İsrail eyni anda həm Fələstinin HƏMAS nəzarətindəki Qəzza bölgəsində, həm də Livanın “Hizbullah” nəzarətindəkı bölgələrində əməliyyatlar keçirir.
Əməliyyatlar fonunda Təl-Əviv hər iki proksiyə qarşı ciddi uğurlar əldə edib. Belə ki, HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsindən qısa müddət sonra “Hizbullah” lideri Həsən Nəsrullah da aradan götürüldü. İsrailin Beyruta sonunca zərbələri nəticəsində isə Fələstinin Azadlığı uğrunda Xalq Cəbhəsinin 3 lideri həlak oldu.
Üçüncü İsrail-Livan müharibəsi
İsrailin Hizbullaha qarşı apardığı mübarizə üçüncü İsrail-Livan müharibəsinin başlanğıcı kimi təsvir edilir. Bu, tamamilə yanlış yanaşmadır. Məsələ ondadır ki, İsrail Livanla müharibə aparmır. Təl-Əviv Livan ərazisində məskunlaşan, dövlət içində “dövlət” quran “Hizbullah”a qarşı əməliyyat keçirir. Müqayisə üçün deyim ki, İsrailin vurduğu zərbələrə Livan ordusu cavab verməyib. Ümumiyyətlə, Livan ordusu ilə İsrail arasında aktiv döyüş faktı qeydə alınmayıb.
Digər diqqətçəkən məqam budur ki, İsrailin hücumları nəticəsində Həsən Nəsrullah və “Hizbullah”, HƏMAS liderləri həyatını itirdiyi halda, bircə livanlı rəsmi də ölməyib. Buradan belə qənaətə gəlmək olar ki, İsrail Livanla deyil, terror təşkilatı kimi tanıdığı “Hizbullah” və HƏMAS-la mübarizə aparır. Bu baxımdan İsrailin Livanda keçirdiyi əməliyyatlar antiterror əməliyyatlarıdır. Müqayisə üçün bunu Türkiyənin Suriya və İraqın şimalında keçirdiyi əməliyyatlara bənzətmək olar.
Təbii ki, İsrailin əməliyyatları daha qanlı və müharibə cinayətləri ilə müşayiət olunur. Misal üçün İsrailin Livan ərazilərinə vurduğu zərbələr nəticəsində təkcə son iki gündə azı 500 livanlı ölüb, minlərlə livanlı yaralanıb. Lakin bu insidetlərin qeydə alınmasında daha çox “Hizbullah” günahkardır. Çünki HƏMAS, “Hizbullah” kimi proksilər mülki şəxslərin yaşadığı ərazilərdə qərargah qururlar.
İsrailin “Hizbullah”a qarşı keçirdiyi əməliyyatlar Livan hökumətinin maraqlarına uyğundur. Məsələ ondadır ki, uzun illərdir Livanda mərkəzləşmiş dövlət, güclü hakimiyyət qurulmur. Bunun səbəbi ilk vaxtlar iqtisadi, sosial problemlər idisə, sonralar “Hizbullah”ın bu ölkədəki varlığı, fəaliyyəti oldu. Bu mənada Livan hökuməti İsraillə birbaşa toqquşmaya girmir, əksinə “Hizbullah” dayaqlarının sarsılmasına göz yumur. Müqayisə üçün deyim ki, Fələstin dövləti də İsrailin Qəzzadakı əməliyyatlarına seyirçi qalıb, çünki HƏMAS-ın zəifləməsində maraqlıdır.
Ərəb dünyasının səssizliyi, Netanyahunun planı
İsrailin Livanda “Hizbullah”a qarşı apardığı əməliyyatların ən diqqətçəkən tərəfi ərəb ölkələrinin səssizliyidir. Faktiki olaraq son proseslər fonunda, Ərəb dünyası İsrailə ciddi reaksiya vermir. Bunun ehtimal səbəbləri kimi ərəb dünyasında birliyin olmaması, İsrailin texnoloji və hərbi baxımdan əksər ərəb ölkələrindən güclü olması və ya son zamanlar İsraillə Ərəb dövlətlərinin yaxınlaşmasını göstərmək olar.
Ərəb ölkələri İsrailin nə etmək istədiyini bilir. Belə ki, HƏMAS-ın 7 oktyabr 2023-cü ildəki hücumunun əsas məqsədi İsrail-Ərəb normallaşmasını dayandırmaq idi. Ərəb ölkələri hər iki proksinin regiondan silinməsinin vacibliyini başa düşür. Buna görə də proseslərə təmkinli mövqe sərgiləyir.
Əslində, ərəb ölkələri gec də olsa mərhum Misir prezidenti Ənvər Sadatın “İsraili tanıyaq” fikrini mənimsəyib. Bu gün ərəb ölkələrinin bir çoxu İsraillə münasibətləri normallaşdırıb, regiondakı İran təsirini qırmaq istəyirlər. Bu, İsrailin də başlıca hədəfidir. Misal üçün İsrail Baş naziri Netanyahu BMT-dəki son çıxışında Yaxın Şərqin mövcud siyasi mənzərəsini “rəhmət” və “lənət” adlandırdığı iki fərqli xəritə göstərərək, təhlil etdi.
“Rəhmət” xəritəsində Hind Okeanını Aralıq dənizinə birləşdirən yeni dəhliz təsvir olunur ki, Netanyahu bu dəhlizin reallaşması məqsədilə Səudiyyə-İsrail razılığının bir addımlığında olduqlarını bəyan etdi. Netanyahunun sözlərinə görə, “lənət” xəritəsində göstərildiyi kimi, regionu öz təsirinə almaq istəyən İran 7 oktyabrda HƏMAS-ı İsrailə hücuma məcbur edərək, İsrail-Səudiyyə razılığına imkan verməməyə, beləliklə də “rəhmət” xəritəsindəki dəhlizin qarşısını almağa çalışdı.
Netanyahunun açıqlaması regionda gedən prosesləri, Təl-Əvivin nə etmək istədiyini və ərəb dövlətlərinin səssizliyini izah edir.
Turan Rzayev