Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclasında iştirakı çərçivəsində İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahianla görüşüb. Görüş zamanı iki ölkə arasında ikitərəfli və regional məsələlər, habelə bölgədə mövcud vəziyyət müzakirə olunub.
Görüşün ən diqqətçəkən məqamı nazirlərin Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumunu törədən şəxsə qarşı məhkəmə hökmündən sonra səfirliyimizin işinin bərpası istiqamətində addımlar barədə fikir mübadiləsi aparması olub. Abdullahian görüşün təfərrüatı barədə jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan öz diplomatlarının tezliklə İrana qayıdacağı istiqamətində işlər görəcəyinə razılıq verib.
Səfirliyimizə hücum edən terrorçunun ən sərt şəkildə cəzalandırılmayacağı təqdirdə səfirliyin fəaliyyətini bərpa etməyəcəyini açıqlamışdı. Bir müddət öncə səfirliyimizə hücum edən terrorçu barəsində birinci instansiya məhkəməsində ölüm hökmü çıxarılıb. Lakin edam cəzası hələ də icra edilməyib.
Prinsip etibarilə Azərbaycanın İranla heç bir problemi yoxdur. Əksinə iki ölkə arasında başda enerji sahəsi olmaqla bir çox sazişlər, razılaşmalar var. Bundan başqa, Azərbaycan Naxçıvana İran üzərindən keçid edir.
İki ölkə arasındakı soyuqluq və gərginliyin səbəbkarı Tehrandır. İranın sərgilədiyi destruktiv mövqe Azərbaycanla münasibətləri sıfırladı. Səfirliyimizə edilən hücum isə münasibətləri bitirən başlıca faktor oldu.
Abdullahian Azərbaycan səfirliyinin bərpa ediləcəyini desə də, terrorçu Yasin Hüseynzadə edam edilmədən buna getmək doğru deyil. İran əvvələr də bənzər formada sözlər verib, lakin əməl etməyib.
Yəni İranın təkcə həmin şəxsi edam etməsi iki ölkə arasındakı problemləri həll etmir. Rəsmi Tehran Azərbaycana qarşı kəskin siyasi ittihamları və imperialist siyasəti kontekstində proksi qüvvələri bəsləməkdən əl çəkməlidir. Əks təqdirdə mülayimləşmə müvəqqəti olacaq və perspektivdə daha ciddi problemlər yaranacaq.
Bununla belə, səfirliyimizin fəaliyyətinin bərpa olunması müsbət məqamdır. Rəsmi Bakı mövcud gərginlik fonunda İranın hədə və siyasi təhdidlərindən qorxmadığını göstərdi. Azərbaycan dövlətinin iradəsi və prinsipiallığı İranı geri çəkilməyə vadar etdi.
Turan Rzayev