsas müttəfiqi Türkiyədir. Rəsmi Bakı faktiki olaraq Kremlə əsas seçiminin Türkiyə olduğunu, bununla belə illərdir regionda qoruduğu “balans siyasətinə” sadiq qaldığını göstərir. Yəni Azərbaycan tərəfi Kremlə, Moskva Bəyannaməsi ilə hər zaman olduğu kimi bundan sonra da antirusiya cəbhəsində yer almayacağının zəmanətini verir.

İkincisi, Azərbaycan bu sənəd ilə hər şeydən öncə Ermənistana böyük zərbə vurmuş oldu. Məsələ ondadır ki, KTMT üzvü olan Ermənistan az qala hər vəchlə başda Rusiya olmaqla, ittifaq ilə Azərbaycanı üz-üzə qoymağa çalışır. Xüsusilə 44 günlük müharibə zamanı biz bunu aydın şəkildə müşahidə etdik. Rəsmi İrəvan faktiki olaraq müharibə zamanı Azərbaycan ərazilərini atəşə tutaraq müharibəni öz ərazisinə çəkmək, bu yolla da KTMT Nizamnaməsinin 4-cü maddəsinin 5-ci bəndindən istifadə etməyə çalışırdı. Azərbaycan Rusiya ilə “Müttəfiqlik əməkdaşlığı haqqında Moskva Bəyannamə”si imzalamaqla faktiki olaraq Ermənistanı bu imkandan tamamilə məhrum etdi.

Üçüncüsü, Azərbaycanın Rusiya ilə “Müttəfiqlik əməkdaşlığı haqqında Moskva Bəyannamə”sini imzalamaq qarşılığında Kremldən nələrsə gözlədiyi bəllidir. Görüş zamanı tərəflərin Qarabağla bağlı razılaşmaların icrasını müzakirə edəcəyi haqda ilkin məlumatlar verilir. Belə bir nəticəyə gəlmək olar ki, rəsmi Bakı sazişi imzalamaq müqavilində Kremldən Qarabağ məsələsində nələrsə tələb edəcək. Bakının istədiyi yekun sülh sazişinin imzalanmasını sürətləndirə də bilər.

Dördüncüsü, hesab edirəm bu müqavilə Azərbaycanı daha da gücləndirəcək. Məsələ ondadır ki, Türkiyə və Rusiya ilə müttəfiq olmaq, eyni zamanda Avropa İttifaqı ilə ikitərəfli saziş imzalamaq Azərbaycana regionda daha effektiv xarici siyasət yeritmək imkanı verəcək. Rəsmi Bakı eyni zamanda regionun iki aparıcı ölkəsi ilə müttəfiq olaraq öz təhlükəsizliyini tam olaraq qarant altına almış olacaq.
Bakının Moskva bəyannaməsini imzalaması Ankara ilə münasibətləri korlaya bilər?

Hesab edirəm Bakının Moskva bəyannaməsini imzalaması Ankara ilə münasibətləri korlamayacaq. Məsələ ondadır ki, Azərbaycanın regionda əsas müttəfiqi Türkiyədir. Hesab edirəm rəsmi Bakı Rusiya ilə “Müttəfiqlik əməkdaşlığı haqqında Moskva Bəyannamə”ni imzalamadan öncə Türkiyə tərəfi ilə müvafiq məsləhətləşmələr aparılıb. Prinsip etibarilə Azərbaycan ilə Rusiyanın Şuşa Bəyannaməsi bənzəri bir bəyannamə imzalaması Ankaranın da maraqlarına uyğundur. Məsələ ondadır ki, i̇ndiki mərhələdə Azərbaycan NATO üzvü olan Türkiyə ilə Rusiya arasında körpü rolunu oynayır. Azərbaycanın indiki mərhələdə Rusiya ilə də Türkiyə ilə imzalanan Şuşa bəyanatı bənzəri bəyanat imzalaması iki ölkə arasında qurulan ittifaqın Rusiyaya qarşı olmadığını bir daha isbat etmiş oldu.

Azərbaycan Kremlin qurmaq istədiyi “ittifaq dövləti” modelinə qoşulur?
Hesab edirəm Azərbaycanın Rusiya ilə “Müttəfiqlik əməkdaşlığı haqqında Moskva Bəyannamə”ni imzalaması rəsmi Bakının Kremlin qurmaq istədiyi “ittifaq dövləti” modelinə qoşulması demək deyil. Hər şeydən öncə bir nüansı qeyd etmək lazımdır ki, rəsmi Bakı Qoşulmama Hərəkatına üzvdür. Yəni Azərbaycan genişçaplı ittifaqlarda yer ala bilməz. Digər tərəfdən Azərbaycanın belə bir niyyəti olsa idi, çoxdan KTMT-yə üzv olardı. Rəsmi Bakı bütün hallarda Qoşulmama Hərəkatının üzvü və sədridir. Təsadüfi deyil ki, 2021-ci ildə QH üzvləri Azərbaycana müraciət edərək, sədrliyi əlavə bir il müddətinə həyata keçirməyi xahiş edib, Azərbaycan isə bu təkliflə razılaşıb.

Turan Rzayev Kafkassam

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir