Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə müraciət edib. Müraciət zamanı müxtəlif məsələlərə toxunsa da, bir məqam daha çox diqqət çəkib.
Belə ki, Kreml başçısı “Rusiya strateji hücum silahlarının azaldılması və məhdudlaşdırılması müqaviləsində iştirakını dayandırır” deyib.
Putin nüvə sazişindən çıxdı?
Putinin indiki məqamda belə bir açıqlama verməsi təsadüfi deyil. Onun Federal Məclisə müraciəti hər nə qədər Rusiya-Ukrayna müharibəsinin bir ilinin tamam olması və Qərbin, ABŞ-ın Ukraynaya dəstəyi ilə bağlı olsa da, ölkəsinin strateji hücum silahlarının azaldılması və məhdudlaşdırılması müqaviləsində iştirakını dayandırdığını elan etməsi tamamilə fərqli məsələ ilə bağlıdır.
Çünki məlum müqavilə Rusiya ilə ABŞ arasında imzalanıb və bu tərəflərdən birinin sazişi pozması halında qüvvədən düşə bilər. Yəni bu o deməkdir ki, ABŞ müqaviləyə zidd davranıb. Putinin müraciət zamanı “ABŞ bunu ilk etsə” deyərək topu ABŞ-ın üzərinə atması da bunu deməyə əsas verir.
Görünür, Kreml bu və ya başqa formada ABŞ-ın strateji hücum silahlarının azaldılması və məhdudlaşdırılması müqaviləsinə zidd olaraq sınaqlar keçirdiyini öyrənib. Əks təqdirdə belə iddialı danışmazdı. Çünki Strateji Hücum Silahlarının Azaldılması və Məhdudlaşdırılması haqqında Müqavilə (START) 2021-ci ilin fevralında başa çatarkən müqavilənin 5 il daha uzadılmasını təklif edən tərəf məhz Rusiya idi.
Pekinin Kremlə ötürdüyü kəşfiyyat materialları
Kremlin ABŞ-ın START müqaviləsinə zidd olaraq bu silahların sınaqlarını keçirdiyi və ya artırdığını necə, hansı yollardan öyrəndiyinə gəldikdə isə mümkündür ki, bu məlumatı
Rusiyaya Çin ötürüb.
Məlum olduğu kimi, bir müddətdir ABŞ və Çin arasında aerostat qalmaqalı var. Çinə məxsus aerostatlar bir müddətdir ki, ABŞ ərazilərində kəşfiyyat uçuşları həyata keçirir. Rəsmi Vaşinqton isə bu uçuşlardan narahat olduğu üçün həmin aerostatlardan birini buyaxınlarda vurdu.
Vaşinqton hadisədən sonra açıq şəkildə bildirdi ki, Çin Aerostatı ABŞ tərəfinə məqsədyönlü şəkildə, kəşfiyyat materialları əldə etmək üçün göndərilib.
Bu hadisədən bir müddət sonra isə bu dəfə də Kanada-ABŞ sərhədində naməlum uçan obyekt vuruldu. Görünür həmin obyektə Çinə məxsus olub.
Çinin ardıcıl Aerostatları ABŞ səmalarında uçuşlar həyata keçirib kəşfiyyat materialları toplaması ondan xəbər verir ki, Pekin Vaşinqtonun strateji hücum silahlarını sınaqdan keçirdiyini öyrənib və bu istiqamətdə kəşfiyyat materialları toplayır. İstisna deyil ki, Pekin bu kəşfiyyat materiallarını Rusiya ilə bölüşüb.
Kremlin cavab addımı
Rusiya START müqaviləsindən çıxarsa bu həm regionumuz, həm də dünya üçün kifayət qədər ciddi təhlükə deməkdir. Məsələ ondadır ki, Rusiya nüvə arsenalını, qitələrarası ballistik raketlərini, sualtı qayıqlarda və ağır bombardmançı təyyarələrdə ballistik raketlərin sayını artırsa bu həm də həmin silahların gələcəkdə Şimali Koreya, İran kimi ölkələrə satıla biləcəyi ehtimalını yaradır.
Bu isə Çinin əl-qolunu açacağı kimi Vaşinqton üçün ən arzuolunmaz ssenaridir.
Turan Rzayev