KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Turan Rzayev: İsrail prezidenti Türkiyəyə səfər edəcək: Bakı istəyinə nail oldu!

Turan Rzayev: İsrail prezidenti Türkiyəyə səfər edəcək: Bakı istəyinə nail oldu!

Kafkassam Editör Kafkassam Editör - - 8 dk okuma süresi
418 0

İsrail Prezidenti İshaq Hersoq martın 9-10-da Türkiyəyə səfər edəcək. Hersoqun Türkiyəyə səfəri gözlənilirdi. Belə ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hələ bu ilin yanvar ayında elan etmişdi ki, İsrail Prezidenti İshaq Hersoq Türkiyəyə səfər edə bilər. Yenə bu ilin 20 yanvar tarixində Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə İsrail xarici işlər naziri Yair Lapid arasında baş tutan telefon danışığı da diqqət çəkmişdi. Məsələ ondadır ki, bu, son 13 ildə iki ölkənin XİN başçıları arasında baş tutan ilk telefon danışığı idi. Hersoq Türkiyəyə gələcəyini ehtimal ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan COVİD-19-a yoluxarkən ona telefon zəngi edərkən deyib.
Ankaranın Təl-Əvivdən gözləntiləri…
Məlum olduğu ki, iki ölkə arasında 2010-cu il mayın 31-dən Fələstinin Qəzza zolağına humanitar yardım aparan Türkiyənin “Mavi mərmərə” gəmisinə İsrail hərbçilərinin basqını sonrası gərginlik yaşanır. Həmin hadisə nəticəsində Türkiyənin 9 vətəndaşı israilli hərbçilər tərəfindən öldürülmüşdü. Bundan sonra isə iki ölkə arasında vəziyyət böhran həddə çatmışdı. Türkiyə Təl-Əvivdəki səfirini, İsrail isə Ankaradakı səfirini geri çağırmışdı və iki ölkə arasında diplomatik əlaqələr kəsilmişdi.
Ümumiyyətlə “Mavi mərmərə” hadisəsindən sonra iki ölkə arasında siyasi əlaqələr kəsilsə də iqtisadi əlaqələr davam etmişdi. İki ölkə arasındakı gərinliyin ticarətə təsir etməsinə imkan verilməsi vaxtında atılan doğru addım idi. Hesab edirəm iki ölkə arasında iqtisadi münasibətlərin əzəldən bəri olması həm də dəyişən geosiyasi maraqlar yenidən siyasi əlaqələrin qurulmasını zəruri edir.
Mövcud İsrail-Türkiyə münasibətlərinin normallaşması həm də Türkiyənin enerji siyasəti ilə bağlıdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son çıxşı zamanı “Biz İsrail təbii qazından istifadə etməklə yanaşı, Avropaya tranziti üçün də birgə səylər göstəririk” demişdi. “Ümid edirəm ki, bu məsələlər cənab Hersoqla onun Türkiyəyə səfəri zamanı gündəmimizdə olacaq” Ərdoğan bildirib. Ərdoğanın son çıxışından belə bir nəticəyə gəlmək olar ki, İsrail prezidentinin martın 9-10-da Türkiyəyə səfəri zamanı əsas müzakirə mövzusu regional ererji layihələri olacaq.
Məsələ ondadır ki, Türkiyə hazırda regionda enerji daşıyıcısı ölkə olmaq niyyətindir. İsrail də öz növbəsində “Tamar” və “Leviatan” qaz yataqlarından Avropaya qaz ixrac etməklə regionda önəmli enerji oyunçusuna çevrilmək istəyir. Lakin bu ölkənin nə Avropa ilə, nə də Türkiyə ilə birbaşa quru bağlantısı yoxdur. Bunu Ankara da yaxşı bilir. Türkiyə onu da bilir ki, o enerji ölkəsi deyil. Əksinə Avropa ölkəsi kimi təbii qaz asılılığı olan ölkədir. Bununla belə Ankara daşıyıcı ölkə olaraq İsrail qazını Avropaya daşıya bilər. Bu istiqamətdə İsrailin “EastMed” layihəsi birdaha gündəmə gəlir. Yunanıstan, Kipr və İsrail Şərqi Aralıq dənizindən uzunluğu 1900 km olan və Avropaya ildə 10 milyard kubmetr təbii qaz nəql etmək potensialı olan qaz kəməri icra edilsə İsrailin təbii qazı Avropa bazarına çıxış əldə edə bilər. Layihə ilə bağlı əsas problemlərdən biri “EastMed” qaz kəmərinin Türkiyədən yan keçməklə Avropaya qaz ixracını nəzərdə tutmasıdır.
Türkiyənin İsraillə bu məsələdə uzlaşmaq istədiyi görünür. Ankara “EastMed” qaz kəmərinin Türkiyədən yan keçməsini deyil, əksinə onun ərazisi ilə TAP və TANAP layihəsinə birləşməsini istəyir. Hesab edirəm Hersoqun Türkiyəyə səfəri zamanı tərəflər arasında əsas müzakirə mövzusu məhs bu olacaq.
Türkiyənin Fələstin siyasəti dəyişəcək?
Təbii ki, indiki halda Türkiyənin Fələstin siyasətinin dəyişib-dəyişməyəcəyi sualı aktuallığını qoruyur. Hesab edirəm Ankaranın bu məsələdə mövqeyi dəyişməz qalacaq. Xüsusilə də Ankaranın Qüdsün İsrailin paytaxtı olması məsələsi ilə barışacağını gözləmirəm. Ancaq bu məsələnin tərəflər arasında gərginlik predmeti olacağını da düşünmürəm. Çünki Türkiyə qədər İsrail də münasibətlərin normallaşmasını istəyir. Rəsmi Təl-Əviv təkcə Türkiyə ilə deyil, həm də ərəb ölkələri ilə münasibətləri normallaşdırmaq istəyir. İsrail müsəlman ölkələri ilə münasibətləri normallaşdırmaq istəyirsə hesab edirəm Qüdsü İsrailin paytaxtı elan etmək məsələsindən uzaq durmalıdır.
Türkiyə-İsrail münasibətlərinin normallaşmasında Azərbaycanın rolu.
“Mavi mərmərə” hadisəsi sonrası İsrail-Türkiyə müansibətlərin pisləşməsi şübhəsiz ki, hərkəsdən çox rəsmi Bakıya sərf etmədi. Hətta mən deyərdim Qarabağın işğaldan azad edilməsi məhz “Mavi mərmərə” hadisəsinə görə bir neçə il yubandı.
Türkiyə və Azərbaycan dil bir, can bir, qan bir müttəfiq ölkədir. İsrail də Bakının ən yaxın və etibarlı strateji tərəfdaşıdır. Rəsmi Bakı “Mavi mərmərə” hadisəsi sonrası faktiki olaraq dilemma arasında qaldı. Yanlış bir addım iki müttəfiqdən birinin itirilməsi ilə nəticələnə bilərdi. Lakin gözlənilən daha doğrusu erməni tərəfinin arzuladığı nəticə olmadı. Belə ki, Türkiyə-İsrail gərginliyində rəsmi Bakı tərəfsizliyini qorudu. Hətta Türkiyə tərəfi məsələyə görə rəsmi Bakıdan dəstək gözləsə də Azərbaycan məsələnin həssaslığını dərk edərək iki ölkə arasında tərəf tutmadı. Hesab edirəm Bakının bu addımı düzgün idi. Çünki gələcəkdə yalnız Azərbaycan tərəfi İsrail ilə Türkiyə arasında əlaqələri bərpa edə və ya buna cəhd edə bilərdi.
2010-cu ildən bəri Azərbaycanın ayrılıqda İsrail və Türkiyə ilə münasibətləri inkişaf etdirməsi paralel olaraq iki ölkə arasında uzlaşma yolları axtarması nəticədə öz bəhrəsini verdi. Rəsmi Bakı 44 günlük müharibə zamanı həm Türkiyəyə məxsus “Bayraqdar”, həm də İsrailə məxsus “Harop” tipli PUA-lardan istifadə edərək faktiki olaraq müharibə zamanı iki əks mövqeli ölkənin Qarabağ məsələsində ortaq məxrəcə gəldiyini göstərdi. İki ölkədə rəsmi Bakıya müharibə zamanı tam dəstək ifadə etdi. Azərbaycan bir daha isbat etdi ki, İsrail və Türkiyə nəinki ortaq hərəkət edə bilər, hətta yenidən əlaqələri bərpa edə, əməkdaşlıq qura bilər. Bu mənada iki ölkə arasında hazırda əlaqələrin qurulması rəsmi Bakıya sərf edir.
Turan Rzayev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir